Məhkəmə qərarları › İş №2(105)-1204/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1204/2021

11.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1204/2021 11.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Məmmədov Zaur İkram oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Ərizəçi və maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat şöbəsinin rəisi X2 iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(060)-1667/2021 saylı qərardadından Ərizəçi şikayətinə əsasən işə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(060)-1667/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim Almaz Süleymanova) Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsinin qəbul edilməsindən imtina olunması, ərizə və ona əlavə edilmiş sənədlərin rəsmi qaydada ərizəçiyə təqdim edilməsi qərara alınmış, ərizəçi qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək həyat yoldaşı X4 xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən qərardad qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Ərizəçi şikayətini onunla əsaslandırmışdır ki, qərardadı qanunsuz və əsassız hesab edir. Belə ki, xx.xx.1977-ci ildə Yardımlı rayonu, Astanlı kəndində anadan olmuşdur. ünvan 1 məhəllə 6 ünvanında qeydiyyatdadır və hazırda Sumqayıt şəhəri, 76-cı məhəllə, 102 saylı evdə yaşayır. O, xx.xx.2011-ci ildə X7 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından iki övladları vardır. xx.xx.2020-ci ildə həyat yoldaşı Sumqayıt şəhərində yaşadığı evdə vəfat etmiş, Sumqayıt səhəri H.Z.Tağıyev qəsəbəsinin ərazisində yerləşən qəbristanlıqda dəfn edilmişdir. Lakin bu günə kimi həyat yoldaşına ölüm haqqında şəhadətnamə ala bilməmişdir. O, həyat yoldaşının ölümünün qeydiyyata alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün Sumqayıt şəhər Qeydiyyat şöbəsinə müraciət etmişdi. Lakin Sumqayıt şəhər Qeydiyyat şöbəsi məktubla ona bildirilmişdir ki, ölümü təsdiq edən arayış olmadığına görə ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməlidir. Ona görə də ərizə ilə məhkəməyə müraciət etmişdi. Lakin məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiqi edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən olunur. Təcili tibbi yardım yaşadığı ünvana gəldikdə artıq həyat yoldaşı vəfat etmişdi. Ona görə də ölüm haqqında tibbi şəhadətnamə verilməmişdi. Sumqayıt şəhər Qeydiyyat şöbəsi isə ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamənin verilməsinin mümkünsüz olduğunu bildirmiş və faktın müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv olunması və mülki iş üzrə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Ərizəçi şikayətdə göstərilənlərə uyğun izahat verdi. Maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat şöbəsinin rəisi X5 məhkəmə iclasında ərizənin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdı. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayətin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: İşdən görünür ki, birinci instansiya məhkəməsi yolverilməzliyinə görə ərizənin qəbulundan imtina edib ərizəni ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytararkən Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işə əlavə edilmiş sənədlərə tam uyğundur. İş materiallarından görünür ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək həyat yoldaşı X4 xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçi ərizəsinə əlavə edilmiş Sumqayıt şəhər Səhiyyə şöbəsi Təcili və X3 Stansiyasının xx.xx.2020-ci il tarixli arayışından görünür ki, xx.xx.2020-ci il tarixdə saat 06:55-də 1975-ci il təvəllüdlü X4 adına çağırış daxil olmuş, ünvana çatdıqda X4 meyidi aşkar edilmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 9 və 9.1-ci bəndlərində göstərilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanununun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Məhkəmə kollegiyası hesab edir ki, ərizəçi ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün səlahiyyətli tibb müəssisəsinə müraciət etməli, həmin şəhadətnamənin verilməsindən əsassız imtina edildikdə isə tibb müəssisəsinə qarşı inzibati qaydada məhkəmədə mübahisə qaldıra bilər. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildisə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə kollegiyası yuxarıda sadalanan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub, hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, ərizəçinin şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qərardadının apellyasiya qaydasında ləğv olunması üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qərardadı qanuni və əsaslı olduğundan və qərardadın apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Ərizəçi şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(060)- 1667/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Zaur Məmmədov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar