Məhkəmə qərarları › İş №2(105)-1069/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1069/2022

23.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1069/2022 23.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Naibə İlham qızı Abdullayevanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili: Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Zəngilan Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.K.İmanova) iddianın qismən təmin edilməsi, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94, 5 saylı binanın 32 saylı mənzildə olan mətbəx mebel dəsti, yuxarı hissəsi bütöv ağ rəngli, aşağı hissəsi qara rəngli, soyuducu, peç tərəfi olan yuxarı hissəsi isə tam qara rəngli - qiyməti 9500 manat; dəhliz mebeli güzgülü kvadrat formalı, yerli istehsal, qapı ilə eyni rəngdə, reysli mebel, 2 laylı -qiyməti 2200 manat; kladovka mebeli - 1000 manat; soba-peç Türkiyə istehsalı, “Beko’' firması, qara rəngli - 800 manat; mikrovalnovka, Türkiyə istehsalı “Beko” firması qara rəngli - 750 manat; divan, jurnal stolu, iki ədəd kreslo dəsti, tünd göy rəngli, Türkiyə istehsalı, klassik formalı - 2500 manat; su filtiri -700 manat; lüstur 3 ədəd, qonaq otağı - 1200 manat, yataq - 1000 manat, uşaq otağı - 550 manat; televizor 1 ədəd, qara rəngli, yataq otağında divara vurulmuş, Holfman firması - 740 manat; mətbəx stol və stul dəsti - 820 manat; xalçalar 850 manat (qonaq otağı), dəhlizdə uzun - 360 manat, foyedəki - 600 manat, ümumi dəyəri 700 manat olan qaz sobası və aspirator olmaqla, ümumilikdə dəyəri 24270 manat olan əmlakların natura şəkilində özləri və ya özləri yoxdursa onların dəyərinin və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı «əmlak tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda saxlanılmış, başqasının istifadəsində olan, iddiaçıya məxsus, mətbəx mebel dəsti, yuxarı hissəsi bütöv ağ rəngli, aşağı hissəsi qara rəngli, soyuducu, peç tərəfi olan yuxarı hissəsi isə tam qara rəngli - qiyməti 9500 manat; dəhliz mebeli güzgülü kvadrat formalı, yerli istehsal, qapı ilə eyni rəngdə, reysli mebel, 2 laylı -qiyməti 2200 manat; kladovka mebeli - 1000 manat; sobapeç Türkiyə istehsalı, “Beko’' firması, qara rəngli - 800 manat; mikrovalnovka, Türkiyə istehsalı “Beko” firması qara rəngli - 750 manat; divan, jurnal stolu, iki ədəd kreslo dəsti, tünd göy rəngli, Türkiyə istehsalı, klassik formalı - 2500 manat; su filtiri -1200 manat; lüstur 3 ədəd qonaq otağı 1200 manat, yataq - 1000 manat, uşaq otağı - 550 manat; Televizor 1 ədəd, qara rəngli, yataq otağında divara vurulmuş, Holfman firması - 740 manat; mətbəx stol və stul dəsti - 820 manat; xalçalar - 850 manat (qonaq otağı), dəhlizdə uzun - 360 manat, foyedəki - 600 manat, cəmi 3 ədəd; qaz sobası və aspirator - 700 manat; ümumi dəyəri 24770 manat olan əmlakların natura şəkilində ona qaytarılması ilə bağlı, bu mümkün olmadıqda isə əmlakların dəyəri olan 24770 manat pulun, bundan əlavə atası tərəfindən ona verilmiş 20000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar 25 dekabr 2015-ci il tarixdən 03 dekabr 2020-ci il tarixədək rəsmi ər-arvad kimi yaşamışlar. Birgə yaşayış dövrü ərzində, 23 oktyabr 2016-cı il təvəllüdlü Elif adlı uşaqları olmuş və uşaqları sağlam olmaqla onun himayəsindədir. Cavabdeh Bakıda müvəqqəti məskunlaşmış, valideynlərin razılığı ilə, cavabdehin anasına məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94, 5 saylı binanın 32 saylı, 3 otaqlı mənzilinə (mansarlı 13 mərtəbəli binanın 12-ci mərtəbəsi) gəlin kimi onun valideynlərinin cehiz kimi verdikləri əmlakları yerləşdirmişdir. 03 dekabr 2020-ci il tarixdə Zəngilan Rayon Məhkəməsinin qətnaməsi ilə nikah pozulmuşdur. Cavabdehin ərarvad dövrü ərzində qazancının olmaması, evə, ailəyə baxmaması, hətta onun valideyinlərinin ev almaq üçün ona verdikləri pulun hesabına yaşaması vəziyyətindən hər hansı əmlak növünə sahib ola bilməmişlər. Ona görə də aralarında əmlak bölgüsü mübahisələri yoxdur. Yalnız valideynlərinin cehiz kimi verdikləri əmlaklar yuxarıda göstərilən 3 otaqlı mənzildə yerləşdirilmişdir. Dəfələrlə cavabdehlə münasibətləri normallaşdırmağa, sağlam həyata qayıtmaq üçün cəhdlər etmiş, şanslar vermiş, hətta təsirlər etmişdir. 2020-ci ilin sentyabr ayından aliment tutulsa da, o qətnaməni icra etməməsinə görə cavabdehin üstünə çox getməmiş, telefonla mütəmadi danışıqları olmuş, valideynlər cəhdlər etmiş əmlaklarını belə saxlamış, nə vaxtsa cavabdehin normal ailə kimi yaşamaq istəyini arzulamış, gözləmiş və bütün körpüləri yandırmamış, yolları bağlamamışdır. Lakin onun bu münasibətinin əksi olaraq bu yaxınlarda məlum olmuşdur ki, cavabdeh tərəfin təşəbbüsü ilə 5 il yaşadıqları, əmlakın yerləşdiyi mənzil başqasına satılmış, artıq mənzil başqasının istifadəsinə verilmişdir. Bu dözülməz, qeyri-normal, hərəkət, vəziyyətdir. Bu qanunazidd hərəkətdir və buna görə Cavabdeh məsuliyyət daşımalı, onun hərəkətlərinə hüquqi qiymət verilməli, əməlində cinayət xarakterli əlamətlər aşkarlanarsa barəsində xüsusi qərardad çıxarılmalıdır. Bu gün ona məxsus, başqasına verilmiş, aşağıda adları çəkilən əmlaklar dağıdılır, qanunsuz istifadə olunur, sıradan çıxır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı məhkəməyə əmlakların qiymətləri barədə hər hansı sənəd təqdim etməmişdir. İddiaçının tələb etdiyi əmlakların ona məxsus olmayan mənzildə olmasını, həmin əmlakların iddiaçı və onun atasının razılığı ilə mənzilin alıcısına məxsus olmasını aydınlaşdırmadan, qətnaməni əsaslandırmadan yekun nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən bir çox maddi normalar pozulmuşdur. Zəngilan Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli qətnaməsinin təmin edilməsi hissəsində ləğv edilməsi, iddia tələbinin tamamilə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən qanun pozuntusunun olmamasını bildirdi və apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, iddiaçı tərəfindən tələb olunan ona məxsus olan əşyalarının cavabdehdə qalmasının sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanunu və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materialları ilə müəyyən edilir ki, tərəflər 25 dekabr 2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, birgə nikahdan 23 oktyabr 2016-cı il təvəllüdlü Elif adlı uşaqları anadan olmuşdur və Zəngilan Rayon Məhkəməsinin 03.12.2020-ci il tarixli qətnaməsi ilə 06.01.2021-ci il tarixdə xitam verilmişdir. İşə əlavə edilmiş və iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərdə iddiaçıya məxsus mebellər öz əksini tapmışdır. İş materiallarında olan və iddiaçının atası X2 tərəfindən məhkəməyə ünvanlamış ərizənin məzmunundan aydın olur ki, qızına cehiz kimi verilmiş əmlaklar Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94, bina 5, 12 saylı mənzilə yerləşdirilmiş, qızı evdən çıxan zaman həmin əmlaklar evdə qalmış, hətta qızına ev almaq üçün verdiyi 20.000 manat məbləğində pul da cavabdeh tərəfindən götürülmüşdür. Sonradan onların xəbəri olmadan cavabdeh anasının adına olan və qızının da əmlakları yerləşdirilmiş mənzili həmin əmlaklar ilə birlikdə satmışdır. Məhkəmə iclasının gedişatında cavabdeh guya onunla mənzili alan şəxslər arasında əmlakın götürülməsi barədə fikirlər səsləndirmiş, cavabdehin fikirləri qeyri-nəzakət xarakterli, yalan məlumatlar olmuş, qızına məxsus olan əmlaklar cavabdehin sərəncamında qalmış, onun mənzili almış alıcı, yaxud kimsə ilə əmlakın alınması barədə söhbəti belə olmamış, əmlakı ona heç kim qaytarmamışdır. İşdə olan və Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Elşən Bəşirli tərəfindən, həmçinin hal şahidlərinin iştirakı ilə tərtib edilmiş 24.05.2021-ci il tarixli aktın surətindən görünür ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-279/2021 saylı 21.04.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanında olmuş, qapını dəfələrlə döyülmüş, açan olmamış, qapının içəri tərəfindən səslənərək əşyaların həmin şəxsə deyil, başqa bir şəxsə aid olması bildirilmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab olunur. Mülkiyyət hüququ ümumbəşəri dəyər kimi “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 17-ci maddəsində, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. (MM-nin 157.1.,157.2.-ci mad.) Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər 25 dekabr 2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, birgə nikahdan isə onların bir övladı olmuşdur. Sonradan tərəflər arasında ailə münasibətləri alınmadığı üçün məhkəmənin qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. İddiaçı gəlin köçən zaman özünə məxsus olan cehiz əmlaklarını valideynlərin razılığı ilə, cavabdehin anasına məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94, 5 saylı binanın 32 saylı, 3 otaqlı mənzilinə yerləşdirmişdir. İddiaçı evdən çıxan zaman əmlaklar həmin mənzildə qalmışdır. Sonradan məlum olmuşdur ki, cavabdeh evi satarkən iddiaçının razılığı olmadan ona məxsus olan cehiz əmlaklarını da mənzil ilə birlikdə satmışdır. Cavabdeh birinci instansiya məhkəməsində bunu etiraf etmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan Xətai RPİ-nin 34-cü Polis Şöbəsi tərəfindən təqdim olunmuş İddiaçı ərizəsi əsasında toplanmış materiallarından görünür ki, H.V.Hətəmov izahatında mənzili aldıqları zaman mənzildə qalan əşyaların ev sahibi kimi tanıdığı İsmayıl adlı şəxsin ona satmasını bildirmişdir. Cavabdeh tərəf iddia ərizəsində göstərilən əşyaların mövcüd olmasını etiraf etsə də, həmin əşyaların dəyərlərinin düzgün olmadığını bildirmiş, lakin bu dəlillərini sübuta yetirə biləcək sübutlarını məhkəməyə təqdim edə bilməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. İddia tələbinin 20000 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı və iddiaçı tərəfindən təqdim olunmuş tərəflərin vatsap danışıq yazışmalarından çıxarışından iddiaçının atasının 20000 manat pulu İddiaçı yox, Cavabdeh verdiyi müəyyən olduğundan, məhkəmə hesab edir ki, iddiaçıya atası X2 tərəfindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsinə dair hər hansı bir səlahiyyət verilmədiyindən, yəni iddia tələb hüququ olmayan şəxs tərəfindən verildiyindən iddia ərizəsi bu hissədə təmin edilə bilməz. Belə ki, vatsap danışıq yazışmalarında İddiaçı özü “Atam inanıb pulu senin özüne verib, sen neylemisən bəs?”, “Atam inandığı üçün ailəmiz dağılmasın deye pulu verib sene” və s. deyə qeyd etmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin iş üzrə 14 dekabr 2021-ci il tarixli 2(034)-279/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar