Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-126/2022 02.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2(012)-974/2020 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddia tələbi qismən təmin edilməsi, Cavabdeh1 iddiaçı BOKT "xxxx" MMCnin xeyrinə 11.03.2015-ci il tarixli, 03/221 nömrəli kredit müqaviləsinə, həmçinin 03.04.2019-cu il tarixli 1 saylı razılaşmaya əsasən əsas kredit borcu üzrə 30237,4 ABŞ dolları, faiz borcu üzrə 6437.94 ABŞ dolları, cərimə borcu üzrə 2000 ABŞ dolları, cəmi 38675,34 ABŞ dolları və ya ödəniş gününə Mərkəzi bankın məyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə rüsum və xidmət haqqı kimi ödənilmiş cəmi 31 manat məbləğində pulun tutulması, iddia üzrə tələb ipoteka predmetinə yönəldilməsi, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 53000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaiti cavabdehin borcuna yönəldilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı BOKT "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə 11.03.2015-ci il tarixli, 03/221 nömrəli kredit müqaviləsinə, həmçinin 03.04.2019-cu il tarixli 1 saylı razılaşmaya əsasən əsas kredit borcu üzrə 30237,4 ABŞ dolları (otuz min iki yüz otuz yeddi dollar, qırx sent), faiz borcu üzrə 6437.94 ABŞ dolları (altı min dörd yüz otuz yeddi dollar, doxsan dörd sent), cərimə borcu üzrə 51216,85 ABŞ dolları (əlli bir min iki yüz on altı dollar, səksən beş sent), cəmi 87892.19 ABŞ dolları (səksən yeddi min səkkiz yüz doxsan iki dollar, on doqquz sent) borcun ödəniş gününə manatın məzənnəsi ilə və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə rüsum və xidmət haqqı kimi ödənilmiş cəmi 31 (otuz bir) manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın 53000 (əlli üç min) manat ilkin satış qiyməti ilə hərraca çıxarılması, əmlakın açıq hərrac yolu ilə satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlərin iddiaçı BOKT "xxxx" MMC-yə yaranmış borcunun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə tutma yönəldikdə və ev satıldıqdan ən geci 1 (bir) ay ərzində həmin fərdi yaşayış evinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 11.03.2015-ci il tarixli, 03/221 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə qaytarmaq şərti ilə illik 26% dərəcəsi ilə 35000 (otuz beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Borcalanın öhdəliklərinin icrasının təminatı kimi BOKT "xxxx" MMC ilə Cavabdeh2 arasında 11.03.2015-ci il tarixli 221/İK/03 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinin 2.1-ci maddəsinə əsasən ipoteka saxlayanla borcalan arasında Bakı şəhərində bağlanmış 11.03.2015-ci il tarixli 03/221 nömrəli kredit müqaviləsinə əsasən borcalanın yaranacaq öhdəliyinin təminatı kimi ipoteka qoyan Cavabdeh2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 Saylı Ərazi İdarəsi tərəfindən verilmiş (Reyestr № **********54-10301, Qeydiyyat № **********, Seriya RX 0598383) 07.03.2015-ci il tarixli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etməyi və müvafiq dövlət orqanında yüklülük qeydiyyatının aparılmasını öz üzərinə götürmüşdür. İpoteka müqaviləsi notarial təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsinin 2.5-ci maddəsinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və (və ya) faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafıkinə uyğun olaraq həyata keçirir. Borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafıkində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə 5 (beş) iş günündən sonra hər gecikdirilmiş gün üçün aylıq ödəniş məbləğinin 1%-i həcmində cərimə və vaxtı keçmiş kredit üzrə 52 % həcmində cərimə faizi ödəyir. 11.03.2015-ci il tarixli 03/221 nömrəli kredit müqaviləsinə 1 saylı Əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq BOKT "xxxx" MMC-yə ödənilməli olan kredit və faiz borclarının həmin qrafıkə uyğun ödənilməsi Cavabdeh1 tərəfindən təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Bu səbəbdən də 03 aprel 2019-cu il tarixdə borcalanın müraciəti ilə 11.03.2015-ci il tarixli 03/221 nömrəli kredit müqaviləsi üzrə 1 Saylı razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən cavabdeh kreditin qalıq hissəsini 03.04.2019-cu il tarixli 1 Saylı razılaşmaya Əlavə № 1-də (ödəniş qrafıkində) qeyd edilmiş şəkildə illik 18% dərəcəsi ilə olmaqla 72 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Lakin qeyd edilənlərə baxmayaraq, cavabdeh kredit müqaviləsinin və 03.04.2019-cu il tarixli 1 Saylı razılaşmanın şərtlərini mütəmadi olaraq pozmuş və hazırda da pozmağa davam edir. Borclunun 18 dekabr 2019-cu il tarixə BOKT "xxxx" MMC-yə kredit müqaviləsi üzrə borcunun məbləği əsas kredit borcu üzrə 30237.4 (otuz min iki yüz otuz yeddi dollar 40 sent) ABŞ dolları, faiz borcu üzrə 6437.94 (altı min dörd yüz otuz yeddi dollar 94 sent) ABŞ dolları, cərimə borcu üzrə 51216,85 (əlli bir min iki yüz on altı dollar 85 sent) ABŞ dolları, borcun cəmi məbləği 87892.19 (səksən yeddi min səkkiz yüz doxsan iki dollar 19 sent) ABŞ dolları təşkil edir. Qeyd olunanlara əsasən Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün həmin öhdəliyin icrasını təmin etmək məqsədi ilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, kredit müqaviləsinin icrasının təminat üsulu kimi çıxış edən Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi açıq hərracda satılmaqla əldə edilmiş pul vəsaiti hesabına cavabdehin iddiaçıya olan kredit və kreditdən istifadəyə görə faiz və cərimə borcları, həmçinin hazırki iddianın qaldırılması ilə əlaqədar çəkilmiş məhkəmə xərcləri ödənilməlidir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilərkən qiymətləndirilmişdir. "xxxx" MMC-nin PR/M-08-119 saylı 11.03.2015-ci il tarixli qiymətləndirmə rəyinə əsasən əmlakın bazar dəyəri 53000 (əlli üç min) manat qiymətləndirilmişdir, tərəflər də əmlakın ilkin satış qiyməti olaraq bununla razılaşmışlar. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Ağayeva X3 Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ekspertza keçirməklə ədalətli və qanuni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qanunvericiliklə nəzərdə tutulan maddi və prosessual hüquq normalarını pozulması, düzgün tətbiq edilməməsinə görə qətnamə əsassızdır və qanunsuzdur. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Əsas və faiz borcu ekspert rəyi olmadan hesablanmış, əmlakın dəyəri aşağı göstərilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək şikayətin təmin edilməməsi məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən gəldiyi nəticəni cavabdehlərin kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirməmələri ilə əsaslandırmış, Cavabdeh2 isə bu nəticə ilə razılaşmayaraq qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, sonuncu qətnaməni əsas, faiz borcunun tutulması və ipoteka predmetinin ilkin satış qiyməti hissəsində mübahisələndirir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin 09.12.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə cavabdehin mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Prosessual qanunvericilik sübutetmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirir. Sözsüz ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə Bankın öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü Bankın üzərindədir. Bank həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin. Eyni zamanda mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə pulun verilməsinə dair əlavə təminat kimi də ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə yaranmış əsas və faiz məbləğinin Cavabdeh2 tərəfindən mübahisələndirilməsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə yaranmış əsas və faiz məbləğinin cavabdeh tərəfindən mübahisələndirilməsi ilə əlaqədar tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən ötrü məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/4560 № 03 avqust 2021-ci il tarixli mühasibatlıq ekspertizası rəyi ilə müəyyən edilmişdir ki, 11.03.2015-ci il tarixli 03/221 saylı kredit müqaviləsi üzrə 18.12.2019-cu il tarixə əsas borc 29088,48 ABŞ dolları, faiz borcu 7274,16 ABŞ dolları təşkil edir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən iddia ərizəsinə əlavə etmiş olduqları və iddiasının əsasını təşkil edən maliyyə arayışdan əsas borc 30237,4 ABŞ dolları, əsas borca hesablanmış faiz məbləği 6437,94 ABŞ dolları təşkil etmişdir. Keçirilmiş ekspertiza tədqiqatı ilə əsas borcun tələb edilən tarixə düzgün hesablanmadığı, əsas borcun artıq hesablandığı müəyyən olunmuşdur. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, kredit borcu üzrə hesablanmış əsas borc iddia tələbində göstərilən məbləğdə deyil, ekspertiza rəyində göstərilən məbləğdə, yəni 29088,48 ABŞ dolları məbləğində nəzərə alınmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi əsas kredit məbləği üzrə yaranan əsas borca dair maliyyə arayışı iddiaçı tərəfin subyektiv mülahizəyə əsaslanır və iddiaçının mövqeyini əks etdirir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, 11.03.2015-ci il tarixli 03/221 saylı kredit müqaviləsi üzrə əsas borca hesablanmış faiz borcu hissəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/4560 saylı 03 avqust 2021-ci il tarixli ekspertiza rəyində göstərilən məbləğ bankın tələb etdiyi məbləğdən artıqdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, 11.03.2015-ci il tarixli 03/221 saylı kredit müqaviləsi üzrə faiz məbləği barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, 11.03.2015-ci il tarixli 03/221 saylı kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə görə 29088,48 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) əsas borc Cavabdeh1 alınaraq iddiaçıya verilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3. maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci tarixli qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə kollegiyası ipoteka predmetinin ilkin satış qiymətinin cavabdeh tərəfindən mübahisələndirilməsi ilə əlaqədar tərəflərin ədalətli məhkəmə araşdırılmasının təmin edilməsindən ötrü mülki iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş, “B+Ş Audit Konsaltinq” MMC-nin tərəfindən verilmiş 02.08.2021-ci il tarixli №A-01/75 rəy ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin orta bazar qiyməti 140.000 (yüz qırx min) manat, likvid dəyəri 130.000 (yüz otuz min) manat məbləğində müəyyən edilmiş, iddiaçı tərəfindən ekspert rəyi mübahisələndirilmiş, təkrar əmtəəşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir. İş üzrə təkrar məhkəmə əmtəşünaslıq ekspertizası təyin edilmiş, "xxxx" MMC tərəfindən verilmiş 27 dekabr 2021-ci il tarixli 02- 124/21 № ekspertizası rəyi ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 27 dekabr 2021-ci il tarixinə likvid dəyəri 95.000 (doxsan beş min) manat məbləğində qiymətləndirilmişdir. Göründüyü kimi iş üzrə ipoteka predmetinin qiymətləndirilməsinə dair müxtəlif fərqli rəylər verilmişdir. Məhkəmə kollegiyası iş üzrə mübahisə predmeti olan əmlakla bağlı "xxxx" MMC və “B+Ş Audit Konsaltinq” MMC tərəfindən verilmiş rəyləri müqayisə edərək hesab edir ki, “B+Ş Audit Konsaltinq” MMC tərəfindən verilmiş rəydə göstərilən ipoteka predmetinin qiymətləri reallığı əks etdirmir. Odur ki, həmin rəydə göstərilən qiymətlərə münasibətdə "xxxx" MMC-nin rəyi daha çox reallığı özündə əks etdirdiyindən, eləcə də tərəflər arasında bağlanmış ipoteka müqaviləsində qeyd olunan əmlakın daşınmaz əmlak bazarındakı qiymətlərə uyğun olduğundan, həmin rəydəki qiymət ipoteka predmetinin likvid dəyəri kimi göstərilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin likvid dəyəri 95.000 (doxsan beş min) manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı bankın Mülki Məcəllənin 385.1, 386.1, 425.1, 442, 445, 448.1, 739.1. maddələrinin tələbləri baxımından cavabdehlərdən kredit müqaviləsi üzrə borc tələb etmək hüququ yaranmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti mübahisələndirilən hissədə qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli qətnaməsi əsas borc məbləğinin və mənzilin likvid dəyərinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, 11.03.2015-ci il tarixli 03/221 saylı kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə görə 29088,48 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) əsas borc Cavabdeh1 tutularaq iddiaçı BOKT "xxxx" MMC-yə ödənilməli, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin likvid dəyəri 95.000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, Cavabdeh2 iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 100 (bir yüz) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************), 150 (bir yüz əlli) manat alınaraq "xxxx" MMC-nin hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi). Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli qətnaməsi qismən əsas borc və mənzilin likvid dəyərinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. 11.03.2015-ci il tarixli 03/221 saylı kredit müqaviləsi üzrə 29088 (iyirmi doqquz min səksən səkkiz) ABŞ dolları 48 (qırx səkkiz) sent (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) Cavabdeh1 alınaraq iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə ödənilsin. İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin likvid dəyəri 95000 (doxsan beş min) manat məbləğində müəyyən edilsin. Cavabdeh2 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************), 150 (bir yüz əlli) manat alınaraq "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-126/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-126/2022
02.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver