Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1223/2025 01.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: Nəqliyyat vasitəsinin geri qaytarılması) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X27 və X12 ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-479/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hyundai Accent” minik markalı, **-MK-*** dövlət nömrə nişanlı avtomobilin, avtomobil olmadığı halda isə dəyəri olan 16500 (on altı min beş yüz) manatın və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbini onunla əsaslandırmışdır ki, “Hyundai Accent” minik markalı, **-MK- *** dövlət nömrə nişanlı avtomobil xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Eyni zamanda bildirir ki, ona məxsus olan avtomobil etibarnamə əsasında X6 istifadəsinə verilmişdir. O, isə öz növbəsində etibarnamə əsasında avtomobili müxtəlif şəxslərə vermişdir. Hal-hazırda ona məxsus olan avtomobil ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh istifadəsindədir. Lakin ona məxsus olan avtomobil ona qaytarılmır. Bununla da onun qanunla qorunan mülkiyyət hüququ pozulur.
3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-479/2024 saylı qətnaməsi ilə (hakim Gülnarə Tağızadə) iddia tələbi təmin edilmiş, istehsal ili 2011-ci il, ban nömrəsi KMHCU41DBCU116123 rəngi “ağ”, mühərrikin iş həcmi 1591 kub santimetr olan, Hyundai Accent minik markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh alınaraq İddiaçı qaytarılması, avtomobil olmadığı halda isə həmin avtomobilin dəyəri 16500 (on altı min beş yüz) manatın Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, istehsal ili 2011-ci il, ban nömrəsi KMHCU41DBCU116123 rəngi “ağ”, mühərrikin iş həcmi 1591 kub santimetr olan, Hyundai Accent minik markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı adına qeydiyyata alınıb. Bunun əksini sübut etmək cavabdehin üzərinə düşsə də Cavabdeh bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Mübahisə predmeti olan əmlakın mülkiyyətçisi İddiaçıdur və onun adından həmin avtomobili Cavabdeh etibarnamə verilmişdir. Geri qaytarılması tələb olunan avtomobil qeydiyyat şəhadətnaməsi əsasında İddiaçı mülkiyyətindədir. 2011-ci il tarixli “Hyundai Accent” minik markalı, ağ rəngli, Mühərrik:G4FCBU326562 nömrəli avtomibil etibarnamə əsasında xx.xx.2011-ci il tarixdə X16 və X21, xx.xx.2013-cü il tarixdə X28, xx.xx.2014-cü il tarixdə X8, xx.xx.2014-cü il tarixdə X4, xx.xx.2014-cü il tarixdə X17, xx.xx.2015-ci il tarixdə X22, xx.xx.2015-ci il tarixdə X18 və sonuncu xx.xx.2016-cı il tarixdə Cavabdeh etibar edilmişdir. Hazırda cavabdeh avtomobili avto salon adlanan maşın satış mərkəzinə satdığını bildirmişdir. Lakin bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Hazırda avtomobilin iddiaçının mülkiyyətində olması, cavabdehin isə avtomobilə hər hansı hüququnun olmaması, onun avtomobil üzərində vicdanlı əldə edən olmadığı sübuta yetirildiyindən və iş materialları ilə təsdiq edildiyindən iddiaçının mülkiyyət hüquqları müdafiə edilməli, cavabdehin qanunsuz sahibliyində olan iddiaçıya məxsus avtomobil ondan alınaraq mülkiyyətçisinə qaytarılmalıdır.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 153, 157.2, 139.2, 362.1-ci madədlərinə, “Yol hərəkəti haqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-479/2024 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmədə iştirak edərək ifadəsində bildirmişdir ki, dostu ilə bərabər həmin avtomobili bazardan almışdır. Dostunun sənədləri olmadığına görə sənədləşmə 1 günlük onun adına aparılmışdır. Həmin maşını istifadə etməmişdir. Hazırda həmin maşın ondan yoxdur, maşın satılmışdır. Hazırda maşının harada olması barədə məlumatı yoxdur. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin rədd edilməsini xahiş edir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, Şirinov İlham adlı qonşusu maşın bazarında onu görmüş və avtomobil almaq istədiyini, lakin şəxsiyyət vəsiqəsi üzərində olmadığını, buna görə də etibarnamə ilə onun adına almağı, daha sonra şəhər mərkəzinə gedəndə ona etirbarnamə verməyini təklif etmiş, o da razılaşmışdır. Mübahisəli maşını bazarda görmüş, lakin satanı görməmişdir. Maşın alveri ilə məşğul olmamışdır. Notariusa getmiş, onun adına mülki etibarnamə verilmişdir. Bir-iki gün sonra isə onun tərəfindən etibarnamə verilmişdir. Etibarnamə verdiyi şəxsi tanımamışdır. Maşını satanı tanımamış, arada İlham vasitəçilik etmişdir. İlham məhkəmə iclasında iştirak etmiş, dediklərini təsdiq etmişdir. Etibarnamə verən şəxsi görməmiş, danışıqları İlhamla olmuşdur. Avormobilə dair ona necə etibarnamə verilibsə, eyni şəkildə başqasına vermişdir.
11. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, şikayət formal xarakter daşıyır, cavabdeh apellyasiya şikayətində qeyd edir ki, avtomobil onda deyil və avtomobilin harada olması barədə məlumatı yoxdur, dostunun sənədləri olmadığından bir günlük sənədləşdirmə onun adına həyata keçilib. Sözügedən dostu birinci instansiya məhkməsində ifadəsində avtomobili bankdan aldığını və cavabdehin adına keçirərək satdıqlarını bildirmiş, lakin tərəf bununla bağlı sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin qərarı əsaslıdır və avtomobil iddiaçıya qaytarılmalıdır. Cavabdehin təqdim etdiyi elektron notariat sistemindən çıxarışda Camalov Emilin adı olub, ona görə ilk təəssüratda Camalov Emilin cavabdeh qismində cəlb olunmalı olduğunu düşünmüşlər. Sonradan sorğu nəticəsində Camalov Emilin ümumi etibarnamə aldığını öyrənmiş, ona görə cavabdeh siyasınından çıxarılmasını xahiş etmişlər. Sonuncu dəfə maşını adına rəsmiləşdirən şəxs Cavabdehdur. Quliyev Ziyanı cavabdeh qoymamalarının səbəbi Ziyanın avtomobili başqa şəxsə satması olmuş, sonuncu alan şəxs isə Cavabdehdur. Bankın təklifi ilə təmsil etdiyi şəxs başqa şəxsə etibarnamə verib. Hazırda avtomobil başqa şəxsdədir, lakin bank təmsil etdiyi şəxsən 8000 manata yaxın pul vəsaiti tələb edir. İlham məhkəmə iclasında dindirilib, ifadəsində bildirib ki, maşını Seymurla birlikdə bir qadına satıblar. Sonuncu etibarnamə ona verildiyindən cavabdeh də o olmalıdır, mülki etibarnamə veriləndə X34 qeydə almalıdır, hazırda maşının mülki etibarnamə ilə başqasına satılması sübuta yetirilmir. Mülki etibarnamə Pərvizin etibarnaməsi əsasında verilə bilməz. İlk etibarnaməni iddiaçı Ziyaya vermişdir, Ziyanın harada olduğunu bilmirlər. İcra işində maşının axtarışa verilməsi ilə bağlı qərar var, icra məmuru maşını tapa bilmədiyini bildirib. Mülki etibarnamə ilə maşını idarə etmək mümkünsüzdür. Belə ki, Samirin verdiyi etibarnamə yol polisinin reyestrində qeydiyyatdan keçməyibdir.
12. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, avtomobili ipoteka ilə 2011-ci ildə almışdır. İki il ödəniş etmiş, sonra ödənişləri edə bilmədiyindən, Ziya adlı şəxslə razılşaraq avtomobili ona vermişdir. Quliyev Ziya ilə razılşamışlar ki, kreditinin ödənişini etdikdən sonra avtomobil ona qalacaq. Hüseynov Tərlan qardaşıdır, Bayramov Rəşadı tanımır. Ola bilsin ki, ona da qardaşı etibarnamə verib. Bank avtomobilin ödənişləri edilmədiyi üçün ona qarşı iddia qaldırmış və iddia tələbi təmin edilmişdir. Bankın məsləhəti ilə ödənişləri etməsi üçün başqa şəxsə etibarnamə vermiş, bundan sonra avomobildən xəbəri olmamışdır. Ziya adlı şəxslə birlikdə banka yaxınlaşmış, bankın əməkdaşı Ziyanın həyata keçirəcəyi aylıq ödəniş cədvəlini ona təqdim etmişdir. Maşın üçün 4000-5000 manat ilkin ödəniş etmiş, Ziyadan 1000 manat almışdır. Sonralar Ziyanın kimə etibarnamə verdiyini bilmir. Ziya ödənişləri zamanında edib bitirsə idi, heç bir problem olmayacaqdı. Maşın Ziyada olmadığı üçün ondan tələb etmir.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq iş üzrə üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi və X29 məhkəmə iclasında iştirka etməmişdir. Məhkəmə kollegiyası qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübular
14. Birinci instaniya məhkəməsində şahid qismində dindirilmiş X24 bildirmişdir ki, cavabdehlə o, uşaqlıqdan bir yerdə böyümüşlər, dost olmuşlar. Onlar həmin maşını Badamdar maşın bazarından 2600 manata almışlar. Sumqayıt şəhərində cavabdehin adına sənədləşdirmişlər. Daha sonra maşını avto salona satmışdılar.
15. İş materiallarında olan elektron çıxarışdan görünür ki, 2011-ci il tarixli “Hyundai Accent” minik markalı, ağ rəngli, Mühərrik:G4FCBU326562 nömrəli avtomibilin sahibi İddiaçıdur. Həmin avtomobil etibarnamə əsasında xx.xx.2011-ci il tarixdə X16 və X21, xx.xx.2013-cü il tarixdə X28, xx.xx.2014-cü il tarixdə X9, xx.xx.2014-cü il tarixdə X4, xx.xx.2014-cü il tarixdə X17, xx.xx.2015-ci il tarixdə X22, xx.xx.2015-ci il tarixdə X18, xx.xx.2016-cə il tarixəd X13 və xx.xx.2016-cı il tarixdə isə Cavabdeh etibar edilmişdir.
16. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X42 İdarəsinin xx.xx.2024cü il tarixli məktubundan görünür ki, “Hyundai Accent” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2011-ci il tarixdən İddiaçı adında qeydiyyatdadır.
17. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 15 mart 2017-ci il tarixli 2(009)-1196/2017 saylı qiyabi qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, İddiaçı "xxxx" ASC-nin xeyrinə 7339,02 ABŞ dolları əsas və 579,79 ABŞ dolları fazi olmaqla, cəmi 7918,81 (yeddi min doqquz yüz on səkkiz dollar, səksən bir sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində kredit borcu və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, tutma ipoteka ilə yüklü edilmiş “Hyundai Accent” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldikməklə həmin əşya açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaiti hesabına iddiaçının təmin olunmuş tələblərinə ödənilməsi, "xxxx" ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunan pul vəsaitinin qalan hissəsi cavabdeh İddiaçı qaytarılması qət edilmişdir.
18. Azərbaycan Qiymətləndirmə və Konsaltinq xidmətinin xx.xx.2024-cü il tarixli, № AV 01-106/24 saylı hesabatından görünür ki, “Hyundai Accent minik” markalı avtomobilin müəyyən edilmiş bazar dəyəri xx.xx.2024-cü il tarixə 16500 (on altı min beş yüz) manat təşkil edir.
19. “Elektron notariat” X1 çıxarışdan görünür ki, xx.xx.2016-cı il tarixdə mülkiyyətçi İddiaçı adından xx.xx.2016-cı il tarixli etibarnamə əsasına Cavabdeh daşınmaz əmlak istisna olunmaqla, bütün əmlakının idarə olunması, sərəncam verilməsi və sair səlahiyyətlər daxil olmaqla, X29 adlı şəxsə vəkalət verilmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
22. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-479/2024 saylı qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-479/2024 saylı qətnaməsi ləğv edilməli, İş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.
24. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X14 ifadəsi məhkəmə iclası protokolunda və məhkəmə qətnaməsində qısa şəkildə qeyd olunmaqla, onun ifadəsinin bəzi hissələri məhkəmə iclas protokolunda öz əksini tapmamışdır. “Elelktron Məhkəmə İnformasiya Sistemi”nə olan xx.xx.2024-cü il tarixli məhkəmə iclasının audio-video yazısından görünür ki, X24 məhkəmə iclasında şahid qismində dindirilərkən o, 2013-cü illərdə kreditlə alınmış avtomobillərin alqı-satqısı ilə məşğul olduğunu, mübahisə predmeti olan avtomobili maşın bazarından aldığını və həmin maşını cavabdeh olan tanışı Cavabdeh adına etibarnamə ilə əldə etdiyini və Sumqayıt şəhəri 42-ci məhəllədə yerləşən Elgiz adlı şəxsin avtosalonuna satdığını, avtomobili bazardan 2600 manata aldığını bildirmişdir ki, onun bu ifadəsi cavabdehin izahatına uyğun olmuşdur.
25. Məhkəmə kollegiyasının iclasında iddiaçının verdiyi izahata əsasən o, avtomobili bankdan götürülmüş borc pul əsasında almış və həmin avtomobili borc müqaviləsi üzrə ipoteka ilə yüklü etmişdir. Banka olan borcunu ödəyə bilmədiyindən X28 adlı şəxslə razılaşaraq, kredit müqaviləsi üzrə borcun banka ödənilməsi və ona 1000 manat pulun ödənilməsi müqabilində avtomobili xx.xx.2013-cü il tarixdə etibarnamə ilə X2 vermişdir. Bundan sonra isə həmin avtomobillə bağlı xx.xx.2013-cü il tarixdə X23, xx.xx.2014-cü il tarixdə X5, xx.xx.2014-cü il tarixdə X3, xx.xx.2014-cü il tarixdə X10, xx.xx.2015-ci il tarixdə X15, xx.xx.2015-ci il tarixdə X11, xx.xx.2016-cə il tarixdə X7 və xx.xx.2016-cı il tarixdə isə Cavabdeh etibarnamə verilmişdir. “Elektron notariat” X1 çıxarışa əsasən isə xx.xx.2016-cı il tarixdə mülkiyyətçi İddiaçı adından xx.xx.2016-cı il tarixli etibarnamə əsasında Cavabdeh daşınmaz əmlak istisna olunmaqla, bütün əmlakının idarə olunması, sərəncam verilməsi və sair səlahiyyətlər daxil olmaqla, X29 adlı şəxsə vəkalət verilmişdir ki, cavabdeh də məhz həmin etibarnamə əsasında avtomobli həmin şəxsə verdiyini bildimişdir.
26. Məhkəmə kollegyiası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının tələbinin hüquqi əsasını Mülki Məcəllənin 157.2 və 157.5-ci maddələri təşkil etsə də iddiaçının mülkiyyətində olan avtomobilin hazırda cavabdehin faktiki sahibliyində olması sübut olunmamışdır. Avtomobil cavabdehin sahibliyində xx.xx.2016-xx.xx.2016-cı il tarixlərdə, yəni bir gün müddətində olmuşdur ki, onun bir günlük sahibliyi də mülkiyyətçi tərəfindən verilmiş etibarnamə əsasında olduğundan, qanunsuz olmamışdır. Bundan başqa cavabdehin mübahisəli avtomobildən dəyəri həcmində yararlanması, istifadəsi nəticəsində avtomobilin məhv olması və ya hər hansı bir şəkildə iddiaçıya zərər vurması da sübut olunmamaqdadır. Buna görə də məhkəmə kollegiyası iddianı təmin edən birinci instansiya məhkəməsinin gəlidiyi nəticə ilə razılaşmamışdır.
27. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-479/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir.
28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-479/2024 saylı qətnaməsi ləğv edilsin. İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.