Məhkəmə qərarları › İş №2(105)-1251/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1251/2023

08.08.2023 · Sair mülki iş - Digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1251/2023 08.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi ) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X2 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə Füzuli qızının, Cavabdeh iştirakı ilə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, e-2(060)-1755/2023 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı ASC Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış 1435,12 manat borcun və 31,70 manat dövlət rüsumunun əvəzinin "Azərsu” ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ”Azərsu” ASC tərəfindən Cavabdeh (abonent kodu:**********990) su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə xx.xx.2023-cü il tarixinə 1435,12 manat borcu yaranmışdır. Abonentin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ailə tərkibinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilir. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Cəmiyyət tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsinı təmin etməmişdir. Cavabdeh barəsində Sumqayıt şəhər İH MKTİB-nin 22 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 401 nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanında 1 (bir) nəfər qeydiyyatdadır.

3. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır.

4. Sumqayıt Şəhər Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, e-2(060)-1755/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Elmir Hüseynov).

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında müqavilə yoxdur. Həmçinin iş materiallarına əlavə edilən abonent kartında ünvan 2 ünvanında yerləşən 99 saylı mənzilinin abonentinin adı Aydın Həmidov qeyd edilmişdir. İddiaçı ilə Aydın Həmidov adlı şəxs arasında olan müqavilənin tarixi və nömrəsi iş materiallarına əlavə olunmuş abonent kartında qeyd edilsə də həmin müqavilə də məhkəməyə təqdim olunmamışdır. İddia tələbi ilə cavabdeh kimi Cavabdeh əsassız borc tələb olunur. İddiaçının məhkəməyə təqdim etdiyi abonent kartını sübut kimi qəbul etmək olmaz. Belə ki, həmin kartda Cavabdeh adı yoxdur. İş materiallarına əlavə edilmiş ailə tərkibi haqqında arayışda Cavabdeh həmin ünvanda yaşadığı qeyd edilsə də hansı tarixdən və hansı ailə üzvləri ilə yaşaması barədə məlumat yoxdur. “AZEMİS” elektron məhkəmə informasiya sistemində cavabdehin ünvan 1 ünvanında yalnız xx.xx.2023-cü il tarixdən qeydiyyata düşdüyü müəyyən edilir. Cavabdehin sözügedən ünvanda sudan istifadə etməsi iş materialları ilə öz təsdiqini tapmır

6. Məhkəmə gəldiyi nəticəni AR Su Məcəlləsinin 97, 105-ci, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 saylı Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydalarının” 2.1.5, 7ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı ASC tərəfindən apellyasiya şikayəti verilərək Sumqayıt Şəhər Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, e-2(060)-1755/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

Şikayətin dəlilləri:

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş Sudan istifadə Qaydalarının 7.4-cü bəndi əsasən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7(yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. İş materialarından göründüyü kimi cavabdeh mənzili 2023-cü il tarixdə ünvanda yaşamış əvvəlki ev sahibindən aldığı zaman yaranmış borcun əvvəlki mülkiyyətçiyə aid olması və alğı-satqı zamanı yaranmış borcun olmaması barədə sənəd təqdim etmədiyindən hesabat ailə tərkibinə uyğun olaraq normativ qaydada aparılmışdır. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə cavabdehin yaranmış borcun əvvəlki mülkiyyətçiyə aid olması və daşınmaz əmlakın alğı-satqısı zamanı yaranmış borcun əvvəlki mülkiyyətçiyə aid olması və daşınmaz əmlakın alğı-satqısı zamanı yaranmış borcun olmaması barədə arayış aldıqdan sonra alğı-satqını həyata keçirilməsinin mümkün olduğunu və hal-hazırda yaranmış borcun tam ödənilməli olduğunu araşdırmalı idi.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçıya məxsus olan ünvanda 1435.12 manat məbləğində borc yaranmışdır. Həmin ünvanda 2004-cü ildə kod açılaraq normativ qaydada 5 nəfər ailə tərkibinə uyğun hesabat aparılmışdır. Hər ay həmin ünvana bildirişlər, sonuncu dəfə də xəbərdarlıq məktubu göndərilsə də, cavabdeh tərəfindən borcun ödənilməsi təmin edilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət edilsə də iddia təmin olunmayıb və məhkəmə bunun əsası kimi müqavilənin cavabdehlə deyil başqa şəxslə bağlandığını göstərmişdir. “Sudan istifadə qaydaları” nın 7.4-cü bəndinə əsasən istehlakçılar özləri ünvan və ailə tərkibində dəyişiklik olanda mütləq sənəd təqdim etməlidirlər. Bu sənəd təqdim olunmadığından da borc hesablanmışdır. Əvvəlki mülkiyyəçi ilə cavabdeh arasında mənzil barədə alğı-satqı olsa da, borc yerində qalıb. Aydın Həmidov məcburi köçkün olub. Limitlərdən istifadə edib. 2016-cı ildən iddia qaldırılan tarixə qədər formalaşmış borc tələb olunur. Yaşayış yerindən arayışda cavabdehin adı olduğundan iddia ona qarşı qaldırılıb. Əvvəlki mülkiyyətçiyə qarşı iddia qaldırılmamışdır. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, e-2(060)-1755/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir.

11. Məhkəmə kollegiyasının iclaslnda Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, o, bir aydır ki, sözügedən ünvanda yaşayır. Alğı-satqı müqaviləsi 2023-cü ilin yanvar ayında bağlanıb. Həmin ünvanda tək yaşayır. Su xətti də ümumidir. Evə su çəkilməyib. Apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, e-2(060)-1755/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

13. Azərbaycan Respublikası Su Məcəlləsinin 97-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla Azərbaycan Respublikasında sudan ödənişli istifadə edilir. 105-ci maddəsinə görə fiziki və hüquqi şəxslər su qanunvericiliyini pozmaqla vurduqları zərəri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ödəməlidirlər. Azərbaycan Respublikası “Su təchizatı və tullantı suları haqqında” Qanunun 30-cu maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir).

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 saylı Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları” 2.1.5-ci bəndinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək STKM-in vəzifələrinə aiddir. 7.2-ci bəndinə əsasən STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. “Sudan istifadə” qaydaları istehlakçıların hüquqlarına həsr olunmuş 5.1.5-ci maddəsinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ vardır. 7.4-cü bəndinin tələblərinə görə əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim edilmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. 7.5-ci bəndinə görə su ölçən cihazlar olmadıqda, fərdi yaşayış və bağ evlərinin həyətyanı torpaq sahələrində təsərrüfat məqsədləri üçün istifadə edilən suyun həcmi mövcud texniki qaydalara uyğun olaraq hesablanır. Digər istehlakçılara suölçən cihazlar quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı su larının həcmi və buna görə ödənilməli vəsaitin həcmi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qərarında nəzrədə tutulmuş qaydada müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir.

15. Mülki Prosessual Məcəllə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıır.

18. İş materiallarında olan xx.xx.2023-cü il tarixli abonent kartından görünür ki, Aydın Həmidov ilə İddiaçı ASC arasında bağlanmış müqaviləyə əsasən Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana ev 2/A, ünvanında yerləşən 99 saylı mənzilə su sayğacı quraşdırılmış, sayğaca əsasən mənzilə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə 1435,12 manat borc hesablanmışdır.

19. İş materiallarında olan, Sumqayıt şəhər İH MKTİB-nin 22 saylı MKS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 401 nömrəli arayışdan görünür ki, ünvan 1-da Cavabdeh yaşayır.

20. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında müqavilə yoxdur. Həmçinin iş materiallarına əlavə edilən abonent kartında ünvan 2 ünvanında yerləşən 99 saylı mənzilinin abonentinin adı Aydın Həmidov qeyd edilmişdir. İddiaçı ilə Aydın Həmidov adlı şəxs arasında olan müqavilənin tarixi və nömrəsi iş materiallarına əlavə olunmuş abonent kartında qeyd edilsə də həmin müqavilədə məhkəməyə təqdim olunmamışdır. İddia tələbi ilə cavabdeh kimi Cavabdeh əsassız borc tələb olunur. İddiaçının məhkəməyə təqdim etdiyi abonent kartını sübut kimi qəbul etmək olmaz. Belə ki, həmin kartda Cavabdeh adı yoxdur. İş materiallarına əlavə edilmiş ailə tərkibi haqqında arayışda Cavabdeh həmin ünvanda yaşadığı qeyd edilsə də hansı tarixdən və hansı ailə üzvləri ilə yaşaması barədə məlumat yoxdur. “AZEMİS” elektron məhkəmə informasiya sistemində cavabdehin ünvan 1 ünvanında yalnız xx.xx.2023-cü il tarixdən qeydiyyata düşdüyü müəyyən edilir. Cavabdehin sözügedən ünvanda sudan istifadə etməsi iş materialları ilə öz təsdiqini tapmır

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, iş materialları və iddiaçı təşkilatın nümayəndəsiin izahatı ilə müəyyən edilir ki, tələb edilən borc məbləği 2016-cı ildən iddia ərizəsinin verildiyi xx.xx.2023-cü il tarixi əhatə edir.

22. İş materialları və tərəflər izahatı ilə müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən 99 saylı mənzilinin abonentinin adı Aydın Həmidov qeyd edilmişdir. İddiaçı ilə Aydın Həmidov adlı şəxs arasında olan müqavilənin tarixi və nömrəsi iş materiallarına əlavə olunmuş abonent kartında qeyd edilsə də, həmin müqavilə iş materiallarında mövcud deyildir.

23. İş materialları ilə Cavabdeh ünvan 1 ünvanında yalnız xx.xx.2023-cü il tarixdən qeydiyyata düşdüyü müəyyən edilir.

24. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh qeyd edilən ünvanda xx.xx.2023-cü il tarixdən yaşadığından 2016-cı ildən xx.xx.2023-cü il tarixinə qədər həmin mənzildə sudan istifadəyə görə yaranmış borc ondan tələb edilə bilməz.

25. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı təşkilat cavabdehin mənzildə yaşadığı tarixdən iddia ərizəsinin verildiyi tarixədək sudan istifadəyə görə yaranmış borcun nə qədər olmasına dair sübut təqdim edilmədiyindən iddia tələbi təmin edilə bilməz.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də ilkin olaraq, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməli idi.

27. Halbuki iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında sübutetmə yükü də inkar edənin deyil, təsdiq edənin üzərinə düşür.

28. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixli qərarında X4 Məhkəməsinin də hüquqi mövqeyi belə olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbti probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur və bu zaman sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallardan irəli gələ bilər. (§68)

31. Həmçinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da X4 Məhkəməsi öxşar hüquqi mövqe göstərərək, məhkəmənin sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartlarının təbiq edilməsini müəyən etmişdir.

29. Hazırki işdən görünür ki, iddiaçı ərizəsində qeyd etdiyi halları sübuta yetirə bilməmişdir.

30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun hesab edərək qeyd edir ki, məhkəmə iddianı təmin etməməkdə haqlı olmuşdur.

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, şikayətin dəlilləri formal mülahizələr kimi qiymətləndirilməlidir. İddiaçı şikayətdə qeyd etdikləri dəlillər təsdiq edəcək sübutları təqdim etməmişdir. Belə olan halda şikayətin dəlilləri birinci instansioya məhkəməsini qətnaməsini ləğvi üçün əsas hesab edilə bilməz. 32..Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, e-2(060)-1755/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. 33.Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Sumqayıt Şəhər Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, e-2(060)-1755/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar