Məhkəmə qərarları › İş №2(105)-1106/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1106/2023

01.05.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1106/2023 01.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə (Açar sözlər: ərizənin geri qaytarılması barədə) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi barədə” ərizəsinə və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə Quba Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli 2(027)-955/2023 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edib, onunla Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində imzalanmış 06 fevral 2023-cü il tarixli, MŞB/18/2023-00157 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul ediləsini xahiş etmişdir.

2. Quba Rayon Məhkəməsinin (hakim S.Məmmədov) 29 mart 2023-cü il tarixli, 2(027)-955/2023 nömrəli qərardadına əsasən ərizə və ona əlavə olunmuş sənədlərin ərizəçiyə geri qaytarılması, ərizəçiyə qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun izah olunması qərara alınmışdır.

3. Qərardaddan narazı qalan Ərizəçi şikayət vermişdir.

4. Quba Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2(027)-955/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki ərizənin məhkəmə icraatının mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, şəxsiyyət vəsiqəsi məlumatlarının elektron çıxarışının surətindən görünür ki, Ərizəçi ünvan 1 ünvanında, Maraqlı şəxs isə Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsi, 1, Saray H Yaşayış Kompleksi, ev 3, mənzil 54 ünvanında qeydiyyatda olduqlarından ərizə məhkəmə ərazi qaydaları pozulmaqla verilmişdir.

6. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 36.5, 40.1, 151.1, 152.1.3, 152.4 və 306.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri

7. Ərizəçi tərəfindən verilmiş şikayət onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(027)-955/2023 nömrəli qərardadı ləğv edilməli və ərizə icraata qəbul edilərək mahiyyəti üzrə baxılmalıdır.

8. Belə ki, X4 vasitəsilə ödənilmiş rüsumdan göründüyü kimi onun hazırkı qeydiyyat ünvanı – Quba rayonu, Əlik Ə/D, Qrızdəhnə kəndindədir. Hazırki şikayətə əlavə olunan my.gov.az internet portalı vasitəsilə rəsmi qaydada verilmiş arayış da bir daha bunları təsdiq edir. Belə olan halda aydın olur ki, tərəfindən barışıq sazişinin təsdiq edilməsi barədə ərizə MPM-nin 355-23.2-ci maddəsinə uyğun şəkildə verilmişdir və ərizənin geri qaytarılması tamamilə əsassızdır. Mülki Prosessual Məcəlləsinin 355-23.2-ci maddəsinin tələbinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer üzrə məhkəməyə verilir. Hazırki qərardaddan şikayətə əlavə edilən my.gov.az saytından çıxarışdan da aydın olur ki, ərizəçi olaraq Quba rayonu, Əlik Ə/D, Qrızdəhnə kəndində qeydiyyatdadır. Buna görə də hazırki işə Quba Rayon Məhkəməsində baxılmalıdır. Quba Rayon Məhkəməsi qərardad qəbul edərkən sadəcə Elektron Məhkəmə Sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarının elektron çıxarışa əsaslanmışdır. Halbuki həmin məlumatlar onun köhnə qeydiyyat ünvanı barədə olmuşdur və məlum olduğu kimi qeyd olunan məlumatlar e-mehkeme sistemində qeydiyyatdan keçmiş şəxsin özü tərəfindən dəyişdirilə bilməz. Qeyd olunan məlumatlar ancaq şəxsiyyət vəsiqəsi məlumatları dəyişdirildikdə sistem tərəfindən avtomatik olaraq dəyişdirilir. Buna baxmayaraq, qeydiyyat ünvanı məlumatları sistem tərəfindən dəyişdirilməmişdir, məhkəmə isə yaşayış yeri barədə məlumatları dəqiqləşdirdiyi zaman digər sənədləri araşdırmamışdır və əsassız olaraq ərizəni geri qaytarmışdır. b) Şikayəti qarşı etirazın dəlilləri

9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. 36.5-ci maddəsinə əsasən iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. 40.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 149-cu maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. İddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstəriləməlidir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. 152.1 və 152.1.1-ci maddələri ilə müəyyən edilmişdir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 305.1 və 305.1.17-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək;

13. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.

14. “Yaşayış yeri və olduğu yer haqqında" Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud AR qanunvericiliyi ilə nəzərdə tutulmuş əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

Apellyasiya baxışının hədləri

15. Şikayətdən görünür ki, apellyator Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-955/2023 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.

16. Ona görə də kollegiya Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-955/2023 nömrəli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(027)-955/2023 nömrəli qərardadı ləğv edilərək, ərizənin icraata qəbul edilməsinin mümkünlük məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

18. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur və bu hüquq da qanunvericilikdə təsbit olunmuşdur.

19. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur.

20. Hazırki ərizənin məzmunundan görünür ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs oğlu arasında Müdiasiya prosesi nəticəsində imzalanmış 06 fevral 2023-cü il tarixli, MŞB/18/2023-00157 nömrəli barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə Quba Rayon Məhkəməsinə müraciət etmişdir.

21. Lakin birinci instansiya məhkəməsi ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarmış və öz mövqeyini onunla əsaslandırmışdır ki, şəxsiyyət vəsiqəsi məlumatlarının elektron çıxarışına əsasən Ərizəçi ünvan 1 ünvanında, Maraqlı şəxs isə Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsi, 1, Saray H Yaşayış Kompleksi, ev 3, mənzil 54 ünvanında qeydiyyatda olduqlarından ərizəyə ərazi aidiyyəti üzrə Quba Rayon Məhkəməsində baxıla bilməz.

22. Kollegiya birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə istinad edərək ərizəni qaytarmaq barədə gəldiyi nəticə ilə razılaşmır.

23. Belə ki, öyrənilən iş materialları əlaqəli şəkildə təhlil edilərkən müəyyən edilmişdir ki, Ərizəçi hazırki qeydiyyat ünvanı – Quba rayonu, Əlik Ə/D, Qrızdəhnə kəndindədir (əsas X4 vasitəsilə ödənilmiş rüsumu və my.gov.az internet portalından çıxarış).

24. Belə olan halda kollegiya bu qənaətə gəlir ki, ərizəçi tərəfindən verilmiş barışıq sazişinin təsdiq edilməsi barədə ərizə MPM-in 355-23.2-ci maddəsinin tələblərinə riayət edilməklə verilmiş və bu əsasla ərizənin geri qaytarılması əsassızdır.

25. Göründüyü kimi birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan normanın tələblərindən çıxış etməmiş, çəkişmə prinsipinə uyğun olaraq tərəfləri məhkəməyə çağıraraq qərardadında qeyd etdiyi dəlilləri tərəflərin iştirakı ilə birlikdə araşdırmamış, əksinə ərizəni geri qaytarmaqla sonuncunun məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmışdır.

26. Məhkəmə kollegiyası iş materialları əsasında belə qənaətə gəlir ki, ərizənin geri qaytarılması haqqında birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli olsa da, lakin apellyasiya instansiyası məhkəməsi konkret olaraq işin bu halında ərizənin (iddianın) icraata qəbul edilməsi barədə qərardad çıxarmağa haqlı deyildir. Çünki iddianın (ərizənin) mümkünlüyü məsələsinin həlli, təkcə iddianın geri qaytarılması üçün müəyyən olunmuş halların mövcud olub-olmaması ilə bağlı aparılan araşdırma ilə bitmir. İddianın (ərizənin) icraata qəbul edilməsi üçün iddianın (ərizənin) mümkünlüyünün digər əsasları da araşdırılmalı, nəticəsindən asılı olaraq iddianın taleyi həll olunmalıdır. Lakin qərardadın məzmunundan görünür ki, birinci instansiya məhkəməsi tərəfindən ərizənin mümkünlüyü ilə bağlı digər hallar araşdırılıb onlara qiymət verilməmişdir.

27. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(027)-955/2023 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 10 aprel 2023-cü il tarixli, 2(027)-955/2023 nömrəli qərardadı isə qismən-şikayətin təmin edilməməsi hissəsində ləğv edilərək, mülki iş ərizənin icraata qəbul edilməsinin mümkünlük məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Ərizəçi tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(027)-955/2023 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 10 aprel 2023-cü il tarixli, 2(027)-955/2023 nömrəli qərardadı isə qismən “şikayətin təmin olunmaması hissəsində” ləğv edilsin. Mülki iş ərizənin icrata qəbul edilməsinin mümkünlük məsələsinə yenidən baxılması və digər sonrakı prosessual hərəkətlərin edilməsi üçün Quba Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi аndаn qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar