Məhkəmə qərarları › İş №2(105)-1042/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1042/2022

05.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1042/2022 05.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı əmlak bölgüsü və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı mənzilə görə ödənilmiş puldan payın müəyyən edilib verilməsi, mənzildən çıxarılma və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Şuşa Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2(077)-22/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı «əmlak bölgüsü» və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə görə ödənilmiş puldan payın müəyyən edilib verilməsi, mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbi ilə Şuşa Rayon Məhkəməsinə müraciət etmişdir. Şuşa Rayon Məhkəməsinin 2(077)-22/2021 saylı mülki iş üzrə 22 aprel 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia və qarşılıqlı iddia qismən təmin edilmişdir. Cavabdeh-qarşılıqlı iddiaçı Cavabdeh müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmiş və Şuşa Rayon Məhkəməsinin 2(077)-22/2021 saylı 13 yanvar 2022-ci il tarixli qərardadına əsasən apellyasiya şikayətinin verilməsi müddəti üzürlü hesab edilməklə buraxılmış müddət bərpa edilmişdir. Həmin qərardaddan İddiaçı tərəfindən verilən şikayət Abşeron Rayon Məhkəməsinin 01.03.2022-ci il tarixli, 2(077)-22/2021 nömrəli qərardadı ilə təmin edilməmiş və şikayətin işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. AR MPM-nin 10.8-1-ci maddəsinə görə bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Şuşa Rayon Məhkəməsinin 2(077)-22/2021 saylı 13 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materialları ilə müəyyən olunur ki, cavabdeh-qarşılıqlı iddiaçı Cavabdeh 23.06.2021-ci il tarixdə Şuşa Rayon Məhkəməsinin 2(077)-22/2021 saylı mülki iş üzrə 22 aprel 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Məhkəmənin 24 iyun 2021-ci il tarixli qərardadı ilə cavabdeh-qarşılıqlı iddiaçı Cavabdeh apelyasiya şikayəti dövlət rüsumunu ödəməyindən geri qaytarılmışdır. Cavabdeh-qarşılıqlı iddiaçı Cavabdeh 12 iyul 2021-ci il tarixdə məhkəmənin 2(077)-22/2021 saylı 24 iyun 2021-ci il tarixli qərardadından şikayət vermiş və daha sonra 04 avqust 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək,15 manat məbləğində dövlət rüsumunu ödədiyini və həmin qəbzin apelyasiya şikayətinə əlavə edilərək Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmənin 12 avqust 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Mülki iş apellyasiya instansiya məhkəməsində olan zaman cavabdeh-qarşılıqlı iddiaçı 01.10.2021-ci il tarixdə “müddətin bərpa olunmasına” dair ərizə ilə məhkəməyə müraciət edərək, 11.06.2021-ci il tarixdə verdiyi apellyasiya şikayətinin prosessual normalara riayət edilərək təqdim etdiyini nəzərə alaraq baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Mülki iş 16.12.2021-ci il tarixdə Şuşa Rayon Məhkəməsinə geri qayıtmış və məhkəmənin 16 dekabr 2021-ci il tarixli qərardadı ilə cavabdehin-qarşılıqlı iddiaçının “müddətin bərpa olunmasına” dair ərizəyə apellyasiya şikayətini əlavə etmədiyindən ərizə geri qaytarılmışdır. Daha sonra cavabdeh-qarşılıqlı iddiaçı qeyd edilən nöqsanları aradan qaldıraraq yenidən “müddətin bərpasına dair” ərizə ilə məhkəməyə müraciət etmiş və məhkəmənin 13 yanvar 2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, Şuşa Rayon Məhkəməsinin 2(077)- 22/2021 saylı mülki iş üzrə 22 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh-qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi müddəti üzürlü hesab edilməklə, buraxılmış müddət bərpa edilmiş və apellyasiya şikayətinin mülki işin materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı-qarşılıqlı cavabdeh İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarında olan xəbərnaməyə əsasən Cavabdeh Şuşa Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qərardadını 05 iyul 2021-ci il tarixdə qəbul etmiş,lakin ondan şikayəti heç bir üzürlü səbəb olmadan prosessual müddət ötürməklə 03 avqust 2021- ci il tarixdə vermişdir. Məhkəmə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə gəldiyi nəticəni guya ki, onun tərəfindən üzürlü səbəbdən müddətin buraxılması ilə əsaslandırmağa çalışmış və bu tamamilə əsassız, qeyri-obyektivdir, ona görə də, məhkəmənin 13 yanvar 2022-ci il tarixli qərardadı ləğv edilməlidir. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, şikayətdə göstərilənlər əsassızdır. Həqiqətən də iş materiallarından göründüyü kimi, cavabdeh-qarşılıqlı iddiaçı Cavabdeh məhkəmənin 22.04.2021- ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti ilkin olaraq qanunla müəyyən edilmiş müddətdə verilsə də, yuxarıda qeyd edilənlərdən göründüyü kimi iş üzrə qəbul edilmiş qərardadın onun tərəfindən mübahisələndirilməsi ilə əlaqədar işin məhkəmə instansiyalarında olması səbəbindən müddət ötürülmüşdür. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı şikayət təmin edilməməli və birinci instaniya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0 və 398.0.1-ci maddələrinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti təmin etməməklə düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri bu nəticənin hər hansı qaydada dəyişdirilməsinə əsas deyildir.. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: İlk iddia üzrə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Şuşa Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2(077)-22/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar