Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1156/2023 19.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), X2 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı xxxx cavabdehlər Cavabdeh4, Cavabdeh6, Cavabdeh8, Cavabdeh7, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı "kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan yaşayış sahəsindən çıxarılma" tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2(059)-295/2023 saylı qərardadından iddiaçı xxxx tərəfindən şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı xxxx cavabdehlər Cavabdeh4, Cavabdeh6, Cavabdeh8, Cavabdeh7, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı "kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan yaşayış sahəsindən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 dekabr 2019-cıı il tarixli, **********75219/SİM nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh8 və Cavabdeh3 1/25 hissədə, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh6 6/25 hissədə, Cavabdeh7 isə 5/25 hissədə məxsus olan Siyəzən şəhərinin Babək küçəsində yerləşən, kateqoriyasına görə yaşayış məntəqələrinin torpaqlarına aid olan 0,06 ha torpaq sahəsinə, həmin torpaq sahəsində yerləşməklə, Cavabdeh8, Cavabdeh1, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh3 hər birinə 1/5 hissədə məxsus olan 68 nömrəli, 94.5 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və həmin əmlakın satışından əldə olunan vəsait hesabına borcalan Cavabdeh6 24 dekabr 2019-cu il tarixli, **********75219 nömrəli kredit müqaviləsi üzrə iddiaçı Bank qarşısındakı 9 263,03 manat məbləğində əsas borc, kreditdən istifadəyə görə hesablanmış 41,91 manat məbləğində adi faizlər üzrə borc məbləği, 11 mart 2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 0,02 % (sıfır tam yüzdə iki faiz) dərəcəsi ilə hesablanmış 2,40 manat məbləğində penya olmaqla, cəmi 9 307,34 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 40 manat məbləğində pul vəsaitinin iddiaçı Bankın xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 113,08 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin birgə qaydada cavabdehlər Cavabdeh8, Cavabdeh1, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh7 iddiaçının xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin (likvid qiymətini) tərəflərin qarşılıqlı razılıqla seçərək, ipoteka müqavilələrində təsbit etdikləri müstəqil qiymətləndiricilərdən ("Roveks Konmark” MMC, "xxxx" MMC, “MBA LTD" MMC) birinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilməsi, ipoteka predmeti satıldıqdan sonra cavabdehlər, onların ailə üzvləri və digər şəxslər fərdi yaşayış evini 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2(059)-295/2023 saylı qərardadına əsasən, iddiaçı xxxxnın cavabdehlər Cavabdeh4, Cavabdeh6, Cavabdeh8, Cavabdeh7, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı "kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan yaşayış sahəsindən çıxarılma" tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən ərizənin yolverilməzliyinə görə imtina edilmiş və ərizə ona əlavə olunmuş sənədlərlə, eləcə də ödənilmiş 113,08 (bir yüz on üç manat 08 qəpik) manat dövlət rüsumu ilə birlikdə iddiaçıya geri qaytarılmışdır (hakim Bəylər Ələkbərov). İddiaçı xxxx Siyəzən Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2(059)- 295/2023 saylı qərardadından şikayət vermişdir. Siyəzən Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(059)-295/2023 saylı qərardadı ilə şikayət təmin olunmayaraq, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin təqdim edilmiş iddia ərizəsini qəbul etməkdən imtina etməsi konstitusion hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiyada təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olduğuna təminat verilir. Məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Viktor Ozerovun şikayətinə dair 2011-ci il 15 aprel tarixli Qərarı). Məhkəməyə müraciət etmək hüququ bu mənada xüsusi önəm daşıyır. Belə ki, sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir. Bu hüquq iş üzrə tərəflərin məhkəmə müdafiəsi vasitələrinə çıxışını təmin etməklə onların öz hüquqlarının müdafiəsi üçün effektiv və real imkanlarının olmasını nəzərdə tutur. Məhkəmə iddia ərizəsinin qəbulundan imtina edərkən, “İpoteka haqqında” və “Notariat haqqında” Azərbaycan Respublikası Qanunlarına istinad edərək mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının tələbi ipoteka predmetinə tutumanın yönəldilməsi ilə bağlıdır. İpoteka predmetinə tutmanın yönəldilməsi isə notariusun icra qeydi ilə həyata keçirilməli olduğundan, iddiaçı notariusa icra qeydinin verilməsi barədə müraciət etməlidir. İddia tələbinin satışdan sonra ipoteka predmeti olan fərdi yaşayış evindən çıxarma ilə bağlı hissəsi notariusun icra qeydi ilə mahiyyəti üzrə qiymət verilə bilən tələb deyildir. İddia tələbinə qeyd edilən hissədə məhkəmə tərəfindən mahiyyəti üzrə baxılmalı və müvafiq hüquqi qiymət verilməlidir. Onu da qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi təmin olunacağı təqdirdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən cavabdehlərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları üçün əsas olacaqdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsaslarını müəyyən etmişdir. Həmin əsaslardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcud olmasıdır. Göründüyü kimi, yuxarıda qeyd edilən məsələlər notariusun icra qeydi ilə ehtiva olunmur və yalnız məhkəmə tərəfindən iddia tələbinə baxılarkən mahiyyəti üzrə qiymət verilə bilər. Belə olan halda, məhkəmə tərəfindən iddianın qəbul edilməsindən imtina edilməsi tamamilə əsassızdır. Həmçinin məhkəmənin nəzərinə çatdırır ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda ipoteka predmetininə tutumanın yönəldilməsi zamanı məhkəməyə müraciət etmək hüququnun olmaması və ya həmin hüququn hər hansı formada məhdudlaşdırılması ilə bağlı müddəa nəzərdə tutulmamışdır. Bundan başqa, mülki prosessual qanunvericilikdə də bununla bağlı hər hansı məhdudiyyət, o cümlədən, məhkəməyə müraciət edilməzdən əvvəl notariusa müraciət edilməsi barədə hər hansı qayda nəzərdə tutulmamışdır. Əksinə olaraq ipoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmədə baxılması ilə bağlı 3 aylıq prosessual müddət nəzərdə tutulmuşdur. (MPMin 172.1.2-ci maddəsi). Bundan başqa, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsi, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsi, icra üsulunun və qaydasının dəyişdirilməsi qaydası müəyyən edilmişdir (MPM-in 231-ci maddəsi). Onu da qeyd etməyi zəruri hesab edir ki, mövcud məhkəmə təcrübəsinə əsasən eyni qəbildən olan işlər məhkəmənin icraatına qəbul edilərək mahiyyəti üzrə baxılır. Yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina edilməsi barədə qərardad əsassız olduğundan ləğv edilməli, iddia ərizəsi icraata qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, tərəflər arasında kredit müqaviləsinin təminatı olaraq bağlanmış ipoteka müqaviləsi 24 dekabr 2019-cu il tarixdə imzalanmış və həmin tarixdə notarial qaydada təsdiq edildiyi andan hüquqi qüvvəyə minmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 28 dekabr 2018-ci il tarixli, 1439-VQD nömrəli Qanunu ilə ipoteka predmetinə tutma yönəldilməsinin yeni qaydası və tutmanın notariusun icra qeydi əsasında aparılması müəyyən edilmişdir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinin İ, İİ və Vİ hissələrinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş təlimatın 169-1-ci bəndinə əsasən ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda, ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə, ipoteka müqaviləsi dövlət qeydiyyatına və Qanunda nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alındıqda, ipoteka kağızı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda, ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda, ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə, ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1-1-ci bəndinin b) yarımbəndində göstərilmişdir ki, icra qeydi almaq üçün ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli” təqdim olunur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. Bu Qanunun 36-cı maddəsinin İ hissəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci və 38-ci maddələrinin İ hissələrinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. İş materiallarından görünür ki, Bank ipotekaya tutma yönəldilməklə, kredit müqaviləsi üzrə borc məbləğinin tutulması ilə əlaqədar borclunun olduğu yer üzrə notariusa icra qeydinin verilməsi barədə müraciət etməmiş, habelə bunun mümkünsüz olmasını təsdiq edən mötəbər sənəd və ya sübutu iş materiallarına əlavə etməmişdir. Halbuki, 24 dekabr 2019-cu il tarixli ipoteka müqaviləsinin 6.2-ci bəndinə əsasən ipoteka predmetinə tutma, onun hərracda satılması yolu ilə notariusun icra qeydi əsasında, bu mümkün olmadıqda isə məhkəmə qaydasında yönəldildiyi göstərilmişdir. Beləliklə, iddiaçı Bank “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun yuxarıda göstərilən normalarına əsasən ipoteka predmetinə tutma yönəldilməsi üçün borclunun olduğu yer üzrə notariusa müraciət etməli olduğu halda, məhkəməyə müraciət etmişdir ki, bu tələbə də mülki məhkəmə icraatı qaydasında baxılması mümkün deyildir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi və ya bu müqavilə ilə nəzərdə tutulmuş halalrda ipoteka saxlayan ipoteka predmetinə tutma yönəldilməsi prosedurunun başlanması barədə bildirişi kağız daşıyıcıda və elektron üsulla ipoteka qoyana göndərir. Bu bildiriş ipoteka qoyanlara təqdim edilmiş hesab olunduğu tarixdən 1 ay ərzində ipoteka qoyanın kredit müqaviləsi üzrə ipotaeka saxlayan qarşısındakı öhdəliklərini tam həcmdə yerinə yetirə və ya məhkəməyə müraciət etmədən ipoteka predmeti hesabına ipoteka saxlayanın tələblərinin ödənilməsi haqqında ipoteka saxlayanla notariat qaydasında təsdiqlənmiş razılaşma bağlaya bilər. Bildirişin ipoteka qoyanlara təqdim edildiyi tarixdən keçən 1 ay ərzində ipoteka qoyanlar göstərilən hərəkətlərdən hər hansı birini etmədikdə, ipoteka predmetinə tutma, onun hərracda satılması yolu ilə notariusun icra qeydi əsasında, bu mümkün olmadıqda isə məhkəmə qaydasında yönəldilir. Bununla da, müəyyən edilir ki, iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin qəbul edilməsindən ərizənin yolverilməzliyinə görə imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X1 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 07 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyinə əsasən “.... iş məhkəmədə baxılmalı olmadıqda iddia tələbinin tam və ya qismən yolverilməzliyini nəzərdə tutan bu vacib institut bir sıra mühüm məqsədlərə xidmət edir. Belə ki, məhkəmədə baxılmalı olmayan iddia ərizələrinin yolverilməzliyi və ya artıq icraata qəbul edilmiş işlərə xitam verilməsi faktiki olaraq mübahisəli hüquq münasibətinin hələ yaranmadığı və məhkəmədən kənar baxılmalı olan işlərlə məhkəmələrin lüzumsuz yüklənməsinin qarşısını alır. Bu institut, eyni zamanda, tərəflərin öz aralarında olan mübahisəli məsələləri həll etmək üçün malik olduqları daha geniş imkanlardan səmərəli istifadə etməsinə şərait yaradır.” Beləliklə müəyyən edilir ki, məhkəmə iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin qəbul edilməsindən ərizənin yolverilməzliyinə görə imtina edərək, ərizəni ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarmaqda haqlı olmuşdur. Eyni zamanda iddiaçı tərəfə izah olunmalıdır ki, qeyd olunan tələblə bağlı borclunun olduğu yer üzrə notariusa müraciət edə bilər. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizənin qəbulundan imtina edilməsi barədə gəldiyi nəticədə haqlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası şikayətin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək əsaslı hesab etmir və şikayətin dəlillərinin birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Siyəzən Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2(059)-295/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı xxxx tərəfindən verilmiş şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1156/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1156/2023
19.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver