Məhkəmə qərarları › İş №2(105)-105/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-105/2025

06.05.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-105/2025 06.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “AAAF İnşaat MMC”) qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X8 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “AAAF İnşaat MMC”) qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)- 471/2024 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. X2 (satıcı) ilə İddiaçı (alıcı) arasında 06 may 2014-cü il tarixdə Abşeron rayonu 2 saylı dövlət notariat kontorunda bağlanaraq reyesterdə 4Ə-05-1367 nömrə ilə qeyd edilmiş AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, satıcı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsinin ********* qeydiyyat nömrəli xx.xx.2014-cü il tarixli **********17 reyestr nömrəli çıxarışa əsasən özünə məxsus olan Abşeron rayonu Masazır kəndində yerləşən 0,05 ha torpaq sahəsini 5000 manata İddiaçı satmışdır.

2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,05 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə 07 dekabr 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır.

3. DƏDKR PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı məxsus 0,05 ha torpaq sahəsinin 0,0104 ha hissəsinin başqa şəxs tərəfindən idarə edilməsi müəyyən edilmişdir.

4. AAAF-İnşaat MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2015-ci il tarixli A(M)/0001 saylı torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqavilənin surətindən görünür ki, satıcı Abşeron rayonu Masazır qəsəbəsində özünə məxsus AAAF-Park yaşayış massivindəki 0,05 ha torpaq sahəsində 2 mərtəbəli, 213.0 kv.m evi satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürmüşdür.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən və 07 dekabr 2021-ci il tarixdə **********17 reyestr nömrəli hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasında onun mülkiyyətində olan 0,05 ha torpaq sahəsində qanunsuz olaraq inşa etdiyi hasar və tikililərin onun hesabına sökülməsi və torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən və onun mülkiyyətində olan 0,05 ha torpaq sahəsinə 07 dekabr 2021-ci il tarixdə **********17 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş, torpaq sahəsinin koordinatları GPS aləti vasitəsilə naturada müəyyən edilərək tanıdılmışdır. Mülkiyyətində olmasına baxmayaraq, Cavabdeh bir müddət əvvəl torpaq sahəsinin 0,0104 ha hissəsini qanunsuz olaraq zəbt etmiş, həmin hissəni hasarla bağlamış və orada tikililər inşa etmişdir. Cavabdehin bu əməli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən ona ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-21-3-32/2-1-0082-35 saylı məktubda da öz əksini tapmışdır. Bununla da, cavabdeh onun hüquqlarını və qanunla qorunan maraqlarını kobud surətdə pozmuşdur. Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsinin 0,0104 ha hissəsini qanunsuz olaraq zəbt etməklə, orada hasar və tikililər inşa etdiyi üçün həmin hasar və tikililər cavabdehin hesabına sökülməli və torpaq sahəsindən çıxarılmalıdır.

7. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə edərək, izahatında bildirmişdir ki, torpaq sahəsini 2014-cü ildə alğı-satqı müqaviləsi əsasında almışdır. Dəfələrlə həmin əraziyə gedib baxmış, cavadeh tərəfindən ona məxsus ərazidə tikinti aparıldığını gördükdən sonra bu barədə qarşı tərəfə ismarıc göndərmiş, lakin qarşı tərəf həmin ərazini hazır vəziyyətdə aldığını bildirmişdir. O, qonşudan qarşı tərəfin mobil nömrəsini alaraq zəng etmiş, bu barədə razılığa gəlməyi qarşı tərəfə təklif etmiş, lakin qarşı tərəf onunla görüşə gəlməmiş, cavabdehin işçisi onun təklifini cavadeh tərəfindən qəbul edilmədiyini, qanunla hara müraciət etmək lazım olduğunu ona demişdir. Bu barədə o, Cavabdeh özünə deməmiş, lakin cavabdehin bu barədə məlumatı olmuşdur. Dəfələrlə məhkəmə iclaslarında da, izahatında qeyd etmişdir ki, o, həmin torpaq sahəsini alqı-satqı yolu ilə cavabdehdən qabaq almışdır. O, torpaq alarkən həmin ev heç hələ tikilməmişdir. Ev tikilərkən də bu barədə qarşı tərəfə iradını bildirmiş, həmin vaxt məhkəməyə müraciət etməməsinin səbəbi isə qarşı tərəfin ona yerinin koordinatarının həmin ərazi olmasını deməsi olmuşdur. Həmin vaxtda da qarşı tərəflər aralarında heç bir razılaşma olmamış, nə də o, qarşı tərəfə tikintini aparması üçün razılıq verməmişdir. Bundan sonra Əmlak Komitəsinə ərizə ilə müraciət etmiş, həmin idarədən əməkdaş gələrək onun torpaq sahəsi ölçülərək koordinatları müəyyən edilmiş və ona yazılı məktub təqdim olunmuşdur. Həmin məktubda qeyd edilmişdir ki, cavabdehin istifadəsində olan yaşayış evi və daravaza onun mülkiyyətində olan torpaq sahəsinin daxilində yerləşmişdir. Artıq həmin vaxt ev tikimiş vəziyyədə olmuşdur. Həmin evin təmiri, qazı, suyu və işığı da yoxdur. Bu barədə onda evin şəkilləri vardır. Cavabdehin bildirdiyinə görə həmin ev şirkət tərəfindən tikilmiş, bu səbəbdən də cavabdeh həmin tikili ilə bağlı şirkətdən pulunu geri tələb edə bilər. Ona görə də iddiasının təmin edilməsinin hasarın və evin onun torpaq sahəsinə düşən hissəsində sökülməsini tələb edir.

8. İş materiallarında kağız daşıyıcısında olan şəkillərdən görünür ki, iddiaçıya məxsus torpaq sahəsində hasar və ev tikililəri mövcuddur.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki eksperizasının 22 aprel 2024-cü il tarixli 10/1356 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən, Torpağa mülkiyyət hüququna dair” 07 dekabr 2021-ci il tarixdə **********17 reyestr nömrəli çıxarışa əsasən X3 mülkiyyətinə verilmiş Abşeron rayonu, Masazır kəndində yerləşən torpaq sahəsinin, baxış zamanı təqdim olunan torpaq sahəsi ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən, “Torpağa mülkiyyət hüququna dair” 07 dekabr 2021-ci il tarixdə **********17 reyestr nömrəli çıxarışa əsasən X3 mülkiyyətinə verilmiş Abşeron rayonu, Masazır kəndində yerləşən torpaq sahəsinin qərb tərəfdən 97,3 m2 hissəsinin cavabdeh tərəfindən, cənub tərəfdən 35 m2 hissəsinin isə digər qonşu tərəfindən hasara alınaraq istifadə olunduğu müəyyən edilmişdir. Həmçinin qeyd olunur ki, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin daxilində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin bir hissəsinin iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin daxilində yerləşdiyi müəyyən edilmişdir.

10. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)-471/2024 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia qismən təmin edilərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmış Abşeron rayonu, Masazır kəndində yerləşən 0.05 ha torpaq sahəsinin qərb tərəfdən 97,3 kv.m hissəsində Cavabdeh tərəfindən inşa edilmiş hasar tikilisinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, iddia tələbi qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatına görə 50 manat pulun Cavabdeh tutulub "xxxx" MMC-nin hesabına (VÖEN **********, KOD: 201218, Hesab AZ53AİİB********************) ödənilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi zəbt edilmiş torpaq sahəsi ilə bağlı iddianın qismən təmin edilməsi nəticəsinə gələrkən hesab etmişdir ki, İddiaçı adına olan, xx.xx.2021-ci il tarixdə **********17 reyestr nömrəli çıxarış əsasında onun mülkiyyətinə verilmiş 0,05 ha torpaq sahəsinin qərb tərəfdən 97,3 kv.m hissəsinin Cavabdeh tərəfindən zəbt edilməsi barədə məhkəmə tikinti-texniki ekspertizasının verdiyi rəy digər sübutlarla birlikdə, mötəbər sübut kimi qəbul edilir.

12. Digər tərəfdən, iddianın cavabdehin evinin sökülməsi hissəsində isə iddia təmin edilə bilməz. Belə ki, işin arşdırılan hallarından, şəkillərdən məlum olduğu kmi cavabdehə məxsus ev təmir olmasa da, tam tikilib hazır olmuşdur və tikintinin iddiaçının torpağına düşən hissəsinin sökülməsi evin tamamilə uçub məhv olmasına səbəb ola bilər. Belə ki, iddiaçının izahatına görə o torpağı alqı-satqı müqaviləsi əsasında alanda cavabdehə məxsus orada tikililər olmamışdır. Göründüyü kimi cavabdeh tərəfindən tikilən hasar və ev sonradan tikilmişdir ki, həmin zaman iddiaçı tikintilərə etiraz etməli, mümkün olmadıqda isə məhkəməyə müraciət edilməli idi. İddiaçı tikililərdən xəbəbəri olmamsını bildirsə belə mülkiyyətində olan torpağa nəzrət etməli, onu yan təsirlərdən qorumalı idi. Cavabdeh tikinti işlərinə 2021-ci ildən başlamış, iddiaçı tikintidən məlumatlı olmuş, tikintiyə etiraz etmiş olsa da belə, qarşı tərəf buna razılıq verməmiş, bunu isə iddiaçı cavabdehlə razılığa gələbiləcəyi ilə izah etmişdir. Buna baxmayaraq iddiaçı 2021-cü ildə hüquqlarının pozulması ona aşkar olduqdan 2 il sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının tikilinin sökülməsinin cavabdehin evinin düşən hissəsindəki tələbini sui-istifadə kimi qiymətləndirir və təmin edilməməsi qərarına gəlir.

13. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 88, 101.7, 103.1, 560.1, 560.2, Mülki Porsessal Məcəllənin 4, 14.2, 77.1, 88, 119.1, 217-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

15. Cavabdeh vəkili Vəkil qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin təmin olunmuş hissədə ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

16. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun mübahisəli olan ərazidə torpağı olsa da, həmin ərazidə yaşamır, hər dəqiqə həmin əraziyə gəlib nəzarət eləmək imkanı yoxdur. Cavabdeh də bundan sui-istifadə edib tələm-tələsik evi tikib tamamlamışdır. Onun cavabdehin tikinti aparmasından xəbəri olduqda dəfələrlə ona xəbərdarlıq etmiş, etirazlarını bildimişdir. Cavabdeh əvvəlcə onunla razılaşacağını bildirsə də, sonradan onun əraziyə vaxtlı-vaxtında nəzarət edə bilmədiyindən istifadə edərək buna məhəl qoymayıb tikintini davam etdirmişdir. Ona görə də həmin tikili qanunsuzdur və cavabdehin öz hesabına da sökülməlidir. Həmçinin bildirmişdir ki, məhkəmə qətnamədə evin sökülməməsini, əvəzində onun cavandehən kompensasiya tələb etmək hüququnun olduğunun qeyd etsə də, kompensasiyanın məbləği müəyyən olunmamışdır. Bu isə hakimin hansısa maraqlara görə cavabdehin mənafeyini müdafiə etməsinin aşkar təzahürüdür. Əgər cavabdeh həmin evi tikməyə başlayanda onun bir hissəsinin iddiaçıya məxsus torpağa düşdüyünü bilməsəydi, bəlkə də, hakimin qərarı ilə razılaşardı. Ancaq cavabdeh bunu bilə-bilə etdiyindən və etirazlarına məhəl qoymadan tikilini başa çatdırdığından o, bunu öz şəxsiyyətinə qarşı təhqir kimi qəbul edir və həmin tikilinin onun torpağına düşən hissəsinin cavabdehin hesabına sökülərək ərazisindən çıxarılmasını tələb edir.

17. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin e-2(012)-471/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi maddi və prosessual hüquq normalarına düzgün əməl etmədən qəbul edilmişdir. Belə ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi nüanslar tamamilə əsassızdır. Cavabdeh onun torpağını qanunsuz olaraq zəbt etməmişdir. Cavabdeh Abşeron rayonu, Masazır kəndində yerləşən sözügedən torpaq sahəsini qanunvericiliyə uyğun olaraq əldə etmişdir. Belə ki, Cavabdeh Abşeron rayonu, Masazır kəndində yerləşən 0.05 ha torpaq sahəsini və üzərindəki fərdi yaşayış evini 29 sentyabr 2015-ci il tarixdə ilkin mülkiyyətçisi "xxxx" MMC-dən alğı-satqı yolu ilə əldə etmişdir. Tərəflər arasında bununla bağlı alğı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən "xxxx" MMC həmin torpaq sahəsində yerləşən ikimərtəbəli 213.0 kv.m evi Cavabdeh satmağı öhdəsinə götürür. Göründüyü kimi cavabdeh həmin torpaq sahəsini qanunvariciliyə uyğun qaydada əldə etmişdir. Digər tərəfdən iddiaçı iddia edir ki, guya cavabdeh onun torpaq sahəsini zəbt edərək bina inşaa etmiş və hasar çəkmişdir. İddia tamamilə əsassızdır. Cavabdeh yuxarıda qeyd etdiyi 29 sentyabr 2015-ci il tarixli müqavilə ilə fərdi yaşayış evini "xxxx" MMC-dən satın almışdır. Qeyd edir ki, iddiaçının əldə etdiyi torpaq sahəsinin ilkin mülkiyyətçisi "xxxx" MMC olmuşdur. İddiaçı və cavabdeh "xxxx" MMC-yə məxsus torpaq sahələrini MMC-dən əldə etmişlər. "xxxx" MMC məhkəməyə 3-cü şəxs qismində cəlb edilsə də məhkəmə hər dəfə bildirişi yalnış ünvana göndərdiyindən MMC-nin iştirakı təmin edilməmişdir. Tərəfindən MMC ilə əlaqə saxlayaraq onları məlumatlandırmış və məhkəməyə doğru ünvana bildiriş göndərilməsini təklif etmişdir. "xxxx" MMC-nin nümayəndəsi məhkəmə prosesində iştirak edən gün nədənsə məhkəmə vaxtın olmaması ilə bağlı prosesi təxirə salmış, növbəti prosesdə nümayəndə başqa məhkəmə prosesi ilə bağlı məhkəmədə iştirak edə bilməyəcəyini bildirsə də hakim işi yekunlaşdırmışdır. "xxxx" MMC-nin nümayəndəsi ilkin prosesə ümumi torpaq sahələrinin və onların bölgüsünü göstərərək torpaqların kordinatlarının üst-üstə düşməsinin qeyrimükün olduğunu, bunun yalnız texniki səhv ola biləcəyini, kordinatlarda sürüşmə səhvinin ola biləcəyini bildirmişdir. Göründüyü kimi iddiaçı həmin torpaq sahəsini 2014-cü ildə, cavabdeh isə 2015-ci ildə əldə etmişdir. İddiaçı torpaq sahəsini alanda fərdi yaşayış evi inşa edilmişdir. Tərəfin Google mapdan çıxarılmış fotoşəkillər iş materiallarına əlavə edilmişdir. Əgər iddiaçı həmin torpaq sahəsinə daimi gedib gəlirdisə onun ən azından məlumatı olmalı idi ki, həmin fərdi yaşayış evi, yəni tikili orada əvvəlcədən mövcud idi. Lakin iddiaçı 2021-ci ildən bu barədə məlumatlı olduğunu qeyd etmişdir. Bu da həqiqəti əks etdirmir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətlərinə qarşı tərəflərin yazılı etirazları daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı özü tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin hasar tikilisinin sökülməsinə dair hissədə ləğv edilməsini və iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

21. Məhkəmə iclasının yeri və vaxtı barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

22. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

23. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. (...)

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

24. Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. (....)

25. Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. (...)

26. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (...) 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (...)

27. Maddə 157. Mülkiyyətin müdafiəsi (...) 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (...) 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

28. Maddə 172. Mülkiyyətçinin qazıntılar və tikinti işləri ilə vurduğu ziyan (...) 172.3. Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin

29. Maddə 49. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.

30. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 111.3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

31. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

32. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

33. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 101. Ekspert rəyi 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

35. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

36. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (...)

37. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

39. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

40. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətlərinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən və iddianın təmin edilməyən hissələrində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı həmin hissələrdə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Baxılan mübahisə torpaq sahəsinə sahibliyin müdafiəsi ilə bağlıdır, belə ki, iddiaçı onun mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən heç bir qanuni əsas olmadan tutulduğuna, qanunsuz olaraq inşa edilmiş hasar və tikililərin olduğuna, torpaq sahəsinin boşaldılması barədə dəfələrlə edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq, qanunsuz sahibliyin davam etdirilməsinə istinad edərək hazırki iddia tələbini irəli sürmüşdür.

43. İşin mübahisəsiz halına görə, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.05 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə 07 dekabr 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. O, həmin torpaq sahəsinin 2014-cü ildə alğı-satqı müqaviləsi əsasında əldə etmişdir.

44. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

45. Birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisə üzrə obyektiv nəticəyə gəlinməsini təmin etmək üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsini təmin etmişdir.

46. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş ekspertizanın nəticəsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki eksperizasının 22 aprel 2024-cü il tarixli 10/1356 nömrəli rəyindən görünür ki, “Torpağa mülkiyyət hüququna dair” 07 dekabr 2021ci il tarixdə **********17 reyestr nömrəli çıxarışa əsasən X3 mülkiyyətinə verilmiş Abşeron rayonu, Masazır kəndində yerləşən torpaq sahəsinin, baxış zamanı təqdim olunan torpaq sahəsi ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. “Torpağa mülkiyyət hüququna dair” 07 dekabr 2021-ci il tarixdə **********17 reyestr nömrəli çıxarışa əsasən X3 mülkiyyətinə verilmiş Abşeron rayonu, Masazır kəndində yerləşən torpaq sahəsinin qərb tərəfdən 97,3 m2 hissəsinin cavabdeh tərəfindən, cənub tərəfdən 35 m2 hissəsinin isə digər qonşu tərəfindən hasara alınaraq istifadə olunduğu müəyyən edilmişdir. Həmçinin qeyd olunur ki, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin daxilində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin bir hissəsinin iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin daxilində yerləşdiyi müəyyən edilmişdir.

47. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1693/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron ərazi idarəsinin mütəxəssisinin iştirakı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş ********** reyestr nömrəli 07 dekabr 2021-ci il tarixli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,05 ha torpaq sahəsinin sənəd üzrə sərhədləri müəyyən edilsin. 2. Həmin torpaq sahəsinin hər hansı hissəsi Cavabdeh tərəfindən istifadə edilirmi?

3. Əgər istifadə edilirsə, istifadə edilən torpaq sahəsinin sahəsi və ölçüləri nə qədərdir, hansı hissədən və tərəfdən (eni və uzunluğu göstərilməklə) istifadə olunur və istifadə olunan hissədə hansı tikililər inşa edilmişdir? 4. Əgər inşa edilmişdirsə, həmin tikililər nədən ibarətdir və iddiaçının mülkiyyətində olan torpaq sahəsinə düşən hissələrinin ölçüləri nə qədərdir?

48. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin məktubu ilə mübahisəli torpaq sahəsi ilə bağlı mütəxəssis rəyinin tərtib olunduğu və rəyin məhkəməyə təqdim edilməsi üçün 95 (doxsan beş) manat xidmət haqqının ödənilməsinin zəruri olması tərəflərə yazılı qaydada bildirilsə də, həmin ödəniş nə iddiaçı, nə də cavabdeh tərəfindən təmin edilməmiş, nəticədə adı çəkilən ekspertizanın keçirilməsi mümkün olmamışdır.

49. Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

50. İşdə olan ekspert rəyindən isə görünür ki, X3 mülkiyyətinə verilmiş Abşeron rayonu, Masazır kəndində yerləşən torpaq sahəsinin, baxış zamanı təqdim olunan torpaq sahəsi ilə eynilik təşkil etdiyi, həmin torpaq sahəsinin qərb tərəfdən 97,3 m2 hissəsinin cavabdeh tərəfindən hasara alınaraq istifadə olunduğu, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin daxilində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin bir hissəsinin iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin daxilində yerləşdiyi müəyyən edilmişdir.

51. Məhkəmə kollegiyası həmin ekspert rəyini MPM-in 103-cü maddəsinə əsasən hazırkı iş üzrə mötəbər sübut kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsinin göstərilən ekspert rəyini mövcud mübahisə üzrə mötəbər sübut kimi qiymətləndirməklə yuxarıda göstərilən nəticəyə gəlməsi əsaslı olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası iddianın təmin olunan hissəsində qətnamənin ləğvi üçün əsas hesab etmir.

52. Mülki Məcəllənin 172.3-cü maddəsinə əsaən, əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir.

53. Kollegiya qeyd edir ki, qonşu torpaq sahələrinin mülkiyyətçiləri şübhəsizki qanunvericiliklə müəyyən edilmiş qaydalara riayət etməklə öz sahələrində tikinti və qazıntı işləri apara bilərlər. Lakin bu işlər görülərkən qonşu torpaq sahəsinin mülkiyyətçisinin hüquqları pozulmamalı və mənafeləri gözlənilməlidir. Öz sahəsində qazıntı və tikinti işləri aparan mülkiyyətçi qonşuya ziyan vurmamalı və onları hər hansı bir təhlükəyə məruz qoymamalıdır.

54. Qonşu torpaq sahəsinin mülkiyyətçisi öz mülkiyyət hüququnu yolverilməz şəkildə poza biləcək belə qurğuların tikilməsini və ya istismarını qadağan edə bilər. Belə qadağanlara o zaman yol verilir ki, hüququ pozulan mülkiyyətçi pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi bu işlərin aparılmasına qarşı öz etirazını bildirmiş olsun. Belə bildiriş verilmədikdə onun hüququnun qərəzsiz şəkildə pozulmasının nəticələrinə dözməlidir. O da nəzərə alınmalıdır ki, heç bir zərurətdən doğmayan əsassız tikinti qonşunun hüququnu əhəmiyyətli dərəcədə pozarsa onun sökülməsi məsələsi qaldırıla bilər.

55. Göründüyü kimi, əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Buna görə də qanunvericilikdə belə halda sərhədi pozulmuş qonşunun müəyyən pul kompensasiyası alması nəzərdə tutulmuşdur.

56. Göstərilənlərə əsasən kollegiya İddiaçı apellyasiya şikayətinə qiymət verərək, cavabdehə məxsus tikintisi başa çatmış evin iddiaçının torpağına düşən hissəsinin sökülməsi ilə bağlı tələbin təmin olunmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı hesab edir.

57. Belə ki, iddiaçı mülkiyyətinə nəzarət etməli, mübahisəli ev onun torpaq sahəsinə düşən hissədə tikilərkən aparılan tikinti işinə etiraz etməli, dayandırılması mümkün olmadıqda isə aidiyyəti qurumlara və ya məhkəməyə müraciət edilməli idi. İddiaçının isə izahatına görə müəyyən edilir ki, o, aparılan tikinti işindən məlumatlı olmuş, tikintinin aparılmasına etiraz etmiş, lakin məhkəməyə tikinti başa çatdıqdan sonra müraciət etmişdir. Bunun əksi isə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilməmişdir.

58. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

59. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, yuxarıda sadalanan qanunvericilik aktları normalarına əsasən birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin mövcud dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir.

60. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassızdır və hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün MPM-in 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayətləri təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-471/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Apellyasiya şikayətləri təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-471/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar