Məhkəmə qərarları › İş №2(105)-1081/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1081/2021

15.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1081/2021 15.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçının nümayəndəsi və vəkili: X1, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Şahbala oğlunun Cavabdeh qarşı torpaq sahəsinin qanunsuz sahibliyindən geri alınması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.B.Sadıqov) iddianın təmin olunması, xx xxxxxx 2020-ci il tarixli icarə müqaviləsinə əsasən Xaçmaz rayon Uzunoba bələdiyyəsi tərəfindən İddiaçı icarəyə verilmiş Xaçmaz rayonunun Qırmızı Xutor kəndi ərazisində yerləşən 2,1 ha torpaq sahəsi Cavabdeh qanunsuz istifadəsindən alınaraq İddiaçı qaytarılması, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 50 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi, iş üzrə mütəxəssis rəyi üçün ödənilmiş 300 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun Cavabdeh alınaraq Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh tərəfindən qanunsuz və əsassız zəbt edilmiş Xaçmaz rayon Uzun oba bələdiyyəsi tərəfindən xx.xx.2020-ci il tarixli icarə müqaviləsi ilə icarəsinə verilmiş Xaçmaz rayonu Qırmızı Xutor kəndində yerləşən 2,1 ha torpaq sahəsini cavabdehin qanunsuz sahibliyindən alınaraq ona qaytarılması, ödənilmiş 30 manat və hüquqi yardıma görə ödədiyi 50 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu Uzunoba bələdiyyəsi ilə xx.xx.2020-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən Xaçmaz rayonu Krasnı Xutor kəndi ərazisində yerləşən 2,1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 49 il müddətinə icarəsinə verilmişdir. Müqavilə ilə icarəsinə verilmiş həmin torpaq sahəsini cavabdeh özbaşına zəbt edərək qanunsuz istifadə edib məhsul əkib istifadə edir. Dəfələrlə cavabdehə xəbərdarlıq edərək icarəsində olan torpaq sahəsini qaytarmasını tələb etsə də bir nəticəsi olmamışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuşdur. Məhkəmə yalnız mütəxəssis və ekspert rəylərinə əsaslanaraq düzgün olmayan qətnamə qət etmişdir. Xaçmaz rayon Uzunoba Bələdiyyəsinin iclasında onun istifalə etdiyi 2.1 ha torpağın hərraca çıxarılmasına dair iclas qərarı qəbul edilmiş. Azərbaycan Respublikası ƏMDK-nin yanında hərracların təşkili üzrə auksion mərkəzinin 13 saylı torpaq müsabiqə və hərrac komissiyası ilə Xaçmaz rayon uzunoba bələdiyyəsi arasında müqavilə bağlanmış, Azərbaycan Respublikası ƏMDK-si yanında hərracların təşkili üzrə auksion mərkəzinin Xaçmaz ərazi torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqə və hərracın barədə 01/16 onun hərracda iştirakı olmadan xx xxxxxx 2020-ci il tarixli protokol tərtib olunmuş və onun əsasında xx xxxxxx 2020-ci il tarixli guya hərracın qalibi A.Dadaşova şəhadətnamə verilmişdir və iddiaçı ilə müqavilə bağlanmışdır. Həmin torpaq əvvəllər X3 balansında olmuş və 2017-ci ildən isə Uzunoba bələdiyyəsinə məxsus olmuşdur. Hər il bağladıgı icarə müqavilələrinə əsasən həmin torpaqlardan 2002-ci ildən istifadə edir və həmin torpaqda bağ sahəsi salmışdır. Bələdiyyə vergiləri onun tərəfindən ödənilmişdir. Lakin 2017, 2018, 2019-cu illərdə dəfələrlə Xaçmaz rayon Uzunoba bələdiyyəsinə müraciət etsə də, Uzunoba bələdiyyəsi hər dəfə hərrac yolu ilə torpaqları ala biləcəyini qeyd etmişdir. İddiaçı Xaçmaz rayonu Uzunoba Bələdiyyəsi ilə notarial qaydada icarə müqaviləsi bağlasa da, onun icarə müqaviləsi DƏDRX-də qeydə alınmamış və müvafiq çıxarışla rəsmiləşdirilməmişdir. Göründüyü kimi, məhkəmə əsassız olaraq iddianı təmin etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(067)-767/2020 saylı qətnaməsini ləğv edib, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili İ.A.İsmayılov apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, cavabdeh tərəfindən iddiaçının istifadəsində olan torpaq sahəsinin zəbt edilməsinin mütəxəssis və ekspert rəyi ilə sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İşə əlavə olan xx xxxxxx 2020-ci il tarixli icarə müqaviləsinə əsasən Xaçmaz rayon Uzunoba bələdiyyəsi tərəfindən İddiaçı Xaçmaz rayonunun Qırmızı Xutor kəndi ərazisində yerləşən 2,1 ha torpaq sahəsi icarəyə verilmişdir. İş materiallarından müəyyən olunur ki, İddiaçı hüquqi yardım üçün Xaçmaz rayon vəkil bürosunun hesabına 50 manat pul ödəmişdir. İşdə olan «xxxx» MMC-nin rəyindən müəyyən olunur ki, xx xxxxxx 2020-ci il tarixli icarə müqaviləsinə əsasən Xaçmaz rayon Uzunoba bələdiyyəsi tərəfindən İddiaçı icarəyə verilmiş Xaçmaz rayonunun Qırmızı Xutor kəndi ərazisində yerləşən 2,1 ha torpaq sahəsi cavabdeh tərəfindən faktiki olaraq istifadə olunur. (Xəritə 1) xx xxxxxx 2020-ci il tarixli icarə müqaviləsinə əsasən Xaçmaz rayon Uzunoba bələdiyyəsi tərəfindən İddiaçı icarəyə verilmiş Xaçmaz rayonunun Qırmızı Xutor kəndi ərazisində yerləşən 2,1 ha olmaqla tam olaraq faktiki istifadə olunur. İş materiallarından görünür ki, iddiaçı tərəf mütəxəssis rəyinin alınması üçün «xxxx» MMC-nin hesabına 300 manat məbləğində pul ödəmişdir. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, xx xxxxxx 2020-ci il tarixli icarə müqaviləsinə əsasən Xaçmaz rayon Uzunoba bələdiyyəsi tərəfindən İddiaçı icarəyə verilmiş Xaçmaz rayonunun Qırmızı Xutor kəndi ərazisində yerləşən 2,1 ha torpaq sahəsi bütövlükdə cavabdeh tərəfindən faktiki olaraq istifadə olunur. Torpaq sahələrinin yerləşmə vəziyyəti mütəxəssis rəyinə əlavə edilmiş xəritə 1-də qeyd olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X2 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə kollegiyası Cavabdeh mübahisə olunan torpağın 2002-ci ildən onun istifadəsində olduğu halda, Bələdiyyə tərəfindən iddiaçıya hərrac yolu ilə satılmasının düzgün olmaması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, xx xxxxxx 2020-ci il tarixli 01/16 saylı hərracın protokolu hazırda qüvvədədir və həmin hərracın qalibi İddiaçı şəhadətnamə verilmişdir və iddiaçı Uzunoba bələdiyyəsi ilə icarə müqaviləsi bağlamışdır. Bundan əlavə olaraq, cavabdehin adına olan icarə müqaviləsi DƏDRX-də qeydə alınmaması və müvafiq çıxarışın alınmaması barədə gətirdiyi dəlili də qəbul etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Həmin Məcəllənin 165.2-ci maddəsinə əsasən qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin bu iş üzrə xx xxxxxx 2020-ci il tarixli 2(067)-767/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar