Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1097/2021 04.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi ilə, İddiaçı-nin cavabdeh Məmmədov Şücaət Əliheydər oğluna qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun tutulması, borcun ipoteka predmetinə yönəldilməsi və açıq hərracda satılması, satışdan əldə edilmiş vəsait hesabına kredit borcunun ödənilməsi, artıq qalan vəsaitin isə cavabdehə qaytarılması tələbinə mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-1880/2020 saylı, 26 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh Məmmədov Şücaət Əliheydər oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Quba Rayon Məhkəməsinin 2(027)-1880/2020 saylı, 26 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, «İddiaçı” BOKT MMC ilə Məmmədov Şücaət Əliheydər oğlu arasında bağlanmış 21.10.2015-ci il tarixli, 433 saylı kredit müqaviləsi ləğv edilmiş, Məmmədov Şücaət Əliheydər oğlundan «İddiaçı” BOKT MMC-nin xeyrinə əsas borc üzrə 4188,34 ABŞ dolları, faiz borcu üzrə 2506,40 ABŞ dolları, dəbbə puluna görə 20 ABŞ dolları olmaqla, cəmi 6714,74 ABŞ dolları məbləğində pulun (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla) tutulması, borc ödənilmədikdə «İddiaçı” BOKT MMC-nin tutma tələbinin AR DƏDRX tərəfindən verilmiş 18.11.2011-ci il tarixli, RX-0303691 saylı çıxarışa əsasən cavabdeh Məmmədov Şücaət Əliheydər oğlunun mülkiyyətində olan Quba rayonu, Vəl- Vələ kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinə yönəldilməsi, həmin ipoteka predmetinin ilkin satış qiymətinin 15000 manat müəyyən edilməsi, açıq hərracda satış yolu ilə əldə ediləcək vəsaitin hesabına əsas borcun, faiz borcunun, dəbbə pulunun və dövlət rüsumunun ödənilməsinin təmin edilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin ipoteka qoyana verilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. (hakim R.Həsənov). Qətnamədən narazı qalan cavabdeh Məmmədov Şücaət Əliheydər oğlu apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 2(027)-1880/2020 saylı, 26 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİ N H A L L A R İ : «İddiaçı” BOKT MMC cavabdeh Məmmədov Şücaət Əliheydər oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı” Bank Olmayan Kredit Təşkilatı MMC-nin Quba filialı ilə Məmmədov Şücaət Əliheydər oğlu arasında bağlanmış 21 oktyabr 2015-ci il tarixli, 433 saylı kredit müqaviləsinin ləğv edilməsi, 06.10.2017-ci il tarixə hesablanmış kreditin əsas borcu 4902,22 ABŞ dolları, əsas məbləğə hesablanmış faiz borcu 2506,40 ABŞ dolları, dəbbə pulu 1207 ABŞ dolları olmaqla, cəmi 11986,40 ABŞ dolları məbləğdə borcun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin Məmmədov Şücaət Əliheydər oğlundan alınaraq, İddiaçı-nin xeyrinə tutulması, borcun kreditin təminatı məqsədilə ipotekaya qoyulmuş AR DƏDRX tərəfindən verilmiş 18.11.2011-ci il tarixli, RX- 0303691 saylı çıxarışa əsasən Məmmədov Şücaət Əliheydər oğlunun mülkiyyətində olan Quba rayonu, Vəl- Vələ kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin açıq hərracda satılması və satışdan əldə olunan vəsaitdən İddiaçı-yə olan borcunun və dövlət büdcəsinə köçürülmüş 30 manat məhkəmə rüsumunun əvəzinin ödənilməsi, vəsaitin artıq qalan hissəsinin cavabdehə qaytarılması barədə qətnamə qəbul eilməsini məhkəmədən xahiş etmişdir. «İddiaçı” BOKT MMC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Məmmədov Şücaət Əliheydər oğlu arasında 21 oktyabr 2015-ci il tarixli, 433 saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə Məmmədov Şücaət Əliheydər oğluna İddiaçı-nin Quba filialı tərəfindən fərdi ev təmiri məqsədilə 5000 ABŞ dolları məbləğində pul ayrılmışdır. X4 Əliheydər oğlu illik 23% faiz olmaqla, 36 ay müddətinə kreditin əsas məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlindəki qrafik üzrə (aylıq ödəniş 193,55 ABŞ dolları) ödəməli olduğu halda, ödəniş qrafikinə uyğun öhdəliyini yerinə yetirməmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi AR ƏMDK yanında DƏDRX- nin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş (reyestr nömrəsi **********86, qeydiyyat nömrəsi **********, RX ******* saylı) 18.11.2011-ci il tarixli çıxarışa əsasən, X1 tərəfindən xüsusi mülkiyyət hüququ ilə özünə məxsus Quba rayonu, Vəl-Vələ kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi ipotekaya qoyulmuş, bununla bağlı tərəflər arasında 21 oktyabr 2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 309-cu və “İpoteka haqqında “AR Qanununun 10.4-cü maddələrinə uyğun olaraq, ipoteka müqaviləsi Azərbaycan Respublikası DƏDRX- nin müvafiq Ərazi İdarəsində Dövlət qeydiyyatına alınmışdır. Bununla bağlı 17.08.2017- ci il tarixli, RX ******* saylı çıxarış verilmişdir. İddiaçı-nin Quba filialı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam surətdə icra etmiş və kredit məbləğini Məmmədov Şücaət Əliheydər oğluna vermişdir. Lakin borclu Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq aldığı məbləğdən və ona hesablanmış faizlərdən ödənişi qrafik üzrə aparmamışdır. Onunla dəfələrlə görüşlərin keçirilməsinə və xəbərdarlıqların edilməsinə baxmayaraq öhdəliyini tam icra etməmişdir. İpoteka müqaviləsinin 2.5-ci bəndinə əsasən, tərəflər ipoteka predmetinin qiymətini 12000 ABŞ dolları məbləğində qiymətləndirmişlər. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Şİ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ Nİ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh Məmmədov Şücaət Əliheydər oğlu apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əsassız və qanunsuzdur. Belə ki, İddiaçı-yə cəmi 6714,74 ABŞ dolları borcunun olması ilə razılaşmır, çünki iddiaçıdan kredit aldıqdan bir müddət sonra ABŞ dollarının manata olan məzənnəsi qalxmış, borcunu ödəyə bilməmişdir. Bundan sonra, Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən xarici valyutada olan kreditlər kompensasiya olunmuş, İddiaçı-dən aldığı kreditə görə ona 1213,60 manat məbləğində kompensasiya ayrılmış, həmin kompensasiya məbləği kreditdən çıxılmış, banka olan borcunun 7119,80 manat olması müəyyən edilmişdir. İddiaçının iddia tələbində ondan tələb etdiyi əsas borc məbləği 4188,34 ABŞ dolları (ABŞ dollarının həmin vaxta olan manat məzənnəsi ilə eynidir 7120,178 manat) eyni borcdur. Lakin iddiaçı ondan əlavə olaraq 2506,40 ABŞ dolları faiz borcu da tələb edir ki, bu da qanunsuzdur. Kredit müqaviləsinin müddəti 21 oktyabr 2018-ci ildə birmişdir, buna baxmayaraq iddiaçı bu tarixdən də sonra ona faiz borcu hesablamış və tələb etmişdir, halbuki bu, Mülki Məcəllənin tələblərinə ziddir. Bundan başqa, ipoteka predmetinin real qiyməti ən azı 20000-30000 manatdır, lakin məhkəmə bu əmlakı 15000 manat qiymətləndirmişdir ki, bu da işin faktiki hallarına uyğun gəlmir. Göstərilənlərə əsasən qətnamə ləğv edilməlidir. Apelyasiya baxışı zamanı iştirak etdiyi məhkəmə iclasında cavabdeh Məmmədov Şücaət Əliheydər oğlu apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı yekun məhkəmə iclasının vaxtı və yeri barədə tərəflər lazımi qaydada xəbərdar olunmuşlar. Cavabdeh teleqramla məhkəməyə müraciət edərək səhhətilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iclasın təxirə salınmasını xahiş etmiş, lakin bununla bağlı heç bir sənəd əlavə etməmişdir. İddiaçı tərəf isə heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin və onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan 21.10.2015-ci il tarixli, 433 saylı kredit müqaviləsindən görünür ki, tərəflər İddiaçı tərəfindən fərdi ev təmiri məqsədilə Məmmədov Şücaət Əliheydər oğluna 36 ay müddətinə, illik 23% olmaqla, 5.000 ABŞ dolları məbləğində kredit verilməsi barədə razılığa gəlmişlər. Yenə iş materiallarında olan 433 saylı, 21 oktyabr 2015-ci il tarixli müddətli öhdəçilik qəbzindən görünür ki, İddiaçı tərəfindən Məmmədov Şücaət Əliheydər oğluna 5.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Yenə də iş materiallarında olan 21.10.2015-ci il tarixli notarial qaydada təsdiq olunmuş Məmmədov Şücaət Əliheydər oğlu ilə «İddiaçı” BOKT MMC arasında bağlanmış ipoteka müqaviləsindən görünür ki, 21.10.2015-ci il tarixli, 433 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi üçün DƏDRX-nin 5 saylı ərazi idarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi **********86, qeydiyyat nömrəsi **********, MA ******* saylı) 18.11.2011-ci il tarixli çıxarışa əsasən Məmmədov Şücaət Əliheydər oğluna məxsus Quba rayonunun Vəl-Vələ kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi ipotekaya qoyulmuşdur. Tərəflərin razılığı ilə ipoteka predmeti 12000 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. İşdə olan DƏDRX-nin 5 saylı ərazi idarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi **********86, qeydiyyat nömrəsi **********, MA ******* saylı) 18.11.2011-ci il tarixli çıxarışa əsasən Quba rayonunun Vəl-Vələ kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi Məmmədov Şücaət Əliheydər oğlunun mülkiyyətindədir. Yenə işdə olan RX ******* saylı, 17.08.2017-ci il tarixli reyestrdən çıxarışdan görünür ki, «İddiaçı” BOKT MMC-nin məlum ipoteka predmeti üzərindəki ipoteka hüquqları AR DƏDRX-nin müvafiq ərazi idarəsində qeydiyyata alınmışdır. Yenə də işdə olan xəbərdarlıq məktublarından görünür ki, «İddiaçı” BOKT MMC 21.10.2015-ci il tarixli, 433 saylı kredit müqaviləsi üzrə borcunun olması və onun ödənilməsi barədə Məmmədov Şücaət Əliheydər oğlunu xəbərdar etmişdir. İş materiallarında olan 27.09.2017-ci il tarixli məktubdan görünür ki, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə «İddiaçı” BOKT MMC tərəfindən Məmmədov Şücaət Əliheydər oğluna bildiriş göndərilmişdir. Yenə iş materiallarında olan 588 saylı, 02.10.2017-ci il tarixli məktubdan görünür ki, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə «İddiaçı” BOKT MMC tərəfindən Məmmədov Şücaət Əliheydər oğluna göndərilmiş bildirişin qeydə alınması DƏDRX-nin 5 saylı Ərazi İdarəsindən xahiş edilmişdir. “xxxx” MMC-nin 83 saylı, 18.05.2018-ci il tarixli hesabat rəyindən görünür ki, Quba rayonu, Vəl-Vələ kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin bazar qiyməti 15.000 manat məbləğində qiymətləndirilmişdir. İşə əlavə edilmiş “xxxx” MMC-nin 0333/19/PSG saylı, 29.05.2019-cu il tarixli torpaq sahəsinin qiymətləndirilməsinə dair hesabatından görünür ki, Quba rayonu Vəl- Vələ kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin bazar qiyməti 8.000 manat məbləğində qiymətləndirilmişdir. Yenə işə əlavə edilmiş “B+Ş Konsaltinq “ MMC-nin A-01/34 saylı, 28.04.2021-ci il tarixli qiymətləndirilmə hesabatından görünür ki, Məmmədov Şücaət Əliheydər oğluna məxsus Quba rayonu Vəl-Vələ kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin orta bazar qiyməti 11000 manat, likvid dəyəri 10000 manat məbləğində qiymətləndirilmişdir. İşdə olan maliyyə arayışından görünürki, 06.10.2017-ci il tarixinə cavabdehin BOKT-a 4902,22 ABŞ dolları əsas borcu, 2506,40 ABŞ dolları məbləğində faiz borcu, 1207 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, cəmi 7408,62 ABŞ dolları məbləğində borc vardır. Yenə işdə olan 28 sentyabr 2020-ci il tarixli maliyyə arayışından görünür ki, 28.09.2020-ci il tarixinə cavabdehin BOKT-a 4188,34 ABŞ dolları əsas borcu, 2506,40 ABŞ dolları məbləğində faiz borcu, 1207 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, cəmi 7901,74 ABŞ dolları məbləğində borc vardır. Yenə də işdə olan problemli kreditlərin kompensasiyası ilə bağlı 27 iyun 2019-cu il tarixli arayışdan görünür ki, Məmmədov Şücaət Əliheydər oğlunun «İddiaçı” BOKT MMCyə 21.10.2015-ci il tarixli, 433 saylı kredit müqaviləsi üzrə borcundan 1213,60 manat kompensasiya edilmişdir. İş materiallarında olan AR X3 Şücaət Əliheydər oğluna göndərdiyi 26 oktyabr 2020-ci il tarixli məktubundan görünür ki, onunla İddiaçı arasında rəsmiləşdirilmiş kredit müqaviləsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli Fərmanın (Fərman) əhatə dairəsinə düşdüyündən kredit borcunun devalvasiya nəticəsində manatla artmış hissəsinin dövlət tərəfindən qarşılanması məqsədilə dövlət büdcəsinin vəsaiti hesabına ümumilikdə 2941,20 manat məbləğində kompensasiya ayrılmışdır. Həmin Fərmana əsasən fiziki şəxslərə çatacaq kompensasiyaların ilk növbədə onların banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş (10 gündən artıq gecikməsi olan) əşas kredit borclarının ödənilməsinə yönəldilməsi, yalnız bundan sonra qalan məbləğin həmin fiziki şəxslərin sərəncamına verilməsi müəyyən edilmişdir. Bu səbəbdən ona hesablanmış kompensasiya məbləği proporsional qaydada, ilk növbədə, onun 01 mart 2019-cu il tarixinə “xxxx” KB ASC-də və İddiaçı-də 10 gündən artıq gecikməsi olan kredit borclarınızın azaldılmasına yönəldilmişdir. Həmin Fərmana müvafiq olaraq 01 mart 2019cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 ABŞ dollarınadək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının, yəni 360 gündən çox gecikdirilmiş borcların restrukturizasiya olunması qeyd edilmişdir. Məmmədov Şücaət Əliheydər oğlunun kredit təşkilatları qarşısında olan kreditlər üzrə həmin tarixlərə ümumi qalıq borcu 10000 ABŞ dollarından (və ya eyni ekvivalentdə digər xarici valyutada ifadə olunan məbləğdən) və ya 17000 manatdan artıq olduğu üçün restrukturizasiya hissəsində Fərmanın əhatə dairəsinə düşməmişdir. Həmin Fərmanın icrası məqsədilə “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” təsdiqənmişdir. Həmin Qaydanın 5.2.1-ci bəndinə müvafiq olaraq Fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 2(027)-1880/2020 saylı, 26 oktyabr 2020-ci il tarixli qətnaməsi verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. İddianın təmin edilməmiş hissəsində qətnamədən apelyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası hazırkı mərhələdə qətnamənin bu hissəsində apelyasiya araşdırması aparmır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh Məmmədov Şücaət Əliheydər oğlu iddiaçı təşkilatdan ev təmiri məqsədilə illik 23 faizlə 36 ay müddətinə 5000 ABŞ dolları kredit götürmüşdür. Kredit öhdəliklərinin təminatı kimi borcluya məxsus Quba rayonunun Vəl-Vələ kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi ipotekaya qoyulmuşdur. Kredit götürülsə də, müqavilə üzrə yaranmış öhdliklərə tam əməl edilməmiş, tələb edilən borc yaranmışdır. Lakin xəbərdarlıq edilməsinə baxmayaraq, borc cavabdeh tərəfindən tam ödənilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, cavabdeh Məmmədov Şücaət Əliheydər oğlu həmin müqavilə üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. AR Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, X4 Əliheydər oğlunun iddiaçı bank olmayan kredit təşkilatı qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıya kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə əsas borc üzrə 4188,34 ABŞ dolları və faiz borcu üzrə 2506,40 ABŞ dolları borcunun olması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, bu borc işdə olan obyektiv sübutlarla, kredit müqaviləsinə əlavə ilə, habelə maliyyə arayışı ilə təsdiq olunur. Həmçinin işə baxan məhkəmə cavabdehin maddi durumunu nəzərə alıb haqlı olaraq, Mülki Məcəllənin 467-ci maddəsinə istinad etmiş, cərimə borcunu 1207 ABŞ dollarından 20 ABŞ dollarına endirmişdir. İş materiallarından görünür ki, iddia qaldırılan zaman, yəni 06 oktyabr 2017-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 4902,22 ABŞ dolları təşkil etmişdir. Lakin cavabdehlə İddiaçı arasında rəsmiləşdirilmiş kredit müqaviləsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli Fərmanın (Fərman) əhatə dairəsinə düşdüyündən kredit borcunuzun devalvasiya nəticəsində manatla artmış hissəsinin dövlət tərəfindən qarşılanması məqsədilə dövlət büdcəsinin vəsaiti hesabına ümumilikdə 2941,20 manat (bu kredit müqaviləsinə 1213,60 manat) məbləğində kompensasiya ayrılmışdır. Bundan sonra isə, 28 sentyabr 2020-ci il tarixli maliyyə arayışı ilə İddiaçı cavabdehdən tələb edilən əsas borcu 4188,34 ABŞ dollarına endirmişdir, yəni kompensasiya məbləği iddiaçı tərəfindən nəzərə alınmışdır. Bununla belə, Məmmədov Şücaət Əliheydər oğlunun kredit təşkilatları qarşısında olan kreditlər üzrə həmin tarixlərə ümumi qalıq borcu 10000 ABŞ dollarından (və ya eyni ekvivalentdə digər xarici valyutada ifadə olunan məbləğdən) və ya 17000 manatdan artıq olduğu üçün restrukturizasiya hissəsində Fərmanın əhatə dairəsinə düşməmişdir. Başqa sözlə, kredit müqaviləsi üzrə qət edilən borc məbləği işin faktiki hallarına, habelə qüvvədə olan hormalara tamamilə uyğundur. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı yaranan borc ödənilmədiyi üçün bunu ipoteka predmetinə yönəltməyi tələb etməkdə haqlıdır. Bu baxımdan məhkəmə kollegiyası aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» AR Qanununun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 36.1-cı maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra edilməməsi, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Beləliklə də, borclu tərəfindən əsas öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə iddiaçının-ipoteka saxlayanın borcun ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Buna görə də, iddiaçı bankın ipoteka premetinə tələbin yönəldilməsi barədə iddia tələbi əsaslıdır və tələbin ipotekaya qoyulmuş Məmmədov Şücaət Əliheydər oğluna məxsus Quba rayonunun Vəl-Vələ kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinə yönəldilməsi və həmin əmlakın açıq hərracda satılması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh öz apelyasiya şikayətində ipoteka predmetinin ilkin satış qiymətini də mübahisələndirir. “İpoteka haqqında” AR Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipotekanın ilkin satış qiymətini müəyyənləşdirir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin qanunun 1.0.9-ci maddəsinə görə ilkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İş materiallarından aydın olur ki, məhkəmə ipoteka predmetinin orta bazar qiymətini 15000 manat müəyyən etmiş, bu məbləği isə yalnız cavabdeh mübahisələndirmiş, iddiaçı isə bununla razılaşmışdır. Məhkəmə kollegiyası cavabdehin bu dəlili üzrə araşdırma aparmış, özünün 02 aprel 2021-ci il tarixli qərardadı ilə təkrar məhkəmə -əmtəəşünaslıq ekspertizası təyin etmişdir. Bu araşdırma nəticəsində isə müəyyən edilmişdir ki, ipoteka predmetinin 22 aprel 2021-ci il tarixinə orta bazar qiyməti 11000 manat, likvid dəyəri 10000 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaq sahəsi açıq hərraca çıxarılarkən, qanunla onun satış qiyməti likvid dəyərində müəyyən edilməlidir. Bununla belə, qət edilən əmlakın satış dəyərinin azaldılması barədə iddiaçı tərəfindən şikayət verilmədiyindən, məhkəmə kollegiyası hesab edir ki, onun ilkin satış qiyməti məhz qətnamədəki qiymət, yəni 15000 manat məbləğində müəyyən edilməlidir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kolegiyası hesab edir ki, İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilmiş, lakin Cavabdeh apelyasiya şikayətinin dəlillərini məhkəmə iclasında sübuta yetirə bilməmişdir. Onun kredit borcunun problemli kredit borcu kimi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” AR Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşməsi və bu səbəbdən də banka faiz borcunun olmaması barədə Məmmədov Şücaət Əliheydər oğlunun dəlili əsassızdır, çünki cavabdeh bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Yuxarıda da qeyd edildiyi kimi, dövlət tərəfindən verilmiş kompensasiya məbləği iddiaçı tərəfindən nəzərə alınmış və əsas məbləğdən çıxılaraq azaldılmışdır. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər apelyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən saxlanması, apelyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu Cavabdeh özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 2(027)-1880/2020 saylı, 26 oktyabr 2020-ci il tarixli qətnaməsi Məmmədov Şücaət Əliheydər oğlunun apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat məbləğində dövlət rüsumu cavabdeh Məmmədov Şücaət Əliheydər oğlunun özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1097/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1097/2021
04.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver