Məhkəmə qərarları › İş №e-2(007)-1502/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1502/2025

23.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1502/2025 23.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:

1. İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC olaraq fəaliyyət göstərən "Nar Mobile" şirkətinin qanunsuz hərəkətləri nəticəsində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək balansından hər gün üçün tutulmuş 1 AZN vəsaitin ona qaytarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, adına olan ********** nömrəsi ilə Nar Mobile şirkətinin xidmətlərindən uzun illərdir istifadə edir. Nömrəsi başqa tarifdə olduğu halda xx.xx.2024-cü il tarixdə xəbəri olmadan və ona məlumat verilmədən "Super gün" adlı tarifə qoşulub və bu barədə ona məlumat verilməyib. Belə ki, həmin kompaniya çərçivəsində balansından hər gün 1 AZN məbləğdə vəsait silinib. O, bu halı xx.xx.2024-cü il tarixdə müəyyən efib və dərhal digər tarifə, yəni "Super sıfır" tarifinə qoşulub. Bundan sonra isə yenidən ona xəbər etmədən xx.xx.2024-cü il tarixdə şirkət həmin tarifi də ləğv edib və yenidən nömrəsini "Super Gün" tarifinə qoşaraq hər gün üçün 1 AZN məbləğ hesabdan silinməyə başlanıb. Bu halı xx.xx.2024-cü il tarixdə müəyyən edərək həmin tarifi ləğv edib və yeni tarifə, yəni "Full 10" tarifinə qoşulub. Bununla əlaqədar olaraq, operatorların fəaliyyətinə nəzarət edən orqana, yəni X1 dəfələrlə müraciət etməyinə baxmayaraq, yalnız "Nar Mobile" şirkəti tərəfindən onların sorğusuna cavab olaraq təqdim olunan məlumatları ona təqdim etməkdən başqa heç bir iş görülməyib. Belə ki, şirkət bildirib ki, saytda bu barədə məlumat paylaşılıb və bunu da istifadəçiyə məlumat verilməsi kimi hesab edir. Şirkətin bu kimi qanunsuz hərəkətləri nəticəsində, hələ də bu silinmələrdən məlumatlı olmayan, minlərlə vətəndaş, o cümlədən yaşlı insanlar vardır ki, hələ də zərər görməkdə davam edirlər.

Cavabdehin etirazı və ona dəlilləri:

3. Cavabdeh etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia tələbi ilə razı deyillər və hesab edirlər ki, rədd edilməlidir. Belə ki, iddia ərizəsində göstərilənlərlə bağlı bildirirlər ki, tərəflər arasında imzalanmış abunə müqaviləsinin 7.5-ci bəndinə görə bu müqaviləyə hər-hansı dəyişiklik etmək məqsədi ilə (tarif planı və qaydalara edilən dəyişikliklər də daxil olmaqla) Azerfon həmin dəyişikliklərin mahiyyətini əks etdirən məlumatı Azərbaycan Respublikasında əldə oluna bilən kütləvi informasiya vastəsi ilə yaymalıdır. Müqaviləyə dəyişikliklərin edilməsi barədə məlumatın kütləvi informasiya vasitələri ilə yayımlanması tarixindən etibarən 10 (on) təqvim günü ərzində abunəçi tərəfindən Azerfona rəsmi bildiriş daxil olmadığı təqdirdə, yayımlanmış dəyişiklik abunəçi tərəfindən qəbul edilmiş sayılır və Azerfon tərəfindən tətbiq olunur. İddiaçının istifadəsində olan ********** nömrəsi “Salam” tarifində olub. xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən bəzi köhnə tariflər yeniləri ilə əvəz edilməyə başlanılıb. Bu haqda cavabdehin “www.nar.az” internet səhifəsində məlumat yerləşdirilib (internet səhifəsindən çıxarış əlavə edilir). Daha sonra, iddiaçı “Super 0” tarifinə keçib, xx.xx.2024-cü il tarixdə yenidən bəzi köhnə tariflər yeniləri ilə əvəz edilməsi zamanı ********** “Super 0” tarifindən "Super Gün" tarifinə qoşulub (internet səhifəsindən çıxarış əlavə edilir). xx.xx.2024-cü il tarixdən isə iddiaçının istəyi ilə "Full 10" tarifinə qoşulub. Göründüyü kimi, tarif dəyişiklikləri barədə əvvəlcədən abunəçilərə məlumat verilir və iddiaçı da cavabdehin internet səhifəsini izləməklə tarif dəyişikliyinin olacağını bilməli idi. Eyni vaxtda dəyişiklik internet səhifəsində yerləşdirildikdən sonra 10 gün müddətində iddiaçı bu barədə Azerfona rəsmi bildiriş göndərmədiyi üçün cavabdeh düzgün olaraq dəyişdirilmiş tarifi tətbiq edib. Buna görə də, iddiaçının guya onu xəbərdar etmədən tarif dəyişikliyi barədə iddialarını əsassız hesab edirlər. Bütün bunları nəzərə alaraq, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

İş materialları:

4. İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi tərəfindən iddiaçıya ünvanlanmış məktubdan görünür ki, müraciəti üzrə Cavabdeh MMC-yə təkrar sorğu göndərilmiş və müraciətin araşdırılmasının nəticəsinə dair Agentliyə cavab olaraq bildirilmişdir ki, mobil operator ilə hər bir abunəçi arasında bağlanılmış Telekommunikasiya xidmətlərindən istifadə haqqında müqaviləyə əsəsən operator müştəri ilə razılaşdırmadan onu bu barədə məlumatlandırmaq şərtilə xidmət tariflərini, ödəniş şərtlərini və metodlarını dəyişdirə bilər (Müqavilənin "Tərəflərin hüquq və vəzifələri" bölməsi). Belə ki, Cavabdeh MMC tərəfindən xx.xx.2024-cü il tarixində abunəçisi olduğu (070) ******* kombinasiyalı mobil nömrəsində istifadə olunan "Salam" tarifi "SuperGün" tarifi ilə əvəz edilmişdir. Həmçinin, Cavabdeh MMC tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, abunəçi olduğu (070) ******* kombinasiyalı mobil nömrə xx.xx.2024- cü il tarixindən etibarən "Full 10" tarifinə qoşulmuşdur. Eyni zamanda nəzərinizə çatdırırlar ki, abunəçisi olduğu mobil nömrə üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə mobil operatorun müştəri xidmətləri ofisinə və ya 24/7 rejimi ilə işləyən müştəri dəstək xidmətinə müraciət etməyi tövsiyə olunur. Məlumat üçün bildirirlər ki, abunəçisi olduğu operatorun mövqeyi ilə razılaşmadığı təqdirdə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən məhkəməyə müraciət edə bilər.

5. Məhkəməyə iddiaçı tərəfindən onunla cəmiyyətin əməkdaşlarının söhbətinin nüsxələri təqdim edilmişdir.

6. Məhkəməyə iddiaçı tərəfindən www.nar.az” internet səhifəsindən çıxarışlar təqdim edilmişdir.

Tərəflərin izahatları:

7. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iclasda iştirakının qeyri-mümkün olması səbəbindən onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.

8. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

9. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır.

Məhkəmə baxışının hədləri:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

13. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. 14-cü maddəsinin:

1. Bütün vətəndaşlar ticarət və başqa xidmət növləri sahəsində tələbatlarının ödənilməsində bərabər hüquqa malikdirlər. Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa, istehlakçıların hüquqlarına üstünlük verilməsinə, birbaşa və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. Sosial müdafiəyə ehtiyacı olan vətəndaşların ayrı-ayrı qruplarına ticarət və digər xidmət növləri sahəsində Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada güzəştlər və üstünlüklər verilə bilər.

2. İstehlakçı satıcının (icraçının) iş rejimini nəzərə almaqla, özü üçün əlverişli olan vaxtda sərbəst mal və xidmət seçmək hüququna malikdir. İstehlakçıya sərbəst mal və xidmət seçməkdə hər cür köməklik göstərmək satıcının (icraçının) borcudur. İstehlakçını keyfiyyətsiz və ya ona lazım olmayan çeşidli mal almağa və xidmət göstərilməsinə məcbur etmək qadağan edilir.

3. Satıcı (icraçı) istehlakçıya öz müəssisəsinin adı, mənsubiyyəti və iş rejimi barədə düzgün və başa düşülən məlumat verməlidir.

6. Ticarət və digər xidmət növləri müəssisələrində istehlakçının hüquqları pozularsa, satıcı (icraçı) və bu müəssisələrin işçiləri qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. İşin faktiki halı:

14. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı tələbində adına olan ********** nömrəsi ilə Nar Mobile şirkətinin xidmətlərindən uzun illərdir istifadə etdiyini, nömrə başqa tarifdə olduğu halda xx.xx.2024-cü il tarixdə xəbəri olmadan və məlumat verilmədən "Super gün" adlı tarifə qoşulduğunu, bu barədə məlumat verilmədiyini, həmin kompaniya çərçivəsində balansından hər gün 1 AZN məbləğdə vəsait silindiyini, bu halı xx.xx.2024-cü il tarixdə müəyyən etdikdən sonra digər tarifə, yəni "Super 0" tarifinə qoşulduğu, yenidən xəbər etmədən xx.xx.2024-cü il tarixdə şirkət həmin tarifi də ləğv edərək, yenidən nömrəni "Super Gün" tarifinə qoşaraq hər gün üçün 1 AZN məbləğ hesabdan silinməyə başlandığını, bu halı xx.xx.2024-cü il tarixdə müəyyən edərək həmin tarifi ləğv etdiyini və yeni tarifə, yəni "Full 10" tarifinə qoşulduğu qeyd etmişdir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət edərək, "xxxx" MMC olaraq fəaliyyət göstərən "Nar Mobile" şirkətinin qanunsuz hərəkətləri nəticəsində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək balansından hər gün üçün tutulmuş 1 AZN vəsaitin ona qaytarılmasını xahiş edir. Məhkəmənin mövqeyi:

15. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.

16. Məhkəmə qeyd edir ki, tərəflər arasında Abunə müqaviləsi imlanmış və iddiaçı Cavabdeh MMC-nin mobil telefon şəbəksinə qoşulmuşdir. Həmin müqavinənin 7.5-ci bəndinə görə bu müqaviləyə hər-hansı dəyişiklik etmək məqsədi ilə (tarif planı və qaydalara edilən dəyişikliklər də daxil olmaqla) Cavabdeh həmin dəyişikliklərin mahiyyətini əks etdirən məlumatı Azərbaycan Respublikasında əldə oluna bilən kütləvi informasiya vastəsi ilə yaymalıdır. Müqaviləyə dəyişikliklərin edilməsi barədə məlumatın kütləvi informasiya vasitələri ilə yayımlanması tarixindən etibarən 10 (on) təqvim günü ərzində abunəçi tərəfindən Cavabdeha müqaviləyə xitam verilməsi barədə rəsmi bildiriş daxil olmadığı təqdirdə, yayımlanmış dəyişiklik abunəçi tərəfindən qəbul edilmiş sayılır və Cavabdeh tərəfindən tətbiq olunur. İddiaçının istifadəsində olan “**********” nömrəsi “Salam” tarifində olub. xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən bəzi köhnə tariflər yeniləri ilə əvəz edilməyə başlanılıb. Bu haqda cavabdehin “www.nar.az” internet səhifəsində məlumat yerləşdirilib və məhkəməyə internet səhifəsindən çıxarış təqdim edilib. Daha sonra, iddiaçı “Super 0” tarifinə keçib, xx.xx.2024-cü il tarixdə yenidən bəzi köhnə tariflər yeniləri ilə əvəz edilməsi zamanı “**********” “Super 0” tarifindən "Super Gün" tarifinə qoşulub və məhkəməyə internet səhifəsindən çıxarış təqdim edilib. xx.xx.2024-cü il tarixdən isə iddiaçının istəyi ilə "Full 10" tarifinə qoşulub.

17. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqaviləyə əsasən tarif dəyişiklikləri barədə əvvəlcədən abunəçilərə məlumat verilir və iddiaçı da cavabdehin internet səhifəsini izləməklə tarif dəyişikliyinin olacağını bilməli idi. Eyni vaxtda dəyişiklik internet səhifəsində yerləşdirildikdən sonra 10 gün müddətində iddiaçı bu barədə Azerfona rəsmi bildiriş göndərmədiyi üçün cavabdeh düzgün olaraq dəyişdirilmiş tarifi tətbiq edib. Bu səbəbdən məhkəmə hazırda iddaçının istifadəsində olan “**********” mobil nömrəsinin “Super 0” tarifinə keçməsi səbəbindən onun hesabında haqsız olaraq hər gün 1 AZN xidmət haqqının çıxarılması ilə bağlı mövqeyini əsassız hesab edir.

18. Bu səbəbdən məhkəmə abunə müqaviləsinin müqavilə azadlığı prinsipinə uyğun olaraq bağlandığını, tərəflər arasında bağlanmış müqavilənin 7.5-ci bəndini, tariflərin dəyişikməsi ilə bağlı cavabdeh tərəfindən “www.nar.az” internet səhifəsində müvafiq məlumatların yerləşdirilməsini və iddiaçının bununla bağlı 10 gün müddətində etiraz etməməsini nəzərə alaraq hesab edir ki, “”Azerfon" MMC olaraq fəaliyyət göstərən "Nar Mobile" şirkətinin qanunsuz hərəkətləri nəticəsində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək balansından hər gün üçün tutulmuş 1 AZN vəsaitin ona qaytarılması” tələbinə dair iddia tələbi əsassızdır və təmin edilməməlidir.

Nəticə:

19. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir.

20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunduqlarını və iddianın təmin edilməməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.

21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar