Məhkəmə qərarları › İş №2(105)-1165/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1165/2022

24.05.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1165/2022 24.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Pərvin Fəxrəddin oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2(060)-9172/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2(060)-9172/2021 nömrəli tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh İMEİ Kodları **********00548 və **********83903 olan 2 ədəd Samsung Galaxy АЗО markalı telefonlar, “HOFFMANN” markalı Termopot, “SONY” markalı PlayStation, “SAMSUNG” markalı tozsoran və qoruyucu üzlük, “Panasonic” markalı trimmer və “Philips” markalı üzqırxan üçün 1959 manat məbləğində pul və 39.59 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 1998.59 manatın iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir (hakim Azər ismayılov). Qətnamədən Cavabdeh tərəfindən apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2(060)-9172/2021 nömrəli qətnaməsini ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25.12.2019-cu il tarixli müqaviləyə əsasən, “HOFFMANN” markalı Termopot üçün 49 (qırx doqquz) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 19.11.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********00548 olan “Samsung” Galaxy A30s markalı telefon üçün 370 (üç yüz yetmiş) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 12.06.2020-ci il tarixli müqaviləyə əsasən, “SONY” markalı PlayStation üçün 744.6 (yeddi yüz qırx dörd manat, altmış qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 17.12.2019-cu il tarixli müqaviləyə əsasən, “SAMSUNG” markalı tozsoran üçün 116.4 (yüz on altı manat, qırx qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 08.06.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********83903 olan “Samsung” Galaxy A30s markalı telefon və Samsung markalı qoruyucu üzlük üçün 541.6 (beş yüz qırx bir manat, altmış qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 29.12.2019-cu il tarixli müqaviləyə əsasən, Panasonic markalı trimmer və “Philips” markalı üz qırxan üçün 137.5 (yüz otuz yedi manat, əlli qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə borcu olmaqla, 6 müqavilə üzrə ümumilikdə 1959 manat pul və 39.59 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ : Məhkəmə kollegiyasının iclasında Cavabdeh izahatında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək göstərdi ki, qətnamə ilə razı deyil. İddiaçı təşkilatdan müəyyən avadanlıqlar götürmüş, 1286 manat ödəniş etmişdir. Aldığı məhsullardan su isidicisi (tefal) almaq istəyərkən satıcı ona “Hoffman” markasını məsləhət gördü. Sənədləşmə olduqdan sonra məhsulları aparmışdır. Müəyyən vaxt istifadə etdikdən sonra ərpləşmə olduğunu görüb mağazaya yaxınlaşıb məlumat verəndə dəyəri 25 manat olan şampundan istifadə etməyi məsləhət gördülər. Etiraz edərək avadanlığın dəyişdirilməsini istəmiş, lakin onu servisə yönləndirilmişdir. Məhsulu dəyişməmiş, onu süründürmüşlər. Eyni zamanda oyun konsulu da yaxşı işləməmiş, evdə qoşulduqdan sonra ekranı qaralmışdır. Bundan sonra əsəbləşdiyi üçün ödənişləri etməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2(060)-9172/2021 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki cavabdeh iddiaçı təşkilata məxsus mağazadan bir neşə məişət avadanlığı almış, bir müddət sonra su isidicisində ərpləşmə olması, bəzən qızmaması ilə əlaqədar mağazaya müraciət etmiş, onu servisə yönləndirmişlər. Servisdə təmir üçün 15 manat təmir haqqı istənilmiş, cavabdeh bundan imtina etmişdir. Həmçinin oyun konsulunda hər hansı problemin olması barədə mağazaya müraciət etməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2(060)-9172/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan alqı-satqı müqavilələrindən görünür ki, cavabdeh, "xxxx" MMC ilə bağladığı 25.12.2019, 19.11.2019, 12.06.2020, 17.12.2019, 08.06.2020 və 29.12.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ Kodları **********00548 və **********83903 olan 2 ədəd “Samsung” Galaxy АЗО markalı telefonlar, “HOFFMANN” markalı Termopot, “SONY” markalı PlayStation, SAMSUNG markalı tozsoran və qoruyucu üzlük, “Panasonic” markalı trimmer və “Philips” markalı üz qırxan almış, nəticədə 1959 manat borc yaranmışdır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-yə, İMEİ Kodları **********00548 və **********83903 olan 2 ədəd “Samsung” Galaxy АЗО markalı telefonlar, “HOFFMANN” markalı Termopot, “SONY” markalı PlayStation, “SAMSUNG” markalı tozsoran və qoruyucu üzlük, “Panasonic” markalı trimmer və “Philips” markalı üz qırxan üçün 1959 manat borcu vardır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan avadanlığı cavabdehə vermiş, lakin cavabdeh hər ay ödəniş cədvəlinə uyğun olaraq pul ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq hesab edir ki, məhkəmə iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifələrinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1. maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə ki cavabdehin izahatı ilə də müəyyən edilir ki, mağazadan bir neçə avadanlıq almış, 1286 manat ödəniş etmiş, sonradan bəzi məhsullardan narazı olduğu üçün ödənişləri etməmişdir. Görüdüyü kimi, cavabdeh ödəniş etməməsini göstərməklə iddiaçı təşkialta borclu qalmasını etiraf etmişdir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki. iddia tələbi əsaslı olduğundan və təmin edildiyində iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun da cavabdehdən tutulması barədə məhkəmə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Belə ki, cavabdeh mağazaya borclu qaldığını, lakin əsəbləşdiyi üçün ödəniş etmədiyini bildirmişdir. Bu səbbədən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməmişlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2(060)-9172/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 402.1-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2(060)-9172/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar