Məhkəmə qərarları › İş №2(105)-1566/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1566/2023

21.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1566/2023 21.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçının nümayəndəsi X5 və Cavabdeh iştirakları ilə, İddiaçı “X4” X7 Cavabdeh qarşı “cavabdehin istifadəsinə verilmiş iribuynuzlu heyvanların naturada iddiaçıya qaytarılması, həmçinin məhkəmə xərcinin tutulması” tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, e-2(029)- 326/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı “X4” X9 Cavabdeh qarşı “cavabdehin istifadəsinə verilmiş iribuynuzlu heyvanların naturada iddiaçıya qaytarılması, həmçinin məhkəmə xərcinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə iddiaçı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 2021-ci il 12 avqust tarixli 76 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh (FİN: xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 3 baş inəklərin natura şəklində Agentliyə qaytarılması və məhkəmə xərclərinin cavabdehdən tutularaq Agentliyə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh (FİN: xxxxxxx) ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 9 saylı Ərazi Məşğulluq filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 2021-ci il 12 avqust tarixli 76 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “Maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 6586, 8960 və 9437 birka nömrəli 3 (üç) baş inək və qarışıq yem natura şəklində verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış 2021-ci il 12 avqust tarixli 76 nömrəli aktla vətəndaş Cavabdeh “Maldarlıq təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı MMQF əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və 2022-ci il tarixli 25 aprel tarixli aralıq və 2022-ci il 10 noyabr tarixli yekun monitorinqi aktına əsasən Cavabdeh verilmiş “Maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlərdən, yəni 6586 8960 9437 birka nömrəli 3 (üç) baş inək və qarışıq yem aşkar edilməmişdir. Cavabdeh ünvanlanmış 2022-ci il 23 dekabr tarixli **********74 nömrəli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Qusar Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, e-2(029)-326/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək “X4” publik hüquqi şəxslə Cavabdeh arasında bağlanmış 12 avqust 2021-ci il tarixli 76 nömrəli “Özünüməşğulluğa kömək göstərilməsinə dair” müqaviləyə əsasən istifadəyə verilən inəklərlə eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 3 baş inəyin Cavabdeh natura şəklində alınaraq iddiaçı “X4” publik hüquqi şəxsə verilməsi, Cavabdeh 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Anar Qasımov). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Qusar Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, e-2(029)-326/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, səhhəti ilə əlaqədar problemlər olduğundan, sözü gedən ərəfədə Qusar rayonunda olmamış və ona verilən inəkləri saxlaması üçün qonşusuna vermişdir. O, öz növbəsində ona verilən inəklərə baxılması üçün onları qonşusuna təhvil versə də, bununla bağlı iddiaçının məlumatlandırmalı olduğunu bilməmişdir. Göründüyü kimi o hər hansı bir öhdəliyin icrasından yayınmamış, sadəcə ona verilən inəkləri səhhəti ilə bağlı olaraq Bakıya gəlmək məcburiyyətində qaldığından saxlaması üçün qonşusuna vermişdir. Əgər o, məhkəmə prosesində iştirak etmiş olsaydı, iddiaçının iddia tələbinin əsassız olmasını, səhhəti ilə bağlı ona verilən əmlakdan istifadə edə bilməməyini məhkəmənin diqqətinə çatdırmış olardı. Məhkəmə isə yalnızca şifahi mülahizələrə əsaslanaraq əsassız iddia tələbinin təmin edilməsinə yönələn yekun akt çıxarmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 12 avqust 2021-ci il tarixli, 76 nömrəli “Özünüməşğulluğa kömək göstərilməsinə dair” müqavilənin və eyni tarixli özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair aktın surətlərindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 9 saylı Ərazi Məşğulluq Mərkəzi filialı özünüməşğulluğa cəlb olunmuş Cavabdeh istifadə etməsi üçün 3 baş inək vermişdir. İşdə olan 17 avqust 2021-ci il tarixli özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair aktın surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 9 saylı Ərazi Məşğulluq Mərkəzi filialı özünüməşğulluğa cəlb olunmuş Cavabdeh istifadə etməsi üçün 400 kq. qarışıq yem verilmişdir. İşdə olan 25 fevral 2022-ci il tarixli özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin aralıq monitorinq aktının, 10 noyabr 2022-ci il tarixli özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin yekun monitorinq aktının surətlərindən görünür ki, Qusar rayonu Yuxarı Ləgər kəndində özünüməşğulluğa cəlb olunmuş Cavabdeh fəaliyyətinin monitorinqi aparılmış, bu zaman onun istifadəsinə verilmiş 3 baş inək aşkar edilməmişdir. İşdə olan 23 dekabr 2022-ci il tarixli, **********4 saylı xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh, Agentlik tərəfindən verilmiş əmlakı bu məktub ona təqdim olunduğu tarixdən 30 gün ərzində Agentliyə geri qaytarması, bu mümkün olmadıqda isə həmin əmlakın dəyərini məktubu aldığı tarixə olan orta bazar qiymətinə uyğun olaraq hesablanmaqla Agentliyin xəzinə hesabına pul vəsaiti şəklində köçürməsi barədə xəbərdarlıq edilmişdir. İşin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş hallarından görünür ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 9 saylı Ərazi Məşğulluq filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 2021-ci il 12 avqust tarixli 76 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “Maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 6586, 8960 və 9437 birka nömrəli 3 (üç) baş inək və qarışıq yem natura şəklində verilmişdir. Tərəflər arasında əmlakların təhvil verilməsinə dair imzalanmış 2021-ci il 12 avqust tarixli 76 nömrəli akta əsasən vətəndaş Cavabdeh “Maldarlıq təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olubolmamasının yoxlanılması ilə bağlı X2 və Qiymətləndirmə Filialının əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və 2022-ci il tarixli 25 aprel tarixli aralıq və 2022-ci il 10 noyabr tarixli yekun monitorinqi aktına əsasən Cavabdeh verilmiş “Maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlərdən, yəni 6586 8960 9437 birka nömrəli 3 (üç) baş inək və qarışıq yem aşkar edilməmişdir. Bu səbəbdən Cavabdeh 2022-ci il 23 dekabr tarixli **********74 nömrəli xəbərdarlıq məktubu ünvanlanmış və məktubda monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək Cavabdeh istifadəyə verilən inəklərlə eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 3 baş inəyin natura şəklində alınaraq iddiaçı “X4” X8 verilməsini qət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bildirir ki, işin araşdırılmış hallarından da göründüyü kimi, özünüməşğulluq proqramı çərçivəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 9 saylı Ərazi Məşğulluq filialı ilə Cavabdeh arasında bağlanan “özünüməşğulluğa kömək göstərilməsinə” dair 12 avqust 2021-ci il tarixli 76 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “Maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 6586, 8960 və 9437 birka nömrəli 3 (üç) baş inək və qarışıq yem natura şəklində verilmiş, qeyd edilən əmlakların təhvil verilməsinə dair tərəflər arasında 17 avqust 2021-ci il tarixli cavabdehin “Maldarlıq təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etməsi barədə təhvil-təslim aktı imzalanmış, lakin bir müddət sonra X2 və Qiymətləndirmə Filialının əməkdaşları tərəfindən keçirilmiş monitorinqlər nəticəsində cavabdehə verilmiş “Maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 6586, 8960 və 9437 birka nömrəli 3 (üç) baş inək aşkar edilməmiş və bu barədə 2022-ci il tarixli 25 aprel tarixli aralıq və 2022-ci il 10 noyabr tarixli yekun monitorinqi aktı tərtib edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinin İ, İİ, İİİ, İV və V hissələrinə əsasən işsiz, habelə bu Qanunun 4.1.3cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin özünüməşğulluğunun təşkili müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir və özünüməşğulluğun təşkili ilə bağlı məsləhətlərin və məlumatların verilməsi, əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə kömək edilməsi, özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasında yardım edilməsi, o cümlədən təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi, seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlakın (bundan sonra - əmlak) 1 (bir) il müddətinə müqavilə əsasında verilməsi, eləcə də özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Qanunun 24.1.4-cü maddəsində göstərilən müddət ərzində monitorinqi mərhələlərindən ibarətdir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin müqavilə müddəti ərzində monitorinqini (o cümlədən elektron monitorinqini) aparır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Özünüməşğulluğa cəlb olunmuş şəxs müqavilə müddətində fəaliyyəti ilə bağlı, o cümlədən ona verilmiş əmlaka dair məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə daxil etməlidir. Özünüməşğulluğa cəlb olunmuş şəxs ona bu Qanunun 24.1.4-cü maddəsinə uyğun olaraq müqavilə əsasında verilmiş əmlakdan 1 (bir) il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə, həmin əmlakı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarır. Özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödəməlidir. Özünüməşğulluğa cəlb olunmuş şəxs bu Qanunun 24.3-cü və 24.4-cü maddələrinə uyğun olaraq ona verilmiş əmlakın dəyərini qaytarmaqdan və ya həmin əmlaka vurulmuş ziyanın əvəzini ödəməkdən imtina etdikdə tərəflər arasında yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2020-ci il tarixli, 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özünüməşğulluğun təşkili Qaydası”nın 8-ci bəndinin İ, İİ, İİİ və İV yarımbəndlərinə əsasən agentliyin müvafiq yerli qurumları və ya Mərkəz tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Özünüməşğulluğa cəlb olunmuş şəxs müqavilə müddətində fəaliyyəti ilə bağlı, o cümlədən ona verilmiş əmlaka dair məlumatları MAS-a daxil etməlidir. Özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi ildə ən azı iki dəfə foto və ya videoçəkilişdən istifadə etməklə aparılır. Monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. Monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan 1 (bir) il müddətində üzrlü səbəb olmadan istifadə etmədiyi aşkar edildikdə, özünüməşğulluğa cəlb olunmuş şəxs həmin əmlakı Agentliyə qaytarmalı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 14-cü maddəsinin İİ hissəsinin İ bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. - 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. - 386-cı maddəsinin İ və İİ hissələrinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443-cü maddəsinin İ və İİ hissələrinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 21-ci maddəsinin İ və İİ hissələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 448-ci maddəsinin İ və İİ hissələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. - 450.1-ci maddəsinə əsasən öhdəliyin lazımınca icra edilmədiyi halda dəbbə pulunun və zərərin əvəzinin ödənilməsi borclunu, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin naturada icrasından azad etmir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəilləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanan “özünüməşğulluğa kömək göstərilməsinə” dair 12 avqust 2021-ci il tarixli, 76 nömrəli müqavilənin 3.2.1-ci bəndində göstərilən özünüməşğulluğa cəlb olunmuş şəxs əmlakdan biznes-planda göstərilən məqsədlə, təyinatına uyğun istifadə etmək, eləcə də həmin müqavilənin 3.2.3-cü bəndinə əsasən əmlakı üçüncü şəxslərin istifadəsinə və sərəncamına verməmək vəzifəsini daşısa da, özünüməşğulluğa cəlb olunmuş şəxs Cavabdeh “Maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivləri, yəni 6586, 8960 və 9437 birka nömrəli 3 (üç) baş inəyi təyinatına uyğun istifadə etməyərək səhhətində yaranmış problemlə əlaqədar həmin aktivləri qonşusuna verdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında isə cavabdeh qonşuya verdiyi həmin heyvanları sonradan ondan geri ala bilmədiyini, həmin heyvanların harada saxlanmasından məlumatı olmadığını bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin bu dəlilləri onun “özünüməşğulluğa kömək göstərilməsinə” dair 12 avqust 2021-ci il tarixli, 76 nömrəli müqavilənin icrasından, o cümlədən onun üzərinə düşən vəzifələrin yerinə yetirilməsindən azad etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Bununla əlaqədar məhkəmə kollegiyası iddia tələbində qaytarılması tələb olunan müqavilə əsasında verilmiş iribuynuzlu heyvanların artıq mövcud olmadığından qətnamənin nəticə hissəsində onların dəyərinin göstərilməməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 438-ci maddəsinə əsasən əgər müqavilənin predmeti əvəz edilə bilən əşyadırsa (növlü əşya), borclu öhdəliyi həmişə icra etməyə borcludur. Buna görə məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə müqavilənin predmetini 3 (üç) baş inək təşkil etdiyindən, onlar fərdi əlamətləri ilə müəyyən edilən əşyalara deyil, əvəz edilən əşyalara, yəni cinsi əlamətləri ilə müəyyən edilən əşyalara aiddir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apellyasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, e-2(029)-326/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar