Məhkəmə qərarları › İş №2(105)-1151/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1151/2024

25.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1151/2024 25.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul və əmlak tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 2(012)-575/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan 585 əyarlı 80 qram qızılın, həmin qızıl olmadığı təqdirdə onun dəyərinin ödəniş zamanı bazar qiyməti müəyyən olmaq şərti ilə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, pula ehtiyacı olduğu üçün tanışı Cavabdeh özünə məxsus olan 80 qram 585 əyarlı qızıl vermişdir ki, tanıdığı lombarda qoyub pul götürsün. O da həmin qızılları tanıdığı lombarda qoyub ona 3000 manat pul vermiş, lakin ona rəsmi ödəniş cədvəli təqdim etməmişdir. O, Cavabdeh dediyi qrafikə uyğun həmin pulu ödədikdən sonra qızıllarını tələb etdikdə, cavabdeh ona əslində özü üçün də pul götürdüyünü, bu səbəbdən də hələ pulun tam ödənilmədiyini bildirmişdir. Əvvəllər telefonda qızıllara görə lombarda ödəniləcək pulları mənimsədiyini, əslində onun həmin borcu tam qaytardığını düşündüyü halda, reallıqda isə borcun mövcud olduğunu etiraf edirdi. Lakin sonradan cavabdeh ona məxsus olan qızılları qaytarmaqdan müxtəlif bəhanələr gətirərək imtina etmişdir. Cavabdeh barəsində törətdiyi əmələ görə cinayət işinin açılması üçün Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə müraciət etməsinə baxmayaraq, ərizədə göstərilən xüsusatların məhkəmə tərəfindən araşdırılmalı olduğu bildirilmişdir. Birinci instansiya məhkəməsi gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, məhkəmədən 87 qram qızıl (7 qram fantaziya üzüklə birlikdə, 585 əyarlı) və 51 ay edilmiş 3570 manat ödənişin, lombard ödənişlərinin rəsmi sənədlərinə əsaslanaraq 8 ay çıxmaq şərtilə yerdə qalan pul vəsaitinin qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 2(012)-575/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 4600 manat və ödənilmiş dövlət rüsumu üçün 66 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Mlahət Aslanova). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 2(012)-575/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarından və qarşılıqlı münasibətdən mübahisəsiz qaydada görünür ki, iddiaçının qızıl zinət əşyaları lombarda qoyulmuş və onun əvəzində qızıllara görə pul məbləğini aylıq ödəniş etmək şərti ilə qəbul etmişdir. İş materiallarından və tərəflərin məhkəməyə təqdim etdikləri sübutlardan açıq şəkildə görünür ki, iddiaçı lombarda borclu qaldığından lombard təmsilçisi pula görə girov saxladığı əmlakı satmışdır. İş materallarından və işdə olan sübutlardan görünür ki, iddiaçı ona lombarda olan borcunun tam və ya qismən ödənilməsi ilə bağlı pul məbləğinin verilməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Qətnamədən görünür ki, hakim tərəfindən ona pul məbləğinin iddiaçı tərəfindən verilməsi barəsindən təsdiqləyici mövqeyi hakimin ehtimalına görə müəyyənləşmişdir. Mülki Prosessual qanunverciliyinin tələbinə əsasən məhkəmə (işəbaxan hakimi) iş üzrə qəbul ediləcək qətnaməsini ehtimala görə deyil, faktlar və sübutlar əsasında qəbul edir. İş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə qətnamədə qeyd edir ki, İddiaçı girov qoyulmuş qızıllar üçün xx.xx.2017-ci ildən 2020-ci ilin avqust ayınadək (39 ay) hər ay 70 manat olmaqla, cəmi 2730 manat ödəniş etmiş, bu ödənişlərdən 560 manatı (8 ay x 70) Cavabdeh tərəfindən lombardın hesabına ödənilmiş, lakin qalan 2170 manat vəsait isə ödənilməmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, iddiaçının lombard üçün ödədiyi 2170 manat vəsait iddiaçıya geri qaytarılmalıdır. İşə baxan hakim işdə heç bir mötəbər sübut olmadan bu halın nə ilə təsdiq olduğunu qətnamədə qeyd etmir. Hansı ki, lombard fəaliyyəti ilə məşğul olan şəxs məhkəməyə ünvanladığı məktubunda qeyd edir ki, lombarda olan borc qaytarılmadığından qızıllar satılmışdır. İddiaçı tərəfindən ona pul məbləği verilmədiyindən, buna görə lombarda olan borc ödənilmədiyindən lombard borc əvəzi kimi qızılları satışa çıxarmışdır. Məhkəmə qanunsuz və əsassız şəkildə qətnamədə onun tərəfindən almadığı pul məbləğinin mənimsəməyi barədə ehtimal üzrə qənaətə gələrək ondan əsassız şəkildə 2170 manat məbləğində pulun tutularaq iddiaçıya qaytarılması barədə qanunsuz qətnaməni qəbul etmişdir. Daha sonra məhkəmə qızılların lombardda olub lombard tərəfindən satıldığını müəyyən etdiyi halda qanunsuz şəkildə qızılın ondan alınması qənaətinə gəlmişdir. Bu iş üzrə iş materallarına əlavə edilmiş bütün sənədlərin hec biri mötəbər sübut deyildir. Məhkəmənin həmin qəbz və sair sənədlərdən iddianın hər hansı bir formada təmin edilməsi ücün sübut kimi istifadə etməsi qətnamənin bir daha qanunsuz çıxarılması məsələsini ortaya qoymuşdur. Hesab edir ki, məhkəmə bu işdə xüsusilə maraqlı olaraq qanunsuz və əsassız, heç bir sübuta söykənməyən qətnaməni qəbul etmişdir. Odur ki, bu iş üzrə qəbul edilmiş qətnamə apellyasiya qaydasında ləğv olunmalı, faktlar və sübutlar əsasında düzgün və hərtərəfli qətnamə qəbul olunmaqla iddiaçının iddia tələbi rədd olunmalıdır. Mülki qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə hüquqi qiymətləndirmə aparılarkən ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasını dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. İddiaçının məhkəməyə təqdim etdiyi sübutlar müəyyən edir ki, iddiaçı iddia tələbində ondan tələb etdiyi pul və ya əmlak ona verilməmiş və ya onda deyildir. İddiaçının tələb etdiyi əmlakın başqa şəxsdə olduğunu məhkəmə müəyyən etsə də, qanunsuz şəkildə ondan alınması barədə gəldiyi nəticə səhvdir və qanunsuzdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə qismən ləğv edilməklə Cavabdeh 2160 (iki min yüz altmış) manat və ödənilmiş dövlət rüsumunun 50 (əlli) manat hissəsi alınaraq İddiaçı verilməlidir. İş materiallarında olan Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin xx.xx.2021- ci il tarixli məktubundan görünür ki, 2017-ci ildə İddiaçı özünə məxsus qızılları iş yoldaşı Cavabdeh vasitəsi ilə lombarda girov qoyaraq pul götürmüş, hər ay ödəmə edərək tam borcu ödəməsinə baxmayaraq, sonuncu qızılları qaytarmamasına dair yazdığı ərizə üzrə araşdırma aparılmış, bu zaman ərizədə göstərilən xüsusatların mübahisə predmeti olaraq məhkəmələr tərəfindən araşdırılmalı olduğu müəyyən edilmişdir. Göstərilənlərlə əlaqədar məhkəməyə müraciət edə bilməsi tövsiyə olunmuşdur. Bölmədə verdiyi izahatda Cavabdeh göstərmişdir ki, 2017-ci ildə İddiaçı onunla bir yerdə işləmiş, o, işdən çıxa bilmədiyi üçün Nəriman adlı şəxslə qızılları ona göndərmiş, lombarddan pul götürüb Nərimanla İnsafa göndərmişdir. 2020-ci ilin avqust ayınadək İnsaf lombardın faizini ödəmiş, sonra isə ödəmədiyindən lombard qızılları satışa çıxarmışdır. İş materiallarında olan Fərdi sahibkar X1 3m saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh (ş/v AZE ********) 08 may 2017-ci il tarixdə 003110 saylı girov bileti üzrə lombarddan 2100 manat məbləğində ssuda vəsaitini götürmüş və həmin ssudanın təmini məqsədilə aşağıdakı qızıl-zinət əşyalarını girov qoymuşdur: 583 əyarlı 22,4 qramlı qızıl qadın saatı, 583 əyarlı 3 ədəd üzük (4,1; 6,6 və 3 qramlıq), 583 əyarlı 6,1 qramlıq sırğa, 583 əyarlı 10,5 qramlıq qolbaq, 583 əyarlı 22,6 qramlıq boyunbağı. Ssudanın faiz məbləğini - aylıq 126 manat vəsaiti N.M. Ağayeva 2018- ci ilin yanvar ayınadək ödəmiş, lakin bundan sonra çoxsaylı tələblərə və xəbərdarlıqlara baxmayaraq, ödəmələri etməmişdir. Lombardın əsas və faiz borclarının qaytarılması məqsədilə, ssudanı təmin edən əşyalar xx.xx.2018-ci il tarixdə 2430 manata satılmışdır. Birinci instansiya məhkəməsi araşdırması nəticəsində müəyyən edilmişdir ki, tərəflər arasında şifahi tapşırıq müqaviləsi bağlanmış və tapşırıq münasibətləri yaranmışdır. Hər iki tərəfin izahatından görünür ki, iddiaçının pula ehtiyacı olduğu üçün cavabdehə qızıllarını verərək ondan bu əmlakları lombarda girova qoymağı və əvəzində pul vəsaiti götürərək ona verməyi tapşırmış, cavabdeh bu tapşırığı icra etməyi öhdəsinə götürmüşdür. İş materialları ilə müəyyən olunur ki, fərdi sahibkar X3 (lombard) Cavabdeh ümumilikdə 75,3 qram qızıl əşyaları qəbul edərək ona 2100 manat ssuda vermişdir. İş üzrə tərəflər isə bu məbləğin 3000 manat təşkil etməsini və bu məbləğin cavabdeh tərəfindən iddiaçıya verilməsini təsdiq edirlər. Tərəflərin razılığı ilə lombarda dövri ödənişləri İddiaçı etməli idi. İddiaçı iddia edir ki, lombard üçün 51 ay (2017-ci ilin may ayından 2021-ci ilin avqust ayınadək) ərzində cəmi 3570 manat ödəniş etmişdir. Lombarddan götürülən ssudaya görə razılaşdırılmış məbləğ onun tərəfindən tamamilə geri qaytarıldığından hazırda iddiaçı 87 gram qızıl (7 qram fantaziya üzüklə birlikdə, 585 əyarlı) və 51 ay edilmiş 3570 manat ödənişin, lombard ödənişlərinin rəsmi sənədlərinə əsaslanaraq 8 ay çıxmaq şərtilə yerdə qalan pul vəsaitinin qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan cavabdehin Suraxanı RPİ-nin 33-cü PB-də verdiyi izahatda iddiaçı tərəfindən 2020-ci ilin avqust ayına qədər lombardın faizlərinin ödənildiyi qeyd olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən düzgün olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Həmin Məcəllənin 778.2-ci maddəsinə əsasən tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Həmin Məcəllənin 778.3-cü maddəsinə əsasən əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 781-ci maddəsinə əsasən vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir. İş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən lombarda hər ay 70 manat ödəniş edilməsi tərəflər arasında razılaşdırılmışdır.Bununla əlaqədar iddiaçı xx.xx.2017-ci ildən 2020-ci ilin avqust ayınadək girov qoyulmuş qızıllar üçün 39 ay ərzində hər ay 70 manat olmaqla (39 x 70 ) cəmi 2730 manat ödəniş etmişdir. Qeyd edilən ödənişlər iddiaçı tərəfindən cavabdehə lombarda ödənilməsi üçün verilməsinə baxmayarq cavabdeh yalnız 2018-ci ilin yanvar ayınadək cəmi 560 manat lombarda ödəmiş, öhdəliyini lazımi qaydada yerinə yetirmədiyinə görə lombard tərəfindən iddiaçının qızılları satılmaqla lombard qarşısındakı öhdəliklərinə xitam verilmiş və o, qızıl –zinət əşyalarından məhrum edilmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə lomabrda verilməsi məqsədi ilə 2730 manat ödənilmişdir. Məhkəmə kollegiyası qızılların qiymətinə münaisətdə isə qeyd edir ki, fərdi sahibkar X3 3m saylı, xx.xx.2024-cü il tarixli məktubu ilə bildirmişdir ki, qızılları o, xx.xx.2018-ci il tarixdə 2430 manata satmışdır. Qızıl-zinət əşyalarının qiymətinin 2430 manat olmasını iddiaçı apellyasiya qaydasında mübahisələndirmədiyindən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, qızıl-zinət əşyalarının dəyərinin 2430 manat olması işin mübahisəsiz halıdır. Göründüyü kimi qızıl-zinət əşyaları artıq satıldığından onların iddiaçıya geri verilməsi mümkün deyildir, buna görə də qızılların dəyəri iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən öhdəliklər icra edilmədiyindən iddiaçının lombarda verilməsi üçün ödədiyi 2730 manat və qızılların dəyəri olan 2430 manat, cəmi 5160 (2730+2430) manat cavabdeh tərəfindən iddiaçıya qaytarılmalıdır. Bununla belə, iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən qızıllar lombarda qoyulduqdan sonra 3000 manatın ona ödənildiyini etiraf etmişdir. Buna görə də hazırki halda, cavabdehin iddiaçıya 2160 (5160-3000) manat borcu vardır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi qismən ləğv edilməklə Cavabdeh 2160 (iki min yüz altmış) manat və ödənilmiş dövlət rüsumunun 50 (əlli) manat hissəsi alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 2(012)-575/2024 nömrəli qətnaməsi qismən ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. Cavabdeh 2160 (iki min yüz altmış) manat və ödənilmiş dövlət rüsumunun 50 (əlli) manat hissəsi alınaraq İddiaçı verilsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar