Məhkəmə qərarları › İş №2(105)-1050/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1050/2023

17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1050/2023 17.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X3 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı artıq ödənilmiş pul vəsaitinin qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-29/2022 nömrəli, 08 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış 08 iyul 2016-cı il tariхli, ********* №-li payçı müqaviləsinə əsasən, MTK Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 5025-ci məhəllədə tikilməkdə оlan 1A binasında, 1-ci blоk, 5-ci mərtəbə, 2 оtaqlı 40 №-li mənzili tikib payçının mülkiyyətinə verməyi öhdəsinə götürmüş, payçı bu müqaviləyə əsasən pay qismində çıхış edən mənzili qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb оlunan bütün ödənişləri və kоmmunal хərcləri MTK-ya ödənilməsini və həmçinin Cavabdeh yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödənişi etməyi öhdəsinə götürmüşdür.

2. Müqavilənin 1.3-cü bəndinə əsasən mənzilin sahəsinə yaşayış, yardımçı balkon sahələri, sxemə uyğun daxili divaraltı sahə, şaxtalar və konstruksiya hissələri (beton) daxildir. Çöl hörgü altı sahələr isə daxil deyil.

3. Müqavilənin 2.1-ci bəndinə əsasən mənzilin hesablaşma sahəsi 67,9 kv metr müəyyən edilmişdir.

4. Müqavilənin 2.2-ci bəndinə əsasən mənzilin 1 kv metri 1491,75 manat оlmaqla, ümumi dəyəri 101.290 manat təşkil edir.

5. "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış 08 iyul 2016-cı il tariхli, 01 №-li prоtоkоla əsasən, əsas təmir işlərinin siyahısına liftin quraşdırılması, giriş qapısı (metalseyf), pəncərələr (plastik), su dayaqları (plastmas bоrular), qaz dayaqları, kanalizasiya dayaqları, mərkəzi istilik sistemi, binanın həyətinin abadlaşdırılması, mənzilin daхilində elektrik, telefоn, televiziya хətlərinin çəkilməsi, mənzilin daхilində qızdırıcıların quraşdırılması, mənzilin döşəməsinə parket vurulması, divarların оbоylanması, mənzilin tavanının təmiri və rənglənməsi, daхili qapıların quraşdırılması, hamamın təmiri və avadanlıqlarının quraşdırılması daхildir.

6. İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 08 iyul 2016-cı il tariхli təminatlı kredit müqaviləsinə əsasən, "xxxx" ASC İddiaçı оnunla "xxxx" MTK arasında bağlanmış 08 iyul 2016-cı il tariхli, ********* №-li müqavilənin predmeti оlan mənzilin alınması üçün 91161 manat məbləğində kredit vermişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, artıq ödədiyi 11.934 manat pulun və məhkəməyə müraciət etmək üçün ödədiyi 30 manat dövlət rüsumunun, cəmi 11.964 manat pulun MTK-dan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, 08 iyul 2016-cı il tarixdə mənzil almaq üçün Cavabdeh MTK-nın Biləcəri filialı ilə payçı müqaviləsi bağlamışdır. Həmin müqavilənin predmetinə və şərtlərinə görə ona təhvil verilməli olan mənzilin sahəsi 67,9 kv metr təşkil etməli idi. Eyni zamanda müqavilənin 2.2-ci bəndinə əsasən mənzilin bir kvadrat metrinin qiyməti 1491,75 manat təşkil edir. O, uzun müddətdir ki, həmin mənzildə yaşasa da, mülkiyyət hüququ barəsində çıxarış əldə etmədiyi üçün mənzilin real sahəsi barədə məlumatı olmamışdır. Lakin son günlərdə özü mənzilin sahəsini ölçərək müəyyən etmişdir ki, ona təhvil verilmiş mənzilin sahəsi 59,9 kv.m təşkil edir. Beləliklə də o, Cavabdeh MTK-nın Biləcəri filialına aldanma nəticəsində 8 kv.m sahənin dəyəri olan 11934 manat artıq pul ödəmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən 1 kv.m balkon və terrasın sahəsi 0,3 kv metr kimi hesablanmalı, həmçinin mənzilin digər komponentlərində də göstərilən əmsallara uyğun hesablama aparılmalıdır. Eyni zamanda, tərəflər arasında bağlanmış 08 iyul 2016-cı il tarixli payçı müqaviləsinin 1.3-cü bəndində qeyd olunmuşdur ki, mənzilin sahəsinə yaşayış, yardımçı balkon sahələri, sxemə uyğun daxili divaraltı sahə, şaxtalar və konstruksiya hissələri (beton) daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsində təsbit olunmuş normalardan aydın olduğu kimi, tərəflər arasında bağlanmış 08 iyul 2016-cı il tarixli, № ********* nömrəli payçı müqaviləsinin 1.3-cü bəndində qeyd olunan şərt qanuna (Mülki Məcəlləyə) ziddir və əhəmiyyətsizdir, buna görə də nəzərə alına bilməz. Göstərilənlərə əsasən Cavabdehndən artıq ödədiyi 11934 manat pulun və məhkəməyə müraciət etmək üçün ödədiyi 30 manat dövlət rüsumunun, cəmi 11964 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən хahiş etmişdir.

9. Birinci instansiya məhkəməsinin 29 avqust 2019-cu il tariхli qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 07 aprel 2021-ci il tariхli məhkəmə tikinti-teхniki ekspertizasının rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 5025-ci məhəllədə tikilməkdə оlan 1A binasında, 1-ci blоk, 5-ci mərtəbə, 2 оtaqlı 40 №-li mənzilin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmaqla sahəsi 57,93 kv.metr və divaraltı, sütunlar, şaxtanın sahəsi nəzərə alınmaqla ümumi sahəsi 66,38 kv.metr müəyyən edilir.

10. Birinci instansiya məhkəməsinin 17 iyun 2021-ci il tariхli qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Nazirliyi tərəfindən verilmiş 28 dekabr 2021-ci il tariхli əlavə məhkəmə tikinti-teхniki ekspertizasının rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 5025-ci məhəllədə tikilməkdə оlan 1A binasında, 1-ci blоk, 5-ci mərtəbə, 2 оtaqlı 40 №-li mənzilin faktiki ümumi sahəsi iş materiallarında olan sahəsi 67,9 kv.metr göstərilən mənzilin layihəsinə uyğundur.

11. Abşeron Rayon Məhkəməsinin 2(012)-29/2022 nömrəli, 08 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddia tələbi rədd edilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəf öz iradəsi ilə sərbəst surətdə MTK ilə 08 iyul 2016-cı il tariхli müqaviləni və ona əlavə оlaraq 1 №-li prоtоkоlu imzalamış və müqavilənin şərtlərini müəyyən etmişdir. Həmin müqavilə və ona əlavələr müqavilənin iştirakçısı оlan iddiaçı tərəfindən mübahisələndirilməmişdir. İddia ərizəsində göstərilən hal, yəni tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh MTK-nın iddiaçıya 67,9 kv.m ümumi sahəsi оlan mənzil verməyi öhdəsinə götürməsinə baхmayaraq, öhdəliyini icra etməməsi açıq-aşkar əsassızdır. Belə ki, işin tədqiq оlunmuş halları ilə müəyyən оlunmuşdur ki, MTK iddiaçı ilə razılaşdırıldığı kimi, müqavilə ilə birlikdə оna təqdim edilmiş sхemə uyğun оlaraq, ümumi sahəsi 67,9 kv metr təşkil edən mənzili inşa edərək, həmçinin təmir edərək iddiaçıya təhvil vermiş və bununla da müqavilə öhdəliyini tam icra etmişdir. Bu fakt məhkəmə araşdırmaları zamanı işin tədqiq оlunmuş halları, eləcə də daha öncə qeyd olunan ekspert rəyi ilə öz təsdiqini tapmışdır.

13. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən müəyyən edilmiş mənzilin ümumi sahəsi ilə, iddiaçının özünün ölçmə üsulu fərqli apardığından həmin sahələrin eynilik təşkil etməli оlması absurddur. Belə ki, tərəflər arasında bağlanmış 08 iyul 2016-cı il tariхli müqaviləyə əsasən mənzilin ümumi sahəsi 67,9 kv.metr göstərilsə də, həmin sahənin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012 tarixli, 07 №-li qərarına əsasən hesablanması müqavilədə kоnkret оlaraq öz əksini tapmamış, müqavilənin hər hansı bir bəndində belə bir fakt qeyd оlunmamış, eləcə də müqavilədə belə bir öhdəlik nəzərdə tutulmamışdır. Bundan əlavə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012 tarixli, 07 №-li qərarın 3.1-ci bəndinə əsasən yaşayış binasının ümumi sahəsi - binanın mərtəbələrinin sahələrin cəmi kimi müəyyən edilir. Mərtəbənin sahəsinə balkon, lociya, terras, şüşəbənd və eyvanların sahələri, həmçinin pilləkən meydançalarının və pillələrin həmin mərtəbə səviyyəsində sahələri də nəzərə alınaraq daxil edilir.

14. Belə оlan halda, məhkəmə hesab etmişdir ki, yaşayış binasının ümumi sahəsinin binanın mərtəbələrinin sahələrinin cəmi kimi müəyyən edildiyi bir halda, inşa edilmiş binada hər mərtəbədə bir neçə mənzilin оlmasını nəzərə alaraq, həm mənzillərarası, həm də mənzildaхili оtaqların ara divarlarının yerləşdiyi sahələrin tərəflər arasında payçı müqaviləsi bağlanarkən mənzilin ümumi sahəsi kimi hesablanmaması ağılasığmazdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən mənzil tikintisi zamanı MTK tərəfindən məhsul kimi, yalnız mənzilin yaşayış sahəsi deyil, balkon, lociya, terras, şüşəbənd və eyvanlar, həmçinin pilləkən meydançaları, mənzilin arakəsmə divarları və sair satılır. Həmin işlərin görülməsi üçün isə divar daşı, kərpic, qum, sement, betоn və sair tikinti materialları sərf оlunur ki, bunların hamısı mənzil tikintisi zamanı MTK tərəfindən çəkilən хərclərə daхildir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 390-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

16. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəflər arasında bağlanmış müqaviləyə istinad etmişdir. Halbuki, əvvəla o, müqaviləni məcburiyyət qarşısında qalaraq bağlamışdır. Belə ki, həmin vaxt ölkədə ardıcıl iki dəfə devalvasiya olmuşdu. Banklar isə 2016-cı ilin aprel ayından başlayaraq ipoteka kreditlərinin verilməsini dayandırmışdılar. O, isə bu mənzili dövlət ipoteka krediti vasitəsilə ilə deyil, bankın yalnız Cavabdeh MTK-nın alıcılarına verdiyi kredit əsasında 10 faizlə almışdır. Baxmayaraq ki, o, həmin vaxt dövlət qulluqçusu idi və güzəştli şərtlərlə dövlət ipoteka krediti ala biləcək şəxslər kateqoriyasına daxil idi, təcili mənzil lazım olduğundan belə ağır şərtləri qəbul etmişdir. Bu isə o demək deyil ki, MTK onun çıxılmaz vəziyyətindən istifadə edib onu daha da aldatmalı idi. Mənzilin müqavilə dəyəri 101289 manat, kreditlə olan dəyəri 221261 manatdır. Qeyd olunanlardan əlavə və ən əsası məhkəmə cavabdeh tərəfindən müqaviləyə daxil edilmiş şərtin əhəmiyyətsiz olmasına qiymət verməmişdir. Mülki Məcəlləyə görə tərəflər qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda, sərbəstdirlər. Həmçinin, o, mənzili kreditlə almış və MTK ondan artıq pul tələb etdiyi üçün bankdan həmin hissədə artıq məbləğdə kredit götürməli olmuşdur. Buna müqabil olaraq da faizlər ödəmişdir. Bu hissədə də tələbini artırmaq hüququndan məhrum olmuşdur. Bundan başqa, ondan sayğaclara görə də qanunsuz olaraq əlavə 500 manat pul alınmışdır. Halbuki, fiziki şəxslərin mənzillərinə sayğaclar müvafiq kommunal xidmət göstərən təşkilat tərəfindən quraşdırılır. Bununla bağlı da iddia tələbini artıra bilməmişdir.

18. Məhkəmə kollegiyasının iclasında Cavabdeh MTK-nın nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, müqavilə azadlığı var. Heç kəs iddiaçını müqavilə bağlamağa vadar etməmişdir. Mənzilin sahəsi müqavilədə və mənzilin plan sxemində göstərilən ölçülərə uyğundur. Bu faktı ekspert də təsdiq etmişdir. İddiaçı da həmin sxemə uyğun ölçüdə mənzil almışdır.

19. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1194/2022 nömrəli iş üzrə 15 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər - Ş.Abbasov (sədrlik edən və məruzəçi), S.Qafari və T.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hər bir halda tərəflər arasında bağlanmış müqavilə onların azad iradə ifadəsidir. Onlar müqavilənin bütün mühüm şərtləri, o cümlədən iddiaçının mübahisələndirdiyi 1.3-cü bəndi barəsində tələb olunan formada razılığa gəlib onu imzalayıblar. Müqavilənin 3.1-ci bəndinə əsasən tikinti işlərini əsas göstəriciləri müqaviləyə əlavə olunubdur. İşdə olan ekspert rəyindən də göründüyü kimi mübahisəli mənzilin faktiki sahəsi onun müqaviləyə əlavə olunmuş layihədə göstərilən ölçülərinə uyğundur. Başqa sözlə, müqavilə bağlanan zaman tərəflərin əsas götürdüyü mənzilin layihəsindən kənarçıxma, uyğunsuzluq müəyyən olunmur. İddiaçı hazır təmirli mənzil almaq niyyətində olmuş, bununla bağlı mənzil tikintisi ilə məşğul olan cavabdehə müraciət etmiş, tərəflər bütün şərtlər barədə razılığa gəldikdən sonra müqavilə imzalamış, cavabdeh müqavilə üzrə nəzərdə tutulmuş mənzili tikib iddiaçıya təhvil vermişdir.

21. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları təkzibedilməz, əsaslı şübhələrdən kənar sübutlarla sübut edə bilməmişdir. Əksinə, cavabdeh tərəfin sübutları iddianın rədd edilməsi üçün yetərli olmuşdur. Buna görə də iddiasını sübut edə bilməyən iddiaçının tələbini təmin etməyən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə qeyd edilənlərə əsasən əsaslı sayıla və təmin oluna bilməz.

22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 390, 404.1, 404.2, 405.1, 425-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 385.2, 385.1 və 385.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

c) kassasiya instansiyası məhkəməsindəki icraat

23. İddiaçı (vəkil X1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-68/2023 nömrəli 24 yanvar 2023-cü il tarixli qərarı ilə (hakimlər Ələsgər Əliyev (məruzəçi), Mehparə Əhmədova və Vüqar Həsənov) kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1194/2022 nömrəli, 15 iyul 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

25. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, qanunverici müqavilənin mühüm şərtləri ilə yanaşı standart şərtləri ilə bağlı da xüsusi qaydalar müəyyən etmişdir. Müqavilənin standart şərtləri əvvəlcədən düşünülməklə hazırlanmış elə şərtlər toplusudur ki, həmin şərtlərə görə onu qəbul edən tərəf icraya olan mənfəətini təmin etməyə məhkum vəziyyətindədir (zəifdir) və standart şərtləri qarşı tərəflə müzakirə edəcək imkana (nə zaman, nə də bilik və məlumatlılıq baxımından) malik deyil. Hətta, qəbul edən tərəf standart şərtləri qarşı tərəflə müzakirə etmək istəsə belə, qarşısındakı şəxsin belə səlahiyyəti və ya hansısa şərti dəyişdirmək hüququ olmur. Bu xüsusiyyətlər qanunda müqavilənin standart şərtlərinə verilən anlayışda da əks olunmuşdur.

26. Belə ki, Mülki Məcəllənin 417-ci maddəsinə əsasən, müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Əgər tərəflər müqavilənin şərtlərini müfəssəl müəyyənləşdirmişlərsə, bunlar müqavilənin standart şərtləri sayılmır. Tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir.

27. Standart şərtli müqavilələrə əsaslanan iddialara baxarkən məhkəmələr iki halı müəyyən etməlidirlər: birincisi standart şərtin müqavilənin tərkib hissəsi halına gəlibgəlmədiyi, müsbət halda standart şərtin etibarlı olub-olmadığı.

28. Mülki Məcəlləyə əsasən, müqavilənin standart şərtləri onu təklif etmiş tərəflə digər tərəf arasında bağlanmış müqavilənin tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə əyani qeyd yazsın və bu şərtlərə istinad etsin, digər tərəf isə həmin şərtlərlə tanış olmaq və razıdırsa, bu şərtləri qəbul etmək imkanına malik olsun. Əgər müqavilənin digər tərəfi sahibkardırsa, müqavilənin standart şərtləri bu şərtlə müqavilənin tərkib hissəsi olur ki, işgüzar münasibətlərdə zəruri olan ehtiyat göstərdiyi halda o bunu nəzərdə tutmalı olsun (418-ci maddə). Müqavilələrin standart şərtlərinin formaca qeyri-adi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (419-cu maddə).

29. Müqavilənin tərkib hissəsinə çevrilmiş standart şərt qanunla müəyyən edilmiş etibarlılıq tələblərinə cavab verməlidir. Bu isə özündə onu ehtiva edir ki, müqavilənin tərkib hissəsinə çevrilmiş standart şərtlər qanunla müəyyən edilmiş etibarlılıq tələblərinə cavab vermədiyi təqdirdə etibarsızdır.

30. Nəzərə alınmalıdır ki, etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun şəxsiyyətə zidd, mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur.

31. Bununla yanaşı Mülki Məcəllənin 420.1 və 420.3-cü maddəsində etibarsız sayılan standart şərtlər sadalanmaqla, 420.2-ci maddəsində həmçinin göstərilmişdir ki, müqavilənin standart şərtləri müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün həmin şərtlər etibarsızdır.

32. Göründüyü kimi müqavilənin standart şərtləri qanunda əqdlər üçün nəzərdə tutulan etibarlılıq şərtlərinə uyğun olduğu halda da, həmin şərtlər etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsız sayıla bilər. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır.

33. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə yeni apellyasiya baxışında tərəflər arasında hazırkı mübahisənin yaranması üçün əsas olan şərtin, yəni müqavilənin 1.3-cü maddəsinin standart şərt olubolmamasını araşdırmalı, starndart şərt olduğu təqdirdə həmin şərtin yuxarıda göstərilən kriterilərə (standart şərtin müqavilənin tərkib hissəsinə çevrilib-çevrilmədiyini, çevrildiyi halda əqdlər üçün nəzərdə tutulan etibarlılıq şərtlərinə cavab verib-vermədiyini, cavab verdiyi halda həmin şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərli olub-olmadığını) cavab verib-vermədiyini müəyyən etməklə müvafiq məhkəmə aktı qəbul etməlidir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

34. Məhkəmə kollegiyasının ilk iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə etmişdir.

35. Məhkəmə kollegiyasının son iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

36. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

37. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.

38. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

39. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.

40. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

41. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

42. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

43. Maddə 417.1. Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir.

44. Maddə 417.2. Əgər tərəflər müqavilənin şərtlərini müfəssəl müəyyənləşdirmişlərsə, bunlar müqavilənin standart şərtləri sayılmır.

45. 417.3. Tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir.

46. Maddə 418.1. Müqavilənin standart şərtləri onu təklif etmiş tərəflə digər tərəf arasında bağlanmış müqavilənin tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə əyani qeyd yazsın və bu şərtlərə istinad etsin, digər tərəf isə həmin şərtlərlə tanış olmaq və razıdırsa, bu şərtləri qəbul etmək imkanına malik olsun.

47. Maddə 418.2. Əgər müqavilənin digər tərəfi sahibkardırsa, müqavilənin standart şərtləri bu şərtlə müqavilənin tərkib hissəsi olur ki, işgüzar münasibətlərdə zəruri olan ehtiyat göstərdiyi halda o bunu nəzərdə tutmalı olsun.

48. Maddə 419.1. Müqavilələrin standart şərtlərinin formaca qeyri-adi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir.

49. Maddə 419.2. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir.

50. Maddə 420.2. Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır.

51. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

52. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

53. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. (...)

54. Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.

55. Maddə 773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

56. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

57. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

58. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

59. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

60. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (...)

61. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər (...) 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

62. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

63. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)

64. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

65. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

66. Maddə 420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

67. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-68/2023 nömrəli 24 yanvar 2023-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1194/2022 nömrəli, 15 iyul 2022-ci il tarixli qətnaməsi tamamilə ləğv edildiyindən, həmin qərarda qeyd olunan mövqeyə uyğun olaraq birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

68. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

69. Belə ki, tərəflər arasında bağlanmış 08 iyul 2016-cı il tariхli payçı müqaviləsinə əsasən cavabdeh mübahisəli 40 №-li mənzili tikib iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüş, iddiaçı isə bu müqaviləyə əsasən pay qismində çıхış edən mənzili qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb оlunan bütün ödənişləri və kоmmunal хərcləri cavadehə ödənilməsini, həmçinin Cavabdeh yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödənişi etməyi öhdəsinə götürmüşdür.

70. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən mənzilin yaşayış sahəsinə, yardımçı balkon sahələri, sxemə uyğun daxili divaraltı sahə, şaxtalar və konstruksiya hissələri (beton) daxildir. Çöl hörgü altı sahələr isə daxil deyil.

71. Göründüyü kimi tərəflər öz aralarında hüquq və vəzifələri müəyyənləşdirən həmin müqavilədə tikilib təhvil verilməli və qəbul edilməli mənzil sahəsinə hansı hissələrin daxil edildiyi, hansı hissələrin daxil edilmədiyini müfəssəl müəyyənləşdirmişlər.

72. Müqavilənin 2.1-ci bəndində isə mənzilin hesablaşma sahəsinin 67,9 kv metr olduğu göstərilmiş və bu sahəyə müvafiq olaraq 2.2-ci bənddə qiymət müəyyən edilmişdir.

73. Mülki Məcəllənin 417.1-ci maddəsinə görə müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir.

74. İddiaçının apellyasiya şikayətinin dəlilinə görə ona təcili mənzil lazım olduğundan belə ağır şərtləri qəbul etmiş, cavabdeh onun çıxılmaz vəziyyətindən istifadə edib onu daha da aldatmışdır. Məhkəmə cavabdeh tərəfindən müqaviləyə daxil edilmiş şərtin əhəmiyyətsiz olmasına qiymət verməmişdir.

75. İşin düzgün həlli üçün əhəmiyyət kəsb edən mənzilin sahəsi ilə bağlı mübahisəli halın aydınlaşdırılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollgiyasının 13 iyun 2023-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

76. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizaı Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/4970 nömrəli rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 5025-ci məhəllədə yerləşən, bina 1A, 1-ci blok, 5-ci mərtəbə, 2 otaqlı 40 №-li mənzilin iş materiallarında olan tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli payçı müqaviləsinin 1.3-cü bəndinə əsasən yaşayış, yardımçı balkon sahələri, sxemə uyğun daxili divaraltı sahələri, şaxtalar və konstruksiya hissələri (beton) daxil (çöl hörgü altı sahələr daxil olmamaqla) olmaqla ümumi sahəsi 67,9 m2 təşkil etdiyi müəyyən olunur.

77. Göründüyü kimi cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verməsi işin araşdırılmış halları ilə müəyyən edilməmişdir.

78. Məhkəmə kollegiyası hesab edir ki, mənzilin sahəsi ilə bağlı göstərilənlər müqavilənin mühüm şərtləri olmuş və tərəflər həmin şərtlər barəsində tələb olunan formada razılığa gələrək yuxarıda adı çəkilən müqaviləni bağlamışlar. Cavabdeh mənzili müqavilə şərtinə uyğun olaraq iddiaçıya təhvil vermiş, iddiaçı isə dəyərini ödəməklə mənzili qəbul etmiş və hazırda da istifadəsindədir.

79. Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

80. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hesablamaların divarların çöl tərəfindən aparılması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun olmamaqla, tərəflər arasında yaranmış müqavilə hüquq münasibətlərinin məzmunundan kənara çıxma və onunla ziddiyyət təşkil etməklə nəticələnə bilər. Tərəflər arasında bağlanmış yuxarıda adı çəkilən müqavilədə hesablaşma sahəsi konkret olaraq nəzərdə tutulmuşdur. Fiziki və hüquqi şəxslər isə mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər, müqavilə bağlamağa məcburetməyə yol verilmir.

81. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının çıxılmaz vəziyyətindən istifadə etməklə cavabdehin müqaviləyə əhəmiyyətsiz şərt salmaqla iddiaçını aldatması, müqavilə bağlamağa məcburetməsi, ona təhvil verilmiş mənzilin sahəsinin müqaviləyə uyğun olmaması məhkəmə iclasında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmadığından, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

82. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, müqavilə bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur.

83. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

84. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.

85. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz.

86. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-29/2022 nömrəli, 08 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

87. Məhkəmə kollegiyası MPM-in yuxarıda qeyd olunan 119.1-ci maddəsinə əsasən həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan - 100 (bir yüz) manat iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

88. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-29/2022 nömrəli, 08 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar