Məhkəmə qərarları › İş №2(105)-1126/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1126/2022

25.04.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1126/2022 25.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Naibə İlham qızı Abdullayevanın katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması tələbinə dair mülki iş üzrə məhkəmələr arasında ərazi aidiyyəti məsələsinə baxaraq MÜƏYYƏN E T D İ: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-705/2022 saylı, 07 fevral 2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli qərardadı ilə (hakim M.A.Abbasova) İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması tələbinə dair mülki işin ərazi aidiyyətinin müəyyən edilməsi məqsədi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN H A L L A R İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması tələbi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə X3 arasında bağlanmış 27 noyabr 2013-cü il tarixli AN-1 ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Azərbaycan Respublikası MPM-nin 33-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi qismində işlərə ərazi üzrə baxılmasına dair məhkəmələr arasında səlahiyyətlərin bölünməsi fəsillə müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsində iddiaların bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməli olması müəyyən edilmişdir. Bundan fərqli olaraq 36.5-ci maddədə isə iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə nikahın pozulması haqqındakı iddiaların iddiaçının yaşadığı yerə görə verilməsinin mümkünlüyü təsbit edilmişdir. Yəni, burada iddiaçının qeydiyyatda olduğu yerdən deyil, onun yaşayış yerindən (faktiki yaşayış yerindən) söhbət gedir. Yəni, iddiaçı faktiki yaşayış yerində deyil, tamam başqa bir yerdə qeydiyyatda ola bilər ki, həmin maddədə qeyd edilən səbəblərdən öz qeydiyyatda olduğu yerin məhkəməsinə müraciət etməkdə çətinlik çəkə bilər. Belə olan halda iddiaçı öz faktiki yaşayış yeri üzrə məhkəmədə qeyd edilən tələblə bağlı iddia qaldıra bilər. İş materiallarından görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında, cavabdeh X2 ünvan 2 ünvanında qeydiyyatdadır. İddiaçı iddia ərizəsini cavabdehlərdən Cavabdeh1 qeydiyyat yeri üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə versə də, həmin məhkəmə mübahisəli əmlakın Abşeron rayonunda yerləşməsi əsası ilə MPM-nin 39.1-ci maddəsinə istinad etməklə iş materiallarını Abşeron Rayon Məhkəməsinə göndərmişdir. İş materiallarından görünür ki, hazırkı tələb cavabdehlər arasında Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 15047 kv.metrlik əmlak kompleksi müəssisəsinin və 1,8693 ha torpaq sahəsinin satılmasına dair bağlanmış əqdin etibarsız hesab edilməsi və bu əmlaka dair verilmiş reyestrdən çıxarışın ləğv edilməsi barədədir. Başqa sözlə, hazırkı mübahisə predmeti daşınmaz əmlaklar deyil, onların özgəninkiləşdirilməsi barədə əqd və mülkiyyət hüququnu təstiq edən sənəddir. Bu səbəbdən məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hesab edir ki, hazırkı mübahisəyə müstəsna aidiyyət qaydaları tətbiq edilə bilməz, yəni hazırkı mübahisəyə cavabdehlərin qeydiyyatda olduqları Bakı şəhəri Xətai Rayon Məhkəməsində və ya Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmaga qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, mülki işə aidiyyəti üzrə Bakı şəhər Xətai Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 10.8.1 və 397.2-ci maddələrinə əsasən qərardaddan verilmiş şikayətə yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 35.1, 44, 263-ci maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması tələbinə tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhər Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar