Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-124/2023 14.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar söz: fərdi yaşayış evinin boşaldılması və istifadə hüququna xitam verilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X5 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh vəkili Vəkil iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin e-2(012)-783/2022 saylı, 18 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı1 ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Abşeron rayonu, Qobu qəsəbəsi, Natavan küçəsi, 2 nömrəli fərdi yaşayış evinin boşaldılması və həmin mənzilə dair istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 yekunları barədə YP № 065 saylı, xx.xx.2021-ci il tarixli protokoluna əsasən, Abşeron rayonu, Qobu qəsəbəsi, Natavan küçəsi, 2 nömrəli fərdi yaşayış evi İddiaçı1 ASC tərəfindən açıq hərracdan alınmışdır. ********** nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən, Abşeron rayonu, Qobu qəsəbəsi, Natavan küçəsi, 2 nömrəli fərdi yaşayış evi İddiaçı1 ASC-nin tam mülkiyyətinə keçmişdir. Cavabdeh hal-hazırda İddiaçı1 ASC-nin mülkiyyətində olan fərdi yaşayış evində yaşayır və qeydiyyatdadır. Bunun nəticəsində mülkiyyətçinin qanunla qorunan daşınmaz əmlaka dair mülkiyyət hüququ, yəni əmlaka sahiblik, ondan istifadə etmək və sərəncam vermək hüquqları məhdudlaşır.
3. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır.
4. Abşeron Rayon Məhkəməsinin e-2(012)-783/2022 nömrəli, 18 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı1 ASC-nin mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsi, Natavan küçəsi, 2 nömrəli fərdi yaşayış evinə Cavabdeh istifadə hüququna xitam verilməsi, Abşeron rayonu, Qobu qəsəbəsi, Natavan küçəsi, 2 nömrəli fərdi yaşayış evinin Cavabdeh tərəfindən boşaldılması qət edilmişdir (hakim Elman Məmmədov).
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh İddiaçı1 ASC-dən kreditlə pul götürmüş, Cavabdeh məxsus Abşeron rayonu, Qobu qəsəbəsi, Natavan küçəsi, 2 nömrəli fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəlik lazımınca icra edilmədiyindən məhkəmə qaydasında ipoteka predmetinə tutma yönəldilmiş, ipoteka predmeti açıq hərracdan satılmaqla ipoteka saxlayan İddiaçı1 ASC-nin mülkiyyətinə keçmiş və həmin hüquq AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsi, Natavan küçəsi, 2 nömrəli fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı1 ASC-nin mülkiyyətinə qeydiyyata alınmışdır. Cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququnun qalması İddiaçı1 ASC-nin göstərilən mənzillə bağlı hüquq və azadlıqlarının həyata keçirilməsinə həqiqətən də maneə yaradır.
6. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152, 157, 178.1, 203.3.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin e-2(012)- 783/2022 saylı, 18 aprel 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri:
8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-392/2015 saylı, 23 fevral 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borc tələbi, borcun ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası təmin edilmiş və İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13 iyun 2013-cü il tarixli, 495-13/P-EV saylı kredit müqaviləsi üzrə 14609.25 (on dörd min altı yüz doqquz manat iyirmi beş qəpik) manat əsas, 4971.62 (dörd min doqquz yüz yetmiş bir manat altmış iki qəpik) manat faiz borcu, 800 (səkkiz yüz) manat dəbbə pulu olmaqla, cəmi 20380.87 (iyirmi min üz yüz səksən manat səksən yeddi qəpik) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ödəmənin ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsi, Natavan küçəsində yerləşən 2A nömrəli - ümumi sahəsi 104.1 kv.m olan, bir mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satılması, fərdi yaşayış evinin ilkin satış qiymətinin 30 000 (otuz min) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı) ilə müəyyən edilməsi, satışdan əldə edilən vəsaitdən cəmi 20380.87 (iyirmi min üz yüz səksən manat səksən yeddi qəpik) manat məbləğində pul vəsaitinin «İddiaçı1 ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış, icraya yönəlmişdir. İcra məmuru icra işini icraata qəbul edərək 07 yanvar 2021-ci il rarixdə “X1 Mərkəzi” MMC tərəfindən Hərraca çıxarılmışdır. Lakin 27 avqust 2020-ci il tarixdə, yəni ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evi hərraca çıxarılmamışdan altı ay qabaq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1014/2020 saylı qararı ilə Cavabdeh barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin iş 1(101)-557/2021 saylı, 19 mart 2021-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Göründüyü kmi Cavabdeh icra məmuru tərəfindən təyin edilmiş könüllü icra müddətində Cəzaçəkmə müəssisəsində olduğundan nə icra məmurunun onun barəsində etdiyi hərəkətlərdən nə də ki, “X1 Mərkəzi” MMC-nin keçirdiyi hərracdan məlumatı və xəbəri olmamış, bu barədə lazımı qaydada məlumat verilmədən ona məxsus Abşeron rayonu, Qobu qəsəbəsi, Natavan küçəsi, 2 nömrəli fərdi yaşayış evi açıq hərracdan satılmaqla ipoteka saxlayan İddiaçı1 ASC-nin mülkiyyətinə keçmişdir. Hazırki iddia tələbi Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilmiş ilə İddiaçı1 ASC-nin mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsi, Natavan küçəsi, 2 nömrəli fərdi yaşayış evinə Cavabdeh istifadə hüququna xitam verilmiş, Abşeron rayonu, Qobu qəsəbəsi, Natavan küçəsi, 2 nömrəli fərdi yaşayış evinin Cavabdeh tərəfindən boşaldılması qət edilmişdir. Halbuki, İcra haqqında Azərbaycan Respublikasının Qanunununun 18.1.2-ci maddəsinə əsasən borclu üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduqda icraatının dayandırılması mümkün olduğu hallardandır. Həmin Qanunun 21.2-ci madəsinə əsasən isə bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. Birinci instansiya məhkəməsi qanunun bu tələblərini nəzərə almamış və hüquqi qiymət verməmişdir. Hazırda Səbail Rayon Məhkəməsinin icraatında Cavabdeh İddiaçı1 ASC-yə qarşı “X1 Mərkəzi” MMC tərəfindən təşkil edilmiş "hərrac, həmçinin YP№-065 saylı, 07 yanvar 2021ci il tarixli "Hərracın nəticələri haqqında satış protokol"u və Hərracın yekunları üzrə əmlakın alğı-satqı barədə 07 yanvar 2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin sənədlər əsasında Abşeron rayonu, Qobu qəsəbəsi, Natavan küçəsində yerləşən 2A nömrəli - ümumi sahəsi 104.1 kv.m olan, bir mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə verilmiş çıxarışın ləğv edilməsinə dair e-2(009)-1273/2022 saylı mülki işə baxılır. Səbail Rayon Məhkəməsinin iş № e-2(009)-1273/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh "X2 Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti, İddiaçı1nə qarşı müqavilənin etbarsız sayılması tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Odur ki, Abşeron Rayon Məhkəməsinin e-2(012)-783/2022 saylı, 18 aprel 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, təmsil etdiyi şəxs Cavabdehlər "xxxx" ASC-ə, “X1 Mərkəzi” MMC-ə və Abşeron Rayon İcra Şöbəsinə qarşı “X1 Mərkəzi” MMC tərəfindən təşkil edilmiş "YP№-065 saylı, 07 yanvar 2021-ci il tarixli "Hərracın nəticələri haqqında satış protokol"-u, Hərracın yekunları üzrə əmlakın alğı-satqı barədə 07 yanvar 2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin sənədlər əsasında Abşeron rayonu, Qobu qəsəbəsi, Natavan küçəsində yerləşən 2A nömrəli fərdi yaşayış evinə verilmiş Çıxarışın ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə qətnaməsi ilə iddia tələbi təmin edilmiş, qətnamə Azərbaycan Respublikasının Ali Məhkəməsini qərarı ilə qanuni qüvvəsini almışdır. İddiaçının mülkiyyət hüququ itirildiyindən hazırki iddia tələbi təmin edilə bilməz. Odur ki, Abşeron Rayon Məhkəməsinin e-2(012)-783/2022 saylı, 18 aprel 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada iddiaçı təşkilata, eləcə də bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanmasına Fonduna məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə iddiaçının nümayəndəsinin iştirakı olmadan ilə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ. bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
152. maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1. maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.3.1-ci maddəsinə əsasən, öhdəliklər üzrə tutma əmlaka yönəldikdə, əmlak mülkiyyətçidən məcburi alınır.
14. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin e-2(012)-783/2022 saylı, 18 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.
17. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsi, Natavan küçəsi, 2 nömrəli fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı1 ASC-nin mülkiyyətinə qeydiyyata alınmışdır.
18. İş materiallarında olan AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, Qəribov X4 rayonu, Qobu qəsəbəsi, Natavan küçəsi, 2 nömrəli fərdi yaşayış evində qeydiyyatdadır.
19. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh İddiaçı1 ASC-dən kreditlə pul götürmüş, Cavabdeh məxsus Abşeron rayonu, Qobu qəsəbəsi, Natavan küçəsi, 2 nömrəli fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəlik lazımınca icra edilmədiyindən məhkəmə qaydasında ipoteka predmetinə tutma yönəldilmiş, ipoteka predmeti açıq hərracdan satılmaqla ipoteka saxlayan İddiaçı1 ASC-nin mülkiyyətinə keçmiş və həmin hüquq AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsi, Natavan küçəsi, 2 nömrəli fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı1 ASC-nin mülkiyyətinə qeydiyyata alınmışdır. Cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququnun qalması İddiaçı1 ASC-nin göstərilən mənzillə bağlı hüquq və azadlıqlarının həyata keçirilməsinə həqiqətən də maneə yaradır.
20. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, hazırki iş üzrə Cavabdehlər "xxxx" ASC-ə, “X1 Mərkəzi” MMC-ə və Abşeron Rayon İcra Şöbəsinə qarşı “X1 Mərkəzi” MMC tərəfindən təşkil edilmiş "YP№-065 saylı, 07 yanvar 2021-ci il tarixli "Hərracın nəticələri haqqında satış protokol"-u, Hərracın yekunları üzrə əmlakın alğısatqı barədə 07 yanvar 2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin sənədlər əsasında Abşeron rayonu, Qobu qəsəbəsi, Natavan küçəsində yerləşən 2A nömrəli fərdi yaşayış evinə verilmiş Çıxarışın ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin iş üzrə yekun qərar qəbul edilib qüvvəyə minənədək hazırki iş üzrə icraat dayandırılmışdır.
21. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, e-2(005)-3182/2022 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər “X1 Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti, ləğv prosesində olan “Muğanbank" ASC və Abşeron Rayon İcra Şöbəsinə qarşı hərracın yekunlarının və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X1 Mərkəzi” MMC tərəfindən təşkil edilmiş hərrac, həmçinin YP№-065 saylı, 07 yanvar 2021-ci il tarixli "Hərracın nəticələri haqqında satış protokol"u və Hərracın yekunları üzrə əmlakın alğısatqı barədə 07 yanvar 2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin sənədlər əsasında Abşeron rayonu, Qobu qəsəbəsi, Natavan küçəsində yerləşən 2A nömrəli - ümumi sahəsi 104.1 kv.m olan, bir mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə dair verilmiş çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, iddia tələbi təmin edilməmişdir.
22. İşə əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-2352/2023 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3182/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia təmin edilmiş, “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən təşkil edilmiş hərrac, həmçinin YP №065 saylı, 07 yanvar 2021-ci il tarixli hərracın nəticələri haqqında satış protokolu və hərracın yekunları üzrə əmlakın alqı-satqı barədə 07 yanvar 2021-ci il tarixli müqavilə etibarsız hesab edilmiş və həmin sənədlər əsasında Abşeron rayonu, Qobu qəsəbəsi, Natavan küçəsində yerləşən 2 nömrəli - ümumi sahəsi 104.1 kv.m olan fərdi yaşayış evinə dair verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** nömrəli Çıxarış ləğv edilmişdir.
23. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3381/2023 nömrəli qərarından görünür ki, cavabdeh İddiaçı1 ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 may 2023-cü il tarixli, 2(103)2362/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
24. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli Abşeron rayonu, Qobu qəsəbəsi, Natavan küçəsi, 2 nömrəli fərdi yaşayış evinə dair İddiaçı1 ASC-nin mülkiyyət hüququnu təsdiq edən Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** nömrəli Çıxarış məhkəmə qətnaməsi əsasında ləğv edilmiş və həmin qətnamə də qanuni qüvvəsini almışdır.
25. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.
26. Qanunun mənasına görə məcburi qaydada çıxarılma üçün aşağıdakı əsaslar olmalıdır: a) mənzilə tutma yönəldilməli və o satılmalıdır; b) İpoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır; c) mənzildə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində mənzili könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs - yeni mülkiyyətçi məcburi qaydada çıxarılma barədə məhkəmədə iddia qaldırmalıdır; d) bu tələblərə yeni icraatda baxılmalıdır.
27. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, ipotekaya qoyulmuş mənzil satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyətçinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun baş verməmiş və ümumiyyətlə baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından iddia təmin edilə bilməz.
28. Belə ki, “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən təşkil edilmiş hərrac, həmçinin YP №065 saylı, 07 yanvar 2021-ci il tarixli hərracın nəticələri haqqında satış protokolu və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 07 yanvar 2021-ci il tarixli müqavilə etibarsız hesab edilmiş və həmin sənədlər əsasında Abşeron rayonu, Qobu qəsəbəsi, Natavan küçəsində yerləşən 2 nömrəli - ümumi sahəsi 104.1 kv.m olan fərdi yaşayış evinə dair verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** nömrəli Çıxarış ləğv edildiyindən iddiaçı bankın da hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ itirilmişdir.
29. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğu üçün təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 384.0.2, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin e-2(012)-783/2022 saylı, 18 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.