Məhkəmə qərarları › İş №2(105)-112/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-112/2025

30.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-112/2025 30.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, miras əmlak paylarının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X24 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı2, iddiaçıların vəkili və nümayəndəsi Vəkil, Cavabdeh2, Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə, üçüncü şəxslər X17, X18 və X10 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı (üçüncü şəxslər Sumqayıt şəhəri 3 saylı Notariat ofisi, Sumqayıt şəhəri 1 saylı Notariat ofisi, X21, X17, X18 və X22 cəlb edilməklə) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, miras əmlak paylarının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-3649/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 20 sentyabr 2022-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.1998-ci il tarixində vəfat edən Hüseynov Vəli Vahab oğlunun vərəsəsi Cavabdeh1 müəyyən olunmuşdur və miras əmlakından ½ hissədə pay almışdır. Miras əmlakının digər ½ hissəsi miras qəbulu üçün açıq saxlanılmışdır.

2. 28 noyabr 2022-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.1998-ci il tarixində vəfat edən Hüseynov Vəli Vahab oğlunun vərəsəsi Cavabdeh2 müəyyən olunmuşdur və miras əmlakından ½ hissədə pay almışdır.

3. 5466650 saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh2 və Cavabdeh1 Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 23, 6-cı keçiddə yerləşən 11 saylı fərdi yaşayış evi üzrə qeydiyyatdadırlar.

4. Ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, Hüseynov Vəli Vahab oğlu 14 sentyabr 1998-ci il tarixində hipertoniya xəstəliyindən ölmüşdür.

5. 24 dekabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.1998-ci il tarixində vəfat edən Hüseynov Vəli Vahab oğlunun vərəsələri, Cavabdeh2 və Cavabdeh1 və X2 Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 23, 6-cı keçiddə yerləşən 11 saylı fərdi yaşayış evinə 1/3 hissədə payı müəyyən olunmuşdur.

6. Ölüm haqqında şəhadətnamədən görünür ki, X7 17 mart 2022-ci il tarixində hipertenziv xəstəliyindən ölmüşdür.

7. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 23, 6-cı keçiddə yerləşən 11 saylı fərdi yaşayış evi xx.xx.2022-ci il tarixində Hüseynov Vəli Vahab oğlunun mülkiyyətində olmuşdur.

8. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 23, 6-cı keçiddə yerləşən 11 saylı fərdi yaşayış evi xx.xx.2023-cü il tarixindən Cavabdeh2 və Cavabdeh1 mülkiyyətindədir.

9. Doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X11 atası Hüseynov Vəli Vahab oğlu, anası X3r.

10. Doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X8 atası Hüseynov Vəli Vahab oğlu, anası X3r.

11. Nikah haqqında çıxarışın xx.xx.2022-ci il tarixli sürətindən görünür ki, Hüseynov Vəli Vahab oğlu ilə X27-Əli arasında 13 dekabr 1945-ci il tarixində 72 saylı akt qeydi ilə nikah bağlanmışdır.

12. 22.12.2012-ci il tarixli X7 tərəfindən verilmiş ərizədən görünür ki, o, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Sumqayı 2 saylı dövlət notariat konturuna müraciət etmiş, həmçinin özündən başqa vərəsələr qismində Cavabdeh1 və Cavabdeh2 qeyd etmişdir.

13. 24.12.2012-ci il tarixli Cavabdeh2 tərəfindən verilmiş ərizədən görünür ki, o, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Sumqayı 2 saylı dövlət notariat konturuna müraciət etmiş, həmçinin özündən başqa vərəsələr qismində Cavabdeh1 və X4 qeyd etmişdir.

14. 22.12.2012-ci il tarixli Cavabdeh1 tərəfindən verilmiş ərizədən görünür ki, o, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Sumqayı 2 saylı dövlət notariat konturuna müraciət etmiş, həmçinin özündən başqa vərəsələr qismində X7 və Cavabdeh2 qeyd etmişdir.

15. xx.xx.2022-ci il tarixli, **********033 saylı ərizədən görünür ki, Cavabdeh2 mirası qəbul etmiş lakin özündən başqa vərəsələr hissəsində digər vərəsələri qeyd etməmişdir.

16. xx.xx.2022-ci il tarixli, **********454 saylı ərizədən görünür ki, Cavabdeh1 mirası qəbul etmiş lakin özündən başqa vərəsələr hissəsində digər vərəsələri qeyd etməmişdir.

17. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-6282/2024 nömrəli qətnaməsi ilə iddiaçı X9 cavabdeh Sumqayıt 1 saylı Notariat Ofisinə qarşı miras əmlakın qəbulu müddətinin ötürülməsinin üzrlü hesab edilərək bərpa edilməsi tələbinə dair iddiası təmin edilmiş, iddiaçı X9 xx.xx.2023-cü il də ölmüş X12 miras qalmış əmlakın qəbul edilməsi üçün qanunla buraxılmış müddətin ötürülməsi üzrlü hesab edilərək bərpa edilməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

18. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər 3 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən V- 521/2012 nömrəli vərəsəlik işi üzrə verilmiş 20 sentyabr 2022-ci il tarixli və 28 noyabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, miras əmlakda paylarının ¼ hissədə paylarla müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir

19. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıların atası Hüseynov Vəli Vahab oğlu 14 sentyabr 1998-ci ildə ölmüşdür. Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 23, 6-cı keçiddə yerləşən 11 saylı fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə, yaşayış fonduna aid fərdi yaşayış evinin texniki pasportuna əsasən mərhumun sahiblik və istifadə hüququ olmuşdur. Hüseynov Vəli Vahab oğlu qeyd olunan daşınmaz əmlaka dair mülkiyyət hüququnu müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirməmişdir. O, dünyasını dəyişənədək mərhuma mülkiyət hüququ ilə məxsus olmadığından iddiaçılar əmlakın özgəninkiləşdirməsinin və ya bölünməsinin mümkünlüyünə inanmamışdırlar. Lakin 2024-cü ilin fevral ayının sonlarında məlum olmuşdur ki, Cavabdeh1 atadan miras qalmış qeyd olunan fərdi yaşayış evini alqı-satqı yolu ilə özgəninkiləşdirmək istəyir. Buna görə də həmin fərdi yaşayış evində yaşayan X13 müraciət edərək fərdi yaşayış evinə mülkiyət hüququnun əldə edilməsi dair sənədləri almışdır. Sumqayıt şəhər 3 saylı notariat ofisində qeydə alınmış V-521/2012 saylı vərəsəlik işindən məlum olur ki, Cavabdeh2 və Cavabdeh1 atalarının vərəsələri olması, ona məxsus olmuş Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 23-cü məhəllə, 6-cı keçiddə yerləşən 11 saylı fərdi yaşayış evindən 1/2 pay almaları müəyyən olunmuşdur. V-521/2012 saylı vərəsəlik işində 2V-310 reyestrdə qeydə alınmış 20 sentyabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə əlavə olaraq qeydiyyat aparılmışdır ki, “həmin əmlakın digər ½ hissəsi mirasın qəbulu üçün açıq saxlanılmışdır.” Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 46 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışdan məlum olur ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 23-cü məhəllə, 6-cı keçiddə yerləşən 11 saylı fərdi yaşayış evi X13 torpaq sahəsinin 0.0323 ha hissəsi, fərdi yaşayış evinin ümumi sahəsinin 42.0 kv.m hissəsinə, Cavabdeh1 torpaq sahəsinin 0.0323 ha hissəsi, fərdi yaşayış evinin ümumi sahəsinin 41.1 kv.m hissəsinə payları müəyyən edilməklə onların mülkiyyətinə verilmişdir. Miras əmlak mövcud olmadığından tərəflərindən miras əmlakın qəbul edilməsi barədə müraciətləri mümkün deyildir. Buna görə də mübahisə ədalət mühakiməsi qaydasında həll edilməlidir. İddiaçılar tərəfindən başqasının xeyrinə miras əmlakdan imtina edilməmişdir, eləcə də miras əmlakın qəbulundan imtina edilməmişdir. Miras əmlaka mülkiyyət hüququ əldə etmiş birinci növbədə vərəsələrlə bərabər hüquqlu vərəsələrdir. Notariat orqanı tərəfindən vərəsələrin axtarılması üçün heç bir tədbir görülməmişdir. Cavabdeh2 mirasın vərəsələr arasında bərabər paylarla bölünməsinə razıdır. Lakin miras əmlakın yarısına qanunsuz yolla mülkiyyət hüququ əldə etmiş digər Cavabdeh1 mirası qəbul etməyən vərəsələrin vərəsəlik şəhadətnaməsində qeyd olunmasına razılıq vermir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən miras əmlaka dair dövlət reyestrindən çıxarış verilərkən bizim mülkiyyət hüquqlarımız pozulmuşdur. Əlavə olaraq bildirir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 23-cü məhəllə, 6-cı keçiddə yerləşən 11 saylı fərdi yaşayış evinə dair mərhum Hüseynov Vəli Vahab oğluna verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış 05 sentyabr 2022-ci ildə qeydə alınmışdır. Onların qardaşı X23 29 sentyabr 2023- cü ildə dünyasını dəyişmişdir.

20. Məhkəmə iclasında İddiaçı2 izahatında bildirmişdir ki, Cavabdeh2 onun bacısıdır, Cavabdeh1 isə qardaşıdır. 2024-cü ilin fevral ayında Fəzilə ona demişdir ki, Vahab onu notariusa aparıb atalarından qalan evi sənədləşdirmişdir. Ona məlum olmuşdur ki, anaları 2022-ci ilin mart ayının 17-si vəfat etdiyi vaxtdan Vahab atalarının əmlakına çıxarış alıb və onların heç birinin də xəbəri olmamışdır. Ondan sonra Vahab bacısı Fəziləyə notariusa getməli olduğunu və qol çəkməli olduğunu bildirmişdir. O, Fəzilə ilə notariusa gedib Fəzilənin nəyə qol çəkməli olduğu barədə məlumat almaq istəmişdir. Orada onlara bildirilmişdir ki, qol çəkin sonra sənədlə tanış olarsınız. Fəzilə də həmin sənədə mirasın təkcə ikisinin yəni, Vahab və Fəzilənin arasında bölünməsinə qarşı çıxaraq qol çəkməmişdir. Notariusdan onlara vərəsəliyi artıq qəbul etdikdlərini bildirmişdilər. Bildiyi qədər əmanət bankında olan pullardan Fəzilə və Vahab qol çəkərək analarının xeyrinə imtina etmişdilər. 2024-cü ilin fevral ayında bu məsələ ilə bağlı məlumatlı olandan sonra da məhkəməyə müraciət etmək qərarına gəlmişdirlər. Onlar, yəni Nazilə, Fəzilə və Əminə atalarından qalan evdə yaşayırlar. Əminə hazırda müvəqqəti olaraq xaricə getmişdir.

21. Məhkəmə iclasında Cavabdeh2 izahatında bildirmişdir ki, Vahab onu notariusa aparıb sənədlərə qol çəkdirmək istəsədə o Vahabla getməmişdir. Hesab edir ki, atalarından qalan əmlak bütün övladlar arasında bölünməlidir. Ataları sağ olandada öləndən sonrada bacıları həmin evdə gəlib yaşayıblar.

22. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, İddiaçı2 verdiyi izahatında onların gəlin köçüb gedəndən sonra yenidən gəlib həmin ünvanda yaşamaları barədə fikirləri ağlabatan olmadığını və onların orada yaşamaqları ilə bağlı iş materiallarında da mötəbər sübut olmadığını və ya şahid dəvət etmədiklərini bildirdi. O, həmçinin qeyd etmişdir ki, vərəsələr vaxtında müraciət etsəydilər, mirasdan 1/4 pay alardılar. İddiaçılar mirasın qəbulu üçün müraciət etməyiblər və müddəti ötürüblər. İddiaçıların mirasın qəbulu müddətini ötürmələri məhkəmə qaydasında üzrlü hesab olunub bərpa olunmadığı halda bu iddianı vermələrinin heç bir əsası yoxdur. 1998ci ildə vərəsəlik açılıb, 2012-ci ildə vərəsəlik işi açılıb və 2022-ci ilə qədər heç bir vərəsə gedib şəhadətnamə almır, 2024-cü ildə iddiaçılar məhkəməyə müraciət edir. Nəinki mirasın qəbulu müddəti, həm də ümumi iddia müddəti keçib. Cavabdehin nümayəndəsi və vəkili hesab edir ki, iddia tələbi əsassızdır. Əlavə olaraq qeyd edir ki, iddiaçılar mübahisənin məhkəmədən kənar qaydada həlli qaydasına riayət etməmişlər. Onlar notariusun hansı səbəbdən imtina verməsini bilmirlər. Cavabdehlər siyahısına notarius əlavə edilməmişdir. Notarius bu iş üzrə cavabdeh kimi qoyulmayıb və bu vaxta qədər də notariusun cavabdeh kimi əlavə olunması haqda ərizə verilməyib. O, hesab edir ki, hər bir halda notarius cavabdeh kimi qoyulmalı idi. Əvvəlcə notarius iddiaçılara imtina məktubu verməli, həmin məktubda imtinanın səbəbləri göstərilməli, bundan sonra iddiaçılar bunu mübahisələndirilməliydilər.

23. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-3649/2024 nömrəli qətnaməsi ilə (hakim Elmir Hüseynov) iddia tələbi qismən təmin edilmiş, Sumqayıt şəhər 3 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən V-521/2012 nömrəli vərəsəlik işi üzrə verilmiş 20 sentyabr 2022-ci il tarixli və 28 noyabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

24. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və cavadehlər Cavabdeh1 ilə Cavabdeh2, 14 sentyabr 1998-ci il tarixində ölmüş Hüseynov Vəli Vahab oğlunun və 17 mart 2022-ci il tarixində ölmüş X2 övladlarıdır. Cavadehlər Cavabdeh1 ilə Cavabdeh2 Hüseynov Vəli Vahab oğlunun vərəsəsi kimi Sumqayıt şəhər 3 saylı Notariat ofisinə müraciət edərək müvafiq olaraq 20 sentyabr 2022ci il tarixli və 28 noyabr 2022-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamələr alaraq miras əmlakda ½ pay almışlar. Cavadehlər vərəsəlik hüququ haqqında şəhadətnamələr alarkən xx.xx.2022-ci il tarixli, **********454 saylı və xx.xx.2022-ci il tarixli, **********033 saylı ərizələr yazaraq onlardan başqa digər vərəsələrin olmadığını qeyd etmişlər. Miras əmlak olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 23, 6-cı keçiddə yerləşən 11 saylı fərdi yaşayış evinə dair vərəsəlik şəhadətnamələri verilənədək həmin əmlakın bir hissəsi faktiki olaraq Cavabdeh1 digər hissəsi isə İddiaçı1, İddiaçı2 və Cavabdeh2 istifadəsində olmuşdur və hal hazırdada istifadələrindədir. İddiaçılar iddia tələblərini müdafiə edirlər, Cavabdeh2 iddia tələbini qəbul edir, digər Cavabdeh1 iddia tələbini qəbul etmir. Cavahdelər vərəsəlik hüququ haqqında şəhadətnamələr alarkən digər vərəslərin olduğunu bildikləri halda bunu gizlətmiş və onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borclu olduqları halda bunu etməmişlər. Bunula yanaşı notariat orqanı vərəsələrin axtarılması üçün tədbirlər görməli olduğu halda bunu etməmişdir. Göründüyü kimi iddiaçıların vərəsəlik hüququ pozulmuşdur. Məhkəmə iddia tələbinin miras əmlakda paylarının ¼ hissədə paylarla müəyyən edilməsinə dair hissəsinə münasibətdə qeyd etmişdir ki, vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi məhkəmənin səlahiyyətinə aid deyil, buna görə iddia tələbi həmin hissədə təmin edilə bilməz.

25. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəlləsinin 1133, 1134.1, 1145, 1146, 1147.1, 1151.1, 1159.1.1, 1243, 1246, 1255, 1269, 1274, 1300, 1317, 1318, 1321, 1322, 1323, 1324, 1325, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 17, 59-cu maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

26. Qətnamədən Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə ilə razılaşmaq olmaz və məhkəmə maddi hüquq normalarını pozmuşdur. Belə ki, cavadehlərin vərəsəlik hüququ haqqında şəhadətnamələr alarkən xx.xx.2022-ci il tarixli, **********454 saylı və xx.xx.2022-ci il tarixli, **********033 saylı ərizələr yazaraq onlardan başqa digər vərəsələrin olmadığını qeyd etmələrinə münasibətdə nəzərə almaq lazımdır ki, burada söhbət mirası faktiki və hüquqi qəbul etmiş vərəsələrdən gedir. İş materiallarından da görünüdüyü kimi, iddiaçılar mirası hüquqi yolla qəbul etmək üçün qanunla müəyyən edilmiş müddətdə müraciət etməmişlər. Onların mirası faktiki qəbul etmələrinə dair hər hansı bir sübut təqdim olunmadığı halda, məhkəmə heç bir sübuta istinad etmədən bu qənaətə gəlmişdir ki, miras əmlak olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 23, 6-cı keçiddə yerləşən 11 saylı fərdi yaşayış evinə dair vərəsəlik şəhadətnamələri verilənədək həmin əmlakın bir hissəsi faktiki olaraq Cavabdeh1 digər hissəsi isə İddiaçı1, İddiaçı2 və Cavabdeh2r istifadəsində olmuşdur və hal hazırdada istifadələrindədir. Halbuki, işin bu halı iş materialları ilə təsdiq olunmur və iddiaçılar bu barədə hər hansı bir sübut təqdim etməmişlər. Məhkəmə iclasında iddiaçılara verilən sualların cavabından da aydın olur ki, onlar mirası faktiki qəbul etməmişlər. Eyni zamanda qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin ləğv olunması tələbi iddia müddəti şamil edilməyən tələblər kateqoriyasına aid edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

29. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd olunmasını xahiş etdi.

30. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2, iddiaçıların vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

31. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

32. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxslər X25, X22 və X18 mübahisə olunan miras əmlakda onların da paylarının müəyyən olunmasının xahiş etdilər.

33. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxslər Sumqayıt şəhəri 1 saylı Notariat ofisinə, Sumqayıt şəhəri 3 saylı Notariat ofisinə və X15 məlumat verilməsinə baxmayaraq, onlar (nümayəndələri) məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

34. Maddə 29. Mülkiyyət hüququ (...) Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

35. Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

36. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

37. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

38. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; 3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.

39. Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

40. Maddə 1255. Mirasa mülkiyyətin əmələ gəlməsi Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

41. Maddə 1274. Mirasın bölüşdürülməsi anlayışı Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür.

42. Maddə 1291.Əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır.

43. Maddə 1321. Vərəsəlik şəhadətnaməsi anlayışı 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun.

“Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu

44. Maddə 57. Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli Qərarı

45. Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2021-ci il tarixli Qərarı

46. ...Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı

47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.

48. Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarı

49. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

50. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

51. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

52. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı (...) 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (...) 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (...)

54. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər (...) 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

55. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

56. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

57. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

58. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətlərinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.

60. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflərin ataları Hüseynov Vəli Vahab oğlu 14 sentyabr 1998-ci il tarixdə vəfat etmişdir. Miras əmlak Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 23, 6-cı keçiddə yerləşən 11 saylı fərdi yaşayış evindən ibarət olmuşdur. 24 dekabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.1998-ci il tarixində vəfat edən Hüseynov Vəli Vahab oğlunun miras əmlakı (bankda olan əmanət) vərəsələri olan Cavabdeh2 və Cavabdeh1 və X5 verilmişdir. X7 17 mart 2022-ci il tarixində vəfat etmişdir. Sumqayıt şəhəri 3 saylı Notariat ofisi tərəfindən verilmiş 20 sentyabr 2022-ci il tarixli və 28 noyabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən xx.xx.1998-ci il tarixində vəfat edən Hüseynov Vəli Vahab oğlunun vərəsələri Cavabdeh1 və Cavabdeh2 miras əmlakından (mübahisəli daşınmaz əmlakdan) ½ hissədə pay almışdırlar.

61. Hal-hazırda iddiaçılar İddiaçı1 və İddiaçı2 atasından miras qalmış əmlakı ilə bağlı mübahisə açmış, Cavabdeh1 və Cavabdeh2 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, miras əmlakda ¼ hissədə paylarının müəyyən edilməsinə dair məhkəmədə iddia tələblərini irəli sürmüşlər.

62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir.

63. Qərarda həmçinin qeyd olunmuşdur ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır.

64. Belə olan halda kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, Hüseynov Vəli Vahab oğlu 14 sentyabr 1998-ci il tarixdə vəfat etdiyindən, hazırkı mübahisəyə Mülki Məcəllənin qüvvədə olmuş maddi hüquq normaları tətbiq edilməlidir.

65. Belə ki, Mülki Məcəllənin 1246 və 1248-ci maddələrinin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Vərəsəlik hüququ haqqında şəhadətnamənin, eləcə də həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğv edilməsi məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin (o cümlədən onun sələflərinin) miras əmlakı qəbul edib-etməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmalıdır. Burada diqqətə alınmalı məqam isə ondan ibarətdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Başqa sözlə, mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır.

66. Kollegiya qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir.

67. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı).

68. Lakin işin hallarından görünür ki, iddiaçılar, o cümlədən xx.xx.2023-cü il tarixdə vəfat etmiş digər vərəsə X23 Mülki Məcəllənin 1246-cı maddəsinin tələblərinə uyğun olaraq, mirasın qəbulu istiqamətində aktiv hərəkətlər etməmiş, yəni mirası qəbul etmək arzusunda olduqlarını mərhum Hüseynov Vəli Vahab oğlu vəfat etdiyi 14 sentyabr 1998-ci il tarixindən başlayaraq bəyan etməmiş, notariat kontoruna müraciət etməmişlər.

69. Bundan başqa, adı çəkilən vərəsələrin mirası faktiki qəbul etmələri ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edilməmişdir.

70. Beləliklə kollegiya hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2, o cümlədən xx.xx.2023-cü il tarixdə vəfat etmiş digər vərəsə X23 miras açıldığı vaxtdan sonra yuxarıda göstərilən müddət daxilində, yəni 6 ay ərzində notariat orqanına ərizə vermədiklərindən, miras qoyan Vəli Hüseynovun mirasını qəbul etmək və həmin mirasın mülkiyyətçisi olmaq niyyətlərinin olduğunu bildirmədiklərindən, həmçinin mirasın qəbulu və ondan imtina edilməsi barədə mübahisələrə dair 2 ay kəsici müddət ötürüldüyündən, birinci instansiya məhkəməsi iddianı təmin etməklə səhvə yol vermişdir.

71. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir.

72. Göstərilənlərə əsasən kollegiya həmçinin hesab edir ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş digər vərəsə mərhum X23 mübahisəli mirası qəbul etmədiyindən, onun vərəsələri - hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X17, X22, X18 və X14 da miras əmlakda payları müəyyən edilə bilməz.

73. Kollegiya iş üzrə digər cavabdehin etirafını qəbul etməyərək qeyd edir ki, MPM-in 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

74. Kollegiya həmçinin qeyd edir ki, mövcud tələbin təmin edilməməsi mirasdan pay almış vərəsələr tərəfindən öz paylarının və ya bir hissəsinin digər vərəsəyə könüllü olaraq bağışlanması üçün maneə deyildir.

75. Mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı).

76. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşır və belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-3649/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-3649/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi və miras əmlak paylarının müəyyən edilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar