Məhkəmə qərarları › İş №2(105)-11/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-11/2025

09.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-11/2025 09.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi) X9 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit üzrə borcun qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 29 iyun 2018-ci il tarixli, 2(067)-9/2018 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh2 54718,67 manat məbləğində əsas borcun, 9802 manat məbləğində faiz borcunun, 1108 manat gecikdirilmiş faiz borcunun, ümumilikdə 65628,67 manat məbləgində kredit borcunun, məhkəmə qətnaməsi çıxarılan günədək hesablanacaq kreditdən istifadəyə görə əlavə faiz borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləgində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat rüsum məbləginin tutulub iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ödəmənin Cavabdeh2 ilə bank arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 28 XK nömrəli kredit müqaviləsinin təminatı qismində banka ipotekaya qoyulmuş, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, Xaçmaz rayonunun Qaraqurtlu kəndində 0,09 ha torpaq sahəsi və həmin sahənin üzərində yerləşən 799,1 kv.metr ümumi sahədən ibarət 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evinə yönəldilərək, həmin ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı Açıq Səhmdar cəmiyyətinə ödənilməsi, ipoteka predmetinin satıldıqdan sonra 1 ay müddətinə boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialı ilə bağlanmış xx.xx.2013-cü il tarixli, 28 XK nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 48 ay müddətinə, illik 20 faiz hesablanmaqla 70.000 manat məbləğində kredit verilmişdir. Cavabdehlə bank arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 28 XK nömrəli kredit müqaviləsinin təminatı qismində Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Xaçmaz rayonu, Qaraqurtlu kəndindəki 0,09 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 799,1 kv.metr ümumi sahədən ibarət 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evi banka ipotekaya qoyulmuş, bu barədə cavabdehlə xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsi bağlanmış və Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Ərazi İdarəsi tərəfindən ipoteka müqaviləsi qeydiyyata alınaraq, xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli ipoteka yüklülüyünə dair çıxarış verilmişdir. xx.xx.2013-cü il tarixli, 28 XK nömrəli kredit müqaviləsinin 3.3-cü bəndinə əsasən kredit məbləği kreditin “Kredit alan” üçün açılan ssuda hesabına köçürüldüyü tarixdən başlayaraq hər 30 təqvim gününün bitdiyi sonuncu gün “Kredit alan” tərəfindən “Kredit verən”nin hesabına nağd və ya köçürmə yolu ilə 4.1-ci bəndi ilə müəyyən olunan müddət ərzində hər ay bərabər hissələrlə geri qaytarılır. Kredit müqaviləsinin 3.4-cü bəndinə əsasən “Kredit alan” kreditdən istifadəyə görə “Kredit verən”ə illik 20% ödəyir. Həmin müqavilənin 3.6-cı bəndinə əsasən faizlər kreditin ssuda hesabına daxil olduğu gündən etibarən hər 30 təqvim gününün bitdiyi sonuncu gün “Kredit alan” tərəfindən “Kredit verən”in hesabına nağd və ya köçürülmə yolu ilə ödənilir. Faizlərin son ödənişi kreditin son ödənişi ilə birlikdə ödənilir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən müqavilənin 3.3-cü bəndində göstərilən vəzifənin icra müddəti “Kredit alan” tərəfindən gecikdirildiyi halda o, hər gecikdirilən gün üçün müqavilənin 3.4-cü bəndi ilə müəyyənləşdirilən faizlərin iki misli miqdarında cərimə ödəyir. Cavabdeh2 bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka xx.xx.2015-ci il tarixə olan borcu 54718,67 manat məbləğində əsas, 9802 manat məbləğində faiz, 1108 manat gecikdirilmiş faiz, ümumilikdə 65628,67 manat təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir.

3. İddiaçı Açıq Səhmdar Cəmiyyəti 16 dekabr 2015-ci il tarixdə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 54718,67 manat məbləğində əsas borcun, 10648 manat məbləğində faiz borcunun, 1416 manat gecikdirilmiş faiz borcunun, ümumilikdə 66748,67 manat məbləgində kredit borcunun, məhkəmə qətnaməsi çıxarılan günədək hesablanacaq kreditdən istifadəyə görə əlavə faiz borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat rüsum məbləğinin tutulub iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ödəmənin Cavabdeh2 ilə bank arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 28 XK nömrəli kredit müqaviləsinin təminatı qismində banka ipotekaya qoyulmuş, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Xaçmaz rayonunun Qaraqurtlu kəndindəki 0,09 ha torpaq sahəsi və həmin sahənin üzərində yerləşən 799,1 kv.metr ümumi sahədən ibarət 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evinə yönəldilərək, həmin ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ipoteka predmetinin satıldıqdan sonra 1 ay müddətinə boşaldılması və Cavabdeh1 həmin əmlakdan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı Açıq Səhmdar Cəmiyyəti 17 mart 2017-ci il tarixdə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 54718,67 manat məbləğində əsas borcun, 23988 manat məbləğində faiz borcunun, 8991 manat gecikdirilmiş faiz borcunun, ümumilikdə 87697,67 manat məbləgində kredit borcunun, məhkəmə qətnaməsi çıxarılan günədək hesablanacaq kreditdən istifadəyə görə əlavə faiz borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləgində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat rüsum məbləğinin tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ödəmənin Cavabdeh2 ilə bank arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 28 XK nömrəli kredit müqaviləsinin təminatı qismində banka ipotekaya qoyulmuş, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Xaçmaz rayonunun Qaraqurtlu kəndindəki 0,09 ha torpaq sahəsi və həmin sahənin üzərində yerləşən 799,1 kv.metr ümumi sahədən ibarət 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evinə yönəldilərək, həmin ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ipoteka predmetinin satıldıqdan sonra 1 ay müddətinə boşaldılması və Cavabdeh1 həmin əmlakdan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

6. 29 avqust 2013-cü il tarixli, 28 XK saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialı tərəfindən Cavabdeh2 illik 20 faiz olmaqla, 48 ay müddətinə 70000 manat məbləğində kredit verilmişdir.

7. 29 avqust 2013-cü il tarixli, 38 İMX saylı ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialı ilə Cavabdeh2 arasında bağlanmış 29 avqust 2013-cü il tarixli, 28 XK saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 mülkiyyətində olan Xaçmaz rayonu, Qaraqurtlu kəndində 0,09 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 799,1 kv.metr ümumi, 187,1 kv.metr yaşayış və 612,0 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evi ipotekaya qoyulmuş və evin qiyməti 177400 manat məbləğində müəyyən edilmişdir.

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xaçmaz rayonu, Qaraqurtlu kəndində 0,09 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 799,1 kv.metr ümumi, 187,1 kv.metr yaşayış və 612,0 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına 29 avqust 2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 27 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində qeydiyyata alınmışdır.

9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xaçmaz rayonu, Qaraqurtlu kəndində 0,09 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi 07 sentyabr 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 27 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində qeydiyyata alınmışdır.

10. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2 və Cavabdeh1 göndərilmiş 20 avqust 2015- ci il tarixli, AB XÇF 01-00201 saylı bildirişdən görünür ki, 29 avqust 2013-cü il tarixli, 28 XK saylı kredit müqaviləsi üzrə banka olan borcunu 3 bank günü müddətində ödəməkləri barədə xəbərdar edilmişlər.

11. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 göndərilmiş 16 sentyabr 2015-ci il tarixli, XF xx-xx-00302 saylı bildirişdən görünür ki, 29 avqust 2013-cü il tarixli, 28 XK saylı kredit müqaviləsi üzrə banka olan borcunu ödəmədiyi üçün ipoteka predmeti olan mülkiyyətindəki Xaçmaz rayonu, Qaraqurtlu kəndində 0,09 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 799,1 kv.metr ümumi, 187,1 kv.metr yaşayış və 612,0 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evinə tutmanın yönəldilməsi proseduruna başlanıldığı barədə xəbərdar edilmişdir.

12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin 13 oktyabr 2015-ci il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh1 məxsus Xaçmaz rayonu, Qaraqurtlu kəndində 0,09 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmışdır.

13. “Əmlak Ekspert Mərkəzi”nin 21 dekabr 2016-cı il tarixli, ƏEM/D 116-819/16 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Xaçmaz rayonu, Qaraqurtlu kəndi 0,09 ha torpaq sahəsi və üzərində yerləşən 799,1 kv.metr ümumi sahədən ibarət 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evinin 21 dekabr 2016-cı il tarixə bazar dəyəri 150000 manat təşkil edir.

14. Məhkəmə-mühasibatlıq ekspertizasının 22 may 2018-ci il tarixli, 23456 saylı rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 29 avqust 2013-cü il tarixli, 28 XK nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, Cavabdeh2 iddia tələbinin tarixinə, yəni 16 dekabr 2015-ci il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan əsas borcu 54153,95 manat, faiz borcu 8176,09 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

15. Xaçmaz Rayon Məhkəməsinin 29 iyun 2018-ci il tarixli, 2(067)-9/2018 nömrəli qətnaməsi ilə (hakim Rövşən Xəlilov) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit üzrə borcun qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh2 54153,95 manat məbləğində əsas, 8176,09 manat məbləğində faiz, 200 manat gecikdirilmiş faiz borcunun, iddia ərizəsi üzrə ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyat orqanında qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində pulun alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tələbin Cavabdeh2 ilə bank arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 28 XK nömrəli kredit müqaviləsinin təminatı qismində banka ipotekaya qoyulmuş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan, Xaçmaz rayonunun Qaraqurtlu kəndində 0,09 ha torpaq sahəsinə və həmin sahənin üzərində yerləşən 799,1 kv.metr ümumi sahədən ibarət 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, Cavabdeh1 məxsus olan, Xaçmaz rayonunun Qaraqurtlu kəndində 0,09 ha torpaq sahəsi və həmin sahənin üzərində yerləşən 799,1 kv.metr ümumi sahədən ibarət 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evinin hərrac yolu ilə satılması, satışdan əldə edilən vəsait hesabına kredit müqaviləsi üzrə 54153,95 manat məbləğində əsas, 8176,09 manat məbləğində faiz, 200 manat gecikdirilmiş faiz borcunun, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 150000 manat məbləğində qiymətləndirilməsi, ekspertiza tədqiqatının dəyəri 150 manat məbləğində pulun Cavabdeh2 alınaraq “Əmlak Ekspert Mərkəzi” məhdud məsuliyyətli cəmiyyəti hesabına keçirilməsi, ekspertiza tədqiqatının dəyəri 145 manat məbləğində pulun Cavabdeh2 alınaraq X3 hesabına keçirilməsi qət edilmişdir.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 307.1, 307.2, 307.3, 309.1, 317.1, 319.1, 385.1, 425.1, 443.1, 448.1, 449.1, 460, 465.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1, 34.1.2, 36, 39.3.3, 41.2, 47.5, 59.3 və 59.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

Apellyasiya şikayəti və onun dəlilləri

17. İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermişlər.

18. İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, iddia tələbinin qismən təmin edilməsi hissəsində ləğv edilərək iddia tələbinin tam edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cəmiyyət tərəfindən 28 iyun 2018-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ikinci ərizə verilmişdir. 28 iyun 2018-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəyə əsasən cəmiyyətin Cavabdeh2 54718,67 manat əsas borc, 29 avqust 2017-ci il tarixə (müddətin sonuna) 29112 manat faiz borcu, 29 avqust 2017-ci il tarixdən 29 iyun 2018-ci il tarixə illik 5 faizlə hesablanmış 2248 manat faiz borcu, ümumilikdə 86078,67 manat məbləğində kredit borcu və s. tələb etməsinə baxmayaraq birinci instansiya məhkəməsi nədənsə bu ərizəni nəzərə almamış, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələbi pozulmuşdur. Bu səbəbdən də qətnamə həmin hissədə qismən ləğv edilməli və iddia qeyd olunan hissələrdə də tam təmin edilməlidir. Faiz borcunun hansı tarixədək hesablanmalı olmasına dair məsələ MMnin 424.2 və 424.3-cü maddəsinin tələbləri baxımından həll edilməlidir. Qətnamənin qəbul edildiyi tarixdən onun qanuni qüvvəyə minməsinə qədər keçən müddət üçün tərəflərin kredit müqaviləsi üzrə öhdəlikləri qüvvədə olacağından bank qeyd edilən dövr üçün də kredit faizinin ödənilməsini tələb etmək hüququna malikdir. Bundan başqa, Azərbaycan Respublikası MM-nin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin qeyd olunan maddəsindən aydın olur ki, kreditin qaytarılma müddətindən asılı olmayaraq kreditdən istifadəyə görə faizlər əsas borcun banka ödənildiyi günədək hesablanmalıdır. İşə baxan birinci instansiya məhkəməsi maddi hüquq pozuntusuna yol verərək, hazırki iş üzrə faizlərin hesablanması ilə bağlı həmin maddələri tətbiq etməmişdir. Bundan başqa, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 3.5-ci bəndinə əsasən faizlər kreditin ssuda hesabına daxil olduğu günün ertəsi günündən kredit qaytarılan günədək hesablanır. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən bu müqavilənin 3.3-cü bəndində göstərilən vəzifənin icra müddəti “Kredit alan” tərəfindən gecikdirildiyi halda, gecikdirilmiş borc məbləği tam şəkildə geri qaytarılanadək hər gecikdirilmiş günə görə gecikdirilmiş əsas borca bu müqavilənin 3.4-cü bəndi ilə müəyyən olunan faizlər ikiqat həcmdə hesablanacaqdır. Göründüyü kimi, məhkəmə prosessual hüquq pozuntusuna da yol verərək, iş üzrə əsas sübut olan kredit müqaviləsinin şərtlərini nəzərə almamış və bununla da MPM-nin 88-ci maddəsinin tələblərini pozmuşdur. Cavabdeh2 29 avqust 2017-ci il tarixə (müddətin sonuna) banka olan əsas borcunun 54718,67 manat, faiz borcunun 29112 manat olmasına baxmayaraq məhkəmə yuxarıda göstərilən halları nəzərə almamış və ona görə də həmin hissələrdə iddianı tam olaraq təmin etməyərək yanlış nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi həmçinin illik 5% dərəcəsi ilə əsas borca hesablanmış 2248 manat faiz borcunu da təmin etməyərək bir daha səhv nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Konstitusiya Məhkəməsinin qərarından da görünür ki, bank əsas borca hesablanmış illik 5% məbləğini cavabdehdən tələb edərək öz iddiasında haqlı olmuşdur. Ona görə də müqavilə müddəti bitdikdən sonra, yəni 29 avqust 2017-ci il tarixdən 29 iyun 2018-ci il tarixə illik 5 faiz dərəcəsi ilə əsas borca hesablanmış 2248 manat faiz borcu da cavabdehdən alınaraq cəmiyyətin xeyrinə ödənilməlidir. Birinci instansiya məhkəməsi ipoteka predmetinin satıldıqdan sonra 1 ay müddətinə boşaldılması hissəsində cəmiyyətin tələbini təmin etməyərək artıq üçüncü dəfə səhv nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi “İpoteka haqqında” qanunun 59.3-cü maddəsinin tələblərinə riayət etməmişdir. Belə ki, həmin maddəyə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri, digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini 150000 manat kimi qəbul etsə də, Xaçmaz rayonun, Qaraqurtlu kəndində 0,09 ha torpaq sahəsinin və həmin sahənin üzərində yerləşən 799,1 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evinin ümumi qiyməti 150000 manat dəyərində deyil, təxminən 110000 manat dəyərində olar, çünki həmin fərdi yaşayış evinin yanından qatar yolu keçir və ipoteka müqaviləsinin bağlandığı tarixdən, yəni 2013-cü il tarixdən hazırki vaxtadək 6 il vaxt ərzində fərdi yaşayış evinin yanında olan dəmir yolu ilə hər dəfə qatar keçərkən fərdi yaşayış evi silkələnir, ona görə də ev vaxtından əvvəl köhnəlir, evin ilkin dəyəri artıq 150000 manat deyil, təxminən 110000 manat dəyərində olmuşdur. Bu səbəbdən yenidən qiymətləndirmə ekspertizası təyin olunmalı və dəmir yolunun yanında olan 0,09 ha torpaq sahəsinin və fərdi yaşayış evinin deformasiyaya uğraması nəzərə alınaraq həmin daşınmaz əmlakın ümumi qiyməti yenidən müəyyən olunmalıdır.

20. Cavabdeh2 apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə qəbul olunmuş qətnamədən narazıdır. Qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan ləğv edilməldir. Belə ki, götürdüyü kreditdən 30000 manatını ödəmişdir. Borcun yaranmasına maddi vəziyyətinin ağır olması səbəb olmuşdur. O, iddiaçı təşkilatın hesabına 30000 manata qədər ödəniş etsə də, ödəniş etdiyi pulları iddiaçı təşkilat düzgün hesablamamışdır. O, iş üzrə keçirilən məhkəmə iclaslarında şifahi şəkildə vəsatət qaldırmış, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini məhkəmənin nəzərinə çatdırmışdır. Lakin məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini təmin etməmişdir. İddiaçı təşkilat ilə onun arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 28 XK nömrəli kredit müqaviləsinin təminatı qismində banka ipotekaya qoyulmuş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Xaçmaz rayonunun Qaraqurtlu kəndindəki 0,09 ha torpaq sahəsi və həmin sahənin üzərində yerləşən 799,1 kv.metr ümumi sahədən ibarət 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evində iddiaçı təşkilatın rəhbərləri və nümayəndələri dəfələrlə olmuş, həmin evin həqiqi bazar qiymətinin 700000-800000 manat olmasını bilirmişlər. Buna baxmayaraq həmin ev qiymətləndirilən zaman bilərəkdən aşağı qiymət qoyulmuşdur ki, hərrac nəticəsində də həmin mülkü bank balansına götürsün. Onun konstitusion mülkiyyət hüquqları pozulmuş, nəticədə məhkəmənin qətnaməsində ev ekspert tərəfindən dəyər-dəyməzə qiymətləndirilmişdir. Həmçinin Əmlak Ekspert Mərkəzi tərəfindən keçirilmiş ekspertizadan və ekspertizanın 21 dekabr 2016-cı il tarixli rəyindən narazıdır. Belə ki, mənzil tam təmir olunmuşdur, 799,1 kvadratmetr ümumi sahəyə malikdir. Fərdi evin hazırda bazar qiyməti 750000-800000 manat olduğu halda, Əmlak Ekspert Mərkəzi 2 mərtəbəli, 7 otaqdan ibarət evi 150000 manata qiymətləndirmişdir. Nəticədə mənzil öz dəyərindən 4-5 dəfə aşağı qiymətləndirilmişdir. Bu da mənzil üzərində mülkiyyət hüququnun pozulması deməkdir.

22. “İnam Qiymətləndirmə” məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh1 ünvanladığı 04 fevral 2019-cu il tarixli, 106 saylı məktubundan görünür ki, mülkiyyətində olan Xaçmaz rayonu, Qaraqurtlu kəndi 0,09 ha torpaq sahəsi və üzərində yerləşən 799,1 kv.metr ümumi sahədən ibarət 2 mərtəbədən ibarət olan tam təmirli evinin satış qiyməti 650000-700000 manat civarındadır.

23. S-Əmlak Qiymətləndirmə Ekspert Mərkəzinin 10 iyun 2020-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh1 məxsus olan Xaçmaz rayonu, Qaraqurtlu kəndi 0,09 ha torpaq sahəsi və üzərində yerləşən 799,1 kv.metr ümumi sahədən ibarət 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evinin orta bazar dəyəri 620000 manatdır.

24. Məhkəmə tikinti-texniki ekspertizasının 03 mart 2021-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh1 məxsus olan Xaçmaz rayonu, Qaraqurtlu kəndi 0,09 ha torpaq sahəsi və üzərində yerləşən 799,1 kv.metr ümumi sahədən ibarət 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evinin 03 mart 2021-ci il tarixə likvid dəyəri 580000 manatdır.

25. Məhkəmə-mühasibatlıq ekspertizasının 09 iyul 2021-ci il tarixli, 9/3883 saylı rəyindən görünür ki, iş materiallarında olan ödənişləri özündə əks etdirən hesabdan çıxarış məlumatları, 29 avqust 2013-cü il tarixli, 28 XK nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, Cavabdeh2 Əlsəfa oğlunun ekspertiza təyini haqqında qərardadda qoyulmuş sual üzrə kredit müqaviləsinin bitdiyi tarixə, yəni 29 avqust 2017-ci il tarixə İddiaçı ASC-nə olan borcu ümumilikdə 80772,46 manat, o cümlədən əsas borc üzrə 54153,95 manat, faiz borcu üzrə 26618,51 manat məbləğində müəyyən edilir.

26. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/8817 saylı rəyindən görünür ki, iş materiallarında olan ödənişləri özündə əks etdirən hesabdan çıxarış məlumatları, 29 avqust 2013-cü il tarixli, 28 XK nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, Cavabdeh2 Əlsəfa oğlunun 17 mart 2017-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu 75898,61 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 54153,95 manat, faiz borcu üzrə 21744,66 manatdır.

27. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 aprel 2022-ci il tarixli, 2(105)-15/2022 nömrəli qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim Telman Məmmədov, hakimlər Şəmsədin Abasov və Səyyad Qafari) Cavabdeh2 və iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayətlərinin qismən təmin edilməsi, iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 29 iyun 2018-ci il tarixli, 2(067)- 9/2018 saylı qətnaməsinin qismən, faiz borcuna aid hissədə ləğv edilməsi, həmin hissədə iddianın qismən təmin edilməsi, Cavabdeh2 iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 21744,66 (iyirmi bir min yeddi yüz qırx dörd manat 66 qəpik) manat məbləğində faiz borcunun tutulması, qətnamənin iddia tələbinin ipoteka predmeti satıldıqdan sonra bir ay müddətində boşaldılmasının rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus olan Xaçmaz rayonu, Qaraqurtlu kəndi 0,09 ha torpaq sahəsi və üzərində yerləşən 799,1 kv.metr ümumi sahədən ibarət 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evinin açıq hərracda satıldıqdan sonra bir ay müddətində boşaldılması, ipoteka predmeti olan Cavabdeh1 məxsus olan Xaçmaz rayonu, Qaraqurtlu kəndi 0,09 ha torpaq sahəsi və üzərində yerləşən 799,1 kv.metr ümumi sahədən ibarət 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiymətinin 580000 (beş yüz səksən min) manat məbləğində müəyyən edilməsi, qalan hissələrdə qətnamənin dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manatın 100 (yüz) manatıının iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 100 (yüz) manatının Cavabdeh2 tutularaq X5, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 500 (beş yüz) manatın 250 (iki yüz əlli) manatının iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 250 (iki yüz əlli) manatının Cavabdeh2 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesablaşma hesabı AZ 06AİİB********************, VÖEN:**********, “Kapital bank ASC Sumqayıt filialı, bank kodu 200253, müxbir hesabıAZ37NABZ0135001**********1944, bank VÖEN:**********, SWİFT AİİBAZ2X hesabına köçürülməsi qət edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.2, 269.4, 270.1, 295, 317.1, 385.1, 442, 443.1, 445.1, 445.2, 448.1, 448.2, 449.4, 462.1, 465.2, 467, 739.2, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9, 4.1, 33, 34.1.1, 34.1.2, 39.3.3, “Qiymətləndirmə fəaliyyəti” haqqında Qanunun 3, 5.7, 5.8 və 6.2-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

29. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

Kassasiya instansiyası məhkəməsindəki icraat

30. İddiaçı (vəkil X6) kassasiya şikayəti verərək qətnamənin bankın xeyrinə tutulmalı olan pul məbləği və ipoteka predmetinin ilkin satış qiyməti hissəsində ləğv edilib, işin həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 sentyabr 2022-ci il tarixli, 2(102)-4913/2022 nömrəli Qərarı ilə (hakimlər X8 (məruzəçi), X7 və X12) İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 aprel 2022-ci il tarixli, 2(105)-15/2022 nömrəli qətnaməsi qismən, yəni ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qətnamə mübahisələndirilən qalan hissələrində dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

32. Məhkəmə kollegiyasının qənaətinə əsasən apellyasiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmış və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

33. Kassasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.2, 269.4, 270.1, 317.1, 385.1, 442, 443.1, 445.1, 445.2, 448.1, 448.2, 462.1, 465.2, 467, 739.2, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9, 4.1, 34.1., 39.3, “Qiymətləndirmə fəaliyyəti” haqqında Qanunun 3, 5.7, 5.8 və 6.2-ci maddələrinə istinad etmişdir.

Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

Apellyasiya icraatı iştirakçılarının izahatları

34. Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

35. İddiaçının nümayəndəsi X4 cavabdehin apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

Apellyasiya baxışının hədləri

36. Kollegiya qeyd edir ki, hazırki apellyasiya icraatının həddini Cavabdeh2 apellyasiya şikayətinin Xaçmaz rayon Məhkəməsinin 29 iyun 2018-ci il tarixli, 2(067)- 9/2018 nömrəli qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

37. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Maddə 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

38. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.9. ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Maddə 4.1. Əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi. Maddə 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;

39. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Maddə 5.7. Məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Maddə 5.8. Etimadlı idarəetmədə olan əmlaka sahiblik hüququ dəyişilərkən əmlakın dəyəri haqqında mübahisə yarandıqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Maddə 6.2. Mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir.

40. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər; Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini və Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi - ipoteka predmetinin ilkin satış qiymətinin 150000 manat məbləğində qiymətləndirilməsi hissəsində dəyişdirilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək ipoteka predmetinin ilkin satış qiyməti 580000 manat müəyyən edilməlidir.

42. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”.

43. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.

45. Araşdırılan apellyasiya şikayətinin dəlilindən göründüyü kimi apellyator ipoteka predmetinin müəyyən edilmiş ilkin satış qiymətinin reallığı əks etdirmədiyini mübahisələndirmişdir.

46. Apellyasiya şikayətinin dəlillərinin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin edilməsi məqsədi ilə, habelə Ali Məhkəmənin Qərarının göstərişlərini nəzərə alaraq apellyasiya məhkəməsi tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədi ilə məhkəmə –əmtəəşunaslıq ekspertizası təyin edilmişdir.

47. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 28 noyabr 2023-cü il tarixli, 005-28/23 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəydən görünür ki, **********26-10301 reyestr nömrəli, fərdi yaşayış evinin xx.xx.2023-cü il tarixinə bazar dəyəri 510 000,00 (beş yüz on min) manat təşkil edir.

48. İddiaçının nümayəndəsi X6 xx.xx.2023-cü il tarixdə vəsatətlə məhkəmə kollegiyasına müraciət edərək, DƏDKR publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 005-28/23 nömrəli rəyi iş üzrə mötəbər sübut kimi qəbul olunmamasını və ipoteka predmetinin həqiqi likvid dəyərinin müəyyən olunması üçün təkrar əmtəəşünaslıq ekspertizası təyin edilməsini xahiş etmişdir.

49. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 yanvar 2024-cü il tarixli və 07 may 2024-cü il tarixli 2(105)-50/2024 nömrəli qərardadları ilə iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməsinə baxmayaraq, məhkəmə ekspertizasının aparılmasından imtina edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatlarına əsasən tədqiqat obyektinə baxış keçirilmiş və müvafiq qeydlər aparılmışdır. Lakin sualda qeyd olunmuş kənddə yerləşən fərdi yaşayış evinə uyğun analoji internet saytlarında məlumat olmadığı üçün müqayisə metodu ilə tədqiqat aparılması mümkün olmamışdır.

50. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 sentyabr 2024cü il tarixli, 2(105)-50/2024 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Qiymətləndirmə və Consulting Mərkəzinə həvalə edilmişdir.

51. Qiymətləndirmə və Consulting Mərkəzinin 03 dekabr 2024-cü il tarixli rəyindən görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən Cavabdeh1 mülkiyyətində olan, Xaçmaz rayonu, Qaraqurtlu kəndində yerləşən 0,09 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin 03 dekabr 2024-cü il tarixinə likvid dəyəri 590 000,0 (beş yüz doxsan min) manat təşkil edir.

52. Qeyd olunduğu kimi apellyator ipoteka predmetinin ilkin satış qiymətinin 150.000 manat müəyyən edilməsi ilə razılaşmayaraq, əmlakın dəyərinin bir neçə dəfə aşağı qiymətləndirildiyini göstərir.

53. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, “Əmlak Ekspert Mərkəzi”nin 21 dekabr 2016-cı il tarixli rəyinə istinadən ipoteka predmetinin ilkin satış qiyməti 150.000 manat müəyyən edilmişdir.

54. Məhkəmə kollegiyası şərh olunan rəyləri müqaisəli tədqiq edərək, apellyatorun şikayətinin dəlilləri ilə razılaşır, “Əmlak Ekspert Mərkəzi”nin 21 dekabr 2016-cı il tarixli rəyi ilə müəyyən edilmiş qiymətlə razılaşmır, hesab edir ki, həmin qiymət hazırki şəraitdə ipoteka predmetinin real dəyəri ilə uzlaşmır.

55. Belə ki, göründüyü kimi ipoteka müqaviləsinin bağlanılmasından on ildən artıq vaxt keçmişdir. Bu müddət ərzində ölkə ərazisində daşınmaz əmlak bazarında qiymət artımının olması inkarolunmazdır. İnternet səhifələrindən əldə edilmiş məlumatlardan görünür ki, son on ildə daşınmaz əmlakın dəyəri iki-üç dəfə artmışdır.

56. Kollegiya vurğulamağı zəruri hesab edir ki, ipoteka predmeti olan əmlak fərdi yaşayış evi olmaqla, iki mərtəbədən, 799,10kv.m ümumi sahədən ibarət olmaqla, 0,09ha torpaq saşəsində yerləşir,yaxşı təmirlirdir.

57. İnternet resurslarından əldə edilmiş məlumatlardan görünür ki, Xaçmaz rayonunda boş torpaq sahəsinin 1 sotunun satış qiyməti 10.000-15.000 manat təşkil edir.

58. Göründüyü kimi fərdi yaşayış evinin yerləşdiyi yalnız torpaq sahəsinin orta bazar dəyəri təxminən 90.000 manat civarındadır. Belə olan halda 0,09ha torpaş sahəsində yerləşən ümumi sahəst 799,10 kv.m olan iki mərtəbəli yaşayış evinin likvid dəyərinin 150.000 manat təşkil etməsi ağlabatan deyildir.

59. Məhkəmə kollegiyası ipoteka predmetinin ilkin satış qiymətinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 28 noyabr 2023-cü il tarixli, 005-28/23 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəyinə əsasən 510.000 manat dəyərində müəyyən edilməsi ilə də razılaşmır. Belə ki, göstərilən həmin qiymət əmlakın likvid dəyərini deyil, bazar dəyərini təşkil edir. Qanunvericiliyin tələbinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti onun likvid dəyərini ehtiva edir. Eləcə də rəy əsaslandırılmamış, müqaisəli tədqiqat metodları göstərilməmiş, səthi tərtib edilmişdir. Bu baxımdan göstərilən ekspert rəyini məhkəmə kollegiyası sübut növü olaraq qəbul etmir.

60. Məhkəmə kollegiyası Qiymətləndirmə və Consulting Mərkəzinin 03 dekabr 2024-cü il tarixli rəyi ilə (əmlakın likvid dəyəri 590.000 manat müəyyən edilib) 03 mart 2021-ci il tarixli qiymətləndirmə hesabatını (əmlakın likvid dəyəri 580.000 manat müəyyən edilib) müqaisəli təhlil edərək ipoteka predmetinin ilkin satış qiymətinin 580.000 manat müəyyən edilməsini işin faktiki hallarına uyğun hesab edir.

61. Göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən – ipoteka predmetinin ilkin satış qiymətinin 150000 manat məbləğində qiymətləndirilməsi hissəsində dəyişdirilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək ipoteka predmetinin ilkin satış qiyməti 580000 manat müəyyən edilməlidir.

62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 29 iyun 2018-ci il tarixli, 2(067)-9/2018 nömrəli qətnaməsi qismən, ipoteka predmetinin ilkin qiymətinin 150.000 manat məbləğində qiymətləndirilməsi hissəsində dəyişdirilsin. Cavabdeh1 məxsus olan, Xaçmaz rayonunun Qaraqurtlu kəndində 0,09 ha torpaq sahəsi və həmin sahənin üzərində yerləşən 799,1 kv.metr ümumi sahədən ibarət 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 580.000 (beş yüz səksən) manat müəyyən edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar