Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1144/2023 15.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X4 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, ilkin iddiaçının nümayəndəsi Vəkil2, qarşılıqlı iddiaçı Cavabdeh, qarşılıqlı iddiaçının nümayəndəsi Vəkil1 iştirakı ilə, İlkin İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı pul tələbinə dair ilk, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul tələbi, maddi və mənəvi zərərin ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2(012)-311/2023 nömrəli qətnaməsindən ilkin İddiaçı və qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) vurulmuş maddi ziyana görə Cavabdeh 20000 manat pul alınıb İddiaçı verilməsi tələbinə dair ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı 120000 (yüz iyirmi min) manat pul və 408 manat dövlət rüsumu tutularaq Cavabdeh ödənilməsi, qarşılıqlı iddia bank uçot dərəcəsi kimi 9150 (doqquz min yüz əlli) manat və mənəvi zərərin əvəzi olaraq 10000 (on min) manat pulun tutulması hissəsində rədd edilməsi qət edilmişdir. İlkin İddiaçı və qarşılıqlı iddiaçı Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci Məhəllədə yerləşən qeyri-yaşayış sahəsini almaq öhdəliyi qoyulması və ona vurulmuş maddi ziyana görə cavabdehdən 20000 manat alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia ərizəsinə əlavə göndərərək, Cavabdeh ona vurulmuş maddi ziyana görə cavabdehdən 20000 manat alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, özünə məxsus xüsusi mülkiyyətində olan kafe kimi istifadə etdiyi qeyri-yaşayış sahəsini satmaq üçün bir çox müxtəlif maklerlərə məlumat vermişdir. Bununla bağlı müxtəlif müştərilər gəlmişdir. 2022-ci ilin mart ayının sonunda İddiaçı qonşusu Cavabdeh yaxınlaşıb qeyri-yaşayış sahəsini almaq istədiyini bildirmişdir. Əlövsət də qeyri-yaşayış sahəsini satmayacağını bildirmişdir. Nuşirəvan və oğlu Taleh Əlövsəti tanıyan bir çox adamları xahiş minnətə gətirib, kafeni satmağa israr etmişlər. Əlövsətin Talehlə uzaqdan qohumluğu da vardır. Əlövsət də bu münasibətləri nəzərə alıb kafeni qohu olduğundan çox güzəşt edərək, Cavabdeh 175000 manata satmağa razılaşmışdır. xx.xx.2022-ci il tarixdə kafeni satmaq üçün tərəflər 2 saylı Abşeron Notariat kontoruna getmiş, Taleh Əlövsətdən alqı-satqı müqaviləsi əvəzinə etibarnamə verməyini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə Əlövsət Abşeron rayon 1 saylı Notariat Ofisində Cavabdeh Nuşirvan oğluna ZE-3334№-li etibarnamə vermişdir. Taleh isə alqı-satqı baş tutduğundan razılaşdıqları 175000 manat pulu Əlövsətə vermişdir. Əlövsət özünə şəhərdə, yeni işləyən kafe almaq üçün axtarışa çıxmış və 250000 manata təcili satılan bir obyekt tapmışdır. Əlövsət obyekt sahibi ilə danışmış, 2 ay müddətinə pulu ödəməklə ehtiyac olan 20000 manat pulu beh kimi tələb etmişdir. Əlövsət övladıyla məsləhətləşib, satıcı ilə razılaşmış və beh müqaviləsi bağlayaraq 20000 manatı Talehə vermişdir. Əlövsət satdığı əmlakı pulunun üstünü düzəltmək üçün fikirləşəndə Taleh əmlakı 1 ay keçəndən sonra pulu tələb etməyə başlamışdır. Taleh pulu tələb edib aldıqdan sonra Əlövsətin beh verdiyi obyektin pulunu ödəmə imkanı olmamış və verdiyi beh müqaviləsi əsasında batmış olmuşdur. Həmçinin Cavabdeh və atasının alqı-satqı müqaviləsinin tələbini pozaraq əmlakı geri qaytarması Əlövsətin kommersiya fəaliyyəti ilə planlarını pozmuş və Əlövsətə külli miqdarda maddi ziyan vurmuşdur. Qarşılıqlı iddiaçı Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, cavabdeh İddiaçı 120000 manat, 120000 manatın bank uçot dərəcəsi kimi 9150 manat, mənəvi zərərin əvəzi olaraq 10000 manat, dövlət rüsumu olaraq ödədiyi 473 manat, cəmi 139626 manat pul məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2022-ci ilin aprel ayının əvvəllərində qohumu olan İddiaçı Xırdalan şəhəri 27-ci məhəllədə yerləşən, hazırda kafe kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsini satmaq istədiyini eşitmişdir. Əlövsətin oğlu Elnurla telefon əlaqəsi saxlayıb bu barədə soruşduqda Elnur obyekti satmaq istədiklərini bildirmişdir. xx.xx.2022-ci il tarixdə, axşam saatlarında İddiaçı ona zəng edərək əgər obyekti almaq istəyirsə beh verməyini istəmişdir. Bundan bir gün sonra, yəni xx.xx.2022-ci il tarixdə, saat 12:00 radələrində o, Əlövsət və Əlövsətin oğlu Elnur Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən "Bizim Market” in qarşısında görüşüb obyektlə bağlı söhbət etmişlər və söhbət əsasında Əlövsətlə obyektini 175000 manata almaqla bağlı razılaşmışlar. Həmin vaxt o, Əlövsətə 1500 manat beh vermiş və Əlövsət söz vermişdir ki, 2-3 gün müddətində obyekti onun adına rəsmiləşdirəcəkdir. xx.xx.2022-ci il tarixdə, saat 14:00 radələrində Əlövsətlə yenidən Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən "Bizim Market”in qarşısında görüşüb Əlövsətə 3500 manat vermişdir. Həmin vaxt Əlövsət obyektin sənədlərinin özündə olmadığını, sənədləri 15000 manat borcunun əvəzində girov qoyduğunu, ona görə də Əlövsətə 10000 manat verməyini istəmişdir ki, obyektin sənədlərini götürərək sənədləşmə işlərini aparsınlar. Buna görə həmin vaxt Əlövsətə 10000 manat da vermişdir. Əlövsətlə razılaşmalarına əsasən xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində Xırdalan şəhərində yerləşən 1 saylı notariat ofisinin qarşısında görüşmüş və həmin vaxt özünə məxsus "Hundai” markalı avtomobilində Əlövsətə qalan 160000 manat pulu da vermişdir. Həmin vaxt Əlövsət notariat ofisində obyektin onun adına sənədləşdirilə bilməsi üçün ona mülki etibarnamə vermiş və ona bildirmişdir ki, təxminən 10 gün müddətində obyektə getməyidir. Səbəbi bu olmuşdur ki, Əlövsət həmin obyektin ona satılmasının heç kimin bilməməsini istəmişdir. Yenə həmin tarixdə, yəni xx.xx.2022-ci il tarixdə Əlövsətlə onun arasında obyektin alqı-satqısı ilə bağlı sadə yazılı müqavilə bağlanmışdır. Müqaviləni o, İddiaçı, Əlövsətin oğlu Elnur və qardaşı Nurlan imzalamışlar. Müqavilənin məzmunu bundan ibarətdir ki, İddiaçı reyestr nömrəsi **********84-06301 olan, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəlldə yerləşən 158,5 kv.metrlik qeyri-yaşayış binasını ona 175000 manata satmış, sənədlər ona təqdim olumuş, o, 175000 manatı tam ödəmişdir. xx.xx.2022-ci il tarixdə obyektə getmiş və obyekti işlədən Maqsud adlı şəxsə obyekti Əlövsətdən almış, bu səbəbdən də növbəti ayın əvvəlindən obyektin ona təhvil verilməli olduğunu bildirmişdir. Həmin vaxt Maqsud onu tanımadığını, Əlövsəti tanıdığını, həmin obyektlə bağlı Əlövsətlə 4 ay müddətində müqavilə bağladığını və Əlövsətin 4 aylıq icarə pulunu əvvəlcədən aldığını, ona görə də bu barədə Əlövsətin özü ilə danışmağını bildirmişdir. Həmin gün Əlövsətlə telefon əlaqəsi saxlayıb bu barədə bildirdikdə axşama kimi Maqsud adlı şəxslə danışıb qaydasına qoyacağını bildirmişdir. xx.xx.2022-ci il tarixdə obyektə getmiş, Əlövsət və Maqsudla orada görüşmüşdür. Həmin vaxt Maqsud 4 aylıq icarə pulunu Əlövsətə verdiyindən müqavilənin sonuna kimi obyektdən çıxmayacağını bildirmişdir. xx.xx.2022-ci il tarixdə Əlövsətlə telefon əlaqəsi saxlayıb obyekti alqı-satqı müqaviləsi ilə adına sənədləşdirməsini istəmişdir. Buna görə həmin gün saat 14 radələrində Əlövsətlə Xırdalan şəhərində yerləşən 1 saylı notariat ofisinin qarşısında görüşmüşlər. Həmin vaxt Əlövsət və oğlu Elnur alqı-satqı müqaviləsində məbləği 175000 manat yox, 120000 manat göstərilməsini istəmiş, o, bununla razılaşmamış və alqı-satqı baş tutmamışdır. Bundan sonrakı günlərdə Əlövsət onun nömrəsini bloklayaraq əlaqəni kəsmişdir. xx.xx.2022-ci il tarixdə Əlövsətin oğlu Elnurla telefon əlaqəsi saxlayıb obyektin alqı-satqı müqaviləsinin "Asan Xidmət”də bağlanmasını təklif etmiş, lakin sonradan Elnur ona zəng edərək atasının müqavilənin "Asan Xidmət”də bağlanmasına razılaşmadığını, müqavilənin Xırdalan şəhərində yerləşən 2 saylı notariat ofisində bağlanmasını təklif edərək onu həmin notariat ofisinin qarşısına çağırmışdır. Lakin, Əlövsət alqı-satqı zamanı məbləği göstərmək istəmədiyinə və Əlövsətə verdiyi 175000 manat pulu xərclədiyinə görə alqı-satqı zamanı notariat ofisində kassaya köçürülməsi üçün təqdim edə bilməyəcəyini, guya ki, həmin məbləğin bank vasitəsilə hesabdan-hesaba keçiriləcəyini dediyi üçün bununla razılaşmamış və notariat ofisinə getməmişdir. Bundan sonrakı günlərdə Əlövsətin onu aldatdığını yəqin etdikdən sonra xx.xx.2022-ci il tarixdə Əlövsətin oğlu Elnurla telefon əlaqəsi saxlayıb obyekti adına rəsmiləşdirmək istəmədikləri üçün 175000 manat pulunu geri istəmiş, lakin Əlövsət pulunun olmadığını, ona verdiyi 175000 manat pulu xərclədiyini, obyekti başqa bir şəxsə satıb pulu qaytaracağını bildirmişdir. 31 may 2022-ci il tarixdə Əlövsət yaşadığı evə gələrək 55000 manat qaytarmış, qalan 120000 manatı isə qısa müddət ərzində qaytaracağına söz vermişdir. Həmçinin, Əlövsət ona söz vermişdir ki, obyektin satılıb-satılmayacağından asılı olmayaraq 120000 manatı qısa müddət ərzində qaytaracaqdır. Həmin vaxt, yəni 31 may 2022-ci il tarixdə Əlövsətlə arasında ikinci bir müqavilə bağlamışdır. Müqaviləni o, İddiaçı, Əlövsətin oğlu Elnur, qardaşı Nurlan və Rüstəm Həşimov imzalamışlar. Müqavilənin məzmunu bundan ibarətdir ki, İddiaçı ona məxsus olan, reyestr nömrəsi **********84-06301 olan, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəlldə yerləşən 158,5 kv.metrlik qeyri-yaşayış binasını ona 175000 manata satmış, müəyyən müddətdən sonra razılaşma pozulmuş, 175000 manatın geri qaytarılması ilə bağlı qərara gəlinmiş, İddiaçı pulun müəyyən hissəsini xərclədiyi üçün xx.xx.2022-ci il tarixdə pulun 55000 manatını geri qaytarmış, qalan 120000 manatı yaxın müddətdə geri qaytaracaqdır. İddiaçı 55000 manatı qaytardıqdan 1 gün sonra notariat ofisinə gedərək obyektin satılması ilə bağlı ona verdiyi mülki etibarnaməni məlumat vermədən ləğv etdirmişdir. Bundan sonrakı günlərdə Əlövsət verdiyi sözə əməl etmədiyinə, yəni 120000 manatı qaytarmadığına görə o, xx.xx.2022-ci il tarixdə Abşeron RPİ-yə ərizə ilə müraciət etmişdir. Polis idarəsində verdiyi izahatında İddiaçı obyektin alqısatqısı ilə bağlı ondan 175000 manat aldığını, həmin məbləğin 55000 manatını qaytardığını, qalan 120000 manat pulu isə qısa müddətdə qaytaracağını bildirmişdir. Beləliklə İddiaçı ona 120000 manat verməli olduğunu polis idarəsində verdiyi izahatında etiraf etmişdir. Lakin bu günədək pulu qaytarmamışdır. İddiaçı əməlində cinayət tərkibi müəyyən edilmədiyindən Abşeron RPİ-nin İŞ-nin müstəntiqi Alqayıd Mikayılov 10 iyul 2022-ci il tarixdə “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilənlərə əsasən 120000 manat pul İddiaçı tutularaq ona ödənilməlidir. Bundan başqa, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsində olan illik uçot faiz dərəcəsinə əsasən uçot faiz dərəcəsi xx.xx.2022-ci il tarixə 7,5%, xx.xx.2022-ci il tarixə 7,75% təşkil edir. Beləliklə orta faiz dərəcəsi 7,5+7,75/2 = 7,625% təşkil edir. Cavabdeh ona olan 120000 manat pulu qaytarmamaqla ona məxsus pul vəsaitini qanunsuz olaraq özündə saxladığından, həmçinin pulun ödənilməsini digər şəkildə gecikdirdiyindən Mülki Məcəllənin 449.1 və 449.2-ci maddələrinə əsasən 120000 manatın bank uçot dərəcəsi kimi (120000x7,625%=9150) 9150 manat pul məbləği də cavabdehdən tutulmalıdır. Bundan başqa, cavabdeh 120000 manat pulu ödəmədiyindən dəfələrlə əsəbləşmiş, stress keçirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər... Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İlkin İddiaçı Abşeron Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilkin iddia tələbinin təmin edilməsi və iş üzrə qarşılıqlı iddianın təmin edilməsi hissəsində rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ilkin iddiaçının təqdim etdiyi, sübutların heç birini qətnamədə şərh etməmiş və həmin sübutların hansı əsaslarla qəbul edilmədiyi digər sübutlarla mübahisələndirilməmişdir. Eyni zamanda məhkəmə hazırlıq iclasında verilmiş vəsatətlərin qəbul etsə də, iş üzrə 120000 (bir yüz iyirmi min) manat pulun verilməsini görən şahidləri dindirməkdən imtina etmiş, bununla da qeyriobyektivlik nümayiş etdirmişdir. Eyni zamanda xx.xx.2022-ci ildə Nuşirəvan Məmmədovun alqı-satqı üçün notariat ofisinə getməməsi və pulunu evdə verilməsini tələb etməsi, səs yazısı eşidilsə də məhkəmə səsin Nuşirəvana aid olmasını təsdiq etsə də (oğlu Talehin sözü ilə) buna pulun verilməsini əsası kimi qiymət verməmişdir. Eyni zamanda məhkəmə tərəfləri qəbul etdiyi obyektin satılmasına dair beh müqaviləsini şərh etməmişdir. İddiaçı özü evini satıb Cavabdeh 120000 manat pulun qaytarmasını sübut edən alqı-satqı müqaviləsinə hüquqi qiymət verməmişdir. Qanunun tələbindən göründüyü kimi ilkin iddiaçı iddia təmin edilməsi və qarşılıqlı iddianı təmin edilməməsi barədə sübutları məhkəməyə təqdim etmiş, cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi və cinayət işin başlanılmasının rədd edilməsinə dair qərardan başqa məhkəməyə heç bir sənəd və sübut təqdim etməmişdir. Lakin buna baxmayaraq əvvəlcədən müşavirə sirrini pozaraq öz mövqeyini bildirən məhkəmə (özü özünə etiraz etməli olduğu halda) cavabdeh mövqeyində duraraq heç bir sübuta istinad etmədən qətnamə qəbul etmişdir. 120000 (bir yüz iyirmi min) manatın cavabdehə ödənilməsini sübut edən hallar aşağıdakılar (İddiaçı cavabehin atası Nuşirəvan Məmmədov arasında şifahi razılaşma əsasında obyektin satılması 200000 manata razılaşıb, xx.xx.2022-ci il tarixdə beh müqaviləsi bağlanılması, xx.xx.2022-ci il tarixdə səs yazısı ilə təsdiq olunan Nuşirəvan Məmmədovun razılaşmanı pozub, çıxarışı götürüb notariusa getməkdən imtina etməsi və iddiaçının fürsətdən istifadə edib, 120000 manatı öz evində verməyə məcbur etməsi, xx.xx.2022-ci il tarixdə İddiaçı oğlu Elnurla birlikdə, N.Məmmədovun Masazırda yerləşən evinə gedərək pulu ona verməsi, Nuşirəvan Məmmədovun tələbi ilə məhkəməyə verdiyi idda ərizəsini xx.xx.2022ci il tarixdə geri götürməsi və qarşılıqlı iddia üzrə tələb olunan 120000 manat pulun ödənildiyi sübut edən əsas faktlardır. Qarşılıqlı iddiaçı Cavabdeh Abşeron Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən qarşılıqlı iddianın təmin olunmamış hissəsində ləğv edilməsini, İddiaçı 120000 manatın bank uçot dərəcəsi kimi 9150 (doqquz min yüz əlli) manat, mənəvi zərərin əvəzi olaraq 10000 (on min) manat pul məbləğinin tutularaq Cavabdeh ödənilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində qeyd edir ki, qarşılıqlı iddia tələbinin 120000 manatın bank uçot dərəcəsi kimi 9150 manat, mənəvi zərərin əvəzi olaraq 10000 manat pul məbləğinin tutularaq Cavabdeh ödənilməsi hissəsi ilə bağlı sübutlar müəyyən edilmədiyindən, bu hissədə qarşılıqlı iddia tələbi rədd edilməlidir. Məhkəmənin bu mövqeyi ilə razılaşmır. Çünki 120000 manatın bank uçot dərəcəsi kimi 9150 manatın tutulması qanuna (Mülki Məcəllənin 449-cu maddəsinə) əsaslanır. Bu səbəbdən məhkəmənin qanunu tətbiq etmək əvəzinə hər-hansı “sübut axtarması” absurddur. Bundan başqa, məhkəmə İddiaçı 10000 manat mənəvi zərərin tutulmamasını da sübutların müəyyən edilməməsi ilə əsaslandırmışdır. Məhkəmənin bu mövqeyi ilə də razılaşmır. İddiaçı Cavabdeh 120000 manat pulu qaytarmamaqla Cavabdeh məxsus pul vəsaitini qanunsuz olaraq özündə saxladığından, həmçinin pulun ödənilməsini digər şəkildə gecikdirdiyindən Mülki Məcəllənin 449.1 və 449.2-ci maddələrinə əsasən 120000 manatın bank uçot dərəcəsi kimi (120000x7,625%=9150) 9150 (doqquz min yüz əlli) manat pul məbləği də İddiaçı tutulmalıdır. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh məxsus 120000 (yüz iyirmi min) manat pulu uzun müddət özündə saxlamış, qaytarmamış, Cavabdeh bununla bağlı polis orqanına müraciət etmiş, iş Abşeron RPİ-nin İstintaq Şöbəsində araşdırılmış, Cavabdeh daha sonra məhkəməyə müraciət etmiş, məhkəmə araşdırması zamanı da İddiaçı nümayəndəsi heç bir sübut təqdim etmədən guya pulun qaytarılması ilə bağlı mülahizələr irəli sürmüşdür. İddiaçı pulun qaytarılmaması üçün bu cür davranışı Cavabdeh mənəvi sarsıntı və iztirab keçirməsinə heç bir şübhə yaratmır. Onu da nəzərə almaq lazımdır ki, İddiaçı bugünədək qaytarmadığı və qaytarmaq niyyətində də olmadığı pul məbləği 120000 (yüz iyirmi min) manat təşkil edir və bu məbləğdə pulun qaytarılmasından yayınmaq heç şübhəsiz qarşı tərəfə mənəvi sarsıntı və iztirab verir. Məhkəmə İddiaçı Cavabdeh məxsus 120000 manat pulun uzun müddət ərzində qaytarılmaması ilə bağlı işin faktiki halına müvafiq hüquqi qiymət verməmiş, Mülki Məcəllənin 449.1 və 449.2-ci maddələrini tətbiq etməklə İddiaçı Mərkəzi Bankın bank uçot dərəcəsinə uyğun müvafiq faiz məbləğini tutmamışdır. Məhkəmə İddiaçı Cavabdeh məxsus 120000 manat pulun uzun müddət ərzində qaytarmaması nəticəsində Cavabdeh mənəvi iztirab və sarsıntı keçirməsi ilə bağlı işin faktiki halına hüquqi qiymət verməmiş, İddiaçı vurduğu mənəvi zərərə görə pul məbləği tutmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən ilkin iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qarşılıqlı iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən qarşılıqlı iddiaçı Cavabdeh ilkin iddiaçının apellyasiya şikayətini qəbul etməyərək, təmin edilməməsini, qarşılıqlı iddiaçının şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən qarşılıqlı iddiaçının nümayəndəsi Vəkil1 ilkin iddiaçının apellyasiya şikayətini qəbul etməyərək, təmin edilməməsini, qarşılıqlı iddiaçının şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qarşılıqlı iddia tələbinin təmin edilməyən hissəsində qismən ləğv edilməli və həmin hissədə qarşılıqlı iddianın qismən, ilkin və qarşılıqlı iddianın mübahisələndirilən qalan hissəsində dəyişdirilmədən saxlanılmasına dair iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinin rədd edilməsini ilkin iddia ilə bağlı iddiaçı tərəf sübut növü kimi təkcə izahata əsaslanması və həmin izahat da yalnız formal mülahizələrdən ibarət olması, ilkin iddia ilə bağlı hər hansı bir digər mötəbər sübutun məhkəmədə müəyyən edilməməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsini isə tərəfləe arasında bağlanmış müqaviləyə əsasən İddiaçı heç bir hüquqi əsas olmadan Cavabdeh hesabına əsassız varlanması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən hər iki tərəf apellyasiya şikayəti verərək, ilkin iddiaçı qətnamənin ilkin iddia tələbinin təmin olunmayan, qarşılıqlı iddia tələbinin təmin olunan hissəsində, qarşılıqlı iddiaçı isə qarşılıqlı iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri nəzərə alınmaqla hesab edir ki, qətnaməyə bütövlükdə baxılaraq hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası ilk öncə ilkin iddia tələbinə qiymət verilməsini zəruri hesab edir. Baxılan iş üzrə ilkin iddia tələbi maddi ziyanın tutulması barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 21-ci maddəsi təşkil edir. Qarşılıqlı iddia tələbi isə pul və mənəvi zərərin ödənilməsi olmaqla, qarşılıqlı iddia tələbinin qanuni əsasını da Mülki Məcəllənin 1091, 1092.1, 449.1 və 21-ci maddələri təşkil edir. Məhkəmə kollegiyası hər iki tərəfin qətnaməni mübahisələndirdiyini nəzərə alaraq ilkin olaraq İddiaçı apellyasiya şikayətinə qiymət verilməsini zəruri hesab edir. İşdən görünür ki, Abşeron rayon, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 158,5 kv.m. qeyri-yaşayış sahəsi olan kafenin tam mülkiyyət hüququ üzrə ilkin İddiaçı məxsus olması işin mübahisəsiz halıdır. İşin digər mübahisəsiz halı isə ondan ibarətdir ki, tərəflər mübahisəli qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə bağlı razılığa gəlmiş və bu məqsədlə Cavabdeh ilkin İddiaçı 175.000 manat pul vermişdir. İlkin iddiaçı iddia edir ki, özünə məxsus qeyri-yaşayış sahəsini Cavabdeh 175.000 manata satmaqla xx.xx.2022-ci il tarixdə Cavabdeh etibarnamə vermiş, sonra şəhərdə yeni kafe almaq axtarışına çıxmış və satılan bir obyekt taparaq sahibinə 20.000 manat beh vermişdir. Lakin cavabdeh 1 ay keçdikdən sonra verdiyi 175.000 manatı geri istədiyindən beh verdiyi obyektin pulunu ödəmək imkanı olmamış və 20.000 manat behi batmış, nəticədə Cavabdeh onun kommersiya fəaliyyəti ilə bağlı planlarını pozmuşdur. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə icra etməlidirlər. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, ilk növbədə İddiaçı mübahisəli əmlakın alqı-satqısının notariat qaydasında rəsmiləşdirməsindən onun deyil, cavabdehin yayındığını sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu MPM-nin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qeyd olunmalıdır ki, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-nin 106.1. maddəsinə görə işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Qeyd olunan hallarla bağlı işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi qəbul oluna bilər ki, həmin izahatlar işdə olan digər sübutlarla təsdiqlənmiş olsun. Lakin işin müəyyən edilmiş hallarından görünür ki, qeyri-yaşayış sahəsinin Cavabdeh adına rəsmiləşdirilməsi sonuncunun təqsiri üzündən deyil, ilkin iddiaçının satış müqabilində Cavabdeh əvvəlcədən aldığı 175.000 manat pul xərclədiyindən alqı-satqı zamanı notariat ofisinin depozitinə köçürülməli məbləğin 175.000 manat deyil, 120.000 manat göstərilməsi olmuş və bu səbəbdən də qarşılıqlı iddiaçı müqavilədə əmlakın satış qiymətindən aşağı məbləğin göstərilməsi ilə razılaşmamış, nəticədə tərəflər arasında alqısatqı müqaviləsi baş tutmamışdır. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (Mülki Məcəllənin 21.1. və 21.2. maddələri). Qeyd olunmalıdır ki, iddiaçı cavabdehin əməli nəticəsində ona 20000 manat məbləğində maddi zərərin vurulduğunu qeyd etsə də, lakin həmin məbləğdə zərər dəyməsini təsdiq edən hər hansı bir tutarlı sübut məhkəmə kollegiyasına təqdim etməmişdir. Göründüyü kimi mübahisəli əmlakın alqı-satqı müqaviləsinin bağlanması öhdəliyi Cavabdeh deyil, ilkin iddiaçının təqsiri üzündən baş tutmadığından, başqa sözlə desək, ilkin iddiaçıya Cavabdeh tərəfindən hər hansı bir zərərin vurulması öz təsdiqini tapmadığından ilkin iddiaçı Mülki Məcəllənin 21-ci maddəsinə əsasən ona vurulmuş 20.000 manat zərərin ödənilməsini tələb etməkdə haqlı olmamışdır. Həmçinin o da nəzərə alınmalıdır ki, ilkin iddiaçı özünə yeni obyekt almaq üçün 20.000 manat beh verdiyini və müqavilənin bağlanmaması səbəbindən həmin məbləğin obyekt sahibində qalmasını göstərsə də, lakin buna dair hər hansı bir sübut (beh müqaviləsi və s.) təqdim etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası ilkin iddiaçının apellyasiya şikayətinin dəlili ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası ilkin iddiaçının apellyasiya şikayətinin qarşılıqlı iddianın təmin edilmiş hissəsinə gəldikdə isə qeyd edir ki, tərəflərin imzaları ilə təsdiq edilmiş xx.xx.2022ci il tarixli sənəddən görünür ki, aralarında olan razılaşma pozulduğu üçün 175.000 manat qaytarılmalı, həmin məbləğdən 55.000 manatı Cavabdeh geri qaytarılmış, qalan 120.000 manatın isə yaxın müddətdə geri qaytarılacağı barədə İddiaçı öhdəlik götürmüşdür. Lakin keçən müddət ərzində İddiaçı pulu qaytarmadığından Cavabdeh xx.xx.2022-ci ildə polisə müraciət etmiş və həmin orqan tərəfindən mübahisənin həlli üçün məhkəməyə müraciət etməli olduğu ona izah edilmişdir. Göründüyü kimi mübahisəli əmlakın satışı müqabilində Cavabdeh tərəfindən əvvəlcədən İddiaçı ödənilmiş 175.000 manatdan 55.000 manatı xx.xx.2022-ci il tarixdə qaytarsa da, yerdə qalan 120.000 manatı bu günədək Cavabdeh qaytarılmamışdır. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (Mülki Məcəllənin 1091.1., 1092.1. maddələri). Bu baxımdan məhkəmə kollegiyası ilkin iddiaçının apellyasiya şikayətinin bu dəlili ilə razılaşmayaraq hesab edir ki, qarşılıqlı iddianı bu hissədə təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin İddiaçı öz evini satıb Cavabdeh 120.000 manatın qaytarılması, şahidlərin dindirilməsindən imtina etməsi, o cümlədən xx.xx.2022-ci il tarixli səs yazısı ilə razılaşmanı Nuşirəvan Məmmədovun pozması barədə apellyasiya şikayətinin dəlillərinə gəldikdə qeyd edir ki, apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli məhkəmə iclasında ilkin iddiaçının nümayəndəsi Vəkil2 vəsatəti təmin olunaraq xx.xx.2023-cü il tarixə təxirə salınmasına baxmayaraq vəsatət vermiş şəxs həmin şahidlərin iştirakını növbəti məhkəmə iclasında təmin etməmişdir. Eyni zamanda ilkin iddiaçı Cavabdeh 120.000 manat pul vəsaitini oğlu Elnurla birlikdə X2 yerləşən evində verməsini təsdiq edən heç bir tutarlı sübut təqdim etməmişdir. Əksinə nə polisə, nə də ki məhkəməyə müraciət etməmişdən əvvəl həmin məbləğin 55.000 manatı aralarında yazılı sənəd tərtib etməklə qaytardığı halda, həmin məbləğdən 2 dəfə çox olan məbləğin, yəni 120.000 manatın heç bir sənəd tərtib etmədən qaytarılması inandırıcı görünmür. Səs yazısına gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, bu səs yazısı tərəflər arasında deyil, ilkin iddiaçı ilə cavabdehin atası Nuşirəvan Məmmədov arasında olmuşdur. Məlum olduğu kimi qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasının yol verilməzliyi MPM-nin 76.3-cü maddəsində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarında qeyd etmişdir ki, başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışaqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi MPM-nin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Göründüyü kimi bu səs yazısı tərəflər arasında olmadığından məhkəmə kollegiyası həmin səs yazısını hazırkı iş üzrə sübut kimi qəbul etməsini məqsədə uyğun hesab etmir. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinin 120.000 manatın bank uçot dərəcəsinin cavabdeh tərəfindən mübahisələndirilməsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 449.1. maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir (Mülki Məcəllənin 449.2. maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Konstitusiya Məhkəməsi Plenumun qərarına əsasən Mülki Məcəllənin 449.1-ci maddəsində əksini tapmış «ondan faydalanmağa görə» müddəası özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində MM-in 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı aldığı 175.000 manatdan 120.000 manatı özündə qanunsuz saxlamaqla ondan faydalandığından, qarşılıqlı iddiaçı Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən İddiaçı həmin vəsait məbləğində faiz tutulmasını tələb etməkdə haqlı olmuşdur. Tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi məqsədilə məhkəmə kollegiyası məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/5870/2023 saylı ekspert rəyinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cavabdeh tərəfindən ödənilməsi gecikdirilən 120.000 manat pul vəsaiti üzrə Mərkəzi Bankın bank uçot dərəcəsi nəzərə alınmaqla hesablanan faiz məbləğ 3332,52 manat təşkil etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, 120000 manatın bank uçot dərəcəsi kimi hesablanan məbləğ qarşılıqlı iddiaçının tələb etdiyi 9150 manat məbləğində deyil, ekspertiza rəyi ilə müəyyən edilmiş 3332,50 manat məbləğində ilkin iddiaçıdan Cavabdeh xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinin 10000 manat məbləğində mənəvi zərərin təmin edilməyən hissəsinə gəldikdə isə qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 saylı, 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göründüyü kimi qarşılıqlı iddiaçı mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkətlər nəticəsində baş verməsini sübut edə bilmədiyindən, birinci instansiya məhkəməsi bu hissədə iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qarşılıqlı iddia tələbinin 120.000 manatın bankın uçot dərəcəsinə uyğun tutulması hissəsində ləğv edilməli və həmin hissədə qarşılıqlı iddianın qismən təmin edilməsi, ilkin və qarşılıqlı iddiaların mübahisələndirilən qalan hissəsində dəyişdirilmədən saxlanılmasına dair iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası həmçinin ekspert tədqiqatının dəyəri ilə əlaqədar hesab edir ki, ilkin İddiaçı məhkəmə ekspertizasının dəyəri 100 (bir yüz) manat alınaraq Azərbaycan Respubliası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayəti mübahisələndirilən hissədə qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli qətnaməsi qarşılıqlı iddia tələbinin 120.000 manatın bankın uçot dərəcəsinə uyğun tutulması hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İlkin İddiaçı 3332 (üç min üç yüz otuz iki) manat 50 (əlli) qəpik məbləğində pul tutularaq qarşılıqlı iddiaçı Cavabdeh ödənilsin. İlkin İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qətnamə ilkin və qarşılıqlı iddianın mübahisələndirilən qalan hissəsində dəyişdirilmədən saxlanılsın. İlkin İddiaçı məhkəmə mühasibatlıq ekspertizasının dəyəri 100 (bir yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, kod: 210005, VÖEN **********, Muxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1144/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1144/2023
15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver