Məhkəmə qərarları › İş №2(105)-1019/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1019/2025

26.09.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1019/2025 26.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən çıxarılma və həmin evə köçürülmə” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, e- 2(060)-2510/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İşin halları

1. İddiaçı ilə X7 arasında olan şifahi razılaşma ilə Sadıqov Elməddin iddiaçıya Sumqayıt şəhəri, Xəzər Bağları yaşayış massivində fərdi yaşayış evinin inşa edilməsini öz öhdəsinə götürmüşdür.

2. X1 inşa etdiyi mübahisəli tikili “Xəzər” Bağçılıq Yoldaşlığı tərəfindən Cavabdeh verilmiş torpaq sahəsində yerləşir.

3. “Xəzər” Bağçılıq Yoldaşlığı tərəfindən verilmiş 798 nömrəli, xx.xx.2004-cü il tarixli X4 surətindən görünür ki, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsinin arxa hissəsində yerləşən 600 kv.m olan 798 nömrəli bağ torpaq sahəsi Sumqayıt şəhər XDS-in xx.xx.1986cı il tarixdə qeydə alınmış müqaviləsinə əsasən Bakı mebel fabrikində 1988-ci ildən dülgər vəzifəsində işləyən Cavabdeh daimi istifadəsinə verilmişdir.

4. 04.06.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt ərazi idarəsində mövcud arxiv materiallarına əsasən Sumqayıt şəhəri, Xəzər Bağları yaşayış massivi ünvanında yerləşən 69 nömrəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, onun hüquqi vəziyyətinə dair məlumatın təqdim edilməsi mümkün olmamışdır.

5. Sumqayıt Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Sumqayıt Bələdiyyəsinin “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı məhəllə komitəsinin xx.xx.2024-cü il tarixli arayışı təqdim olunaraq bildirilmişdir ki, qeyd edilən ərazidə yerləşən torpaqlar torpaq islahatı nəticəsində Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaqlara aid edilsə də, ərazinin təyinatı dəqiq müəyyən edilmədiyindən bələdiyyə tərəfindən həmin torpaqların sənədləşməsi işləri həyata keçirilmir.

6. Sumqayıt Bələdiyyəsinin “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı məhəllə komitəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, 69 nömrəli evin ərazisi Cavabdeh aiddir. 69 nömrəli evin tikintisinin aparılması ilə bağlı qonşuların təsdiq etdiyi akta əsasən İddiaçı yarımçıq tikilinin xərcini çəkmişdir. Bu proseslərin hansı razılaşma əsasında aparılması barədə başqa məlumat yoxdur.

7. "xxxx" ASC Sumqayıt rayon sukanal idarəsi tərəfindən verilmiş hesab fakturanın surətindən görünür ki, Sumqayıt şəhəri, Xəzər bağları ərazisi, 667 nömrəli ev üzrə abonent kodu **********020 olmaqla abonent İddiaçı adınadır.

8. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli bildirişindən görünür ki, Sumqayıt şəhəri, 26cı məhəllə, Xəzər bağları ünvanı üzrə İddiaçı 160 manat borcu mövcuddur.

9. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı Mənzil-Kommunal sahəsinin xx.xx.2022-ci il tarixli, 3226 nömrəli arayışından görünür ki, 26 saylı məhəllə, “Xəzər bağları” ərazisi, Kəhriz küçəsi, ev 69 İddiaçı məxsusdur.

10. 01.10.2022-ci il tarixdə tərtib olunmuş aktdan görünür ki, qonşulardan X2, X8, X5 bildirirlər ki, 69 saylı evin sahibi İddiaçı bu bağda tikinti apararkən görmüşdür, onu tanımışdır. Digər qonşular da qeyd olunan faktı təsdiq edirlər. Tikinti aparılarkən başqa heç kimin gəlib-getdiyini görməmişlər. Aktın doğruluğunu imzaları ilə təsdiqləmişlər.

11. Sumqayıt Bələdiyyəsi “Xəzər” Bağçılıq Cəmiyyəti üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən 1135 saylı arayışında İddiaçı “Xəzər Bağçılıq Cəmiyyəti”nin ərazisində yuxarı adlandırılan küçədə sahəsi qonşuların aktına əsasən 69 saylı bağ evində qeydiyyatsız yaşadığı göstərilmişdir.

12. İş materiallarında olan X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(124)-236/2024 saylı hökmündən görünür ki, X7 həmin maddə ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı İddiaçı Fizuli qızına ev alqı-satqısı və tikintisi ilə məşğul olması barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə ona Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivində fərdi yaşayış evi tikəcəyinə dair yalan vəd verib aldararaq həmin işin görülməsi müqabilində İddiaçı 2021-ci ilin sentyabr ayında Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivində ümumilikdə 75.500 (yetmiş beş min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirdikdən sonra öz cinayətkar əməllərini pərdələmək və sonuncunun ondan şikayət etməsinin qarşısını almaq məqsədi ilə həmin puldan 34.500 (otuz dörd min beş yüz) manatını İddiaçı üçün almış olduğunu bildirdiyi Sumqayıt şəhəri, Xəzər Bağları ərazisində yerləşən 196/1 saylı torpaq sahəsinin içərisində iki mərtəbəli fərdi yaşayış evinin tikintisinə sərf etsə də, qalan 41.000 (qırx bir min) manat məbləğində pul vəsaitini ələ keçirməklə zərərçəkmiş İddiaçı Fizuli qızına xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.

13. Həmin hökmə əsasən “...o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin külli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Cavabdeh ev alqı-satqısı ilə məşğul olması barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə sonuncuya məxsus 11.000 manat dəyərində olan Sumqayıt şəhəri, Xəzər Bağları ərazisində yerləşən 196/1 saylı 1 sot ölçüdə olan torpaq sahəsini 11.000 manata sataraq onun pulunu verəcəyinə dair yalan vəd verib aldadaraq 24 yanvar 2022-ci il tarixdə həmin evi sataraq, əldə etdiyi gəlirdən 4000 manat pulu Cavabdeh versə də, qalan 7.000 manat pulu ələ keçirməklə zərərçəkmiş şəxs Cavabdeh xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.

14. “Elektron məhkəmə” İnformasiya sistemindən əldə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(105)-782/2024 saylı qərarından görünür ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən təqsirləndirilən şəxş X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, qərar qanuni qüvvəyə minmişdir. Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh Sumqayıt şəhəri, Xəzər Bağları yaşayış massivi, ev 69-dan çıxarılması və özünün həmin evə köçürülməsi, həmçinin tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Xəzər Bağları yaşayış massivi, ev 69 iddiaçıya məxsusdur. 2021-ci ilin sentyabr ayında iddiaçı X3 75500 manat pul vermişdir. Aralarında olan razılaşmaya görə o, iddiaçıya fərdi ev tikib verməli idi. O, həmin pulun 34500 manatını Sumqayıt şəhəri, Xəzər Bağları yaşayış massivi, ev 69-un tikintisinə sərf etmiş, qalan 41000 manat pul vəsaitini isə ələ keçirməklə iddiaçıya qarşı dələduzluq etmişdir. Faktla əlaqədar olaraq həmin şəxsin barəsində cinayət işi başlanılmış və o, cinayət məsuliyyətinə cəlb olunmuşdur. O, evi iddiaçıya təhvil versə də, hazırkı iş üzrə cavabdeh torpaq sahəsinin ona məxsus olduğunu və Elməddin Sadıqovun onu aldadaraq 51000 manat pulunu vermədiyi üçün evin darvazasının açarını dəyişərək, evə sahib çıxmış və hazırda da iddiaçını evə buraxmır. İddiaçı həmin cinayət işi üzrə 41000 manat pula görə zərəçəkən kimi tanınmışdır. Cavabdeh isə 51000 manat pula görə zərərçəkən şəxs kimi tanınıb. Belə ki, o, evin yerləşdiyi torpaq sahəsini Elməddin Sadıqova 55000 manata satmış və Elməddin Sadıqov həmin puldan 4000 manatını ona vermişdir. Qalan pulu isə ona verməyərək, ona qarşı da dələduzluq etmişdir. Cavabdeh 51000 manat pula görə zərərçəkən şəxs kimi tanındığından o, hazırda qanunsuz və əsassız olaraq iddiaçı üçün tikilən fərdi evə sahib çıxır. Həmin evin bütün kommunalları da iddiaçının adınadır.

17. Sumqayıt Şəhər Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(060)-2510/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.

18. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı Cavabdeh Sumqayıt şəhəri, Xəzər Bağları yaşayış massivi, ev 69-dan çıxarılmasını və özünün həmin evə köçürülməsini tələb etməsinə baxmayaraq, özünün bu cür iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüquqa malik olmasını sübut edə bilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Xəzər” Bağçılıq Yoldaşlığı tərəfindən verilmiş 798 nömrəli, xx.xx.2004-cü il tarixli X6 əsasən Sumqayıt şəhəri, Səməd Vurğun küçəsinin arxa hissəsində yerləşən 600 kv.m olan 798 nömrəli bağ torpaq sahəsi Sumqayıt şəhər XDS-in xx.xx.1986-cı il tarixdə qeydə alınmış müqaviləsinə əsasən Bakı mebel fabrikində 1988-ci ildən dülgər vəzifəsində işləyən Cavabdeh daimi istifadəsinə verilmişdir. Eyni zamanda, məhkəmə sorğusuna cavab olaraq Sumqayıt Bələdiyyəsinin “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı məhəllə komitəsinin xx.xx.2024-cü il tarixli arayışında da qeyd edilmişdir ki, 69 nömrəli evin ərazisi Cavabdeh aiddir. 69 nömrəli evin tikintisinin aparılması ilə bağlı qonşuların təsdiq etdiyi akta əsasən İddiaçı yarımçıq tikilinin xərcini çəkmişdir.

19. Məhkəmə həmçinin qeyd etmişdir ki, Sumqayıt şəhəri, Xəzər Bağları yaşayış massivi, ev 69-un ərazisi Cavabdeh məxsusdur. Eyni zamanda, sözügedən ünvanda İddiaçı yarımçıq tikilinin xərcini çəkmişdir. Lakin sözügedən əmlakın alqı-satqısı, çəkilən xərclərlə bağlı tərəflər, yəni iddiaçı və cavabdeh arasında hər hansı razılaşma olmamışdır. Bununla da, məhkəmə belə qənaətə gəlmişdir ki, İddiaçı subyektiv hüquqa malik olmadığı halda hazırkı iddia tələblərini irəli sürməsi əsassızdır. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki əvvəlki icraat

20. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasını xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, işin faktiki hallarını nəzərə almamış, obyektiv araşdırma aparmamış və düzgün nəticəyə gəlməmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı subyektiv hüquqa malik olmasını sübut etməmişdir. Məhkəmə tərəfindən hazırkı işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş və bununla əlaqədar qəbul olunmuş qətnamə qanunsuz olmaqla ləğv olunmalıdır. Həmin fərdi ev, faktiki sahibliyində və istifadəsində olduğundan o, pozulmuş hüquqlarını müdafiə etmək hüququna sahibdir. Məhkəmə tamamilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Hazırkı qətnamə cavabdehin əsassız varlanmasına səbəb olur və o, hazırda hüquqdan sui-istifadə edir. Belə hüquqdan sui-istifadə isə yolverilməzdir. Cavabdeh həm hazırki vəziyyətdə iddiaçıya məxsus 69 saylı fərdi yaşayış evinə, həm də satdığı torpaq sahəsinə görə zərərçəkən şəxs kimi 51000 manat pula sahib çıxır. Hazırkı iş üzrə cavabdeh Elməddin Sadıqova qarşı cinayət işində mülki qaydada pul tələbinə dair iddia ilə məhkəməyə müraciət etməlidir. Lakin məhkəmə çəkişmə prinsipinə əməl etməmiş, heç bir araşdırma aparmamış, düzgün nəticəyə gəlməmişdir.

22. Əvvəlki apellyasiya baxışı zamanı məhkəmə iclasında dindirilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 ev alqı-satqısı ilə məşğul olduğunu, vətəndaşlardan müəyyən məbləğdə pul alıb onlara fərdi həyət evi tikib təhvil verdiyini bildirmişdir. O, makler kimi İddiaçı evini 75000 manata satandan sonra həmin pulla Xəzər bağlarından Cavabdeh 41000 manata torpaq almaq barədə danışmış, həmin torpaqda 34000 manata ev tikmişdir. Lakin sonradan sənədləşdirmə işlərini alındıra bilmədiyindən həmin torpaq da, ev də Cavabdeh sahibliyində qalıb. Zahidlə aralarında olan razılığa əsasən o evi tikib tam təhvil verdikdən sonra torpağın pulunu ona ödəyəcəyini bildirmişdir. Günay üçün evin tikintisinə onun öz iştirakı və nəzarəti ilə 34.000 manat pul sərf etmişdir. Əslində onun Zahidə 5000 manat borcu qalmışdır. Lakin daha sonra tutulduğundan evin tikintisi yarımçıq qalmış və Zahid Günayı onun üçün tikdiyi fərdi yaşayış evinə buraxmamışdır. O Zahiddən torpaq sahəsini 55.000 manata alıb, həmin pulun 4.000 manatını ona ödəmişdir, Zahid hazırda həmin torpaq sahəsində öz evində yaşayır, İddiaçı üçün tikdiyi evi də özünə götürərək Günayı həmin torpaq sahəsinə buraxmır. Onun Zahidə 7.000 manat borcu var. Evin tikintisi bir il ərzində davam etmiş, İddiaçı tikintiyə özü nəzarət etmişdir.

23. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1620/2024 nömrəli, 24 dekabr 2024-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilmiş, Cavabdeh Sumqayıt şəhəri, Xəzər Bağları yaşayış massivi, ev 69-dan çıxarılması və İddiaçı həmin evə köçürülməsi qət edilmişdir.

24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Sumqayıt şəhəri, Xəzər Bağları yaşayış massivi ünvanında yerləşən fərdi yaşayış evinin inşa edilməsi üçün İddiaçı ilə X7 arasında razılaşmanın olması, həmin tikilinin “Xəzər” Bağçılıq Yoldaşlığı tərəfindən Cavabdeh verilmiş Sumqayıt şəhəri, Səməd Vurğun küçəsinin arxa hissəsində yerləşən 600 kv.m olan 798 nömrəli bağ torpaq sahəsində inşa edilməsi işin mübahisəsiz halıdır. Həmçinin işin mübahisə olunmayan digər halı odur ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişdir. Mülki Məcəllənin 180-ci maddəsinin mənasına görə özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadəni qadağan etmir, yəni həmin maddədə bunu qadağan edən müddəalar göstərilməmişdir. Hazırkı işdə mübahisə predmeti olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər - yaşayış ehtiyacını qarşılayan tikili kimi mövcud olmaqla iddiaçının əmlak hüquqlarının bir hissəsidir. Başqa sözlə, iddiaçının həmin ev üzərində mülkiyyət haqqı yaranmasa da, onun həmin evlə bağlı sahib olduğu əmlak hüquqları mülkiyyət kimi qiymətləndirilə bilər. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə, tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Həmin hüquqlar ona vəsait xərcləməyən digər şəxsin hüquqları ilə yüklü edilə bilməz. İddiaçı həmin tikiliyə öz vəsaitini xərclədiyindən, tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə, yəni İddiaçı məxsusdur. İşdən görünür ki, iddiaçı sözügedən fərdi yaşayış evini öz vəsaiti ilə inşa edərək faktiki sahiblik etməklə sahibə aid bütün hüquq və vəzifələri yerinə yetirdiyini iddia edərək, cavabdehin onun iradəsinə zidd olaraq həmin mənzilə girdiyini və hazırda da həmin evi boşaltmaqdan imtina etdiyini bildirmişdir. Qeyd olunan hal Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündə qeyd olunmuş iddiaçının ifadəsində və hazırkı iş üzrə üçüncü şəxs qismində dindirilən Elməddin Sadıqovun izahatında da öz təsdiqini tapmışdır. Belə olan halda, apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh Sumqayıt şəhəri, Xəzər Bağları yaşayış massivi, ev 69-dan çıxarılmalı və İddiaçı həmin evə köçürülməlidir.

25. Məhkəmə mövqeyini Mülki Məcəllənin 180, 180.1.157.8, 158.2, 159,164.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsində icraat

26. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və mülki işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 may 2025-ci il tarixli, 2(102)-1512/2025 nömrəli Qərarı ilə kassasiya şikayəti təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1620/2024 nömrəli, 24 dekabr 2024cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

28. Kassasiya instansiyasının mövqeyinə görə, ...hazırkı işdə cavabdehin torpaq sahəsindən çıxarılmasını tələb edən iddiaçının hər hansı məhdud əşya hüququna malik olması apellyasiya məhkəməsi tərəfindən müəyyən edilməmişdir. Belə olan halda, iddianın Mülki Məcəllənin 157.8-ci və 158.2-ci maddələrinə istinadla təmin edilməsi qanuni və əsaslı olmamışdır. Apellyasiya məhkəməsinin əsaslandığı digər maddi hüquq normaları - Mülki Məcəllənin 159-cu və 164.2-ci maddələrinə əsasən, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, bu normalar sahiblik və sahibliyin müdafiəsi barədədir. Sahiblik, bir əşya üzərində əməli (faktiki) hakimiyyəti iradəvi olaraq ələ keçirmiş və bunu itirməmiş olmaqdır. Şəxs öz iradəsi ilə bu hakimiyyəti tərk edənədək və ya iradəsi xaricində başqa biri onu ələ keçirənədək və ya hakimiyyəti başqa səbəbdən sona çatanadək əşyanın sahibi sayılır. Sahiblik bir şəxsin əşya üzərində faktiki hakimiyyəti özünün iradəsi ilə ilkin olaraq ələ keçirməsi, yaxud başqası tərəfindən sahibliyin ona verilməsi və ya miras yolu ilə qazanıla bilər. Sahiblik bir vəziyyət olaraq qanunla qorunur. Mülki Məcəllənin 164.1-ci maddəsi sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozmanın qadağan edilmiş özbaşınalıq sayıldığını nəzərdə tutur və bundan sonrakı maddələr sahibliyin müdafiəsinə dair qaydaları tənzimləyir. 60. İddianın Mülki Məcəllənin 164.2-ci maddəsi əsasında təmin edilməsi üçün aşağıdakı şərtlər müəyyən edilməlidir: 1) iddiaçı əvvəlki sahib olmalı; 2) iddiaçıya qarşı qadağan edilmiş özbaşınalıq törədilməli; 3) cavabdehin hazırkı sahibliyi qanunsuz olmalı; 4) sahiblik iddiasını istisna edən hallar olmamalı (MM-in 164.2-ci maddəsinin ikinci cümləsində və 165.2-ci maddəsindəki hallar). Bu şərtlər ardıcıl şəkildə yoxlanılmalı, onlardan birinin müəyyən edilməməsi sahibliyin müdafiəsi çərçivəsində iddianın təmin olunmasını istisna edir və sonrakı şərt(lər)in yoxlanılmasına gərək qalmır. ...Baxılan işdə isə apellyasiya məhkəməsi ilk növbədə iddiaçının mübahisəli torpaq sahəsi və üzərindəki tikilinin əvvəlki sahibi olmasını işin müəyyən edilmiş faktiki halları ilə əsaslandırmadan və digər şərtləri yoxlamadan iddianı sahibliyin müdafiəsi qaydasında təmin etməsi Mülki Məcəllənin 164.2-ci maddəsinə uyğun olmamışdır. Məhkəmə gəldiyi nəticəni əsaslandırmaq üçün öz qətnaməsində Mülki Məcəllənin 180-ci maddəsinin mətnini qeyd edərək göstərmişdir ki, “Hazırkı işdə mübahisə predmeti olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər - yaşayış ehtiyacını qarşılayan tikili kimi mövcud olmaqla iddiaçının əmlak hüquqlarının bir hissəsidir. Başqa sözlə, iddiaçının həmin ev üzərində mülkiyyət haqqı yaranmasa da, onun həmin evlə bağlı sahib olduğu əmlak hüquqları mülkiyyət kimi qiymətləndirilə bilər. Qeyd olunmalıdır ki, mübahisəli ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə, tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. ...”.

29. Ali Məhkəmənin Kollegiyası hesab etmişdir ki, bu mövqe yanlış olmaqla iddianın təmin olunmasına əsas vermir. Ona görə ki, əvvəla, bir şəxsin torpaq sahəsində müvafiq inşaat qaydalarına uyğun inşa edilmiş tikilinin bitişik olduğu torpaq sahəsinin mülkiyyətçisinə aid olduğu ümumi qaydadır. Belə ki, Mülki Məcəllənin 135.4-cü maddəsinə əsasən, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Təbii ki, bu ümumi qaydanın (prinsipin) qanun və ya müqavilə əsasında əmələ gələn istisnaları vardır. Lakin, hazırkı işdə məhkəmə tikilini iddiaçının hətta mülkiyyəti kimi qiymətləndirərkən belə istisnanın nədən ibarət olduğunu (əsasını) göstərməmişdir. İkincisi, istinad olunan maddi hüquq normalarında məhkəmənin bildirdiklərini əks etdirən dispozisiya şərtləri nəzərdə tutulmamışdır. Heç məhkəmənin özü də bu fikirlərin əsaslandığı qanun normasını göstərməmişdir. Belə olan halda həmin mövqelər qanuni dayanağı olmayan subyektiv mülahizə sayılır. Üçüncüsü, işin müəyyən olunmuş faktiki halları nəzərə alındıqda Mülki Məcəllənin 180-ci maddəsinə istinad edilməsinin səbəbi, həmin normanın hansı şərtlərinin iddianın təmin olunmasına əsas verməsi qətnamədə açıqlanmamışdır. Dördüncüsü, iş materiallarında belə məlumatlar var ki, iddiaçının sözügedən tikilinin inşası ilə bağlı faktiki və hüquqi münasibətlərinə girdiyi şəxs cavabdeh deyil, üçüncü şəxs Elməddin Sadıqov olmuşdur. Belə ki, iddiaçı əldə etmək istədiyi evin inşası üçün Elməddin Sadıqovla razılığa gəlmiş, bu məqsədlə pul vəsaitini ona vermişdir. E.Sadıqov isə bu tikintini cavabdehin ərazisində aparmaq və gələcəkdə torpaq sahəsini almaq üçün Cavabdehlə razılaşmış, ona qismən ödəniş etsə də, torpağın dəyərinin əhəmiyyətli hissəsini ödəməmişdir. Nəticə etibarilə, cavabdehin torpaq sahəsinin alqı-satqısına dair iddiaçı ilə müqavilə bağlanması, hətta tikintini aparan Elməddin Sadıqov tərəfindən torpağın əvəzinin cavabdehə ödənilməsi aşkar edilməmişdir. Belə olan halda, iddiaçının hansı hüquq münasibəti və subyektiv hüquq çərçivəsində cavabdehə qarşı tələb irəli sürməsi, 798 nömrəli, xx.xx.2004-cü il tarixli X6 əsasən torpaq üzərində hüquq sahibi olan cavabdehin hansı əsasla sahədən çıxarılması və iddiaçının tikiliyə köçürülməsi apellyasiya məhkəməsi tərəfindən əsaslandırılmamışdır. Başqa sözlə, cavabdehin iddiaçı qarşısında qanundan və ya müqavilədən irəli gələn öhdəliyinin olması göstərilmədən iddia təmin olunmuşdur.

30. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə tərkibi bildirmişdir ki, apellyasiya məhkəməsinin istinad etdiyi maddələr müxtəlif hüquq institutlarına aid və öz şərtləri olan qanuni əsaslardır. Odur ki, cavabdehin iddiaçı qarşısında öhdəliyinin nədən ibarət olmasını, öhdəliyin qanundan, yoxsa müqavilədən irəli gəlməsini, buna müvafiq olaraq iddiaçının tələbinin əşya hüququna, yoxsa tələb hüququna söykənməsini göstərmədən, işin faktiki halları ilə tələbin qanuni əsasını təşkil edən konkret normanın dispozisiya şərtləri arasındakı uyğunluğu əsaslandırmadan, müxtəlif maddələri ümumi şəkildə qeyd etməklə iddianın təmin edilməsi yolverilməzdir.

31. Qərarda göstərilir ki, təkrar apelyasiya baxışı zamanı tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.

Məhkəmə prosesi iştirakçılarının izahatları:

Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etdilər.

32. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

33. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

34. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 135.4. ...Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ...139-1.1.7. 2007-ci il mayın 22-dək ... kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar da əmlak hüquqları sayılır. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 159.Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Maddə 180. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Maddə 6 4 7 . Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin rəsmiləşdirilməsi xərcləri Alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir.

35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Belə ki, hazırkı iş üzrə Ali Məhkəmənin Mülki kollegiyasının 24 dekabr 2024-cü il tarixli qərarında şərh edilən göstərişlər əsasında işə apellyasiya qaydasında təkrar baxan məhkəmə kollegiyası ilk növbədə mübahisə predmeti olan və iddiaçının iddia ərizəsində fərdi yaşayış evi kimi təqdim etdiyi tikilinin hazırki faktiki vəziyyəti ilə bağlı halları müəyyən etmək məqsədi ilə tərəflərə həmin tikilinin foto şəklini və ya video çəkilişini təqdim etməyi təklif etmiş, cavabdeh tərəfindən həmin tikiliyə aid olan 3 ədəd fotoşəkil təqdim olunmuşdur. Qeyd edilən fotoşəkil iddiaçı və onun nümayəndəsi və vəkilinə təqdim olunmuş, iddiaçı həmin fotoşəkildə olan tikilinin mübahisə predtmeti olan Xəzər Bağları yaşayış massivi, ev 69 olduğunu bildirmişdir. Təqdim edilmiş foto şəkillərdən müəyyən olunur ki, iddia ərizəsində fərdi yaşayış evi kimi qeyd edilən tikili dam örtüyü, qapısı və pəncərələri olmayan, təmirsiz, yaşayış üçün zəruri şəraitlə təmin olunmamış bir mərtəbəli yarımçıq tikilidir.

38. İddiaçı iddia ərizəsində və apellyasiya şikayətində qeyd edilən evin ona məxsus olduğunu, 2021-ci ilin sentyabr ayında Elməddin Sadıqova 75500 manat pul verdiyini, aralarında olan razılaşmaya görə onun iddiaçıya fərdi ev tikib verməli olduğunu, həmin pulun 34500 manatını Sumqayıt şəhəri, Xəzər Bağları yaşayış massivi, ev 69-un tikintisinə sərf edildiyini, qalan 41000 manat pul vəsaitini isə ələ keçirməklə iddiaçıya qarşı dələduzluq etdiyini, həmin şəxsin barəsində cinayət işinin başlanılaraq məsuliyyətə cəlb olunduğunu, o evi iddiaçıya təhvil versə də, hazırkı iş üzrə cavabdehin torpaq sahəsinin ona məxsus olduğunu və Elməddin Sadıqovun onu aldadaraq 51000 manat pulunu vermədiyi üçün evin darvazasının açarını dəyişərək, evə sahib çıxdığını və iddiaçını evə buraxmadığını, özünün həmin cinayət işi üzrə 41000 manat pula görə zərəçəkən kimi tanındığını, cavabdehin isə 51000 manat pula görə zərərçəkən şəxs kimi tanındığını, cavabdehin evin yerləşdiyi torpaq sahəsini Elməddin Sadıqova 55000 manata satdığını, Elməddin Sadıqov həmin puldan 4000 manatını ona verdiyini, qalan pulu isə ona verməyərək, ona qarşı da dələduzluq etdiyini, cavabdeh 51000 manat pula görə zərərçəkən şəxs kimi tanındığından hazırda qanunsuz və əsassız olaraq iddiaçı üçün tikilən fərdi evə sahib çıxdığını bildirir.

39. Məhkəmə kollegiyasının iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq 2021-ci ilin oktyabr ayında Elməddinin onun və bacısı Aygünün iştirakı ilə 41.000 manat pulun Sumqayıt şəhəri, Xəzər bağlarında yerləşən torpaq sahəsində torpaq sahəsinin sahibi Cavabdeh verildiyini, verilmiş suallara cavab olaraq həmin evdə yaşamadığını, lakin tikintisi ilə bilavasitə özünün məşğul olduğunu bildirmişdir.

40. Kollegiya ilk növbədə iddiaçının iddia ərizəsində tərəflər arasında yaranmış mübahisə ilə bağlı istinad etdiyi faktiki halların sübuta yetirilib-yetirilməməsi ilə məsələyə iş üzrə təqdim edilmiş və araşdırılmış sübutlar baxımından qiymət verərək qeyd edir ki, iddiaçı izahatlarında 41.000 manatın onun və bacısının iştirakı ilə Elməddin Sadıqov tərəfindən Cavabdeh verdiyini bildirsə də qeyd edilən hal iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, cavabdeh həmin məbləğin ona verilmədiyini bildirərək bu halı inkar etmiş, iddiaçı bununla bağlı hər-hansı əlavə sübut təqdim edilməmişdir. Yuxarıda istinad edilən Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(124)-236/2024 saylı hökmü ilə də qeyd edilən hal öz təsdiqini tapmır. Belə ki, həmin hökmlə müəyyən olunmuşdur ki, Elməddin Sadıqov iddiaçının 75.500 (yetmiş beş min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirdikdən sonra öz cinayətkar əməllərini pərdələmək və sonuncunun ondan şikayət etməsinin qarşısını almaq məqsədi ilə həmin puldan 34.500 (otuz dörd min beş yüz) manatını İddiaçı üçün almış olduğunu bildirdiyi Sumqayıt şəhəri, Xəzər Bağları ərazisində yerləşən 196/1 saylı torpaq sahəsinin içərisində iki mərtəbəli fərdi yaşayış evinin tikintisinə sərf etsə də, qalan 41.000 (qırx bir min) manat məbləğində pul vəsaitini ələ keçirmişdir.

41. İşin yuxarıda qeyd edilən halları ilə müəyyən olunur ki, iddiaçının sözügedən tikilinin inşası ilə bağlı faktiki və hüquqi münasibətlərinə girdiyi şəxs Cavabdeh deyil, üçüncü şəxs Elməddin Sadıqov olmuşdur. Belə ki, iddiaçı əldə etmək istədiyi evin inşası üçün Elməddin Sadıqovla razılığa gəlmiş, bu məqsədlə pul vəsaitini ona vermişdir. E.Sadıqov isə bu tikintini cavabdehin ərazisində aparmaq və gələcəkdə torpaq sahəsini almaq üçün Cavabdehlə razılaşmış, ona qismən ödəniş etsə də, torpağın dəyərinin əhəmiyyətli hissəsini ödəməmişdir. Nəticə etibarilə, cavabdehin torpaq sahəsinin alqısatqısına dair iddiaçı ilə müqavilə bağlanması, hətta tikintini aparan Elməddin Sadıqov tərəfindən torpağın əvəzinin cavabdehə ödənilməsi müəyyən edilməmişdir.

42. Belələiklə, kollegiya qeyd edir ki, iddiaçının üçüncü şəxs Elməddin Sadıqova 75500 manat pul verməsi hazırkı işdə mübahisə predmeti olmasa da (hərçənd bu hal Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(124)-236/2024 saylı hökmündə olan iddiaçının özünün və bacısının ifadələrində başqa cür təsvir edilmşir) həmin puldan 41000 manatın Cavabdeh verməsi, habelə iddia ərizəsində göstərilənlərin əksinə olaraq Cavabdeh qeyd edilən iş üzrə 51000 manata münasibətdə zərərçəkmiş şəxs kimi tanınması öz təsdiqini tapmadığından iddiaçı ilə cavabdeh arasında mübahisəli torpaq sahəsinin alğı-satqısına dair etibarlı müqavilə münsibətlərinin mövcudluğu və bu müqavilə münasibətlərindən irəli gələrək də iddiaçının cavabdehə qarşı tələb hüququnun yaranması istisna edilir.

43. Bundan əlavə, iddiaçının qeyd edilən yarımçıq tikilinin yerləşdiyi torpaq sahəsi üzərində hər hansı məhdud əşya hüququnun olması da iş materialları və təkrar apellyasiya baxışı zamanı araşdırma ilə müəyyən olunmamışdır.

44. Cavabdehə məxsus torpaq sahəsi üzərində inşa edilmiş zəruri şəraitlə təmin olunmamış bir mərtəbəli yarımçıq tikiliyə iddiaçının fakitiki sahibliyinin mövcud olubolmaması ilə bağlı hala gəldikdə isə kollegiya qeyd edir ki, sahiblik bir şəxsin əşya üzərində faktiki hakimiyyəti özünün iradəsi ilə ilkin olaraq ələ keçirməsi, yaxud başqası tərəfindən sahibliyin ona verilməsi və ya miras yolu ilə qazanıla bilər. Sahiblik bir vəziyyət olaraq qanunla qorunur. İddiaçı tərəfindən təqdim olunmuş, bu qərarın 5-11-ci bəndlərində göstərilmiş sübutlar onun həmin yarımçıq tikili üzərində faktiki sahibliyi həyata keçirməsi barədə qənatə gəlmək üçün əsas hesab oluna bilməz. Belə ki, iddiaçı qeyd edilən yarımçıq tikilidə yaşamadığı halda onun həmin evdə yaşamasına dair təqdim edilmiş sübutların mötəbərliyi prosessual qanunvericiliyin tələblərinə uyğun gəlmir.

45. Bununla belə, hətta qeyd edilən sübutlar əsasında iddiaçının yarımçıq tikiliyə faktiki sabiblik etməsi nəticəsinə gəlinsə belə, Mülki Məcəllənin 164.2 və 165.2-ci maddələrinin şərtləri baxımından da iddiaçının sahibliyin müdafiəsi ilə bağlı iddiası təmin oluna bilməz. Belə ki, hazırkı sahib olan cavabdehin mübahisə predmeti olan yarımçıq tikilinin yerləşdiyi torpaq sahəsinə və onun üzərində yerləşən yarımçıq tikiliyə münasibətdə sahibliyi qanunsuz deyil. Cavabdehin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunan 798 nömrəli, xx.xx.2004-cü il tarixli X9 əsasında həmin torpaq sahəsinin qanuni sahibi olması hazırkı iş üzrə mübahisə predmeti deyildir. Bu isə Mülki Məcəllənin birlikdə götürülmüş 135.4-cü maddəsinin üçüncü cümləsinin və 164.2-ci maddəsinin birinci cümləsinin tələbləri baxımından iddiaçının iddiasını istisna edir. Bu hal eyni zamanda Mülki Məcəllənin 165.3-cü maddəsinin üçüncü cümləsinə əsasən iddiaçının sahibliyin pozulması barədə iddiasını da istisna edir.

46. Digər tərəfdən Mülki Məcəllənin yuxarıda istinad edilən 165.2-ci maddəsinin şərtlərinə əsasən qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. iş materiallarında olan X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktında olan hazırkı iş üzrə iddiaçının ifadəsindən müəyyən olunur ki, qeyd edilən yarımçıq tikili üzərində iddia etdiyi sahiblikdən cavabdeh tərəfindən məhrum edilməsi ona faktiki olaraq 2022-ci ilin noyabr ayında məlum olmuşdur. Belə ki, iddiaçı ifadəsində göstərmişdir ki, “...xx.xx.2022ci il tarixdə saat 11 radələrində tikilməkdə olan evinə baxmaq üçün həmin yerə getdiyi zaman hasarın darvazasının içəri tərəfdən kilidlə bağlandırığını görmüşdür. xx.xx.2022-ci il tarixdə evdə usta işləyən şəxs ona zəng edərək torpağın sahibi olan şəxsin evə gələrək Elməddinin torpağa görə onun pulunu vermədiyini bildirmişdir. ... Zahid adlı şəxs torpağın pulunun verilməməsini əsas göstərərək onu həmin tikiliyə yaxın buraxmamışdır. Elməddin Sadıqovun dələduzluq əməlləri nəticəsində ona 41000 manat maddi ziyan dəymiş, Zahidin özbaşına hərəkətləri nəticəsində isə o öz evinin tikintisini davam etdirə bilməmişdir (cild 1, iş vərəqi 69-70). Lakin, iddiaçı hazırkı tələbə dair iddia ərizəsi ilə məhkəməyə yalnız 2024cü ilin mart ayında müraciət etmişdir.

47. Beləliklə, təkrar apellyasiya baxışı zamanı məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə gəlmiş olduğu nəticə ilə razılaşır. Kollegiyası işin araşdırılmış hallarına əsasən belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, e-2(060)-2510/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar