Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1156/2022 04.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(060)-1008/2022 nömrəli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(060)-1008/2022 nömrəli qətnaməsi ilə (hakim Emin Abdullayev) iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia qismən təmin edilib, İMEİ kodu **********28537 olan «Samsung Galaxy A11» markalı telefon üçün 304 (üç yüz dörd) manat 20 (iyirmi) qəpik ödənilməmiş hissə və 15 (on beş) manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın tam təmin olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh İMEİ kodu **********28537 olan «Samsung Galaxy A11» markalı telefon üçün 485,8 manat borcun və 30 manat dövlət rüsumunun iddiaçı tərəfin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh arasında bağlanmış 13.11.2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh İMEİ kodu **********28537 olan «Samsung Galaxy A11» markalı telefon almış və nəticədə iddiaçıya 485,8 manat borcu yaranmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh alqı-satqı qiyməti 561,6 manat olan İMEİ kodu **********28537 olan «Samsung Galaxy A11» markalı telefon üçün 24 ay müddətinə, aylıq 23,4 manat ödəməli olduğu halda ümumilikdə 75,8 manat ödəniş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı "xxxx" MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 24 fevral 2022-ci il tarixli qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.5, 445.1, 606.1-ci maddəsinin və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, cavabdehlə məhkəməyə qədər, telefon və xəbərdalıq məktubu vasitəsi ilə müqavilə üzrə üzərinə düşən öhdəliklərin icra olunması barədə məlumat verilsə də, o, üzərinə düşən öhdəlikləri icra etməmişdir. Belə olan halda, müqavilə üzrə gecikdirilmiş malı qiymətləndirilərək qalıq borcundan silinməsi mümkün olmadığı üçün iddiaçı tələbində cavabdehlə bağlanılmış müqavilənin bütün dövrü üçün ödənişini tələb etməkdə haqlıdır. Digər tərəfdən, tərəflər arasında bağlanılmış 13.11.2020-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavənin 5-ci bəndinə əsasən, müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, ABC-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatını (200 faiz) və 50 AZN məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. Cavabdeh 13.11.2020-ci il tarixdə İMEİ kodu **********28537 olan «Samsung Galaxy A11» markalı telefonu əldə etmiş, hal-hazırda ödənişi 366 gündür ki gecikir. Lakin, iddiaçı güzəşt olaraq, qeyd olunan bəndi cavabdehə qarşı tətbiq etməmişdir. Birinci instansiyanın araşdırmasına və nəticəsinə görə iddiaçı ABC-Telecom, qət olunmuş məhkəmə qərarından sonra, hər gecikdirilmiş ay üçün ayrıca məhkəmə qaydasında müraciət etməlidir. Birinci instansiyanın belə yanaşması nəinki tərəflər arasında bağlanılmış müqavilənin tələblərinə ziddir, həmçinin iddiaçının hüquqlarını kobud şəkildə pozur. Bundan əlavə, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən ödənilməli olduğu borcu məhkəməyə müraciət olunan tarixdən, yəni 17.12.2021-ci il tarixdən hesablamışdır. Bu hal belə qeyri-obyektiv araşdırmanın nəticəsidir. Məhkəmə mübahisəsinin yekunu 24.02.2022-ci il tarixdə yekunlaşsa da, hakim tələbin (pulun) qətnamənin çıxarıldığı günə belə hesablamamışdır. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilİB, iddianın təmin olunmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan tərəflər arasında bağlanmış 13.11.2020-ci il tarixli müqaviləyə əsasən iddiaçı "xxxx" MMC Cavabdeh İMEİ kodu **********28537 olan «Samsung Galaxy A11» markalı telefonu satmış, sonuncu isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. 13.11.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 24 ay müddətində hər ay 23,4 manat iddiaçıya ödəməli idi. İş materiallarında olan 10.12.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdeh alqı-satqı qiyməti 561,6 manat olan İMEİ kodu **********28537 olan «Samsung Galaxy A11» markalı telefonu ilkin ödəniş etmədən nisyə əldə etmişdir. Cavabdeh ödəməli olduğu 561,6 manatdan cəmi 75,8 manat ödəniş etmiş, nəticədə 485,8 manat borcu qalmışdır. 13.11.2020-ci il tarixli əşyaların təhvil-təslim aktına əsasən cavabdeh İMEİ kodu **********28537 olan «Samsung Galaxy A11» markalı telefonu iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. 09.11.2021-ci il tarixli xəbərdarlıq məkutubundan görünür ki, Cavabdeh müqavilə üzrə öhdəliklərin icrasının gecikdirilməsi ilə bağlı məlumatlandırılmış, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, tərəflər arasında 13.11.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı tərəf müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin Müqavilə hüququ adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllə Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi nəticəsinə gələrkən hesab etmişdir ki, tərəflər arasında 13.11.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilədə cavabdehin müqavilə şərtlərinə əməl etmədiyi təqdirdə iddiaçının bütün müqavilə dövrü üçün hesablanmış borcu tələb edə bilmək hüququ təsbit edilməmişdir. Lakin iddiaçı cavabdehdən müqavilə üzrə əsas borc məbləğini bütövlükdə tələb edir. Belə olan halda iddiaçı müqavilənin ləğv edilməsi tələbini irəli sürmədən bütün müqavilə müddəti üçün nəzərdə tutulmuş əsas borcu tələb edə bilməz. Ona görə də, cavabdehin iddiaçıya olan borcu məhkəməyə müraciət etdiyi 17.12.2021-ci il tarixə kimi hesablanmışdır. Beləliklə, məhkəmə kollegiyası işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiyası məhkəməsi iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmayıb, toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirmədən və apellyasiya şikayətini isə təmin etmədən saxlanması üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. Hazırda qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 181,60 manat təşkil edir. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(060)-1008/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1156/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1156/2022
04.05.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver