Məhkəmə qərarları › İş №2(105)-1108/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1108/2023

16.08.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1108/2023 16.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X1 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz inşa edilmiş hasarın, çəpərin sökülməsi və yolun açılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2(060)-355/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 28 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Abdullayev) İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən onun faktiki istifadəsində və sahibliyində olan Sumqayıt şəhəri, “Xəzri” MK-nın ərazisi, Karvansaray küçəsi, ev 124-ə gedən yolun girişində inşa etdiyi daş hasarın və setka çəpərin onun öz vəsaiti hesabına sökülməsi, maneələrin aradan qaldırılması və yolun açılaraq əvvəlki vəziyyətə qaytarılması barədə iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən onun faktiki istifadəsində və sahibliyində olan Sumqayıt şəhər, “Xəzri” MK-nın ərazisi, Karvansaray küçəsi, ev 124-ə gedən yolun girişində inşa etdiyi daş hasarın və çəpərin onun öz vəsaiti hesabına sökülməsi, maneələrin aradan qaldırılması və yolun açılaraq əvvəlki vəziyyətə qaytarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər, “Xəzri” MK-nın ərazisi, Karvansaray küçəsi, ev 124 faktiki olaraq iddiaçının istifadəsində və sahibliyindədir. Cavabdeh iddiaçının atasının ikinci həyat yoldaşıdır. O, iddiaçı ilə qonşuluqda, ünvan 1 ünvanında yaşayır. İddiaçının atası vəfat etmişdir. Atasının vəfatından sonra cavabdeh iddiaçının yolunu bağlamış, daşdan hasar çəkmiş və dəmir setkadan çəpər çəkmişdir. İddiaçı dəfələrlə ondan yolunun açılmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Yol bağlandığı üçün onun həyətinə avtomobil girə bilmir. Fərdi evin heç bir sənədi olmasa da, faktiki olaraq ev iddiaçının istifadəsində və sahibliyindədir. Eyni ilə cavabdehin də öz evinə dair heç bir sənədi yoxdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 28 fevral 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə maddi hüquq normalarını düzgün tətbiq və təfsir etməmişdir. Sadalanan hüquq normalarından müəyyən olunur ki, onun iddia tələbi tamamilə əsaslıdır. Fərdi ev faktiki sahibliyində və istifadəsində olduğundan o, pozulmuş hüquqlarını müdafiə etmək hüququna sahibdir. Məhkəmə iş üzrə obyektiv araşdırma aparmamış, sübutlara düzgün qiymət verməmişdir. Halbuki şahidlər cavabdeh tərəfindən həmin hasarın və çəpərinin yerinin dəyişdirilməsini təsdiq etmişlər. Hətta yerli baxış zamanı da bu hal öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh tərəfindən yolun girişində olan daş hasarın hörülməsi və suvaq işlərinin aparılması gözlə görünəcək qədərində idi. Lakin məhkəmə buna məhəl qoymamışdır. Bununla da məhkəmə onun qanunla qorunan hüquqlarını kobud şəkildə pozmuşdur. Məhkəmənin mövqeyinə əsaslansa belə çıxır ki, cavabdeh onun piyada yolunu da bağlasa onun öz hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciəti əsassız olacaq. Qeyd olunanlara əsasən hesab edir ki, qətnamə ləğv olunmalı və iddia tələbi təmin olunmalıdır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini tərəflərin hər ikisinin istifadəsində olan torpaq sahələri və həmin torpaq sahəsində inşa edilmiş tikililər daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməməsi, həmin torpaq sahələri üzərində tərəflərin heç birinin mülkiyyət və ya digər qanuni istifadə hüquqları mövcud olmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, şikayətin təmin edilərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə apararaq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Baxılan iş üzrə iddia tələbi cavabdehin zəbt etdiyi sahədə qanunsuz inşa edilmiş hasarın, çəpərin sökülməsi və yolun açılması barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2 və 157.4-cü maddələri təşkil edir. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (Mülki Məcəllənin 157.2. və 157.4. maddələri). Qanunun mənasına görə mülkiyyətçi öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asıl olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu iddia mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçı həmin torpaq sahəsinin onun mülkiyyətində və ya qanuni istifadəsində olmasını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən sübut etməlidir. Lakin iddiaçı buna dair işdə hər hansı bir tutarlı sübut təqdim etməmişdir. İddia tələbinin maneələrin aradan qaldırılmaqla yolun açılması hissəsinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 157.4. maddəsinin mənasına görə bu cür iddialar mülkiyyət hüququnun həyata keçirilməsində yaradılmış maneələrin aradan qaldırılması haqqında tələbdir. Adətən belə maneələr mülkiyyətçinin öz əmlakından istifadə etmək səlahiyyətini pozur. Çünki əmlak onun sahibliyindən çıxmır və onun həmin əmlak barəsində sərəncam vermək hüququndan məhrum etmir. İşdən də göründüyü kimi həm əmlakın iddiaçıya mülkiyyət və ya digər qanuni əsaslarla məxsus olması müəyyən edilməməklə yanaşı, həm də bu maneələrin nədən ibarət olduğu konkret göstərilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının torpaq sahəsi üzərində heç birinin mülkiyyət və ya digər qanuni istifadə hüquqları mövcud olmadığından, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 28 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar