Məhkəmə qərarları › İş №2(105)-283/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-283/2025

19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-283/2025 19.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 cavabdeh X11 qarşı əmlak və sair tələbinə dair mülki iş üzrə (Açar sözlər: zərərin əvəzinin naturada ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X13 (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 nümayəndəsi X4, cavabdeh X8 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-2653/2024 nömrəli qətnaməsindən cavabdeh X14 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Cavabdeh X14 ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat Filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 30 avqust 2022-ci il tarixli, 2022/ÖM/09057 nömrəli müqavilədən müəyyən olunur ki, özünüməşğulluğun təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlakın Özünüməşğulluğa cəlb olunmuş şəxsə verilməsi təşkil etmiş, Filial tərəflər arasındakı təhvil-təslim aktında göstərilən Əmlakı bu Müqavilə ilə müəyyən edilmiş qaydada Özünüməşğulluğa cəlb olunmuş şəxsə verməyi, həmin şəxs isə 1 il müddətində sözügedən Əmlakdan özünəməşğulluğun təşkili üçün biznes-planda nəzərdə tutulan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüş və Filial Özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu müqavilə müddəti ərzində monitorinqini aparır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, Əmlak təhvil-təslim aktı əsasında Özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir.

2. 30 avqust 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat filialı tərəfindən 3 baş inək, 400 kq paketlənmiş qarışıq yem və 65 ədəd ot və yonca qarışığı yem cavabdehə təhvil verilmişdir.

3. 13 fevral 2024-cü il tarixli özünə məşğulluğa cəlb edilmiş şəxsin fəaliyyətinin yekun monitorinqi barədə aktdan görünür ki, X11 verilmiş “İribuynuzlu maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlərdən 3 (üç) baş inək və 800 kq yem aşkar edilməmişdir.

4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat filialı tərəfindən X11 ünvanlanmış 10 may 2024-cü il tarixli 3-17-2/2-C-28628/2024 saylı xəbərdarlıq məktubundan müəyyən olunur ki, monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması cavabdehə təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X7 məhkəmədə iddia qaldıraraq, cavabdeh X14 ilə bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 30 avqust 2022-ci il tarixli 2022/ÖM/09057 saylı müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən cavabdeh X14 tərəfindən eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 3 (üç) baş inək, 400 kq qarışıq yem və 65 ədəd yemin (ot və yonca qarışığı) natura şəklində Agentliyə qaytarılması və məhkəmə xərclərinin cavabdehdən tutularaq Agentliyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X7 iddia ərizəsini onunla əsaslandırmışdır ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaş X14 ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 (bundan sonra - Agentlik) Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 30 avqust 2022-ci il tarixli 2022/ÖM/09057 saylı müqaviləyə əsasən Agentlik tərəfindən X11 “İribuynuzlu maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 3 (üç) baş inək, 400 kq qarışıq yem və 65 ədəd yem (ot və yonca qarışığı) natura şəklində verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış 30 avqust 2022-ci il tarixli aktla vətəndaş X8 “İribuynuzlu maldarlıq təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı Mərkəzi Monitorinq və Qiymətləndirmə filialının əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və 2024-cü il 13 fevral tarixli yekun monitorinqi aktına əsasən X11 verilmiş “İribuynuzlu maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlərdən 3 (üç) baş inək aşkar edilməmişdir. X11 ünvanlanmış 10 may 2024-cü il tarixli 3-17-2/2-C-28628/2024 saylı xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar X14 tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Hesab edirlər ki, yuxarıda qeyd edilən işin faktiki hallarına görə iddia ərizəsi təmin edilməli, cavabdeh X14 tərəfindən eyni növlü və keyfiyyətli 3 yaşa qədər 3 (üç) baş inəyin, 400 kq qarışıq yem və 65 ədəd yemin (ot və yonca qarışığı) natura şəklində Agentliyə qaytarılması ilə bağlı qətnamə qəbul edilməlidir. İddia ərizəsi aşağıdakılarla əsaslandırılır. Agentlik Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq olunmuş Nizamnaməsi əsasında fəaliyyət göstərən və aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Agentlik tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərindən biri olan işsiz şəxsin özünüməşğulluğunun təşkili “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.15-ci maddəsinə əsasən, şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsi fəaliyyətidir. Agentlik şəxslərin dövlət dəstəyi ilə özünü işlə təmin etməsi, habelə əhalinin məhz bu istiqamətdə məşğulluq imkanlarının genişləndirilərək yenidən əmək bazarına qayıtması sahəsində dövlət siyasətini həyata keçirməkdədir. Belə ki, Agentlik tərəfindən əmək bazarının təhlili əsasında iqtisadiyyatın müvafiq sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsi ilə bağlı şəxslərə müvafiq köməklik göstərilir, daha sonrakı mərhələdə biznes-planın hazırlanmasında yardım edilir, o cümlədən təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi, habelə bütün bu prosedurlardan sonra şəxslərin seçmiş olduqları özünüməşğulluq istiqaməti üzrə natura şəklində material, avadanlıq və digər əmlak əldə etməsi təmin edilir. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunun 24.1.4-cü maddəsinə əsasən, seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlak 1 (bir) il müddətinə müqavilə əsasında verilir. Həmin Qanunun 24.1.5-ci maddəsinə əsasən, Agentlik özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Qanunun 24.1.4-cü maddəsində göstərilən müddət ərzində (1 (bir) il) monitorinqini aparır. Qeyd edilməlidir ki, həm “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunun 24.1.4-cü maddəsinin tələbi, həm də Agentliklə şəxslər arasında yuxarıda qeyd edilən münasibətlərin təbiətindən irəli gələrək şəxslərə verilən aktivlər onların birbaşa mülkiyyətinə keçmir. Belə ki, özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilən şəxslərə bu aktivlər 1 (bir) il müddətinə təyinatı üzrə istifadəsi məqsədilə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2020-ci il tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünü məşğulluğunun təşkili Qaydası”nın8.1-ci bəndinə əsasən, Agentliyin müvafiq yerli qurumları tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Yuxarıda qeyd edilən normanın məzmunundan da aydın olur ki, şəxslərə özünüməşğulluq proqramı çərçivəsində verilən aktivlər ilk öncə onların mülkiyyətinə yox, sadəcə istifadəsinə verilməkdədir. Monitorinqlərin aparıldığı dövr ərzində şəxslər onlara verilən aktivlərdən istifadə edərək öz məşğulluqlarını təmin etməli, habelə aktivlərdən istifadənin onun verilmə anında nəzərdə tutulan təyinatından kənara çıxmamasını təmin etməlidirlər. Özünüməşğulluğa cəlb olunmuş şəxslərin fəaliyyətinin yekun monitorinqi zamanı tərtib edilən akta əsasən onların aktivlərdən biznesplana uyğun istifadəsi müəyyən edildikdə və qanunvericilikdə nəzərdə tutulan 1 (bir) il müddət tamamlandıqdan sonra Agentlik tərəfindən özünüməşğulluq proqramı çərçivəsində verilən əmlakın mülkiyyət hüququ proqrama cəlb edilmiş şəxslərə keçir. Qeyd edilən müddət çərçivəsində şəxslərə verilən aktivlərin özgəninkiləşdirilməsi, habelə əvəzli və ya əvəzsiz qaydada üçüncü şəxslərin istifadəsinə verilməsinə tərəflər arasındakı münasibətlərin xarakterinə, nə də mülki qanunvericilikdə nəzərdə tutulan mülkiyyət hüququna dair tələblərə uyğundur. Qeyd edilməlidir ki, özünüməşğulluq proqramı çərçivəsində şəxslərin istifadəsinə verilən əmlaka həmin şəxslərin mülkiyyət hüququnun yaranması üçün qanunvericilikdə nəzərdə tutulan müddət və şərtlər həm “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunda, həm də Nazirlər Kabinetinin 13 may 2020-ci il tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nda, habelə tərəflər arasında bağlanmış “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 2020-ci il 17 dekabr tarixli 239 nömrəli müqavilədə dəqiq təsbit edilmişdir. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunun 24.4-cü maddəsinə əsasən, özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın 8.3-cü yarımbəndinə əsasən, monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. İşin faktiki halları üzrə yaranan mübahisənin məhkəmədənkənar həlli məqsədi ilə Agentlik tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilərək ya aktivlərin geri qaytarılması və ya dəymiş zərərin əvəzinin ödənilməsi təklif olunsa belə, cavabdeh bu müraciətə münasibət bildirməmiş və nəticə etibarilə tərəflər arasında olan mübahisənin həlli məqsədilə iddiaçı tərəfindən məhkəməyə müraciət edilmişdir.

7. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 nümayəndəsi X12 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, özünü məşğulluq proqramı çərçivəsində vətəndaş X14 ilə Azərbaycan Respulikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi mühasibatlıq və təyinat filialı arasında “özünüməşğulluğa kömək göstərilməsinə dair” xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən agentlik tərəfindən iribuynuzlu maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 3 baş inək, 400 kq qarışıq yem və 65 ədəd yem natura şəklində təhvil-təslim aktına əsasən Mansur Calalova təhvil verilmişdir. Vətəndaşın elektron kabineti açılır. Hər bir məlumatla şəxsi kabinet vasitəsilə müraciət edə bilərlər. Vətəndaşa seçib normal heyvan götürmələri izah edilir. Heyvanları onlar vermirlər. Nazirliklə Podratçı şirkət arasında müqavilə bağlanılır. Onlar müqavilə üzrə əmlakın cavabdehə verilməsi öhdəliyinə əməl etmişlər. Cavabdeh də 1 il ərzində ona təhvil verilmiş əmlakı kiməsə verə bilməzdi, sata bilməzdi. Heyvanlarda xəstəlik olsaydı, tələf olsaydı 30 gün ərzində vətəndaş mərkəzə məlumat verməli idi. Əgər mallarda hər hansı bir xəstəlik olarsa agentliyə müraciət etməlidir. Həmin vaxt şəkillər varsa qəbul edirlər. İldə 2 dəfə əməkdaşlar tərəfindən gəlib baxış keçirilir. Əgər vətəndaş müraciət edərsə gedib baxırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il tarixli 13 may 168 nömrəli qərarı ilə təsdiq olunmuş işsiz şəxslərin özünü məşğulluğun təşkili qaydasının tələblərinə əsasən özünü məşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı Mərkəzi monitorinq və Qiymətləndirmə filalının əməkdaşları tərəfindən monitorinqlər keçrilimişdir. Monitoriqlər Mərkəzi monitorinq və Qiymətləndirmə filialı tərəfindən həyata keçirilir. Filialın əməkdaşları yoxlama aparan zaman əgər verilən malqara satılmayıbsa bu zaman vətəndaşın mülkiyyətinə keçir. xx.xx.2024-cü il tarixli yekun monitorinq aktına əsasən X11 verilmiş iribuynuzlu maldarlıq təsərrüfatı zərfinə daxil olan 3 baş inək aşkar edilməmişdir. X8 agentlik tərəfindən verilən 3 baş inəyi mülkiyyətinə keçmədən, yəni 1 il müddət keçmədən satdığı müəyyən edilmişdir. Hesab edirlər ki, cavabdeh inəklər ona təqdim ediləndən sonar satılmışdır. X11 ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini və cavabdeh X15 tərəfindən eyni növlü və keyfiyyətli 3 yaşa qədər 3 baş inəyin, 400 kq qarışıq yem və 65 ədəd yemin natura şəklində agentliyə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasında cavabdeh X14 iddianı qəbul tməyərək, izahatında göstərmişdir ki, Agentlik tərəfindən 30 avqust 2022-ci il tarixində ona 3 baş yaşlı inək verilmişdir. Ona inəklərin sağlam olduqları ilə bağlı müqavilə imzalatmışlar. Ona veriləndən əlavə özü 300 ədəd ot bağlaması almışdır. Heyvanların qısır olması, qoca olması ilə bağlı şifahi şəkildə agentliyə müraciət etmişdir. 3 ay keçdikdən sonra inək xəstələnmiş, o, da bu barədə baytaralıqdan arayış almışdır. Agentliyə məktub göndərmiş, lakin cavabı gəlməmişdir. Heyvanları 1 il 3 ay saxlamışdır. İnəyin xəstə olduğunu görüb baytar həkim gətirmiş və baytarlıqdan arayış vermişdir. 1 il yarım müddət keçsə də, gəlməmişlər. İnəklərdən biri ölmüş, ikisi də ölümcül xəstəliyə tutulmuşdur. 1 il 6 ay ərzində gedib yoxlamamışlar. O, agentliyə müraciət etmiş, lakin baxmamışlar. Xəstə olan 2 inəyi kolbasa hazırlanması üçün satmışdır.

9. Məhkəmə iclasında cavabdehin təqdim etdiyi şahid qismində ifadə vermiş X9 ifadəsində göstərmişdir ki, cavabdeh qonşusudur. Cavabdehə Məşğulluq İdarəsindən 3 baş inək vermişlər. Heyvanlar 2022-ci ilin avqust ayında verilmişdir. Mallar xəstə idi. 3-4 ay keçdikdən sonra 1 inək ölmüşdür. O, uzun müddət ferma müdiri işləmişdir və cavabdehə Məşğulluq Agentliyinə müraciət etməsini demişdir. Cavabdehin dediyinə görə 3 gün gedibgəlmişdir.

10. Məhkəmə iclasında cavabdehin təqdim etdiyi şahid qismində ifadə vermiş X16 ifadəsində göstərmişdir ki, cavabdeh qonşusudur. Cavabdehə mallar gətiriləndə heyvanların üçü də xəstə idi. Buna görə baytar çağırmışlar və baytar həkim baxıb müalicə etsə də, heyvanlardan biri bir müddət sonra ölmüşdür. Qalan 2 baş inəyi də cavabdeh satmışdır. Cavabdeh 2 baş inəyi qış aylarında, 1 il 2 ay olar ki, satmışdır.

11. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-2653/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh X14 ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 (bundan sonra - Agentlik) Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 30 avqust 2022-ci il tarixli 2022/ÖM/09057 saylı müqaviləyə əsasən istifadəyə verilən eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 3 (üç) baş inək, 400 kq qarışıq yem və 65 ədəd yemin (ot və yonca qarışığı) natura şəklində cavabdeh X5 alınaraq Agentliyə qaytarılması qət edilmişdir (hakim Nərmin Abiyeva).

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 459.1, 459.5, 1115.1, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilətəsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nın 8.1, 8.3-cü bəndlərinə, “Məşğulluq haqqında” Qanunun 24.4-cü maddəsinə, Azərbaycan Respubliksaı Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh X14 apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-2653/2024 nömrəli qətnaməsini ləğv edərək iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Agentlik tərəfindən ona verilmiş heyvanların və yemin təhvil verilməsindən sonrakı dövr ərzində, yəni 13 fevral 2024-cü ilə qədər Agentlik tərəfindən monitorinq keçirildiyi dövrə qədər müqavilə şərtlərində göstərildiyi kimi 1 il ərzində monitorinq aparılmamasının səbəblərini aydınlaşdırmamış, iddia ərizəsini olduğu kimi qətnaməyə köçürmüşdür. Müqavilə şərtlərinə uyğun olaraq Agentlik tərəfindən verilmiş 3 baş inəyin və yemin 1 il ərzində tərəfindən saxlanılmaması barədə iddiaçının dəlillərinin sübut edilməməsinə məhkəmə əhəmiyyət verməmişdir. Halbuki heyvanlar və yem ona təhvil verildikdən sonra 1 il 3 ay ərzində heyvanlar salamat olmuş, sonradan heyvanlardan biri xəstələnərək tələf olmuş, digər iki heyvan isə xəstələndiyinə görə saxlanılmasının mümkünsüzlüyü səbəbindən kolbasa sexinə təhvil verilmişdir. Qətnamənmin özündən də görünür ki, qətnamə işin hallarına uyğun gəlmir. Belə ki, müqavilə şərtlərini o deyil, Agentlik özü pozsa da məhkəmə bu hala əhəmiyyət verməmiş, məsuliyyəti əsassız olaraq onun üzərinə qoymuşdur. Halbuki o müqavilə şərtlərinə 1 il 3 ay ərzində tam əməl etmişdir. Onun haqlı olmağı Xaçmaz Baytarlıq İdarəsinin xx.xx.2022-ci il tarixli, 41 nömrəli arayışı və şahidləri X3 və X10 məhkəmədə verdikləri ifadələri ilə tam təsdiq olunur. Ona məlum olmayan səbəbdən məhkəmə bu hallara əhəmiyyət verməmişdir.

15. Qətnamədən də görünür ki, iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, Agentlik tərəfindən 30 avqust 2022-ci il tarixdə ona 3 baş yaşlı inək verilmişdir. İnəklərin sağlam olduqları ilə bağlı müqavilə imzalatmışlar, lakin heyvanların sağlamlığı barədə hər hansı sənəd təqdim etməmişlər. Heyvanlar verildikdən sonra onların saxlanılması ilə əlaqədar əlavə olaraq 300 ədəd ot bağlaması almışdır. Heyvanların qısır və qoca olması ilə bağlı Agentliyin rayon şöbəsinə məlumat vermişdir. 3 ay keçdikdən sonra isə məlum olmuşdur ki, inəklərdən biri xəstələnmiş və xəstəliyi ilə bağlı baytarlıq idarəsindən arayış alaraq Agentliyə göndərmişdir. Ona heç bir cavab verilməsə də, 1 il 3 ay heyvanları saxlamışdır. İnəyin xəstə olması ilə əlaqədar yenidən baytarlığa müraciət edib həkim gətirmiş və baytarlıqdan müvafiq arayış da almışdır. İnəklərdən biri xəstəlikdən ölmüş digər ikisi də xəstəliyə tutulmuşlar. 1 il 6 ay ərzində Agentlikdən heç bir yoxlama gəlməmiş, məcbur olaraq qalan iki baş heyvanı kolbasa sexinə vermişdir. Göstəridklərini təsdiq etmək üçün məhkəməyə təqdim etdiyi şahidləri X9 və X16 göstərdiklərini təsdiq etsələr də, məhkəmə qətnamədə göstərir ki, məhkəmə şahidlərin ifadəsinə tənqidi yanaşır. Qətnamədə göstərilir: “İşin faktiki hallarından da müəyyən olunur ki, Agentliyin yerli qurumu tərəfindən cavabdehə aktiv kimi təhvil verilmiş 3 baş inək monitorinq zamanı aşkar edilməmiş və həmin aktivlərin natura şəklində geri qaytarılması təmin edilməmişdir. Cavabdeh ona təhvil verilmiş 3 baş inəkdən 1 baş inəyin xəstəlik səbəbindən tələf olması, 2 baş inəyi isə qısır olmaları səbəbindən satmasını bildirərək, bununla bağlı iddiaya qarşı etirazının dəlilləri kimi Xaçmaz rayon Baytarlıq idarəsinin xx.xx.2022-ci il tarixli arayışını və şahidlərini məhkəməyə təqdim etmişdir. Lakin heyvanların qısır olmaları barədə qeyd olunan arayışın əsli məhkəməyə təqdim olunmadığından, məhkəmə həmin sənədi mötəbər sübut kimi qəbul etmir. Bundan başqa cavabdehin məhkəməyə təqdim etdiyi şahidlərin ifadələri ilə cavabdehə təhvil verilmiş 1 baş inəyin məhz iddiaçı tərəfin təqsiri səbəbindən tələb olması müəyyən olunmur, ona görə bu hissədə məhkəmə şahidlərin ifadələrinə tənqidi yanaşır. Eyni zamanda cavabdehin özünün və şahidlərin ifadələri ilə cavabdehin ona təhvil verilmiş 2 baş inəyi satması öz təsdiqini tapır. Cavabdeh 1 baş inəyin tələf olması barədə isə heç bir mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir”.

16. İddia ərizəsində və qətnamədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli, 168 nömrəli qərarı ilə təsdiq olunmuş “ İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”na istinad edilmişdir. Lakin məhkəmə qeyd olunan qaydaların 8.1-ci maddəsinə və aramızda bağlanmış Özünüməşğulluğa kömək göstərilməsinə dair 30 avqust 2022-ci il tarixli, 2022/ÖM/09057 saylı müqavilənin şərtərinə diqqət yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli, 168 nömrəli qərarı ilə təsdiq olunmuş “ İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın 8.1-ci bəndinə əsasən Agentliyin müvafiq yerli qurumları tərəfindən 1 il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda özünüməşğulluğunj təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir.

17. Özünüməşğulluğa kömək göstərilməsinə dair 30 avqust 2022-ci il tarixli, 2022/ÖM/09057 saylı müqavilənin 3.1.2-ci bəndində açıq aşkar göstərilir ki, özünüməşğulluğa cəlb olunmuş şəxs tərəfindən bu Müqavilənin şərtlərinə 1 (bir) il müddətində əməl olunduğu halda əmlakı Özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verməlidir.

18. Müqaviləyə əlavə olunmuş Özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair 30 avqust 2022-ci il tarixli, təhvil-təslim aktına əsasən ona qeyd olunan heyvanlar və yem təhvil verilmişdir. Özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin yekun monitorinqinə dair 13 fevral 2024-cü il tarixli akt tərtib olunmuşdur.

19. 30 avqust 2022-ci il tarixdən 13 fevral 2024-cü il tarixədək Agentlik tərəfindən hər hansı monitorinq aparılmamışdır. Halbuki o dəfələrlə Agentliyə müraciət edərək bildirmişdir ki, heyvanlar xəstədir, qoca və qısırdırlar. Lakin Agentlikdən heç bir səs çıxmamışdır. Üzərlərinə düşən vəzifəyə uyğun olaraq 1 il ərzində monitorinq aparmamışlar. Bir illik müddət keçdikdən sonra isə müqavilə şərtinə müvafiq olaraq həmin əmlaklar (heyvanlar) onun mülkiyyəti hesab olunur.

20. Qeyd etdiyi kimi 1 il 3 ay ərzində hər üç heyvan istifadəsində olmuş, sonradan heyvanlardan biri xəstələnərək tələf olub, digər ikisini isə 1 il 4 aydan sonra məcbur olub kəsimə vermişdir. Başqa sözlə, həmin heyvanlar onun mülkiyyəti hesab olunurdu. Nədənsə məhkəmə bu hala diqqət yetirməmişdir. Kasıb adamdır, imkanı olmadığından özünüməşğulluğa cəlb olunmaq üçün Agentliyə müraciət etmişdir. İmkanı olsaydı Agentliyə müraciət etməzdi. Ona verilən heyvanlar qısır və yaşlı heyvanlar olmuş, sonradan heyvanlardan biri 1 il 3 ay sonra tələf olmuş, digər ikisi isə xəstə olduqlarına görə məcbur olub 1 il 6 aydan sonra kolbasa sexinə vermişdir. Ümid edir ki, məhkəmə kollegiyası obyektiv həqiqəti üzə çıxaracaq və iddianın əsassız olması barədə nəticəyə gələcəkdir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2020-ci il tarixli, 168 nömrəli qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili qaydası” Qaydanın 8.1-ci bəndinə əsasən Agentliyin yerqi qurumları tərəfindən 1 il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi aparılır, şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda özünüməşğulluğun təşkili üçün verilmiş əmlak özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni 1 il ərzində manitorinq aparmamışdır. Həmin müddət keçdikdən sonra əmlak mənim mülkiyyətim hesab olunur. Məlum olduğu kimi mülkiyyətçi öz əmlakı üzərində sərəncam hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsaəsn mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 395-ci maddəsinə əsasən əgər şəxs öz əşyasını özgəninkiləşdirmək və ya yüklü etmək barəsində öhdəlik götürürsə, bu öhdəlik Daşınar əmlakın yüklülüyü haqqında qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmadıqda əşyanın ləvazimatına da şamil edilir. Aralarında bağlanmış müqavilə şərtinə uyğun olaraq heyvanlar və yemlər 1 il müddətdən sonra ona məxsusdur.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

23. Məhkəmə iclasında cavabdeh X14 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi.

24. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmamasını xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

25. Maddə 21.2. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

26. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

27. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

28. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

29. Maddə 459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir.

30. Maddə 459.5. Əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər.

31. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanun

32. Maddə 1.1.15. Şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsi fəaliyyətidir.

33. Maddə 24.1.4. Seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlak 1 (bir) il müddətinə müqavilə əsasında verilir.

34. Maddə 24.1.5. Agentlik özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Qanunun 24.1.4-cü maddəsində göstərilən müddət ərzində 1 (bir) il monitorinqini aparır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”

35. Bənd 8.1. Agentliyin müvafiq yerli qurumları tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir.

36. Bənd 8.3. Monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

44. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

45. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-2653/2024 nömrəli qətnaməsinin ləğv edilib iddianın tamamilə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

46. Ona görə də kollegiya Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-2653/2024 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Beləliklə, məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, cavabdeh X14 ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat Filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 30 avqust 2022-ci il tarixli müqaviləyə əsasən, özünüməşğulluğun təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlakın Özünüməşğulluğa cəlb olunmuş şəxsə verilməsi təşkil etmiş, Filial tərəflər arasındakı təhvil-təslim aktında göstərilən Əmlakı bu Müqavilə ilə müəyyən edilmiş qaydada Özünüməşğulluğa cəlb olunmuş şəxsə verməyi, həmin şəxs isə 1 il müddətində sözügedən Əmlakdan özünəməşğulluğun təşkili üçün biznes-planda nəzərdə tutulan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüş və Filial Özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu müqavilə müddəti ərzində monitorinqini aparır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, Əmlak təhvil-təslim aktı əsasında Özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir.

49. 13 fevral 2024-cü il tarixli özünə məşğulluğa cəlb edilmiş şəxsin fəaliyyətinin yekun monitorinqi barədə aktdan görünür ki, X11 verilmiş “İribuynuzlu maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlərdən 3 (üç) baş inək və 800 kq yem aşkar edilməmişdir.

50. Agentliyin yerli qurumu tərəfindən cavabdehə aktiv kimi təhvil verilmiş 3 baş inək monitorinq zamanı aşkar edilməmiş və həmin aktivlərin natura şəklində geri qaytarılması təmin edilməmişdir. Cavabdeh ona təhvil verilmiş 3 baş inəkdən 1 baş inəyin xəstəlik səbəbindən tələf olması, 2 baş inəyi isə qısır olmaları səbəbindən satmasını bildirərək, bununla bağlı iddiaya qarşı etirazının dəlilləri kimi Xaçmaz rayon Baytarlıq idarəsinin xx.xx.2022-ci il tarixli arayışını və şahidlərini məhkəməyə təqdim etmişdir. Lakin heyvanların qısır olmaları barədə qeyd olunan arayışın əsli məhkəməyə təqdim olunmadığından, məhkəmə həmin sənədi mötəbər sübut kimi qəbul etməmişdir. Bundan başqa cavabdehin məhkəməyə təqdim etdiyi şahidlərin ifadələri ilə cavabdehə təhvil verilmiş 1 baş inəyin məhz iddiaçı tərəfin təqsiri səbəbindən tələf olması müəyyən olunmamış, ona görə də birinci instansiya məhkəməsi bu hissədə məhkəmə şahidlərin ifadələrinə tənqidi yanaşmaqda haqlı olmuşdur. Eyni zamanda cavabdehin özünün və şahidlərin ifadələri ilə cavabdehin ona təhvil verilmiş 2 baş inəyi satması öz təsdiqini tapır. Cavabdeh 1 baş inəyin tələf olması barədə isə heç bir mötəbər sübutunu nə birinci instansiya məhkəməsinə də apellyasiya məhkəməsinə təqdim etməmişdir.

51. Yuxarıda qeyd edilən normanın məzmunundan da görünür ki, şəxslərə özünüməşğulluq proqramı çərçivəsində verilən aktivlər ilk öncə onların mülkiyyətinə yox, sadəcə istifadəsinə verilməkdədir. Monitorinqlərin aparıldığı dövr ərzində şəxslər onlara verilən aktivlərdən istifadə edərək öz məşğulluqlarını təmin etməli, habelə aktivlərdən istifadənin onun verilmə anında nəzərdə tutulan təyinatından kənara çıxmamasını təmin etməlidirlər.

52. Özünüməşğulluğa cəlb olunmuş şəxslərin fəaliyyətinin yekun monitorinqi zamanı tərtib edilən akta əsasən onların aktivlərdən biznes-plana uyğun istifadəsi müəyyən edildikdə və qanunvericilikdə nəzərdə tutulan 1 (bir) il müddət tamamlandıqdan sonra Agentlik tərəfindən özünüməşğulluq proqramı çərçivəsində verilən əmlakın mülkiyyət hüququ proqrama cəlb edilmiş şəxslərə keçir. Qeyd edilən müddət çərçivəsində şəxslərə verilən aktivlərin özgəninkiləşdirilməsi, habelə əvəzli və ya əvəzsiz qaydada üçüncü şəxslərin istifadəsinə verilməsi nə tərəflər arasındakı münasibətlərin xarakterinə, nə də mülki qanunvericilikdə nəzərdə tutulan mülkiyyət hüququna dair tələblərə uyğundur.

53. Qeyd edilməlidir ki, özünüməşğulluq proqramı çərçivəsində şəxslərin istifadəsinə verilən əmlaka həmin şəxslərin mülkiyyət hüququnun yaranması üçün qanunvericilikdə nəzərdə tutulan müddət və şərtlər həm “Məşğulluq haqqında” Qanunda, həm də Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nda, habelə tərəflər arasında bağlanmış “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 2020-ci il 17 dekabr tarixli 239 nömrəli müqavilədə dəqiq təsbit edilmişdir.

54. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələbindən göründüyü kimi, agentliyin müvafiq yerli qurumları və ya Mərkəz tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. O cümlədən, həmin şəxs müqavilə müddətində fəaliyyəti və ona təhvil verilmiş əmlak barədə məlumatları məşğulluq altsistemə daxil etməlidir.

55. Lakin cavabdeh bağlanmış müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi icra etməmiş, sonuncunun fəaliyyətinin yoxlanması və monitorinq zamanı 30 avqust 2022-ci il tarixli, 2022/ÖM/09057 nömrəli müqavilə əsasında ona təhvil verilmiş 3 baş inək olmadığı aşkar edilmişdir. Bununla da cavabdeh iddiaçıya maddi zərər vurmuşdur.

56. Cavabdeh heyvanların xəstə olmasını, həmin əmlakın nəzərdə tutulmuş bir illik müddətin başa çatması ilə bağlı satıldığını bildirsə də, bunu təsdiq edən mötəbər sübut məhkəməyə təqdim etməmişdir.

57. Belə olan halda, iddiaçı, Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

58. “Tərəflərin məsuliyyəti” bölməsində yer alan 4.1-ci bəndində özünüməşğulluğa cəlb olunmuş şəxs ona bu Müqavilə əasında verilmiş əmlakdan 1 (bir) il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə həmin əmlakı Filiala qaytarır və yaxud dəyərini bazar qiymətinə uyğun olaraq Filialın təqdim etdiyi X2 xəzinədarlıq orqanında olan xəznə hesabına köçürür. Həmin bölmənin 4.3-cü bənddə nəzərdə tutulmuşdur ki, özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini qanunvericiliklə müəyyən edilmiş qaydada ödəməlidir.

59. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən zərərin əvəzinin pul şəklində ödənilməsi tələb edilmədiyi üçün 4.3-cü bəndi üzrə tərəflərin razılaşdıqları qayda tətbiq edilməlidir. Həmin bənddə isə özünüməşğulluğa cəlb olunmuş şəxs tərəfindən əmlaka vurulmuş zərərin əvəzinin məhz Mülki Məcəlləyə uyğun şəkildə ödəniləcəyi razılaşdırılmışdır.

60. Mülki Məcəllədə zərərin əvəzinin ödənilməsi formaları ilə bağlı nəzərdə tutulur ki, zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

61. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nın 8.1-ci bəndinə əsasən agentliyin müvafiq yerli qurumları və ya mərkəz tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Özünüməşğulluğa cəlb olunmuş şəxs müqavilə müddətində fəaliyyəti ilə bağlı, o cümlədən ona verilmiş əmlaka dair məlumatları MAS-a (“Məşğulluq” altsistemi) daxil etməlidir.

62. Həmin Qaydanın 8.3-cü bəndinə əsasən monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir.

63. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına düzgün istinad edərək, iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir.

64. Bu baxımdan, məhkəmə kollegiyası cavabdein apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

65. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.

66. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

67. Kollegiya yuxarıda qeyd olunan hüquq normalarının tələblərindən çıxış edərək, bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zamanda ədalətli və qanuni mövqedir.

68. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

69. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-2653/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar