Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-453/2023 03.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “bağ sahəsindən çıxarılma” tələbinə dair iddiası üzrə Sumqayıt Şəhər Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(060)-33/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “bağ sahəsindən çıxarılma” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla tam mülkiyyət hüququ üzrə ona məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1419 D ünvanında yerləşən ümumi sahəsi 0.06 ha torpaq sahəsindən Cavabdeh çıxarılması və torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri 4 saylı notariat kontorunun dövlət notariusu C.Q.Rüstəmov tərəfindən təsdiq olunmuş və 4Ə/460 reyestr nömrəsi ilə qeydə alınmış AN-1 seriyalı ******* nömrəli 23 iyun 2011-ci il tarixli daşınmaz əmlakın alqısatqısı müqaviləsinə əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1419 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsindən 0.06 ha torpaq sahəsi 1419 D nömrəsi ilə xx.xx.2011-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə onun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla qeydiyyata alınmışdır. Qeyd olunan torpaq sahəsinin əvvəlki mülkiyyətçisi Cavabdeh ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 1419 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsindən 0.06 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsi hissəsində və həmin alqı-satqı müqaviləsi və 76/77901-2 reyestr nömrəli, xx.xx.2011-ci il tarixli bölgü planı əsasında 0.06 ha torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə onun adına xx.xx.2011-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddiası təmin edilmiş və Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 2(060)-1069/2018 nömrəli 05 fevral 2018-ci il tarixli qiyabi qətnamə qəbul olunmuşdur. Lakin, ərizəsi əsasında qiyabi qətnamə ləğv olunmuş və işə mahiyyəti üzrə baxılması qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2019-cu il tarixli qərardadı ilə Cavabdeh ona qarşı iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bu yaxınlarda isə ona məlum olmuşdur ki, ona məxsus torpaq sahəsi Cavabdeh tərəfindən zəbt olunmuşdur. Həmçinin zəbt olunmuş sahədə cavabdeh tərəfindən qanunsuz tikililər inşa edilməkdədir. Onun tərəfindən cavabdehə zəbt olunmuş torpaq sahəsindən çıxması, orada inşa etdiyi tikililəri sökməsi təklif edilsə də, bu heç bir nəticə verməmişdir. Cavabdeh qanunsuz olaraq ona məxsus torpaq sahəsini zəbt etmiş və hal-hazırda qanunvericiliklə qorunan hüququndan istifadə edilməsinə imkan vermir. Bütün bunları nəzərə alaraq, o öz hüquqlarının təmin olunması üçün məhkəməyə müraciət etməyi lazım bilmişdir. Göründüyü kimi cavabdehin hər hansı bir qanuni əsas olmadan mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsi həmin torpaq sahəsinin özbaşına tutulması (zəbt edilməsi) kimi qiymətləndirilməlidir. Belə olan halda cavadeh sözügedən torpaq sahəsindən çıxarılmalı və hüququnu məhdudlaşdıran hərəkətlər aradan qaldırılmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(060)-33/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1419 D ünvanında yerləşən ümumi sahəsi 0.06 ha torpaq sahəsindən çıxarılması və torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi qət edilmişdir (hakim Rəşad Qoşqarlı). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(060)-33/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 mart 2022-ci il tarixli, 2(105)-271/2022 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(060)-33/2021 nömrəli qətnaməsinin ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakimlər – Lətifə Məmmədova - sədrlik edən və məruzəçi, Telman Quliyev, Gülnarə Tağızadə). Qətnamədən narazı qalan İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 mart 2022-ci il tarixli, 2(105)-271/2022 nömrəli qətnaməsinin ləğv olunması və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 17 oktyabr 2022-ci il tarixli, 2(102)-4118/2022 nömrəli qərarı ilə kasasiya şikayəti təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 mart 2022-ci il tarixli, 2(105)-271/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakimlər – Əhməd Nurməmmədov – (sədrlik edən və məruzəçi), Abiddin Hüseynov, Zaur Əliyev). APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Novxanı bağlar massivində yerləşən 0,12 ha sahədən ibarət olan 1419 nömrəli bağ sahəsini miras əmlak kimi qəbul etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 18 yanvar 2010-cu il tarixli, 2(060)- 78/2010 saylı qətnaməsi ilə həmin bağ sahəsinin onun tərəfindən faktiki qəbul edilməsi müəyyən edilmişdir. O həmin bağ sahəsindən 0,06 ha torpaq sahəsini İddiaçı satmış, lakin İddiaçı pulunu tam ödəmədiyinə görə o həmin torpaq sahəsində ev tikmişdir. Onun qardaşı E.Mirzəyev vəfat etmiş bacısının üç uşağı ilə orada yaşayır. Belə ki, həmin torpaq sahəsinin alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnamələri və Azərbaycan Respublikası Ali Məhkəməsinin Qərarı vardır. Sonuncu məhkəmə qətnaməsi isə cavabdehin həmin ünvandan çıxarılması və inşa etdiyi tikililərin sökülməsi barədədir. Mülki işin araşdırılmasından məlum olur ki, İddiaçı 2011-ci ildə mübahisəli torpaq sahəsinə dair çıxarış alsa da, uzun müddət torpağı mübahisələndirməmişdir. Bu bir daha təsdiq edir ki, iddiaçı onun etibarından istifadə edərək, bütöv torpaq sahəsinin məhkəmə və dövlət reyestrində sənədləşməsi ilə özü məşğul olmuş və sənədləşmədən sonra ona torpağın pulunu verəcəyini vəd etmiş, lakin satılan torpağın pulunu verməmişdir. Mübahisəli torpaq sahəsinin üzərində o, ev tikmiş, həmin evdə onunla bərabər qardaşı və vəfat etmiş bacısının üç uşağı yaşayır və həmin torpaq sahəsindən istifadə edirlər. Lakin məhkəmə qətnaməsində yalnız cavabdehin torpaq sahəsindən çıxarılmağı qət edilmiş, digər ailə üzvləri də cavabdeh kimi işə cəlb edilməli idi. Hesab edir ki, məhkəmə həmin torpaqda tikilmiş evdə yaşayan şəxsləri cəlb etməməklə prosessual normaların tələbini pozmuşdur. Onun digər torpaq sahəsi və evi yoxdur, uşaqlardan ikisi azyaşlıdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər,iddiaçı məhkəməyə ərizə ünvanlayaraq uzun illər məhkəmə mübahisəsi gedən hazırkı işə onun iştirakı olmadan obyektiv baxılmasını və apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir.Cavabdehə isə ,, sms,, göndərilmiş mobil telefon nömrəsinə xx.xx.2023-cü il tarixində məhkəmə iclas zalından zəng edilmiş,həmin tarixdə məhkəmə iclasının olması barədə onun məlumatı olsa da,onun xahişinə əsasən məhkəmə iclası xx.xx.2023-cü il tarixinə təxirə salinmiş,lakin cavabdeh növbəti məhkəmə iclasında heç bir üzrlü səbəb olmadan iştirak etməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən sübutlara qanunvericiliyin tələbləri baxımından aşağıdakı kimi qiymət verilmişdir: İş materiallarında olan AN-İ seriyalı, ******* saylı, 23 iyun 2011-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, satıcı Cavabdeh özünə məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1419 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsindən 0,06 ha olan hissəsini 5400 manata alıcı İddiaçı mülkiyyətinə verir. Müqavilənin 4-cü bəndindən məlum olur ki, satıcı torpaq sahəsini İddiaçı 5400 manata satıb, alıcı isə həmin qiymətə alıb. Müqavilənin 5-ci bəndində birbaşa göstərilmişdir ki, alıcı torpaq sahəsini bu müqavilənin 4-cü bəndində nəzərdə tutulan qiymətini nağd şəkildə tam ödədi, satıcı isə həmin məbləği bütünlüklə qəbul etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1419D ünvanında yerləşən ümumi sahəsi 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 42 nömrəli reyestr kitabının 67 nömrəli vərəqində xx.xx.2011-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)-1663/2020 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli, 2(060)-5005/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən qətnamədən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı alqısatqı müqaviləsinin və çıxarışın ləğvi tələbinə dair idda ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli, 2(060)-5005/2019 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Mirzəliyeva Gülnisə Həsənbala qızı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 11, 2 paralel küçə, məhəllə 9-da qeydiyyatdadır. Birinci instansiya məhkəməsinin araşdırmasına əsasən müəyyən olunmuşdur ki, iddiaçı Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1419D saylı, 0,06 ha torpaq sahəsinin mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Cavabdeh iddiaçıya məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1419D saylı, 0,06 ha torpaq sahəsini zəbt etmişdir. Cavabdehin torpaq sahəsinin həmin hissəsi üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlməmişdir. Belə ki, iş materiallarında olan AN-İ seriyalı, ******* saylı, 23 iyun 2011-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, satıcı Cavabdeh özünə məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1419 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsindən 0,06 ha olan hissəsini 5400 manata alıcı İddiaçı mülkiyyətinə vermiş, müqavilənin 4-cü bəndindən məlum olur ki, satıcı torpaq sahəsini İddiaçı 5400 manata satmış, alıcı isə həmin qiymətə almış, müqavilənin 5-ci bəndində birbaşa göstərilmişdir: alıcı torpaq sahəsini bu müqavilənin 4-cü bəndində nəzərdə tutulan qiymətini nağd şəkildə tam ödəmiş, satıcı isə həmin məbləği bütünlüklə qəbul etmişdir. Hazırda cavabdehin hər hansı hüquqları əmələ gəlmədiyi halda zəbt edilmiş torpaq sahəsindən istifadə edir. Sadalanan xüsusatlara əsaslanan birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi təmin edilərək mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, Cavabdeh iddiaçıya məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1419D saylı, 0,06 ha torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsində inşa edilmiş tikililər cavabdehin hesabına sökülməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 157.2 və 157.4-cü, Torpaq Məcəlləsinin 111.1, 111.2 və 111.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İşə əvvəl apellyasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən apellyasiya instansiyası məhkəməsinin araşdırmasına əsasən müəyyən olunmuşdur ki, iş materiallarından göründüyü kimi Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1419 D ünvanında yerləşən ümumi sahəsi 0,06 ha torpaq sahəsinin cavabdehin mülkiyyət hüququnun tanınmasına əsas olan Sumqayıt Şəhər Məhkəməsinin 18 yanvar 2010-cu il tarixli, 2(060)-78/2010 saylı qətnaməsi ləğv edilmiş və həmin torpaq sahəsi üzərində cavabdehin mülkiyyət hüququnun tanınmasına dair ərizəsi baxılmamış saxlanılmışdır. Göründüyü kimi, mübahisəli torpaq sahəsinin əvvəlcə cavabdehin, daha sonra da iddiaçının mülkiyyətinə keçməsinə əsas olmuş məhkəmə qətnaməsi artıq mövcud deyildir. Odur ki, mübahisəli torpaq sahəsini iddiaçıya satan cavabdehin həmin torpaq sahəsinə dair mülkiyyət hüququnun tanınmasına əsas olan məhkəmə qətnaməsi mövcud olmadığı halda həmin torpaq sahəsinə dair iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ da istisna olunur. Sadalanan xüsusatlara əsaslanan apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(060)-33/2021 nömrəli qətnaməsinin ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 157.2 və 157.4-cü, Torpaq Məcəlləsinin 111.1, 111.2 və 111.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 17 oktyabr 2022-ci il tarixli, 2(102)-4118/2022 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 mart 2022-ci il tarixli, 2(105)-271/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin məhkəmə kollegiyasının işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərarında aşağıdakılar qeyd olunmuşdur: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisələndirilməyən hallarına görə mübahisələndirilən 0,06 ha bağ sahəsini iddiaçı 23 iyun 2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdehdən satın almış, 28 iyun 2011-ci il tarixli bölgü planı əsasında torpaq sahəsinə mülkiyyət hüququ 28 oktyabr 2011-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, cavabdeh həmin torpaq sahəsindən iddiaçının istifadəsini məhdudlaşdırmışdır. İddiaçı torpaq sahəsinin onun mülkiyyətində olmasına əsaslanaraq cavabdehin həmin torpaq sahəsindən çıxarılmasını tələb edir. Cavabdeh isə iddia tələbinə etirazında torpaq sahəsinin pulunun iddiaçı tərəfindən verilmədiyini, ona görə də həmin ərazidə ev tikdirdiyini, bu evdə qardaşının və bacısını ailəsinin yaşadığını, onların da cavabdeh kimi işə cəlb edilməli olmalarını göstərərək iddia tələbinə etiraz edir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin normaya görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Normanın dispozitiv şərtlərinin movcud olması üçün 3 şərtin mövcud olması müəyyən edilməldir: 1) İddiaçı mülkiyyətçi olmalıdır, 2) Əmlak özgəsinin sahibliyində olmalıdır, 3) Özgəsinin əmlaka sahibliyi qanunsuz olmalıdır. Baxılan işdə hər üç şərt mövcuddur. Mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətindədir, torpaq sahəsi cavabdehin qanunsuz sahibliyindədir. İşdə olan Bakı şəhəri Nərmanov Rayon Məhkəməsinin 02 noyabr 2015-ci il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli qanuni qüvvəyə minmiş (həmin qətnamələrdən verilmiş apellyasiya şikayəti və kassasiya şikayəti təmin edilməmişdir) qətnamələri tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığı, ləğvi və reyestrdən çıxarışın ləğvi barədə Cavabdeh iddiası rədd edilmiş, Cavabdeh hazırkı iş üzrə iddia tələbinə etirazının əsasları qismən təkzib edilmişdir. İddianı rədd edən apellyasiya məhkəməsi birinci instansiya məhkəməsində işə baxılandan sonra əmələ gəlmiş əsasla, yəni satıcı Cavabdeh torpaq sahəsinə hüququn əmələ gəlməsi üçün əsas olmuş Sumqayıt Şəhər Məhkəməsinin 18 yanvar 2010-cu il tarixli qətnaməsinin Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 fevral 2022-ci il tarixli qərardadı ilə ləğv edilməsinə, bununla da torpaq sahəsini iddiaçıya satan cavabdehin həmin torpaq sahəsinə dair mülkiyyət hüququnun tanınmasına əsas olan məhkəmə qətnaməsi mövcud olmadığından həmin torpaq sahəsinə dair iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun istisna edilməsinə əsaslanaraq iddianı rədd etmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi bu qənaətə gələrkən nəzərə almamışdır ki, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququ mübahisələndirilməmiş, torpaq sahəsinə mülkiyyət hüququna dair reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməmişdir. Belə olan halda iddiaçının adına torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatının həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir, dövlət həmin hüququn müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyasının iclasında aparılmış araşdırma zamanı müəyyən edildi ki, satıcı Cavabdeh ilə alıcı İddiaçı arasında bağlanmış 23 iyun 2011-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı özünə məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1419 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsindən 0,06 ha olan hissəsini 5400 manata alıcı İddiaçı mülkiyyətinə vermiş, həmin alqı-satqı müqaviləsinə əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1419D ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsi İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınmış və bu barədə ona Çıxarış verilmiş, torpaq sahəsinin həmin hissəsi üzərində Cavabdeh qanunla qorunan hər hansı hüquqları əmələ gəlməsə də, o, iddiaçıya məxsus torpaq sahəsini zəbt etmiş, orada tikinti işləri aparmış, iddiaçı həmin torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmiş, bununla da, iddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1419D saylı, 0,06 ha torpaq sahəsindən öz istədiyi kimi istifadə etmək hüququndan məhrum olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olması faktı yuxarıda qeyd edilən işin halları baxımından mübahisəsizdir. Həmin torpaq sahəsi hazırda cavabdehin qanunsuz sahibliyində və istifadəsindədir. Məhkəmə, iddiaçının həmin torpaq sahəsinin onun qanunsuz istifadəsindən və sahibliyindən geri tələb etməsinə baxmayaraq, cavabdeh şəxsin torpaq sahəsini boşaltmaqdan imtina etməsini və iddiaçının hazırda həmin torpaq sahəsindən istifadə edə bilməməsini onun hüquqi qüvvəyə malik olan müqavilə əsasında yaranmış ona mənsub olan torpaq sahəsinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüquqlarının qanunsuz olaraq məhdudlaşdırılması kimi qiymətləndirir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “alqısatqı müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli, 2(060)-5005/2019 nömrəli qətnaməsi ilə iddia rədd edilmiş və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)-1663/2020 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli, 2(060)-5005/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki,iş materiallarına əsasən iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququna dair reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməmişdir. Belə olan halda iddiaçının adına torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatının həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir, dövlət həmin hüququn müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin «satılan torpaq sahəsinin pulunun iddiaçı tərəfindən verilmədiyini və bu səbəbdən onun mübahisəli torpaq sahəsinin üzərində ev tikdiyini bildirməsi» dəlili ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, tərəflər arasında bağlanmış 23 iyun 2011-ci il tarixli Daşınmaz Əmlakın Alqı- Satqı Müqaviləsinin 4-cü bəndindən görünür ki, satıcı torpaq sahəsini İddiaçı 5400 manata satmış, alıcı isə həmin qiymətə almış, müqavilənin 5-ci bəndindən isə görünür ki, alıcı torpaq sahəsini bu müqavilənin 4-cü bəndində nəzərdə tutulan qiymətini nağd şəkildə tam ödəmiş, satıcı isə həmin məbləği bütünlüklə qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya şikayətində mübahisəli torpaq sahəsində tikilmiş tikilidə digər şəxslərin də yaşaması qeyd olunsa da,həmih tikiliyə dair digər şəxslərin hər hansı subyektiv hüquqlarının olması iş materialları ilə təsdiq olunmur. Buna görə apellyasiya şikayətinin qeyd olunan dəlilləri əsassızdır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM 76.2). Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(060)-33/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-453/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-453/2023
03.02.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver