Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1183/2023 11.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı borc pul və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X8 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və X3, Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı borcun və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)- 133/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Tərəflər arasında mübahisə borc verilmiş pul vəsaitinin qaytarılmaması ilə əlaqədar yaranmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona borclu olduqları 100.000 məbləğində pulun, mənəvi zərər olaraq 10.000 manat məbləğində pulun, dövlət rüsumu kimi ödədiyi 400 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini, Cavabdeh1 və Cavabdeh2 əməllərində cinayət tərkibi olduğu üçün barələrində xüsusi qərardad çıxararaq araşdırılması üçün müvafiq prokurorluq orqanına göndərilməsini xahiş etmişdir.
3. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddiaçı məhkəməyə cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh1 və X2 ona borclu olduqları 100.000 manat məbləğində pulun, mənəvi zərər olaraq 10.000 manat məbləğində pulun, dövlət rüsumu kimi ödədiyi 400 manat məbləğində pulun müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2006-cı ilin yay ayında qohumu X1 süd zavodunun müdürünün oğlu Cavabdeh2 ilə birlikdə onun yanına gəlmişlər. Zavodun özəlləşdirilməsi üçün pul lazım olduğunu, ondan pul köməkliyi etməyini bunun əvəzində isə həmin ərazidən torpaq sahəsi verəcəklərini bildirmişlər. Onda pul olmadığı üçün onlardan 1-2 gün vaxt istəmişdir. Bakıdakı qohumları ilə məsləhətləşəndən sonra gələcəkdə orada inşaat malları mağazası açmaq məqsədi ilə onlardan pul götürmüşdür. İlkin olaraq 20000 (iyirmi min) ABŞ dolları məbləğində pulu Məhəmməd və Azərə vermiş, təqribən 1-2 həftə sonra pulun çatmadığını, orada payı olan keçmiş işçilərdən paylarını almaq lazım olduğunu bildirərək, söz vermişlər ki, 3 ay ərzində bu məsələ həll olunacaq. Yenə də, ondan 20000 (iyirmi min) ABŞ dolları məbləğində pul almışlar. Daha sonra payçılardan Rza adlı bir şəxsin payını vermədiyini, məsələnin həllinin bir azda qeyri müəyyən vaxta qədər təxirə salındığını bildirmişlər. Bir müddət sonra eşitmişdir ki, payçılardan biri olan Rzaya 50000 (əlli min) manat verib onun payını alıblar. Yenə də bir müddət sonra ona torpaq vermək vədlərini yerinə yetirmədən müəssisəni özəlləşdirmək üçün pul lazım olduğundan onun yanına gəlmişlər. Bu ərəfədə də, 65000 (altımış beş min) ABŞ dolları məbləğində pul vermişdir. Cavabdehlərin ona olan borcları ümumilikdə 105.000 (yüz beş min) ABŞ dolları məbləğində təşkil edirdi. Müəssisə də, yerləşən tikliləri özəlləşdirdilər. Yenə də ondan torpağı özəlləşdirmək üçün pul istədilər. O, pul verə bilməmiş, bunun müqabilində Bakıdan başqa bir adamdan 30000 (otuz min) ABŞ dolları alıb 30 faizlik payçı ediblər. Ona düşən pay olaraq Heydər Əliyev prospektindən 40 metrin 25 metrə olan hissəsini razılaşmışlar. Lakin, cavabdehlər verdikləri sözə əməl etməmiş və ona bildirmişlər ki, “sənin pay əvəzinə pulunu 2 qat ödəyəcəyik.” Beləcə illər keçmiş dollar bahalaşmış o, çox narahat olmuşdur. Azərlə görüşmüş və Azər ona bildirmişdir ki, “sən narahat olma söz vermişik sənə borclu olduğumuz pulu yaxın zamanda qaytaracayıq.” Bundan başqa, Azər ona özəlləşmədə qohumu Cavabdeh1 adına özəlləşdirdiyini bildirdi. Buna səbəb isə Azərin 8 bacısı olduğunu, bacılarının həmin ərazidə paylarının olduğunu, gələcəkdə bacılarının ailəsində problem olarsa bacılarının ailə qurduğu şəxslərin həmin paydan pay tələbi etməməsi olmuşdur. O, bu söz-söhbətləri görəndən sonra dayısı oğlu Məhəmməddən pulunu tələb edəndə ona demişdir ki, “narahat olma əllərindən yazılı kağız almışam, pulu verəcəklər.” Həmin, yazılı kağız hal-hazırda dayısı oğlu Məhəmməddə olsa da, o həmin iltizamı ona verməkdən boyun qaçırır. Müəyyən vaxtdan sonra eşitmişdir ki, cavabdehlər zavodun yarısını 420.000 (dörd yüz iyirmi min) manata satıblar. O, məsələni araşdırmaq üçün cavabdehlərlə görüşmüş, onlar bildirmişlər ki, 270.000 (iki yüz yetmiş min) manat özəlləşməyə xərcləri çıxıb, yerdə qalan puluda 3 yerə bölüblər. O, əsəbləşib səs-küy salandan sonra xahiş etdilər ki, “bizim pula ehtiyacımız çox olduğu üçün bölmüşük sənə zavodun İİ yarısı satılanda borcunu tamamilə geri qaytaracayıq.” Bir müddət vaxt keçdikdən sonra zavodu baha qiymətə sata bilmədiklərini, buna görə də, borcun 250.000 manatla razılaşmağını istəmişlər. O, onlara güzəşt edərək, ümumi məbləğ 250.000 (iki yüz əlli min) manat borcun ona verilməsinə razılıq vermişdir. Bu məbləği onunla razlaşdıqdan sonra yenidən qohumu Məhəmməd razılaşdırılmış 250.000 (iki yüz əlli min) manat məbləği video çəkilişlə ona təqdim etmişdir. Video çəkilişdə - zavodun kabinetində Azər və Rəşid yazılı surətdə ona borclu olduqları pulu verməyə razılaşırlar. Həmin videoda cavabdehlər ona borclu olduqları pulu etiraf edirlər. Yenə bir müddət keçir ona zəng vururlar ki, yerdə qalan hissəni cəmi 800.000 manata satırlar. Həmin məbləğ 4 yerə bölünür, adama 200.000 manat məbləğində pul düşür. Razısansa obyekti sataq dedilər. Yenə də o, cavabdehlərə inanaraq onlarla razılaşırmışdır. Cavabdehlər ona borclu olduqları 250.000 manat puldan 2021-ci ilin oktyabr ayından ilkin olaraq 50000 (əlli min) manat, noyabr ayında 55000 manat (əlli beş min), sonra 10000 (on min) manat və daha sonra 35000 (otuz beş min) manat olmaqla ümumilikdə 150000 (yüz əlli min) manat pul verimişlər. Borclu olduqları 100.000 manat məbləğində pulu isə qaytarmayacaqlarını bildirmişlər. Bu söhbətlərdən sonra eşitmişdir ki, zavodun yarısını 640.000 (altı yüz qırx min), İİ yarısını isə 800.000 manata satıblar. Hər dəfə natariusda çox aşağı qiymətlərə alğı-satqı edərək, vergidən yayınıblar. Bundan başqa, o, həmin 105.000 ABŞ dolları məbləğində pulu qızıl istehsalı ilə məşğul olan qohumundan almış, o, hər dəfə ondan borc alanda ona nisyə qızıl vermiş kimi pul vermişdir. O, həmin borcu qohumundan alan zaman qızılın qiyməti 12 ABŞ dolları idi, devalivasiyadan sonra qızılın qiyməti 40-50 ABŞ dolları olmuşdur ki, o, həmin məbləği iki qat olaraq qohumuna qaytarmaq məcburiyyətində qalmışdır. Bundan başqa, cavabdehlər ona borclu olduqları pulu vaxtında ödəsəydilər o, özünə iş quracaqdı. Onların onun inamından sui-istifadə etmələri, onu aldatmaları nəticəsində onun uğradığı zərər əldən çıxmış fayda kimi qiymətləndirilməlidir. Bundan başqa, o, qeyd olunan faktla bağlı araşdırma aparılması üçün Quba rayon prokurorluğuna müraciət etmişdir. Onun müraciəti əsasında Quba rayon prokurorluğunun böyük müstəntiqi Bəhruz Qədirlinin icraatında material olmuş, cavabdehlər ora çağırılaraq izahatları alınmışdır. Məsələ mülki xarakterli olduğundan məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur.
5. Məhkəmə iclasında cavabdeh X5 iddia tələbini etiraf edərək bildirmişdir ki, onun vasitəsilə iddiaçı Rəşidə zavodunun özəlləşməsi üçün pul vermişdir. Razılaşma əsasında İslama 250.000 (iki yüz əlli min) manat pul verilməli idi. Çünki iddiaçı ora pulu verən zaman həmin pulla böyük işlər görüldü. Həmin dövrdə pulun dəyəri böyük idi. Çünki 2006- 2007-ci illərdə 150.000 ABŞ dollarına daha böyük işlər görülə bilərdi. İddiaçıdan alınan borc pul tam olaraq ona qaytarılmamışdır. Zavodun özəlləşdirilməsi üçün o, 8.000 ABŞ dolları pul vermiş, onun əvəzində isə Cavabdeh1 tərəfindən ona 70.000 manat məbləğində pul qaytarılmışdır.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cavabdeh2 bildirmişdir ki, iddia ərizəsində qeyd olunanlar doğrudur. Zavodun özəlləşdirilməsi üçün iddiaçıdan pul alınmış, əvəzində ona 250.000 manat pul veriləcəyi bildirlmişdir. Borcun 150.000 manatı iddiaçıya qaytarılmışdır. Cavabdehlərin borclu olduqları 100.000 manat məbləğində pul iddiaçıya qaytarılmamışdır. Cavabdeh1 Məhəmməd Əliməmmədova 70.000 manat məbləğində pul vermişdir. Lakin həmin pulun iddiaçıya verilməsindən xəbəri yoxdur. Bundan başqa, onun adından məhkəməyə hər-hansı bir ərizə ilə müraciət edilməmiş və məhkəməyə təqdim edilmiş ərizədə olan imza onun deyildir.
7. Cavabdeh1 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, iddiaçının ərizədə qeyd etdiyi xüsusatlar ilə “xahiş etdim” hissəsində qeyd olunan tələb heç bir halda uzlaşmır. Belə ki, iddiaçının ərizədə qeyd etdiyi borc pul vermə proseslərində onun iştirakı olmadığını etiraf etdiyi halda belə, sonda pul tələbində onun da, adını hallandırır. İddia ərizəsindən də göründüyü kimi onun İddiaçı ilə qeyd olunan borc pulun 105.000 (bir yüz beş min dollar) ABŞ dollarının və Cavabdeh2 verilməsində heç bir əlaqəsi olmamışdır. Həmin borc məbləği İddiaçı qohumu X3 iştirakı ilə verildiyini iddiaçı özü də etiraf edir. İddiaçının qeyd etdiyi video yazıya diqqətlə baxılan zaman da görünür ki, 111.000 (bir yüz on bir min) ABŞ dolları (1 USD = 1,7 manat hesablasaq, 111000 USD (1,7) = 188700,0 manat) məbləğində pulun X2 alındığını və borcunda ona qaytarılacağını təsdiq edən “AKT” yazılır və mobil telefonla videoya çəkilmişdir. Videodan da göründüyü kimi, Məhəmmədlə gələn ikinci şəxs İddiaçı deyildir. Videoda qeyd edilən aktın imzalanmasında iştirakları borcun qaytarılmasını deyil, onun Cavabdeh2 tərəfindən yazılmasını və həqiqiliyini təsdiq etməsi üçün olduğu da video çəkilişdə aydın səslənir və qeyd olunurdu. Bu işlə əlaqədar iddiaçı Quba rayon prokurorluğuna da müraciət etmiş, Quba rayon prokurorluğunda da izahatları alınmış və prokurorluğun müstəntiqi tərəfindən müvafiq araşdırma aparılmış və qanuna müvafiq qərar qəbul edilmişdir. Bundan başqa, İddiaçı borc pulu Cavabdeh2 X3 vasitəsilə vediyini öz ərizəsində dəfələrlə qeyd etmişdir ki, bu da onun ona qarşı olan iddia tələbində əsassız olduğunu göstərməkdədir. İddiaçı Cavabdeh2 X3 vasitəsilə verdikləri pulun başqa-başqa şəxslərdən aldığını və onlara faiz nisbətində borclu qaldığını qeyd etsə də, bunu təsdiq edən heç bir hüquqi sənəd təqdim etməmişdir. iddiaçı, nə iddia ərizəsində ona qarşı qeyd etdiyi iddianı təsdiq edən hüquqi əhəmiyyət kəsb edən sənədləri nədə ki, qızıl dəyəri əsasında borc aldığı iddiasını təsdiq edən hər hansı bir əsası məhkəməyə təqdim edə bilməmişdir. Hətta iddiaçıya borcları olmuş olsaydı belə, Mülki Məcəllənin 373.2. maddəsinə görə onlardan həmin borcu tələb etmək müddətini ötürmüşdür. Lakin, iddiaçının X3 vasitəsilə Cavabdeh2 verdiyi 111.000 (yüz on bir min) ABŞ dolları məbləğində pulu 2021-ci ildə Mərkəzi Bankın məzənnəsi (1 usd = 1.7 azn) əsasında artıqlaması ilə (111000,0 usd * 1.7 azn = 188700,0 manat) 220.000 (iki yüz iyirmi min) manat ödənilmişdir. Bundan başqa, iddiaçı ərizəsində göstərdiyi məbləği heç bir əsas olmadan öz istəyinə uyğun olaraq qeyd etmişdir. Belə ki, İddiaçı hissə-hissə, ümumilikdə 150.000 (bir yüz əlli min) manat pulu və X4 70.000 (yetmiş min) manat olmaqla, ümumilikdə 220.000 (iki yüz iyirmi min) manat pul almışdırlar. Bu da o deməkdir ki, 111.000 USD Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq (1 usd = 1.7 azn) tam şəkildə və artıqlaması ilə qaytarılmışdır.
8. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-133/2023 nömrəli qətnaməsi ilə (hakim Rahim Həsənov) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada 100.000 (bir yüz min) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, dövlət rüsumunun əvəzi olan 400 (dörd yüz) manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada alınaraq İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlər süd zavodunun özəlləşdirilməsi məqsədi ilə, iddiaçıya həmin ərazidə torpaq sahəsi verəcəklərini vəd edərək, iddiaçıdan müxtəlif tarixlərdə ümumilikdə 105.000 (yüz beş min) ABŞ dolları məbləğində borc pul almışlar. Daha sonra qeyd olunan ərazidə iddiaçıya torpaq sahəsi verə bilmədiklərini, lakin ona borclu olduqları 105.000 (yüz beş min) ABŞ dolları məbləğində pulun əvəzini iki qat şəkildə ödəyəcəklərini vəd etmişlər. Bir müddət sonra tərəflər borcun 250.000 manatla qaytarılmasına razılaşmışlar. Lakin, iş materiallarında olan iddiaçının əlyazması ilə yazılmış iltizamdan görünür ki, Cavabdeh1 tərəfindən iddiaçıya 150.000 manat məbləğində pul qaytarılmış və cavabdehlərin iddiaçıya borclu olduqları 100.000 manat məbləğində pul bu günədək iddiaçıya qaytarılmamışdır. Cavabdeh X5 ona qaytarılan 70000 manat pulun iddiaçıya aid olmamasını bildirsə də, bununla bağlı məhkəməyə sübut təqdim etməyib. Bundan başqa, Cavabdeh1 etiraz ərizəsində iddia müddətinin keçdiyini qeyd etsə də, cavabdehin etiraz ərizəsinə əlavə etdiyi iltizamdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya sonuncu ödəniş 12 dekabr 2021-ci il tarixdə ödənilmişdir. Qanunun tələbi baxımından iddia müddətinin axımı sonuncu ödəniş tarixindən, yəni xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cavabdeh2 isə qeyd olunan süd zavodunun Cavabdeh1 adına özəlləşdirildiyini, iddia ərizəsində qeyd olunanları doğru olduğunu bildirmişdir. Digər cavabdeh X5 iddiaçıya borclu olduqlarını etiraf etmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş CD diskə baxış keçirən zaman cavabdehlərin etirafı əsasında iddiaçıya 250.000 manat məbləğində pul borclu olduqları bir daha öz təsdiqini tapır. Həmçinin, iddiaçı mənəvi zərər olaraq 10.000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsini tələb etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir.
10. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 739, 385.1, 442, 445.2, 386, 14, 1091-ci maddələrinin, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
11. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə İddiaçı tərəfindən qeyd olunmuşdur ki, guya o borcu ona vermişdir. Belə ki, iddiaçı iddia ərizəsində özü də qeyd etmişdir ki, borc pul vermə proseslərində onun iştirakı olmamışdır. İddiaçı özü də etriaf edir ki, borc pulu o qohumu Məhəmməd Əliməmmədova və Cavabdeh2 vermişdir. Sonda isə ərizəsində heç bir əsas və sübut təqdim etmədən, heç bir məntiqə sığmayan qaydada bildirir ki, həmin borcu ona qaytarmalıdır, həmin borcu qaytarmaq öhdəliyini onun üzərinə qoyur. İddia ərizəsindən göründüyü kimi iddiaçının həmin şəxslərə borc pul verilməsi ilə onun heç bir əlaqəsi yoxdur. İddiaçı məhkəməyə sübut kimi təqdim etdiyi videoyazıya diqqətlə baxılan zaman görünür ki, 111.000 ABŞ dolları (1 ABŞ dolları 1.7 manat hesablanaraq) 188.700 manat məbləğində pulun Məhəmməd Əliməmmədovdan alındığını və borcunda ona qaytarılacağını təsdiq edən akt yazılır və bu mobil telefonla videoya çəkilmişdir. Videodan da göründüyü kimi Məhəmmədlə gələn ikinci şəxs İddiaçı deyildir. Videoda qeyd edilən aktın imzalanmasında iştirakları borcun qaytarılmasını deyil, onun Cavabdeh2 tərəfindən yazılmasını və həqiqliyini təsdiq etməsi üçün olduğu da videodan aydın görünür. Bununla bağlı iddiaçı Quba rayon prokurorluğuna müraciət etmiş, orda da qanuni araşdırma aparılaraq qərar qəbul edilmişdir. İddiaçı bütün sənədlərdə, ərizələrində qeyd edir ki, borc pulu ona deyil, Cavabdeh2 və Məhəmməd Əliməmmədova vermişdir. Yəni onun bu iş üzrə borclu hesab edilməyi əsassız və qanunsuzdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı İddiaçı yazılı etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və onun vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X5 izahatında bildirdi ki, video görüntüdə Cavabdeh1 özü etiraf edir ki, pulu iddiaçıya qaytarmalıdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər.
Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...) 384.0.3. qətnaməni dəyişdirə bilər; (...)
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
19. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
21. Hazırkı iş üzrə çıxarılmış qətnamədən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmiş, lakin iddiaçı və digər cavabdeh Məhəmməd Əliməmmədov tərəfindən apellyasiya şikayəti verilməmişdir.
22. İş materiallarında olan iltizamların surətindən görünür ki, Cavabdeh1 iddiaçıya 150.000 manat, X4 70.000 manat məbləğində pul vermişdir. Bu işin mübahisəsiz halıdır.
23. İşin digər mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh tərəf süd zavodunun özəlləşdirilməsi məqsədi ilə iddiaçıya həmin ərazidə torpaq sahəsi verəcəklərini vəd edərək, iddiaçıdan müxtəlif tarixlərdə ümumilikdə 105.000 ABŞ dolları məbləğində borc almışlar. Daha sonra qeyd olunan ərazidə iddiaçıya torpaq sahəsi verə bilmədikləri üçün Cavabdeh1 105.000 ABŞ dolları məbləğində pulun əvəzinə 250.000 manat qaytarılmasına razılaşmış, Cavabdeh1 tərəfindən iddiaçıya 150.000 manat, cavabdeh X4 isə 70000 manat pul vəsaiti vermişdir.
24. Cavabdeh1 məhkəmə iclasında iddiaçıya borcun əvəzi olaraq sonrakı razılaşmalarına görə ümumilikdə 220.000 manat ödədiyini və onun iddiaçının qarşısında heç bir pul öhdəliyinin qalmadığını bildirmişdir.
25. Belə ki, Cavabdeh1 digər cavabdeh X3 iddiaçının qohumu olduğu və iddiaçını onun vasitəsilə tanıdıqlarına görə 70000 manat pul vəsaitinin də iddiaçıya ödənilməsi üçün təqdim etdiyini bildirmişdir.
26. Cavabdeh X5 isə 70000 manat pul vəsaitinin göstərdiyi xidmətlərə görə ona çatmalı olan pul vəsaiti olduğunu bildirmişdir.
27. Göründüyü kimi Cavabdeh1 iddiaçı ilə sonrakı razılaşmalarına görə qaytarılmalı olan məbləğin 220.000 manat olduğunu, digər cavabdeh X5 isə ona verilmiş 70000 manat pulun iddiaçıya deyil ona aid olduğunu bildirsələr də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişlər.
28. Əksinə, iş materiallarında olan sübutlardan və işin araşdırılmış hallarından müəyyən edilir ki, iddiaçı qarşısında 250.000 manat pul öhdəliyi üzrə 100.000 manat ödənilməmiş qalmışdır.
29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi 100.000 manat pul vəsaitinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli olması barədə düzgün hüquqi nəticəyə gəlsə də, bu barədə cavabdehlərin öz aralarında olan mübahisəli halları nəzərə almamış, hər bir cavabdehdən tutulmalı olan məbləği göstərməmiş, borcu cavadehlərdən müştərək qaydada tutmuşdur.
30. Bunun isə gələcəkdə məhkəmə qətnaməsinin icrasında qeyri-müəyyənlik və çətinlik yaradacağı, yenidən mübahisəyə səbəb olacağı istisnasızdır.
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Cavabdeh1 etiraz ərizəsində iddia müddətinin keçdiyi barədə dəlilinə verdiyi qiyməti düzgün hesab edir həmçinin qeyd edir ki, Mülki Məcəllənin 380.1-cimaddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
32. Digər tərəfdən iş materiallarından görünür ki, 250.000 manatın ödənilməsi ilə bağlı yazılı öhdəlik xx.xx.2018-ci il tarixdə tərtib edilmiş və borc münasibətləri davam etmiş, cavabdeh tərəfindən iddiaçıya sonuncu ödəniş xx.xx.2021-ci il tarixdə olmuş, mövcud iddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur.
33. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Beləliklə məhkəmə kollegiyası iş üzrə təqdim olunmuş və məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-133/2023 nömrəli qətnaməsi dəyişdirilməli, Cavabdeh1 30000 (otuz min) manat və cavabdeh X2 70000 (yetmiş) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir.
35. Məhkəmə kollegiyası MPM-in 119.1-ci maddəsinə əsasən həmçinin hesab edir ki, təmin edilmiş tələbin məbləğinə mütənasib olaraq iş üzrə dövlət rüsumuna görə ödənilmiş 400 (dörd yüz) manat məbləğində pul vəsaitinin 120 (bir yüz iyirmi) manat hissəsi Cavabdeh1, 280 (iki yüz səksən) manat hissəsi cavabdeh X2 alınaraq İddiaçı verilməlidir.
36. Belə ki, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-133/2023 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh1 30000 (otuz min) manat və cavabdeh X2 70000 (yetmiş) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Dövlət rüsumuna görə ödənilmiş 400 (dörd yüz) manat məbləğində pul vəsaitinin 120 (bir yüz iyirmi) manat hissəsi Cavabdeh1, 280 (iki yüz səksən) manat hissəsi cavabdeh X2 alınaraq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.