Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3139/2021 24.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi, ilkin İddiaçı, qarşılıqlı iddiaçının nümayəndəsi Vəkil1 iştirakı ilə, İlkin İddiaçı ilkin iddia üzrə Cavabdeh Yaşayış Kompleksinə qarşı öhdəliklərə xitam verilməsi və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmasına dair ilkin, qarşılıqlı iddiaçı Cavabdeh Yaşayış Kompleksinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul tələbi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(012)-961/2021 saylı qətnaməsindən qarşılıqlı iddiaçı Cavabdeh Yaşayış Kompleksi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) İddiaçı Cavabdeh Yaşayış Kompleksinə qarşı öhdəliklərə xitam verilməsi və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair ilkin iddia ərizəsinin təmin edilməməsi, ödənilmiş 20.40 (iyirmi manat qırx qəpik) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, "xxxx" Yaşayış Kompleksinin İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, İddiaçı, aylıq ödəniş üzrə 4760 (dörd min yeddi yüz altmış) manat, cərimə borcu kimi 100 (yüz) manat olmaqla, cəmi 4860 (dörd min səkkiz yüz altmış) manat pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutularaq "Cənnət Park” MTK-ya ödənilməsi qət edilmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh Yaşayış Kompleksi qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İlkin İddiaçı Cavabdeh Yaşayış Kompleksinə qarşı öhdəliklərə xitam verilməsi və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun cavabdehə olan borcunu cavabdehin özünün təyin etdiyi qrafik üzrə ödəmək şərtilə digər öhdəliklərinə xitam verilməsi və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, 24 oktyabr 2016-cı il tarixdə cavabdehlə AB02M42 saylı yaşayış evinin alqısına dair müqavilə bağlamışdır. Müqavilənin şərtlərinə görə Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü km-də cavabdehə məxsus 2-ci binanın 1-ci blokunda 8-ci mərtəbədə 88,60 kv.m ümumi sahəsi olan 42 saylı mənzilin dəyərinin 44212 manatın 20000 manatını dərhal nağd ödəmiş, yerdə qalan 24212 manatı isə 3 il müddətinə aylıq 673 manat olmaqla ödəməliydi, mənzil ona dərhal verildi. O, ödənişlərə başlayandan sonra işdən çıxdığı üçün ödənişlərdə ləngimə oldu və cavabdehə 10000 manat bocu qalanda cavabdeh həmin 10000 manatın üzərinə 2000 manat faiz gəlməklə yenidən 3 il müddətinə 370 manat olmaqla yeni qrafik açdılar. İyun ayında onun cavabdehlərə cəmi 1850 manat borcu qalmışdır. O, ödəməyə başlamış, yenə pandemiya olduğu üçün ləngimələr olmuş, 6575 manat qalanda cavabdeh bildirmişdir ki, borcu ödəmək üçün 4 ay müddətinə vaxt verirlər. Sonra 3 ay keçmiş iyunun əvvəlləri olarda ona zəng edərək, ödəniş etməsi üçün gəlməsini bildirmişlər. O, iyun ayının 8-də 400 manat ödəniş etmişdir. Sonra ödəniş etmək istəmiş, gecikdiyindən yenidən faiz ödəməli olduğunu demişdir. İndi onun cavabdehə 2021-ci ilin iyul ayına kimi 6575 manat borcu qalmış və o bu pulu ödəməyə hazırdır. Cavabdeh isə buna razılaşmır və onun işığını özbaşına kəsmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh Yaşayış Kompleksinin İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı aylıq ödəniş üzrə 4760 manat, cərimə borcu kimi 10548 manat olmaqla, cəmi 15308 (on beş min üç yüz səkkiz) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun alınaraq "Cənnət Park” MTK-ya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK ilə İddiaçı arasında 24 oktyabr 2016-cı il tarixli AB02M42 saylı yaşayış evinin alqı-satqısı haqqında müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh MTK-ya məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü km-də yerləşən bina 1, blok 1,8-cı mərtəbə, ümumi sahəsi 88,60 kv.olan 42 nömrəli mənzilin dəyəri 44212 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunan məbləğdən 20000 manat ilkin ödəniş İddiaçı tərəfindən “Cənnət Park" MTK-ya ödənilmiş, 24212 manat qalıq məbləği isə 36 ay olmaqla hər ay 673 manat ödənilməsi razılaşdırılmışdır. Bundan sonra İddiaçı maddi imkanı olmadığına görə müqavilə üzrə öhdəlikərini yerinə yetirə bilmədiyini bildirərək, yeni müqavilə bağlanmasını xahiş etdi. İddiaçı xahişi nəzərə alınaraq onunla "Cənnət Park” MTK arasında 25 iyul 2018-ci il tarixli müqavilə imzalanmışdır. Sonuncu müqavilə üzrə mənzilin qiyməti 46072 manat razılaşdırılmışdır. İddiaçı həmin vaxta qədər mənzilə görə Cavabdeh MTK-ya ödədiyi 32787 manat ilkin ödəniş kimi hesablanmış, 13285 manat qalıq məbləği 36 ay olmaqla hər ay 370 manat, sonuncu ay isə 335 manat ödənilməsi razılaşdırılmışdır. Lakin sonuncu müqavilə üzrə də öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, o, 2020-ci il üçün yanvar və fevral aylarında 50 manat istisna olmaqla heç bir ödəniş etməmişdir. Bununla da İddiaçı 2021-ci ilin fevral ayına 4760 manat borcu qalmışdır. Bundan başqa, 25 iyul 2018-ci ıl tarixli müqavilənin 4.4-cü bəndinə əsasən sonrakı ödəmələr "xxxx", yəni İddiaçı tərəfindən ödəniləcək gündən 10 (on) gün gecikdirilərsə, "Payçı” MTK-ya son pul ödəniləcək gündən sonrakı hər gecikdirilən gün üçün, tərəflər arasında bağlanılan müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə əsasən gecikdirilən məbləğin 1%-i qədər cərimə ödəyir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Qarşılıqlı iddiaçı Cavabdeh X1 Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qarşılıqlı iddianın təmin olunmayan hissəsində ləğv edilməsini, qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi hissəsində əsassız və qeyri-qanunidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən qarşılıqlı iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən ilkin İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinin təmin edilməməsi barədə gəldiyi nəticəni ilkin iddia tələbinin əsassız, qarşılıqlı iddia tələbinin isə qismən əsaslı olması ilə əsaslandırmışdır. Qarşılıqlı iddiaçı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qarşılıqlı iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirərək, qətnamənin həmin hissədə ləğv edilərək iddia tələbinin tam təmin edilməsini xahiş edir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin 09.12.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə qarşılıqlı iddiaçının mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, tərəflər arasında mənzil alqı-satqısı barədə 25.06.2018-ci il tarixdə müqavilə bağlanmış, həmin müqavilə şərtlərinə əsasən tərəflərin razılığı ilə əmlakın dəyəri (qiyməti) 46072 manat müəyyən edilmiş, göstərilən məbləğin 32787 manat məbləğdə hissəsini nəğd şəkildə ilkin ödəniş olaraq, qalan 13285 məbləği isə hissə-hissə olmaqla 36 ay müddətində ödəməsi barədə razılıq əldə edilmiş, tərəflər bir-birləri qarşısında öhdəliklər götürmüşdür. Məhkəmə kollegiyası cərimə (dəbbə) məbləğinin tam tutulması barədə apellyasiya şikayətinin dəlillərinə gəldikdə qeyd edir ki, Mülki Məcəllənin 462.1. maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icraının gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. Qeyd etmək lazımdır ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu (cərimə) gəlir vasitəsi kimi çıxış edə bilməz. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsuludur. Öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən də onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Məhkəmə kollegiyası götürülmüş kreditin və cərimənin miqdarını müqayisə edib, əsas borc 4760 manat məbləğində pulu ilkin iddiaçının ödəyə bilmədiyi halda, ondan 10548 manat cərimənin tutulması alqı-satqı müqaviləsi üzrə öhdəliyi icra edə bilməyən ilkin iddiaçı tərəfin maddi vəziyyətinə ağırlaşdırmasını, əsas borcu əldə edə bilməyən məhkəmə qaydasında hüquqları bərpa edilən qarşılıqlı iddiaçının hüquqlarının gələcəkdə xəyali deyil, real bərpasının təmin edilməsini, eləcə də iddiaçının həm əmlak və həm də bütün əsaslı mənafeləri üçün cavabdehin yaranmış borc öhdəliyinin icrasının təmin edilməsi mümkünlüyünü nəzərə alaraq hesab edir ki, hesablanan cərimənin məbləğinin azaldılaraq, qarşılıqlı iddiaçının tələb etdiyi məbləğdə deyil, 100 manat məbləğində müəyyən edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3139/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3139/2021
24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver