Məhkəmə qərarları › İş №2(105)-1226/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1226/2025

09.09.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1226/2025 09.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs qarşı mülki iş üzrə (Açar sözlər: mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X3 və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-1132/2025 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il taixli, MŞS/MT030/2025/00773 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli saylı barışıq sazişinə əsasən digər tərəf Maraqlı şəxs xx.xx.2022-ci il təvəllüdlü X2 onunla hər həftənin şənbə və bazar günü saat 09:00-dan 18:00-dək məhdudiyyət qoymadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürmüşdür. Barışıq sazişindən sonra 2 dəfə övladı ilə görüşüb, lakin axrıncı dəfə görüşməyə gedəndə övladı Ömür ilə görüşməyə imkan verməyib və bir daha onun övladı ilə görüşməyə imkan yaradmayacağını bildirib. Maraqlı şəxs üzərinə götürdüyü öhdəliyə əməl etmir, övladı ilə ünsiyyətdə olmağa imkan vermir. Hesab edir ki, Aysel barışıq sazişinin şərtlərini könüllü olaraq icra etmək istəmir. Odur ki, barışıq sazişinin təsdiq olunması üçün məhkəməyə müraciət etməli olub.

3. Daha sonra Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il taixli, MŞS/MT030/2025/00773 saylı barışıq sazişinin uşaqla ünsiyyət hissəsində təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-1132/2025 saylı qətnaməsi ilə (hakim Natiq İsmayılov) ərizə təmin edilmiş, Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişinin xx.xx.2022-ci il təvəllüdlü X4 ilə atası Ərizəçi Fizuli oğlunun ünsiyyətdə olması hissəsində təsdiq edilməsi, Ərizəçi Fizuli oğluna övladı xx.xx.2022-ci il təvəllüdlü X4 ilə hər həftənin şənbə və bazar günü saat 09:00-dan, 18:00-dək məhdudiyyət qoymadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmaq hüququnun müəyyən edilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər mediasiya prosesində barışıq sazişi bağlamış, həmin barışıq sazişinin şərtləri dəqiq göstərilmişdir. Lakin sazişdə Maraqlı şəxs xx.xx.2022-ci il təvəllüdlü X2 atası Ərizəçi Fizuli oğlu ilə hər həftənin şənbə və bazar günü saat 09:00-dan, 18:00-dək məhdudiyyət qoymadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağınə öhdəsinə götürsə də buna əməl etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişi xx.xx.2022-ci il təvəllüdlü X4 ilə atası Ərizəçi Fizuli oğlunun ünsiyyətdə olması hissəsində təsdiq edilməlidir.

6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1, 355-23.2, 355-24-cü, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1, 33.3, 34.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

7. Maraqlı şəxs xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək (ərizə xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur) qeyd etmişdir ki, Şamaxı Rayon Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 2(074)-583/2025 nömrəli qətnaməsi ilə onunla Ərizəçi arasında bağlanmış nigah pozulmuş, xx.xx.2022-ci il təvəllüdlü X4 onun himayəsində saxlanılmış, 17 fevral 2025-ci il tarixdən başlayaraq oğlu X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ərizəçi onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulması, qətnamənin alimentlə bağlı hissəsinin dərhal icra edilməsi qət edilmişdir. Ərizəçi cehiz əşyaların mənzildən çıxarılması, uşaqla ünsiyyət tələbi barədə Sumqayıt 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş, xx.xx.2025-ci il tarixdə Şamaxı şəhərində yerləşən mediasiya şöbəsinə dəvət edilmişdir. Mediator tərəfindən amiranə olaraq “uşaqla atanın görüşmək hüququ qanunun tələbidir, sən ata ilə oğulun görüşünə şərait yaratmalısan” ifadəsini işlətdikdən sonra o, atasının oğlu ilə həftədə 1-2 dəfə bizim yaşadığı evdə, bir neçə saatlıq müddətdə ayrı otaqda görüşmələrinə etiraz etmədiyini bildirmişdir. Digər məsələ ilə “cehiz əşyalarının götürülməsi” ilə bağlı qarşı tərəf bildirdi ki, gəlib ona hədiyyə edilmiş qızıl-zinət əşyalarını və cehizlərini apara bilər. Bu günə kimi həmin hissə icra edilməsinə şərait yaradılmamışdır. Az sonra mediator ona 50 (əlli) manat pul ödəməyi və qəbzi gətirməyi tələb etdi. Pulu ödəyib gəldikdən sonra mediator tərtib etdiyi MŞS/MT030/2025/00773 nömrəli Barışıq sazişini onlara imza etdirdi. Mediatorun dövləti təmsil etdiyini, qanuna uyğun hərəkət etdiyini düşünərək Barışıq sazişini oxumadan imza etmişdir. Hələ də ona bəlli deyil ki, 50 manatı niyə görə ödəmişdir. Mediasiyanın könüllü olmasını, şərtlərin tərəflərin razılaşdırmaları barədə eşitmişdi. Lakin həmin vaxt Mediasiyada deyil, İcra orqanında, Polis, Prokuror qarşısında olmaları kimi abu-hava yaradılmışdır. Sonradan evdə Barışıq sazişinin şərtlərini oxuyarkən bəlli oldu ki, uşaqla ünsiyyət ilə bağlı şərtlər razılaşdığı kimi qeyd edilməmiş, Mediator əsassız olaraq razılaşmadan kənar Barışıq sazişinə ümumi ifadələr yazmaqla qanunsuzluğa yol vermişdir. Belə ki, Barışıq sazişinin 2-si bəndində qeyd edilən “Maraqlı şəxs Şiyan qızı xx.xx.2022- ci il təvəllüdlü X4-atası X5 ilə hər həftənin şənbə və bazar günü saat 09:00dan, 18:00 dək mədudiyyət qoymadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürür” barədə aralarında heç bir razılaşma olmamışdır. Razılaşma bu hissədə yalnız “atasının oğlu ilə həftədə 1-2 dəfə onların yaşadığı evdə, bir neçə saatlıq müddətdə ayrı otaqda görüşmələrinə razılıq verilməsi” barədə olmuşdur. 31 may 2025-ci il tarixdə saat 9.00 radələrində Ərizəçi yaşadığı Şamaxı rayonunun Məlikçobanı kəndindəki ata evinə gəldi. Uşağı bir neçə saatlıq aparıb gəzdirəcəyini, sonra gətirəcəyini bildirdi. Evdə görüşmələrini bildirmişdir. Nicat bildirdi ki, kəndlərində evdə nənəsi gözləyir, bu günlük uşağı aparsın, sonra evdə uşağla görüşər. Uşağın dəyişik paltarlarını, oyuncaqlarını bir sumkaya qoymuş, uşağın yeməyini isə digər qaba yığmışdı. Axşama yaxın oğlu Ömürü atası geri qaytardı. Uşaq çox yorğun, görünürdü, gün ərzində yatmamışdı, üst başı çirkli idi, verdiyi paltarları dəyişdirilməmişdi. 01 iyun 2025-ci il tarixdə səhər yenə də Nicat uşağı aparmağa gəldi. Uşağı ona verməmiş, bildirmişdir ki, razılaşdığı kimi onların evində ayrı otaqda uşağınla bütün gün ərində bir neçə saat vaxt keçirə bilər. Dünən uşaq yorğun gəldi. Səhərə kimi narahat yatdı, üst başı çirkli idi. Uşaq gəldikdən sonra ona “sən pissən, nənəm yaxşıdı, bibim yaxşıdı, sən öl” kimi ifadələr işlədərək onu vurmağa başlamış, saçlarını yolmuşdur. Uşağa bu kimi sözlərə, hərəkətlərə öyrətmək yaxşı deyil. Nəticədə uşağın layiqli insan kimi yetişməsinə pis təsir edəcək. Bundan əlavə 3 yaşlı uşağı yaşadığı evdən (anasının yanından) 30 km məsafədə yerləşən (2-ci Çaylı kəndi) kəndə atası tərəfindən aparılan zaman heç bir təhlükəsizlik tədbirləri görülməmiş, uşağın daşınması zamanı avtomaşın xüsusi uşaq oturacağı ilə (xüsusi kəmərli) təchiz edilməmiş, uşağın yemək saatı pozulmuş, uşağın yuxu saatı, uşağın alt və üst geyimlərinin dəyişdirilməsi təmin edilməmiş, uşağın həyatı və sağlamlığı riskli vəziyyətə salınmışdır. Uşağın mədəni və mənəvi inkişafı da daxil olmaqla, şəxsiyyətinin formalaşması naminə üstün mənafeyi təmin edilməmişdir. Göründüyü kimi Barışıq sazişi tərtib olunarkən, eləcə də Barışıq sazişinin icrasının ilk günü uşağın hüquqları kobud surətdə pozulmuşdur, həyatı təhlükəyə atılmışdır. Göstərilənlərə əsasən Barışıq sazişinin 2-ci bəndində qeyd edilən “ Maraqlı şəxs Şiyan qızı xx.xx.2022-ci il təvəllüdlü X4-atası X5 ilə hər həftənin şənbə və bazar günü saat 09:00-dan, 18:00 dək məhdudiyyət qoymadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürür” hissəsinin təsdiq edilməsindən imtina olunmalıdır. Çünki onların arasındakı razılaşma uşağın yaşadığı evdə atası ilə ayrı otaqda həftənin iki günündə gün ərzində 1-2 saat ərzində görüşüb ünsiyyətdə olmaq barədə olmuşdur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayəti üzrə tələb və dəlillər

8. Maraqlı şəxs apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-1132/2025 saylı qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-1132/2025 saylı qətmaməsi əsassız və çoxsayı maddi və prosessual pozuntulara yol verməklə qanunsuz qəbul edilmişdir. Ona görə də ləğv edilməlidir. Barışıq sazişində qeyd edilən və mübahisələndirdiyi qətnamə ilə təsdiq edilən hissəsi : “ Barışıq sazişinin 2-ci bəndində “Maraqlı şəxs Şiyan qızı xx.xx.2022-ci il təvəllüdlü X4-atası X5 ilə hər həftənin şənbə və bazar günü saat 09:00dan, 18:00 dək mədudiyyət qoymadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürür” hissəsində etibarsız hesab edilməlidir. Məhkəmə baxışı onun iştirakı təmin edilmədən (məhkəmə iclası barədə bildiriş ona təqdim edildikdən 3 gün əvvəl keçirilmiş, qətnamənin 2-ci səhifəsinin birinci abzasında qeyd etmişdir ki, “guya” iclasın vaxtı və yeri barədə ona “məlumat” verilmişdir) keçirilmiş, maddi və prosessual normalarının pozulması ilə qəbul edilmişdir. xx.xx.2025-ci il tarixdə keçirilməsi nəzərdə tutulan məhkəmə baxışının vaxtı barədə bildiriş poçt vasitəsilə xx.xx.2025-ci il tarixdə ona çatdirildıqdan dərhal sonra Şamaxı Rayon Məhkəməsinə bununla bağlı ərizə ilə müraciət etmiş, poçt zərfinin əslini də ərizəyə əlavə etmiş, növbəti baxış zamanı iştirakının təmin olunmasını xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinə daxil olmuş qeyd etdiyi ərizə sonradan elektron sistemə yüklənmişdir, nədənsə ərizəyə əlavə etdiyi zərf sistemə yüklənməmişdir. Mediasiya prosesi keçirilən zaman mediator tərəfindən amiranə olaraq “uşaqla atanın görüşmək hüququ qanunun tələbidir, sən ata ilə oğulun görüşünə şərait yaratmalısan” ifadəsini işlətdikdən sonra o, “atasının oğlu ilə həftədə 1-2 dəfə onların yaşadığı evdə, bir neçə saatlıq müddətdə ayrı otaqda görüşmələrinə etiraz etmədiyini” bildirdim. Mediator tərəfindən tərtib edilmiş barışıq sazişinə imza etmişdir. Sonradan, Ərizəçi yaşadığı Məlikçobanlı kəndindəki evə oğlu Ömür ilə görüşməyə gələn zaman ona bəlli oldu ki, Mediator tərəfindən əsassız və qanunsuz olaraq dediklərinin əksinə, onun iradə ifadəsi ilə üst-üst düşməyən: “Barışıq sazişinin 2-ci bəndində “Maraqlı şəxs Şiyan qızı xx.xx.2022-ci il təvəllüdlü X4-atası X5 ilə hər həftənin şənbə və bazar günü saat 09:00-dan, 18:00 dək mədudiyyət qoymadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürür” kimi qeyd edib sazişi ona imzalatdırmışdır. Halbuki, o, “atasının oğlu ilə həftədə 1-2 dəfə yaşadığı evdə, bir neçə saatlıq müddətdə ayrı otaqda görüşmələrinə etiraz etmədiyini” bildirmiş və bu şərtin qeyd edildiyini başa düşərək sazişə imza etmişdir. Növbəti dəfə xx.xx.2025-ci il tarixdə Nicat oğlunu aparmaq üçün gələn zaman ona bildirmişdir ki, buyurub evdə bir neçə saat ayrı otaqda oğlunla görüşüb vaxt keçirə bilər. Çünkü əvvəlki dəfə uşağı səhər aparıb axşam evə tam yorğun, yuxusuz, üstü, başı, altı çirkli (uşağa dəyişik paltarı və yemək qoymağına baxmayaraq) gətirmisən, gediş-gəliş yolun 70 kilometr məsafə edir, maşınında xüsusi uşaq oturacaqı quraşdırılmayıb, 3-4 yaşlı uşaq buna necə dözə bilər. Bu səbəbdən oğlu Ömürü atasına verməmişdir ki, öz kəndlərinə aparsın. Bildirmişdir ki, gəlib onların evində oğlu ilə görüşə bilər, uşaqla ünsiyyətdə olmasına heç bir maneçilik yaradılmayacaq. Barışıq sazişi uşağın hüquqlarının pozulması ilə Qanuna zidd tərtib edilmişdir. Savadsız olduğu üçün razılaşdığı şərtləri Mediatorun təhrif etməsini anlamamış və sazişə imza etmişdir. İş üzrə maraqlı şəxsin dindirilməsi təmin edilməmiş, məhkəmə iclası barədə bildirişin iclasdan 3 gün sonra çatdırılması araşdırılmamış, uşağın mənafeyinə və qanuna zidd olan qətnamə qəbul edilmişdir. Buna görə də, Barışıq sazişinin qeyd edilən hissəsi qanuna zidd olduğu üçün təsdiq edilməməli idi.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. Apellyasiya şikayətininə qarşı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında Ərizəçi apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, maraqlı şəxs barışıq sazişinin şərtləri ilə əvvəl razılaşsa da sonradan razılaşmamışdır. Barışıq sazişindən sonra 23-24 may və 31 may tarixlərində uşaqla görüşmüşdür. 23 mayda uşağı götürmüş, 24 mayda geri qaytarmış, 31 mayda da uaşğı götürüb qaytarmışdır. Uşaq əvvəllər də onlarda qalmış, 2025-ci ilin fevral ayında maraqlı şəxs uşağı gəlib aparmışdır. Mediasiya prosesində maraqlı şəxsin atası da iştirak edib. Barışıq sazişini oxumuş, razılaşıb imza ediblər. Yaşayış yerləri arasında 40 km yaxın məsafə var. Ünsiyyət üçün gələrkən yanında qardaşı, valideyni də olur ki, avtomobildə uşağın təhlükəzsizliyi təmin olunur. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.

12. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

13. Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, mediasiya prosesində Ərizəçi Fizuli oğlu, Maraqlı şəxs məxsus bu sazişə əlavə edilmiş siyahıda qeyd edilən cehiz əşyalarının 10 gün müddətində Maraqlı şəxs qaytarmaq barədə öhdəlik götürür. Maraqlı şəxs xx.xx.2022-ci il təvəllüdlü X4 atası Ərizəçi Fizuli oğlu ilə hər həftənin şənbə və bazar günü saat 09:00-dan, 18:00-dək məhdudiyyət qoymadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürür.

14. AZ-İV № 652764 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 31 yanvar 2022-ci il tarixdə Şamaxı rayonunda anadan olmuşdur. Atası Ərizəçi, anası Maraqlı şəxsdır.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Ailə Məcəlləsi

50.1. Uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. 50.3. Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 61.1. Uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. 61.2. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. 61.3. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında razılığa gələ bilmədikdə mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) iştirakı ilə məhkəmə tərəfindən həll edilir.

16. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi:

355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.

17. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri göstərilir: Həmin Qanunun 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.

18. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

19. Məhkəmə kollegiyası Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-1132/2025 saylı qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-1132/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

21. Belə ki, iş materiallarında olan barışıq sazişinin şərtləri razılaşdırılmaqla Ərizəçi və Maraqlı şəxs tərəfindən imzalanmış, bununla da barışıq sazişinin şərtləri təsdiq edilmişdir. Maraqlı şəxs apellyasiya şikayətində mediator tərəfindən barışıq sazişinin ərizəçinin mənfaeyinə uyğun tərtib edilməsi, barışıq sazişini oxumadan imzaladığını, uşaqla ünsiyyətə dair şərtlərin barışıq sazişinə razılaşdırılmış formada deyil, başqa şəkildə daxil edildiyini, dolayısı ilə aldadıldığını iddia etsə də barışıq sazişinin etibarsızlığına dair iddia qaldırmamışdır. Barışıq sazişi və onun şərtlərinin isə qanunsuz olması müəyyən edilməməkdədir.

22. Bununla yanaşı məhkəmə kolegiyası qeyd edir ki, maraqlı şəxsin şikayətinin dəlilləri əsasən ilkin ünsiyyətdən sonra barışıq sazişi ilə müəyyən edilmiş ünsiyyət qaydasının uşağın mənafetinə uyğun olmaması və onun dəyişməsi ilə əlaəqdar olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2011-ci il 28 oktyabr tarixli, 6/2011 nömrəli Qərarının 3.2-ci bəndinə əsasən məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş ünsiyyət qaydası və (və ya) üsulunun (vaxt, müddət, yer, forma, şərait və s.) istənilən əsasla valideynlərdən hər hansı birinin müraciəti ilə sonradan dəyişdirilməsi bu barədə yeni iddianın qaldırılması deyil, Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə əsasən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizənin verilməsi yolu ilə həll edilməlidir. Buna görə də məhkəmə kollegiyası qeyd edir ki, maraqlı şəxs birinci instansiya məhkəməsinin qətnaməsi qanuni qüvvəsini alacağı təqdirdə qanuni qüvvəyə minmiş qətnamə ilə təsdiq edilmiş barışıq sazişində müəyyən edilmiş uşaqla ünsiyyət qaydası və (və ya) üsulunun (vaxt, müddət, yer, forma, şərait və s.) Mülki Prosessual Məcəllənin 231ci maddəsinə əsasən dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir.

23. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-1132/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar