Məhkəmə qərarları › İş №2(105)-1115/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1115/2023

19.07.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1115/2023 19.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: bağışlama müqaviləsinin etibarsızlığı) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 (sonuncu məhkəmə iclasına gəlməmişdir), onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-718/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. İşdə olan ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair xx.xx.2017, xx.xx.2017 və xx.xx.2017-ci il tarixli bildirişlərdən görünür ki, yardım alınması barədə Cavabdeh1 müraciətləri rədd edilmişdir. Buna səbəb kimi əri İddiaçı adına avtomobil, vergidə VÖEN, telefon nömrələri olması göstərilmişdir. Mülki işin materiallarından olan DİN BDYPİ-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı mülkiyyətində «MİTSUBİSHİ AİRTREK» markalı **-OF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi vardır.

2. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 üzrə Baş İdarəsinin İddiaçı göndərdiyi xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən bildirilir ki, 9 saylı cəzaçəkmə müəssisəsi tərəfindən səlahiyyətli nümayəndə Cavabdeh2 verilmiş xx.xx.2017-ci il tarixli, 122 reyestr nömrəli etibarnamə əsasında xx.xx.2017-ci il tarixli **********286600 nömrəli fiziki şəxsin vergi uçotundan çıxarılması barədə ərizə ilə vergi orqanına müraciət edilmiş və vergi uçotu xx.xx.2017-ci il tarixdən ləğv edilmişdir.

3. Abşeron Rayon Məhkəməsinin 2(012)-3379/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh1 və İddiaçı arasında 23 iyun 2005-ci il tarixdə Goranboy rayon VVADQ şöbəsində bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 81 nömrə ilə qeydə alınmış nikah pozulmuş, 16 oktyabr 2008-ci il təvəllüdlü X3 və 23 iyul 2012-ci il təvəllüdlü X4 boşanmadan sonra iddiaçı Cavabdeh1 (ananın) yanında qalması, İddiaçı Cavabdeh1 xeyrinə 16 oktyabr 2008-ci il təvəllüdlü X3 və 23 iyul 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulması, alimentin tutulmasının əvvəlinin xx.xx.2021-ci il tarixdən hesablanması qət edilmişdir.

4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(003)-1441/2022 saylı qərarının surətindən görünür ki, İddiaçı çəkilməmiş 5 ay 28 gün cəza müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir.

5. Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 9 saylı cəzaçəkmə müəssisəsinin xx.xx.2022-ci il tarixli, 51 saylı arayışından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(101)-134/2017 saylı hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası CM-nin 204.3.2-ci maddəsi ilə 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(103)-855/2017 saylı qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(101)-134/2017 saylı hökmü dəyişdirilmiş və onun barəsində 8 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə məhkum olunduğu CM-nin 204.3.2-ci maddəsi CM-nin 204.2-ci maddəsinə tövsif edilmiş, təyin edilmiş 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası 7 il 10 ay müddətinə endirilmişdir. Həmin qərardan apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Xəzər Rayon Məhkəməsinin qərarı dəyişdirilərək azadlıqdan məhrum etmə cəzası 7 il müddətinə endirilmişdir.

6. xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsindən görünür ki, İddiaçı adından onun nümayəndəsi Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi, 1ci dalan, 5 saylı evi Cavabdeh1 bağışlamışdır.

7. Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 9 saylı cəzaçəkmə müəssisəsində təsdiq edilmiş xx.xx.2017-ci il tarixli, 122 reyestr nömrəli etibarnamədən görünür ki, İddiaçı həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq mənim bütün əmlakımı idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək, bağlanan əqdləri üzrə haqq-hesab aparmağı, miras qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan , o cümlədən ƏMDK yanında DƏDRX-dən, bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə mənə çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesabatlar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda mənim adımdan ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud ondan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət verməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında mənə aid olan mülkü işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi xx.xx.1959-cu il təvəllüdlü Tərtər rayonu Rəcəbli küçəsində qeydiyyatda olan Cavabdeh2 (şəxsiyyət vəsiqəsi AZE ********) 1 il müddətinə etibar etmişdir.

8. RX ******* saylı, xx.xx.2012-ci il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi, 1-ci dalan, 5 saylı evin mülkiyyətçisi İddiaçıdur.

9. Daşınmaz əmlakın texniki pasportunun surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi, 1-ci dalan, 5 saylı evin mülkiyyətçisi İddiaçıdur.

10. RX ******* saylı, xx.xx.2018-ci il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi, 1-ci dalan, 5 saylı evin mülkiyyətçisi Cavabdeh1dır.

11. AZ-İ 156487 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X5 xx.xx.2005-ci il tarixdə nikaha girmişlər, nikahdan sonra arvada Abbasova soyadı verilmişdir.

Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəmədə iddia qaldıraraq, 9 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən xx.xx.2017-ci il tarixdə təsdiq edilmiş Cavabdeh2 adına verdiyi etibarnamənin, Cavabdeh2 ilə Cavabdeh1 arasında 26 iyul 2017-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi, 1-ci dalan, 5 saylı evə dair bağlanmış bağışlama müqaviləsinin, həmin ev üzrə Cavabdeh1 adına verilmiş reyestrdən çıxarışın etibarsız sayılaraq ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə xx.xx.2005-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Cavabdeh1 o, həbsdə olarkən Cavabdeh2 iştirakı ilə etibardan sui-istifadə edərək ona qarşı dələduzluq edərək, yəni aldadaraq əmlakını ələ keçirmişdir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(101)- 134/2017 saylı hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası CM-nin 204.3.2-ci maddəsi ilə 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(103)-855/2017 saylı qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(101)-134/2017 saylı hökmü dəyişdirilmiş və onun barəsində 8 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bundan sonra isə "Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" xx.xx.2020-ci il tarixli Qanuna əsasən onun ərizəsi əsasında Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə məhkum olunduğu CM-nin 204.3.2-ci maddəsi CM-nin 204.2-ci maddəsinə tövsif edilmiş, təyin edilmiş 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası 7 il 10 ay müddətinə endirilmişdir. Həmin qərardan apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Xəzər Rayon Məhkəməsinin qərarı dəyişdirilərək azadlıqdan məhrum etmə cəzası 7 il müddətinə endirilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən çəkilməmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Həbsdə olan zaman həyat yoldaşı onun yanına gələrək bildirmişdir ki, Dövlət Sosial Müdafiə Fonduna ünvanlı sosial yardım almaq üçün ərizə ilə müraciət edib, lakin ona ünvanlı sosial yardım verməkdən imtina olunub. Buna səbəb isə onun adına avtomobil, vergidə VÖEN, telefon nömrələri olması göstərilmişdir. Bu əmlaklar və hüquqlar ləğv edilməsə, sosial müavinət ala bilməyəcək və evdəki elektrik sayğacını dəyişdirmək üçün ərizə yazmaq lazımdır. Onun avtomobilini adından çıxarmaq, vergidəki VÖEN-i, telefon nömrələrini bağlatmaq və elektrik sayğacını dəyişmək üçün ərizə yazmaq məqsədilə ondan xalası Cavabdeh2 adına etibarnamə verməsini istəmiş, bildirmişdir ki, bu işləri xalası Cavabdeh2 görəcəkdir. O isə fikirləşmişdir ki, həbsdədir və ailə üzvləri sosial yardım alsalar, maddi vəziyyətləri bir qədər yaxşılaşar. Ona görə də etibarnamə vermək barədə 9 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyinə bildirəndə dedilər ki, etibarnaməni rəis imzalayacaq, kimə etibarnamə verilirsə, həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti təqdim edilsə, veriləcək. xx.xx.2017-ci il tarixdə onun avtomobilini adından çıxarmaq, vergidəki VÖEN-i, telefon nömrələrini bağlatmaq və elektrik sayğacını dəyişmək üçün ərizə yaza bilmə səlahiyyətini nəzərdə tutaraq Cavabdeh2 adına etibarnaməni imzalamış və bunu rəis təsdiq etmişdir. Həmin vaxt o, etibarnamənin məzmununa varmamışdır. Belə ki, ona bildirdilər ki, etibarnamə standart formadadır. O, Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən çəkilməmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad olunaraq evə gələndə məlum olmuşdur ki, Cavabdeh2 26 iyul 2017-ci il tarixdə ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi, 1-ci dalan, 5 saylı evi ona bildirmədən notariat ofisində bağışlama müqaviləsi ilə arvadı Cavabdeh1 bağışlamışdır. Həyat yoldaşı ona ünvanlı sosial yardım ala bilməsi üçün onun avtomobilini adından çıxarmaq, vergidəki VÖEN-i, telefon nömrələrini bağlatmaq və elektrik sayğacını dəyişmək üçün onun adından ərizə yazmaq üçün xalası Cavabdeh2 adına etibarnamə verməsini istəmişdi. O, heç vaxt evini arvadına bağışlamaq istəməmişdir. Ümumiyyətlə, onların arasında evi bağışlamaq barədə heç vaxt danışıq olmamışdır. Evi bağışlamaq istəsəydi, birbaşa arvada bağışlayardı, daha xalasına etibarnamə verməzdi. Yaşadığı ev onun adına idi, atası öz evini satıb bu evi onun üçün almışdı. O, bu evi yoldaşına bağışlamaq istəməmiş, ümumiyyətlə belə bir fikri olmamışdır. Həyat yoldaşı bu barədə onunla danışmamış, ona bildirməmiş və xalası ilə ondan gizlin bağışlama müqaviləsi imzalamışdır. Cavabdeh1 o, hələ həbsdə olanda ona bildirmədən nikahın pozulması barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, onun iştirakı olmadan nikahın pozulması barədə xx.xx.2021-ci il tarixli qətnamə qəbul edilmişdir.

14. Sonradan iddiaçı MPM-nin 53-cü maddəsinə istinadən ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ilə Cavabdeh1 arasında 26 iyul 2017-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi, 1-ci dalan, 5 saylı evə dair bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin ev üzrə Cavabdeh1 adına verilmiş reyestrdən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-718/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Məlahət Abbasova)

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 362.1, 362.2, 362.3.3 666.1, 667.1, 668.1.1. 359.1-ci,. “Notariat haqqında” Qanunun 45-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 saylı Qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 19, 22, 39-cu bəndləri, Mülki Prosessual Məcəllənin 4.1, 77.1, 119.1, 217.3 və 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

17. İddiaçı apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 2(012)- 718/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, Cavabdeh2 ilə Cavabdeh1 arasında 26 iyul 2017-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi, 1-ci dalan, 5 saylı evə dair bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin ev üzrə Cavabdeh1 adına verilmiş reyestrdən çıxarışın ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Şikayətin dəlilləri:

19. Abşeron rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə 2(012)-718/2023 saylı qətnamə qəbul edərək onun iddia tələbi əsassız şəkildə təmin edilməmişdir. (hakim Məlahət Abbasova) Qətnamədə qeyd edilənlər ilə qəti şəkildə razılaşmır. Abşeron rayon Məkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsində də qeyd edildiyi kimi Abşeron rayonu, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi, dalan 1, 5 saylı evi o, xx.xx.2012-ci il tarixdə alqısatqı müqaviləsi ilə əldə etmişdir. Daha sonra isə öz adına RX ******* saylı, xx.xx.2012-ci il tarixli reyestrdən Çıxarışı almışdır. Mənzil nikah dövründə əldə olunsa da, mənzili atası öz mülkünü sataraq həmin mənzili ona almışdır. Məhkəmə iddiaçının mülkiyyətindən hansı şəkildə məhrum edilməsini ümumiyyətlə əsaslandırmamışdır. Əksinə onun konstitusiya ilə təsbit edilmiş və qorunan mülkiyyət hüququm kobud şəkildə pozulmuşdur.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

20. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər.

22. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 (sonuncu məhkəmə iclasına gəlməmişdir), onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdilər.

23. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada iş üzrə digər Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir.

24. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.

25. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə digər Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

26. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

27. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

28. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır.

29. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 362.3.3-cü maddəsinə əsasən, azadlıqdan məhrumetmə yerlərində olan şəxslərin müvafiq azadlıqdan məhrumetmə yerinin rəisi tərəfindən təsdiqlənmiş etibarnamələr notariat qaydasında təsdiqlənən etibarnamələrə bərabər tutulur.

30. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

31. Maddə 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır.

“Notariat haqqında” Azərbaycan Respublikası Qanunu

32. Maddə 45. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 saylı Qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın

33. 19-cu bəndinə əsasən, əqdlər təsdiq edilərkən əqddə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılır. Əqd nümayəndə tərəfindən aparıldıqda onun səlahiyyəti yoxlanılır. Həmin Təlimatın 22-ci bəndinə əsasən, şəxs əqdi, ərizəni və ya başqa sənədi cismani qüsuruna, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənədi onun tapşırığı ilə, onun iştirakı ilə və notariusun iştirakı ilə başqa şəxs imzalaya bilər.

34. 39-cu bəndinə əsasən, əqdin iştirakçılarından hər hansı birinin ruhi xəstəliyə və ya ağılı zəifliyi nəticəsində öz hərəkətinin əhəmiyyətini başa düşə və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsini, yaxud spirtli içkilərdən və ya narkotik vasitələrdən, psixotrop maddələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində öz ailəsini ağır maddi vəziyyətə salmasını, yaxud digər israfçılıq hərəkətləri ilə ailəsini dolanacaq xərclərindən məhrum etməsini güman etmək üçün notariusun əsasları vardırsa, şəxsin isə fəaliyyət qabiliyyətinin olmamasına və ya fəaliyyət qabiliyyətinin məhdud olmasına dair məhkəmə qətnaməsi yoxdursa, notarius əqdin təsdiq edilməsini təxirə salır və şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında məhkəmə qətnaməsinin olub-olmadığını aydınlaşdırır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

42. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

43. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-718/2023 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirmişdir.

44. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. İşdən görünür ki, mübahisə predmeti olan əmlaka dair xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən hədiyyə verən İddiaçı adından onun nümayəndəsi Cavabdeh2 İddiaçı adına dövlət reyestrində qeydə alınmış müvafiq əmlakı hədiyyə alan qismində çıxış edən Cavabdeh1 bağışlamışdır.

47. İddiaçı tələbini etibarnamənin digər səlahiyyətlərin keçirilməsi məqsədi ilə Cavabdeh2 verilməsi və bağışlama müqaviləsi barədə məlumatlı olmaması ilə əsaslandırmışdır. Lakin kollegiya hesab edir ki, həmin dəlillər bağışlama müqaviləsinin etibarsızlığı üçün əsas ola bilməz.

48. Belə ki, etibarnamə bir tərəfin iradə ifadəsini əks etdirən birtərəfli əqddir. Azadlıqdan məhrumetmə yerlərində olan şəxslərin müvafiq azadlıqdan məhrumetmə yerinin rəisi tərəfindən təsdiqlənmiş etibarnamələr notariat qaydasında təsdiqlənən etibarnamələrə bərabər tutulur. Bundan başqa, iddiaçı tərəfindən verilmiş etibarnamədə konkret olaraq “harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq mənim bütün əmlakımı idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək və s.” səlahiyyətlər qeyd edilmişdir.

49. Məhkəmə kollegiyası iddianın “həmin etibarnamə əsasında bağlanılmış bağışlama müqaviləsinin aldatma nəticəsində bağlanılması səbəbindən etibarsız hesab olunması və həmin bağışlama müqaviləsi əsasında daşınmaz əmlakın dövlət qeydiyyatının ləğv olunması” barədə tələbləri araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir.

50. Göründüyü kimi, qanunvericiliklə müəyyən edilmiş bağışlama müqaviləsinin şərtlərinə tam əməl olunaraq, İddiaçı adından onun nümayəndəsi Cavabdeh2 tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi, 1-ci dalan, 5 saylı evə dair bağışlama müqaviləsinin bağlanması zamanı hər hansı şərtlərin pozulması və iddianı əsaslandığı hallar məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir.

51. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”

52. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur.

53. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr tərəfindən müqavilənin etibarsızlığı barədə mübahisələrə baxılan zaman həmin müqavilələri bağlayan tərəflərin iradə ifadəsinin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmalıdır. Hazırkı iş üzrə isə bağışlama müqaviləsinin bağlanması zamanı əsas tərəf sayılan və mülkiyyətində olan daşınmaz əmlak barədə adından bağışlama müqaviləsi bağlanılan İddiaçı iradə ifadəsi etibarnamədə açıq-aydın ifadə olunmuş, onun iradə ifadəsi ziddinə mübahisəli müqavilənin bağlanması, müqavilənin şərtlərinin pozulması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdir. Odur ki, birinci instansiya məhkəməsi iddianı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsində rədd etməklə düzgün nəticəyə gəlmişdir.

54. Məhkəmə kollegiyası izah edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd şərtin mövcudluğu tələb olunur: 1. əqdin subyektiv tərkibinə aid edilən şərt; 2. əqdin məzmununa aid edilən şərt; 3. əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt və 4. əqdin formasına aid edilən şərt. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.

55. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir.

56. Göründüyü kimi əqdin etibarsız hesab edilməsi üçün həmin əqdin qanunvericiliklə müəyyən edilən şərtlərə əməl edilməməklə bağlanması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Hazırkı mübahisə üzrə isə bağlanmış bağışlama müqaviləsinin etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmişdir.

57. Bundan əlavə, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

58. İşin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan bağışlama müqaviləsi bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur.

59. Odur ki, sadalanan qanunvericilik normalarına və işin xüsusatlarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış bağışlama müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq bağlandığından, onun etibarsız hesab edilməsi və onun nəticəsində tərtib olunmuş reyestrdən çıxarışın ləğv olunması üçün heç bir əsas yoxdur, ona görə də apellyasiya şikayəti təmin edilməməlidir.

60. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz.

61. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-718/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-718/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar