Məhkəmə qərarları › İş №2(105)-1072/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1072/2022

17.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1072/2022 17.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 2(034)-638/2021 nömrəli, 03 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Zəngilan Rayon Məhkəməsinin 2(034)-638/2021 nömrəli, 03 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 47556 (qırx yeddi min, beş yüz əlli altı) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim Gülsarə İmanova). Qəıtnamədən Cavabdeh apellyasiya şikayəti verərək Zəngilan Rayon Məhkəməsinin 2(034)-638/2021 nömrəli, 03 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 14/33, 15 nömrəli mənzilin satışından əldə edilmiş 52.000 manat pulu mənimsəmiş Cavabdeh həmin 52.000 manatın tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh izahatında apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, iddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 19 iyul 2018-ci il tarixli hökmünə əsaslanaraq ona qarşı pul tələbinə dair iddia qaldırmışdır. Hökmə əsasən o, Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, cəzasını çəkmiş və azad olunmuşdur. Hökmə əsasən hal-hazırkı iş üzrə iddiaçının doğma qızı olan X1 da təqsirli bilinmişdir. İddia ərizəsində ondan 52 000 manat məbləğində pulun tutulması tələb edilir. Halbuki, mənzilin 51800 manata satıldığı, bu məbləğdən 1344 manat rüsumun ödənildiyi, 2500 manat komunal xidmətlərə və 400 manatın isə dəllala ödənildiyi iddiaçıya məlumdur, iddiaçı bunu bilə bilə 47556 manat deyil məhz 52 000 manat pul tələb edir və bu hal onun səmimi olmadığını təsdiq edir. Zəngilan Rayon Məhkəməsi bu halı nəzərə alsa da, digər halları nəzərə almamışdır. İddiaçı Sumqayıt Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş hökmə əsaslanır. Hökm ilə yalnız o cəza almamış, iddiaçının qızı da onunla bərabər cəza almışdır. Pulun yalnız ondan tələb edilməsi tam qanunsuzdur, iddianın yalnız ona qarşı qaldırılması iddiaçının qeyri-səmimi davrandığını, niyyətinin onu cəzalandırmaq, əvəz çıxmaq olduğunu təsdiq edir. Məhkəmə bu hala hüquqi qimət verməmişdir. Bu səbəbdən qətnamə ləğv edilməlidir. Nəzərə alınmalıdır ki, evin satışı, satışa görə ödənilmiş məbləğin bank hesabından çıxarılması hüququ yalnız iddiaçının qızı olan Yeganə xanıma məxsus idi. Məbləğin ödənilməsinin qızından yox ondan tələb edilməsi isə tam qanunsuzdur. Yalnız bu hal iddianın təmin edilməməsi üçün əsasdır. Belə ki, iddiaçının qızı ona iddiaçının şəxsən özü tərəfindən notarial qaydada verilmiş etibarnamə əsasında evi satmışdır. Məhz iddiaçının qızı ona verilmiş etibarnamə əsasında bank hesabından pulu nağdlaşdırmışdır. O pulun sonradan qızı tərəfindən ona verilməsi və ya başqa şəxsə verilməsi, öz istəyi ilə xərcləməsi ona və ya başqa şəxsə qarşı iddia qaldırmaq hüququ vermir. Məhkəmə bu hala hüquqi münasibət bildirməmişdir. Ümumiyyətlə barəsində verilmiş şikayət, indi qaldırılmış iddia əsasızdır. Belə ki, iddiaçı öz qızı ilə əlbir olmuş, onun cəzalandırılmağını, incidilməyini, psixoloji olaraq stress keçirməyini istəyirlər. Hökm ilə cəza alsa da, onun evin satışından əldə edilmiş məbləğə heç bir aidiyyəti olmamışdır. Cinayət işinin başlandığı dövrdə aldadılaraq bu işə cəlb olunmuşdur. Belə ki, iddiaçı və qızı güya aralarında mübahisə olduğunu, bir-biri ilə danışmadığını, aralarında münasibətin kəskinləşdiyini göstərmişdilər. O, da həmin zaman faktiki münasibətlərdə olduğu qadının tutulma təhlükəsi altında olduğuna inandırılmış və bu səbəbdən müəyyən hissədə günahının olduğunu demişdir. Sonradan isə bilmişdir ki, bu iddiaçı ilə qızı arasında hazırlanmış, planlaşdırılmış bir oyundur, iddiaçının indi qızına qarşı deyil, məhz ona qarşı dəymiş ziyandan da daha çox məbləğə dair iddia qaldırması bu halları sübut edir. Məhkəmə şahid kimi ifadə vermiş, onunla birgə təqsirləndirilən şəxs olan, işin onun da maraqlarına toxunan şəxsin ifadəsinə əsaslanmışdır. Bu isə tam qanunsuzdur. Şahid kimi ifadə verən şəxs bildirmişdir ki, ev satılan dövürdə atası ölkədə olmamışdır. Bu səbəbdən alğı-satqı onun tərəfindən aparılmışdır və pullar ona təqdim edilmişdir. Bu tam yalan ifadədir. Belə ki, şahidin atası, iddiaçının həyat yoldaşı həmin dövrdə elə Sumqayıt şəhərində idi. Məhkəmədə bu hissənin aydınlaşdırılması üçün sorğunun verilməsinə dair vəsatət qaldırılsa da vəsatət təmin edilməmişdir. Halbuki, müəyyən edilsə idi ki, şahid yalan ifadə verir, bu işin nəticəsinə ciddi təsir göstərəcəkdir. Məhkəmə işi obyektiv araşdırma aparmağa maraq belə göstərməmişdir. O, iddiaçının qızından pul almamışdır. onunla münasibəti olub, pul xərclədiyi də olub. İş qurmaq istəmişlər, alınmayıb. Amma qızdan xahiş etməmişdir ki, ona pul xərcləsin. Ondan ümumiyyətlə pul tələb olunmamalıdır. Ev mülkiyyətçinin iradəsi əsasında satılıb. O, heç nəyi saxtalaşdırmamışdır. Evin satılması ilə bağlı heç nəyə məcbur etməmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Zəngilan Rayon Məhkəməsinin 2(034)-638/2021 nömrəli, 03 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, evi etibarnamə əsasında satan iddiaçının qızıdır. Evin alğı-satqısının məbləğini də bankdan alan iddiaçının doğma qızıdır. Ən pis halda məbləğin müəyyən bir hissəsi cavabdehdən tutula bilər. Cavabdehin ifadəsinə istinad olunur və bildirilir ki, o pulların atasının seyfində olduğunu etiraf edib. Amma cavabdehin bunda məqsədi münasibətdə olduğu xanımı qorumaq olub. Həmin etiraf hökmün əsası olsa da, mülki iddianın əsaslandırılması üçün natamamdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Zəngilan Rayon Məhkəməsinin 2(034)-638/2021 nömrəli, 03 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, qızının cavabdehin qonşuluğunda evi var idi. Qızının bir övladı var, əri çıxıb getmişdi. O vaxtdan cavabdeh qızını narahat edirdi. cavabdeh subay idi və qızından da 10 yaş böyük idi. Niyyətinin ciddi olduğunu və qızı ilə ailə qurmaq istədiyini bildirdi. Təxminən 180000 manata qədər borcu yığılmışdı. Naftalanda idi, onun evi 5-ci mərtəbədə yerləşirdi, ayağına görə 5-ci mərtəbəyə qalxmaq ona çətin idi. Cavabdeh ona bildirdi ki, Yasamal rayonu ərazisində yeni tikililərdən birində ev alıb və qızını ora aparacaq. Bu səbəbdən də evin satılmasına razılaşmışdır ki, aşağı mərtəbələrdə ev alsınlar. Bankdan pulu qızı alıb. Amma dərhal cavabdehə verib. Cavabdeh ona bildirib ki, pul xərclənər, aparıb atasının seyfinə qoyacaq. 2016-cı ildə onun evini satıblar. O vaxtdan kirayələrdə yaşayır. Ayda 220 manat kirayə haqqı ödəyir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Zəngilan Rayon Məhkəməsinin 2(034)-638/2021 nömrəli, 03 dekabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iş üzrə tərəflərin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin 2(034)-638/2021 nömrəli, 03 dekabr 2021-ci il tarixli qətnaməsi qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsininin 19.06.2018-ci il tarixli 1(060)-102/2018 nömrəli hökmün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına, X1 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinini 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq edilməklə hökmün icrası himayəsində olan azyaşlı uşağının 14 yaşına çatanadək, yəni 20.07.2031-ci il tarixədək təxirə salınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 14/33, mənzil 15 İddiaçı xüsusi mülkiyyəti olmuş, DƏDRX-də onun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmiş, orada o, həyat yoldaşı Nağı və boşanmış qızı Yeganə azyaşlı övladı ilə birlikdə yaşamışlar. Ev 3 1 qonaq otağı və 2 yataq otağından ibarət olmuşdur. Xəstəliyilə əlaqədar 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən mənzilinə qalxıb düşə bilmədiyindən həmin evi satıb, ucuz və aşağı mərtəbəli olan ev almaq qərarına gəlmişdir. Qızı Yeganə boşandıqdan sonra qonşuluqda yaşayan Cavabdeh ilə faktiki ailə həyatı qurmuşdur. 2016-cı ilin avqust ayının əvəllərində Naftalan şəhərində müalicədə olarkən qızı Yeganə onunla əlaqə saxlayaraq evi almaq üçün müştəri olmasını bildirmişdir. Rasif ilə Yeganə Naftalana gəlmiş, o, Rasifdən evin neçəyə satılacağını soruşarkən ona 52000 manata danışdığını bildirmişdir. O, evin satılması üçün qızına etibarnamə vermişdir. Rusiya Federasiyasında olan həyat yoldaşı da gələrək evin satılmasına razılıq vermişdir. Dəllallar kişi oduğuna görə evin alqı-satqısına dair danışıqları Cavabdeh aparmışdır. 18.08.2016-cı il tarixində qızı Yeganə ilə cavabdeh Rasif evi 51800 manata satmışlar. Alqı-satqısında qızı iştirak edərək sənədləri imzalamışdır və evin pullarını cavabdehə vermişdir. Evin pulundan 1344 manatını dövlət rüsumuna, 400 manatını maklerə vermişlər, 2500 manatını isə xərcləmişlər. Məhkəmə araşdırması zamanı Cavabdeh evin satılmasından əldə olunan pulları iddiaçının qızı Yeganə ilə birgə xərclədiklərini bildirsə də belə bir böyük məbləğin nəyə xərclədiyini sübuta yetirə bilməmişdir. Əksinə, iddiaçı ev satılan kimi pulu tələb edərkən Rasif ona narahat olmamağı, pulu təhlükəsizlik üçün atasının evində seyfə qoyduğunu və ev tapan kimi pulu verib ev alacağını bildirmişdir. İddiaçı xəstəxanadan çıxdıqdan sonra cavabdeh onu ünvan 1 ünvanında yerləşən 51 nömrəli mənzilə aparıb onun evini satdığı pula bu evi aldığını bildirmişdir. Ev 3 otaqlı, təmirli, boş ev olmuşdur. İddiaçı həmin mənzili öz mənzili hesab etmişdir. 2017-ci ilin mart ayında həyat yoldaşı Nağı Rusiya Federasiyasından gələndən sonra cavabdehdən evin sənədlərini istəyərkən Rasifın yalanları üzə çıxmışdır və iddiaçı öz evi hesab etdiyi evin kirayə olduğunu və cavabdehin onu aldadıb evin pulunu mənimsədiyini bilmişdir. İddiaçının dəlillərini cavabdehin həyat yoldaşı X1 da məhkəmə araşdırması zamanı tam təsdiq edərək, evin satışından əldə olunmuş pulun Rasifə verildiyini, pulun xərclənmədiyini, əksinə cavabdehin onun da əşyalarını satdığını, Şəki rayonuna və İsmayıllı rayonlara getsələr də orada ən çoxu 2000 manatdan çox xərcləndiyini, sonradan Rasif kirayə ev aldığını və həmin evi satın alacağını, sonradan həmin evi aldığını, sənədləri soruşanda isə evin sahibinin xaricdə olduğunu, pulun etibarlı yerdə atasının seyfində olduğunu, sonradan isə evin kirayə olduğunu bildirmişdir. Cavabdeh tərəfindən pulu mənimsənildyi üçün iddiaçı cavabdeh barəsində hüquqmühafizə orqanlarına müraciət etmiş və bunun nəticəsi kimi qızı və cavabdeh cinayət məsuliyyətinə cəlb edilmiş, barələrində hökm çıxarılmışdır. Məhkəmə araşdırması zamanı cavabdehin izahatı ilə müəyyən edilmişdir ki, ev 51800 manata satılmış, həmin məbləğdən 1344 manat rüsumu, 2500 manat kommunal xidmətlərə və 400 manatın isə maklerə ödənilmiş, yerdə 47556 manat pul qalmışdır. Cavabdehin iddiaçıya 47556 manat məbləğində maddi ziyan vurması Sumqayıt Şəhər Məhkəməsinin 19.06.2018-ci il tarixli 1(060)102/2018 nömrəli hökmündə öz əksini tapmışdır. Birinci instansiya məhkəməsi qeyd edilən iş materiallarına istinad edərək iddia tələbini qismən təmin etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 425.1, MPM-nin 77.1-ci maddəsinə istinad edərək əsaslandırmış, həmçinin cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinin əsassız olması əsası ilə vəsatəti təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, yekunda səhv nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçıya məxsus mənzil 18.08.2016cı ildə cavabdeh və iddiaçının qızı tərəfindən satılaraq xərclənmiş, bu səbəbə görə Sumqayıt Şəhər Məhkəməsininin 19.06.2018-ci il tarixli 1(060)-102/2018 nömrəli hökmün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına, X1 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinini 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq edilməklə hökmün icrası himayəsində olan azyaşlı uşağının 14 yaşına çatanadək, yəni 20.07.2031-ci il tarixədək təxirə salınmışdır. Bununla da müəyyən edilir ki, tərəflər arasında mənzilin satılmasına dair pul münasibətləri 18.08.2016-cı il tarixdə olmuş, daha sonra cavabdeh iddiaçı üçün ev aldığını bildirmiş, lakin həmin evin alınmaması, kirayə tutulması 2017-ci ilin mart-may ayında müəyyən edilmişdir. Belə ki, 01.05.2017-ci ildə iddiaçının tanımadığı bir şəxs evə gələrək ev kirayəsini istədiyi zaman cavabdeh tərəfindən aldadıldığı müəyyən edilmişdir. Bununla da iddiaçı cavabdeh tərəfindən aldadıldığını 01.05.2017-ci il tarixdə bilməsi iş materialları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan iddiaçının iddia tələbindən görünür ki, hazırki iş üzrə mübahisəli hüquq münasibəti 2016-cı ildə yaranmış, iddiaçı cavabdehin onun pulunu mənimsəməsini 01.05.2017-ci il tarixdə bilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə mübahisəyə 01 sentyabr 2000-ci ildə qüvvəyə minmiş Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Hazırki işdən görünür ki, tərəflər arasında pul münasibətləri 18.08.2016-cı ildə iddiaçının mənzilinin satılması ilə başlamış, iddiaçı cavabdehin onu aldatmasını, pulunu mənzimsəməsini 01.05.2017-ci il tarixdə bilmiş, bundan sonra cavabdehdən pulunu tələb etmişdir. Qeyd edilən məsələdən müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasındakı pul münasibətlərindən təxminən beş ildən yuxarı vaxt keçmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında pul münasibətlərinə dair hər hansı yazılı müqavilə olmasa da, cavabdehin iddiaçıya məxsus mənzili 18.18.2016-cı ildə satması, daha sonra iddiaçının yaşaması üçün kirayə mənzil tutaraq həmin evi iddiaçıya almasını bildirməsi, sonra isə 01.05.2017-ci ildə həmin evin kirayə tutulmasının iddiaçı tərəfindən müəyyən edilməsi, bundan sonra satılmış mənzilin dəyərinin iddiaçı tərəfindən cavabdehdən tələb edilməsi təsdiq edir ki, tərəflər arasında pula dair mübahisələr 2017-ci ilin may ayından başlamışdır. Daha sonra iddiaçının şikayəti əsasında cavabdehə, iddiaçının qızına qarşı ittiham irəli sürülmüş, 22.12.2017-ci il tarixdə ittiham aktı təsdiq edilmiş, işə Sumqayıt Şəhər Məhkəməsində baxılmış və 19.07.2018-ci ildə hökm qəbul edilmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, cavabdehə qarşı cinayət işinə baxılan zaman iddiaçı cavabdehə qarşı mülki iddia qaydasında da məhkəməyə müraciət etməli olsa da, həmin vaxt iddia ərizəsi ilə müraicət etmməmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdeh tərəfindən aldadılaraq pulunun mənimsənildiyini 2017-ci ilin mart ayında bilməsinə baxmayaraq hazırki iddia ərizəsi ilə məhkəməyə 07.09.2021-ci il tarixdə müraciət etmiş, başqa sözlə, iddia müddətini ötürmüşdür. İş materiallarından görünür ki, iddiaçı cavabdehə qarşı iddia müddəti ərzində, yəni 3 il müddətində iddia qaldırmamış, iddia müddətini ötürmüş, iddia müddətinin axımının dayandırılması və kəsilməsi halı da baş verməmişdir. Həmçinin cavabdehə qarşı cinayət mühakimə icraatı qaydasında işə baxılan zaman da iddiaçı mülki iddia qaydasında cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməmişdir. Belə olan halda da mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin iddia müddəti və onun tətbiqini müəyyən edən normalar baxımından iddia tələbi təmin edilə bilməzdi. İş materiallarından görünür ki, işə birinci instansiya məhkəməsində baxılan zaman cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. Lakin məhkəmə hazırki işdə tərəflər arasında müqavilə münasibətlərinin olmaması əsası ilə hazırki işə 3 illik iddia müddətinin tətbiq edilməli olmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Belə olan halda və Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli qərarına istinadən məhkəmə kollegiyası hesab edir ki, iddia müddəti keçdiyi və bu barədə cavabdeh ərizə verdiyi üçün tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmion Məcəllənin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayəti əsaslı olduğu üçün təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin 2(034)-638/2021 nömrəli, 03 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 384.0.2, , 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 2(034)-638/2021 nömrəli, 03 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə iddiası təmin edilməsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar