Məhkəmə qərarları › İş №2(105)-1170/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1170/2024

29.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1170/2024 29.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Elbəyli Vüsalə Rasim qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsinin boşaldılması və həmin torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli, e-2(012)-115/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma, əmlakın təhvil verilməsi və mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,03 ha zəbt edilmiş torpaq sahəsindən Cavabdeh1 və bütün ailə üzvlərinin məcburi qaydada çıxarılması, həmin torpaq sahəsinin iddiaçıya təhvil verilməklə, əmlaka dair mülkiyyət hüququnun bərpa edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,03 ha torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Bir müddət bundan əvvəl ona məlum olmuşdur ki, Cavabdeh1 başqa bir ünvanda-ünvan 1atda olmasına baxmayaraq ailə üzvləri ilə birlikdə onun mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,03 ha torpaq sahəsini zəbt etmişdir. O, buna etiraz etmiş, lakin cavabdeh torpaq sahəsini boşaltmaqdan imtina etmişdir. Bu isə onun həmin torpağa dair mülkiyyət hüquqlarını pozur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,03 ha zəbt edilmiş torpaq sahəsindən Cavabdeh1 və bütün ailə üzvlərinin, yetkinlik yaşına çatmayan X2 və Cavabdeh2 məcburi qaydada çıxarılmaları, Cavabdeh1 tərəfindən Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,03 ha zəbt edilmiş torpaq sahəsində özbaşına tikilmiş fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsi, ərazidən yığışdırılaraq çıxarılması, torpaq sahəsinin boşaldılması, torpaq sahəsinin iddiaçının sahibliyinə təhvil verilməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən istifadə və sahibliyə olan maneələrin dayandırılması, həmin torpağa mülkiyyət hüququnun bərpa edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2(012)-115/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1, yetkinlik yaşına çatmayan X2 və Cavabdeh2 İddiaçı mülkiyyətindəki Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,03 ha torpaq sahəsindən çıxarılması və Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,03 ha torpaq sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi, həmin torpaq sahəsində inşa edilmiş 1 ədəd fərdi yaşayış evinin və 1 ədəd sanitar qovşağın cavabdehlərin hesabına sökülməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi və mütəxəssis rəyinə görə ödənilmiş 406 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı qaytarılması, ekspertiza tədqiqatı üçün tələb olunan 50 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim Məlahət Abbasova). Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin Abşeron Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2(012)-115/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, sözü gedən torpağı 2009-cu ildə Nazim (Tel: ***-***-**-**) adlı şəxsdən 10.500 dollara razılaşıb almışdır. Nazim adlı şəxslə razılaşması 0.03 torpaq sahəsinin ona evin 10.500 dollar dəyərində pulunu hissə-hissə ödəməklə satması olmuşdur. Borc tamamlandıqdan sonra isə torpağı adına keçirir. Həmin məbləğdən 3500 dollarını 2011-ci ildə, 2000 manatı isə təxmini olaraq 2019cu ildə ödəmişdir. 2011-ci ildə Nazimin də razılığına əsasən həmən torpaqda kürsülü 3 otaqlı ev tikmişdir. Həmin evə dair kommunal müqavilələr də 2011-ci ildən o evdə yaşadığını sübut edir. O, İddiaçı tanımır və iddiaçı da məhkəməyə qədər onu tanımayıb. İddiaçının 2022-ci ildə adına rəsmləşdirdiyi torpaq üzərində 2011-ci ildə tikilmiş ev olsa da, torpaq sahəsini alması iddiaçının hiyləli formada torpaq sahəsini alaraq onu çıxarmaq məqsədi güdmüşdür. Onun torpağın ilk sahibinə pul ödəyib alması 2009-cu il, evi sözügedən torpaq üzərində tikməyi isə 2011-ci ildir. Bua görə 2022-ci ildə torpağı adına keçirmiş şəxsin onun torpağı zəbt etməsini iddia etməsi əsassızdır. Məhəmmədi qəsəbə bələdiyyəsi də onu həmin evin sahibi kimi tanıyıb,evə dair əmlak və torpaq vergilərini də ödəmişdir. Bütün bunlar sübut edir ki, İddiaçı iddiası əsassızdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini birinci instasniya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.Məhkəmə kollegiyasının onun razılığı nəzərə alınmaqla 29 avqust 2024-cü il tarixə təyin olunmuş iclasında isə heç bir hüquqi əsas olmadan həmin tarixə digər məhkəmə işinin təyin olunmasını qeyd etməklə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə digər cavabdeh məhkəmə iclasına gəlməmişdir. İşə apellyasiya qaydasında baxılarkən mübahisəli torpaq sahəsinin əvvəlki mülkiyyətçisi olan X4 və torpaq sahəsinin alqı-satqısı zamanı mülkiyyətçinin nümayəndəsi qismində çıxış edən X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilsələr də məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməklə iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan daşınmaz əmlakın AN-İ ******* saylı, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X5 mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,06 ha torpaq sahəsinin 0,03 ha hissəsini 4000 manata İddiaçı satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Məmmədli kəndindəki 0,03 ha (yaşayış məntəqələri torpaqları kateqoriyalı) xx.xx.2022-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Bu barədə onun adına xx.xx.2021-ci il tarixli plan və ölçü sənədi tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2- 14155/2023 saylı mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********62 reyestr, ********* qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Məmmədəli kəndindəki 0.03 ha torpaq sahəsinin plan və ölçüsünün koordinatları ilə Cavabdeh1 faktiki istifadəsində olan torpaq və fərdi yaşayış evinin koordinatları üst-üstə düşdüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********62 reyestr, ********* qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndindəki 0.03 ha torpaq sahəsinin plan və ölçüsünün koordinatları ilə Cavabdeh1 faktiki istifadəsində olan 1 ədəd fərdi yaşayış evi və 1 ədəd sanitar qovşağı mövcuddur. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3- 16-16/2- 10/9164 saylı rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndisi Sərxan Əhmədovun tərtib etdiyi xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-14155/2023 saylı mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********62 reyestr, ********* qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Məmmədəli kəndindəki 0.03 ha torpaq sahəsinin plan və ölçüsünün koordinatları ilə Cavabdeh1 faktiki istifadəsində olan torpaq və fərdi yaşayış evinin koordinatları üst-üstə düşdüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********62 reyestr, ********* qeydiyyat nömrəli çıxarışa əsasən müəyyən olunur ki, İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Məmmədəli kəndindəki 0.03 ha torpaq sahəsinin plan və ölçüsünün koordinatları ilə Cavabdeh1 faktiki istifadəsində olan 1 ədəd fərdi yaşayış evi və 1 ədəd sanitar qovşağı mövcuddur. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab olunur. İddiaçının iddia tələbinin əsası ondan ibarətdir ki, cavabdeh ona məxsus torpaq sahəsində qanunsuz ev tikmiş, dəfələrlə ona qanunsuz hərəkətlərini dayandırması barədə xəbərdarlıq etmiş, lakin cavabdeh torpaq sahəsini boşaltmaqdan imtina etmişdir. Bu isə onun həmin torpağa dair mülkiyyət hüquqlarını pozur. Cavabdeh isə apellyasiya şikayətinin dəlili kimi qeyd etmişdir ki, o, sözügedən mübahisəli torpaq sahəsini 2009-cu ildə almış və iddiaçı xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın alqı-satqısına dair müqavilə imzalayaraq mübahisəli torpaq sahəsini alarkən orada evin olmasını bilmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericiliyə əsasən, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.Torpaq sahəsində mülkiyyətçinin razılığı olmadan və ya onun iradəsi əleyhinə başqası tərəfindən tikili inşa edildikdə, mülkiyyətçinin öz hüququnun müdafiəsi çərçivəsində həmin özbaşına tikilinin sökülməsini və torpaq sahəsinin geri qaytarılmasını tələb etmək hüquqları qanunla tanınır. Çünki mülkiyyətçinin iradəsinə zidd və torpaq sahəsinin zəbt edilməsi mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır. Hazırda mübahisəli torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********62 reyestr, ********* qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı xüsusi mülkiyyətində olsa da, mülkiyyətə müdaxilə kimi müəyyən edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri mülkiyyətçinin iradəsidir.Bu zaman torpaq sahəsində ondan əvvəl tikilinin inşa edilməsi mülkiyyətçiyə münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib sayılmır. Bununla belə, torpaq mülkiyyətçisi öz hüququna əsaslanıb tikili olan torpaq sahəsini alaraq, həmin torpaq sahəsində tikililəri inşa etmiş şəxsin torpaq sahəsindən çıxarılmasını tələb etdikdə, mülkiyyətçinin hüquqları ilə yanaşı, göstərilən şəxsin də qanuni mənafeləri nəzərə alınmalı və orada əvvəl tikinti inşa etmiş şəxsin əmlak mənafeləri də diqqətdən kənar qalmamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan 03 may 2011-ci il tarixli Cavabdeh1 elektrik enerjisinə görə şəbəkəyə borcunun olmasına dair 1318 №-li “razılaşma protokolu”, “Su təchizatı və tullantı sularının axıdılması xismətinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan” xx.xx.2015-ci il tarixli müqavilənin, həmçinin cavabdeh tərəfindən kommunal xidmətlərə görə ödənilmiş ödəniş qəbzləri ona əsas verir ki, mübahisə predmeti olan torpaq sahəsində cavabdeh iddiaçı tərəfindən torpaq sahəsini 2021-ci il tarixdə almasından əvvəl tikili tikmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi qeyd edilən halları, iddiaçı tərəfindən torpaq sahəsi alınarkən orada tikilinin olub-olmamasını müəyyən etməsini nəzərə almadan iddiaçının torpaq sahəsinin mülkiyyətçisi olmasını, cavabdehin inşa etdiyi, dövlət reyestrində qeydə alınmamış tikilinin bir hissəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt etməklə özbaşına inşa edildiyini qeyd edərək iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olubolmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan suiistifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və s. kimi hallardır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bildirir ki, iddiaçının ona məxsus torpaq sahəsində tikilmiş tikilinin mövcudluğunu həmin torpağı almadan əvvəl də bildiyi halda cavabdehin zəbt etməsinə əsaslanaraq oradan çıxarılmasını tələb etmək hüququ hüquqdan sui-istifadə halının mövcudluğu səbəbindən qanunla müdafiə oluna bilməz. Bununla əlaqədar məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mübahisəli torpaq sahəsində cavabdeh tərəfindən tikilmiş tikili olduğundan iddiaçı cavabdehə vurulmuş ziyan məbləğində kompensasiya verilməklə onun evdən çıxarılmasına dair müvafiq iddia ilə yenidən məhkəməyə müraciət edə bilər. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli, e-2(012)-115/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsinin boşaldılması və həmin torpaq sahəsindən bütün ailə üzvlərinin çıxarılma tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar