Məhkəmə qərarları › İş №2(105)-126/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-126/2023

07.03.2023 · İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-126/2023 07.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: qeyri-yaşayış sahəsindən çıxarılma, əmlakın sahibinə qaytarılması, çəkilmiş xərcin əvəzinin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndə və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış obyektindən məcburi çıxarılma çıxarılma və digər tələbinə, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-132/2022 nömrəli, 25 aprel 2022-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 59,9 kvadrat metr olan qeyri-yaşayış obyektinin 30 kvadrat metr sahəsindən məcburi çıxarılması, 500 manat icarə haqqının və 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 59,9 kvadrat metr olan qeyri-yaşayış obyektinin 30 kvadrat metr sahəsinə dair 05 sentyabr 2018-ci il tarixdə atası Nümayəndə ilə cavabdeh arasında icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinin müddəti bitmişdir. İddiaçı dəfələrlə cavabdehdən xahiş etmişdir ki, qeyri-yaşayış sahəsini boşaldıb tərk etsin və ona 5 ay ödənilməmiş icarə haqqını, yəni 500 manat pul vəsaitini ödəsin. Yuxarıda qeyd etdiyi qeyri-yaşayış obyekti atası Nümayəndə tərəfindən iddiaçıya notarial qaydada bağışlanmışdır. 30 mart 2021-ci il tarixdə atası ilə cavabdeh arasında bağlanan 05 sentyabr 2018-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçıya məxsus qeyri-yaşayış sahəsini boşaldaraq tərk etməyini cavabdehdən xahiş edərək "xxxx" MMC vasitəsi ilə müraciət etmiş, lakin cavabdeh iddiaçının məktubunu almış və müraciətinə cavab verməmişdir. Nəticədə iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən onun iddiası təmin edilməlidir. Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək, obyektə çəkdiyi xərclərin, yəni təmirinə çəkilən xərclərin 18600 manat və 5560 manat olmaqla, ümumilikdə 24160 manat pulun, həmçinin 30 manat dövlət rüsumunun iddiaçıdan tutularaq cavabdehə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh 2015-ci ilin iyul ayından ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 59,9 kvadrat metr olan qeyri-yaşayış sahəsinin icarədarıdır. Bu obyekt göstərilən tarixdən “Travel-Notarial Tərcümə mərkəzi” kimi qeydiyyata alınmış, bu qeydiyyatı mərkəzinin reklamı ilə bağlı həmin tarixdə İcra Hakimiyyəti yanında reklam departamentinə etdiyi müraciət təsdiq edir. Həmin reklam bu günə qədər binanın fasadındadır. Bundan əlavə o, həmin obyektlə bağlı aktiv vergi ödəyicisidir. Bu günə qədər obyektlə bağlı bütün xərcləri, kommunal ödənişləri, o cümlədən icarə müqaviləsi ilə bağlı vergiləri cavabdeh ödəyir. O, bu obyektə gələndə bu qeyri-yaşayış sahəsi təmirsiz, istismara yararsız və müştəri potensialı olmayan bir vəziyyətdə idi. Obyekt sahibi, yəni Nümayəndə ilə danışaraq obyekti sıfırdan təmir edəcəyi barədə onunla razılığa gəlmişlər. Bu minvalla obyektin giriş qapısından tutmuş içinin bütün avadanlıqları ilə birlikdə bütün xərclərini cavabdeh çəkmişdir. Belə ki, təkcə təmirinə 18 600 manat xərc çəkmişdir. Hətta obyektin bütün sayğaclaşma işlərini həyata keçirmiş və sayğaclarını öz şəxsi vəsaiti hesabına almışdır. Göstərilən tarixdən mütəmadi olaraq hər ayın 5-10 tarixləri arası ilk iki il ərzində obyekt sahibinə 450 manat, daha sonra isə 2017-ci ildən başlayaraq 350 manat icarə haqqı ödəmişdir. Sonra 5 ayın icarə haqqını isə obyektin sahibinin xahişi ilə onun oğlu olan iddiaçıya ödəmişdir. Cavabdeh heç kimə lazım olmayan və müştəri potensialı sıfır həddində olan, yararsız obyekti tam işlək vəziyyətə gətirmişdir. 2017-ci ilin sonlarında obyektin giriş qapılarının etibarsız olması barədə obyekt sahibinə məhkəmə bildirişi gəlmişdir. Obyekt sahibi, yəni Nümayəndə bununla bağlı məhkəmədə və digər orqanlarda onun hüquqlarını müdafiə etmək üçün ona müraciət etmişdir. Bununla bağlı Sumqayıt şəhər, 4 saylı xüsusi notariat ofisinə yaxınlaşaraq Nümayəndə cavabdehə etibarnamə vermişdir. Bu işlə bağlı, yəni obyektin əvvəlki vəziyyətdə fəaliyyət göstərməsi ilə əlaqədar Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 1/22, 18 saylı mənzilin pəncərələrinin qapı ilə əvəz olunması sərəncamının yenilənməsi ilə bağlı 5560 manat xərci çıxmışdır. Son 4 ay ərzində iddiaçı ilk öncə icarə haqqını qaldırdığını bildirmişdir. Bundan sonra müxtəlif vaxtlarda ofisə gələrək mülkiyyətçi olduğunu bildirərək obyektdən çıxmağı tələb etmişdir. Cavabdeh də təbii olaraq ona bu obyektə tərəfindən çəkilən xərclərin veriləcəyi təqdirdə heç bir problem olmadan obyekti ona təhvil verəcəyini bildirmişdir. Qeyd olunan obyektə çəkilən xərclər iddiaçının atası, yəni obyektin əvvəlki mülkiyyətçisi Nümayəndə razılığı ilə çəkilmişdir. Daha sonra isə iddiaçı mart ayının 10-u cavabdeh obyektdə olmadığı zaman, özbaşına olaraq obyektə daxil olmaq istəmiş, lakin bunu bacarmadığını gördükdə atasına məxsus qonşu obyektə girərək oranın arakəsməsini zədələyərək, oturduqları obyektin divarını yararsız hala gətirmiş, bununla cavabdehə maddi və mənəvi zərər vurmuşdur. Belə ki, 1 ədəd 1000 manat dəyərindən “Toshiba satalet” markalı notebooku və həmin notebookun yerləşdiyi yazı stolu, əyləşdiyi stul, vətəndaşlara çatası bir neçə sənədlər yararsız hala düşmüş və bu zərər nəticəsində o, 3 gün ərzində fəaliyyət göstərə bilməmiş, həmin müddətdə qazancından məhrum olmuşdur. İddiaçıya zəng vurub bunu nə üçün etdiyini soruşduqda isə o, bu faktı təsdiqləmiş və obyektdən çıxmayacaqları təqdirdə obyekti başlarına uçuracağını demişdir. Baş verən hadisə ilə bağlı o hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Göstərilənlərə əsasən qarşılıqlı iddia tələbi təmin edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-132/2022 nömrəli, 25 aprel 2022-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 59,9 kvadrat metr olan qeyri-yaşayış obyektinin 30 kvadrat metr sahəsindən çıxarılması, qarşılıqlı iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinə çəkilən 17 000 (on yeddi min) manat məbləğində təmir-tikinti xərclərinin İddiaçı tutularaq Cavabdeh ödənilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 400 manat pulun 200 (iki yüz) manatı İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmiş, ilk və qarşılıqlı iddialar qalan hissələrdə təmin edilməmişdir (hakim Emin Abdullayev). Birinci instansiya məhkəməsi müəyyən etdiyi əsaslarla mübahisə üzrə ilk və qarşılıqlı iddia tələbini qismən təmin edərək cavabdehin qeyd olunan qeyri-yaşayış sahəsindən çıxarılması və həmin ünvana sonuncu tərəfindən çəkilən təmir-tikinti xərclərinin əvəzi kimi 17 000 (on yeddi min) manat məbləğində vəsaitin iddiaçıdan alınaraq ona verilməsi barədə yekun nəticəyə gəlmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 689, 690, 700, maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apellyasiya şikayətinin dəlilləri Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-132/2022 nömrəli, 25 aprel 2022-ci il tarixli qətnaməsinin ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə çəkilən 17 000 (on yeddi min) manat məbləğində təmirtikinti xərclərinin İddiaçı tutularaq Cavabdeh ödənilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 400 manat pulun 200 (iki yüz) manatı İddiaçı tutularaq Cavabdeh ödənilməsi hissəsində ləğv edilərək, qarşılıqlı iddia tələbinin həmin hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-132/2022 nömrəli, 25 aprel 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: İddiaçı apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, qətnamənin ünvan 1 ünvanında yerləşən qeyri yaşayış sahəsinə çəkilən 17 000 (on yeddimin) manat məbləğində təmir-tikinti xərclərinin və iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 400 manat pulun 200 (iki yüz) manatının İddiaçı tutularaq Cavabdeh ödənilməsi hissəsində məhkəmənin mövqeyi ilə qəti şəkildə razı deyildir. Cavabdeh, qarşılıqlı iddia ərizəsində 2015-ci ilin iyul ayından mübahisəli qeyri-yaşayış sahəsinin icarədarı olduğunu, bu obyekt göstərilən tarixdən “Travel-Notarial Tərcümə mərkəzi” kimi qeydiyyata alındığını, bu obyektə gələndə bu qeyri-yaşayış sahəsinin təmirsiz, istismara yararsız və müştəri potensialı olmayan bir vəziyyətdə olduğunu, obyekt sahibi, yəni Nümayəndə ilə danışaraq obyekti sıfırdan təmir edəcəyi barədə onunla razılığa gəldiyini, obyektin giriş qapısından tutmuş içinin bütün avadanlıqları ilə birlikdə bütün xərclərini özünün çəkildiyini, təkcə təmirinə 18600 manat xərc çəkdiyini iddia etmişdir. Halbuki qeyd edilən qeyri-yaşayış sahəsi 2010-cu ildən fəaliyyət göstərmiş, xx.xx.2010-cu il tarixli icarə müqaviləsi əsasında icarədar Nümayəndə tərəfindən icarəçi Azərbaycan Respublikası Ədliyyə Nazirliyininin Qeydiyyat və Notariat Baş İdarəsi ilə Azərbaycan Respublikası Qanunvericiliyinin tələbləri əsasında notariat kontorunun yerləşməsi məqsədilə icarəyə götürülmüşdür. Buradan da belə nəticəyə gəlmək olar ki, Cavabdeh, qeyri-yaşayış sahəsini təmirsiz, istismara yararsız və müştəri potensialı olmayan bir vəziyyətdə qəbul etdiyinə dair iddiası, obyekt sahibi Nümayəndə ilə obyekti sıfırdan təmir edəcəyi barədə razılığı, təmirinə 18 600 manat xərc çəkməsi, heç kimə lazım olmayan və müştəri potensialı sıfır həddində olan, yararsız obyekti tam işlək vəziyyətə gətirdiyinə dair iddiası həqiqəti əks etdirmir, bunlar məhkəməni yanıltmaq üçün verilmiş əsassız ifadədir. Belə ki, xx.xx.2010-cu il tarixli icraə müqaviləsi üzrə qeyd edilən qeyri-yaşayış sahəsi xx.xx.2010-cu ildən xx.xx.2012-ci il tarixədək Qubadlı rayon Dövlət Notariat Kontoruna verilmək şərti ilə tərtib edilmiş, notariat fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan sanitar-texniki və yanğından mühafizə üçün lazımi şərtlər yerinə yetirildikdən sonra obyekt təhvil verilmişdir. Belə olan halda, Cavabdeh mübahisəli qeyri-yaşayış sahəsinə icarə müqaviləsi imzalayarkən, icarədar ilə əmlakın ümumi vəziyyətini əks etdirən təhvil-təslim aktı tərtib edilmədən, obyektin sıfırdan təmirinə 18 600 manat xərc çəkməsi şübhə doğurur. Məhkəmə qarşılıqlı iddia tələbini qismən təmin edərkən, qeyri-yaşayış sahəsinin cavabdehə icarəyə verilərkən təmirsiz vəziyyətdə olması və cavabdeh həmin obyekdə onun əvvəlki mülkiyyətçisi olan Nümayəndə razılığı ilə təmir işləri apardığı qənaətinə gəlmişdır. Məhkəmənin belə qənaətə gəlməsi iş materiallarında olan hər hansı sübutla əlaqələndirilməmişdir. Bundan əlavə iş üzrə təyin edilmiş qiymətləndirmə ekspertizasına dair hesabatda mübahisəli qeyri-yaşayış sahəsində son təmir işlərinin nə zaman aparıldığına dair məhkəmə qərardadının sualı cavablandırılmamışdır. Bu qədər ziddiyətli məqamlar olduğu halda məhkəmənin qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi barədə mövqeyi qanuni və əsaslı hesab edilə bilməz. Göstərilən hallar apellyasiya instansiya məhkəməsi tərəfindən yenidən araşdırılmalı və apellyasiya şikayəti təmin edilməlidir. Cavabdeh apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, məhkəmə ona dəyən maddi və mənəvi zərəri tam olaraq araşdırılmamış, həmçinin qarşı tərəfin ona ödəyəcəyi ümumi məbləğ müəyyən edildikdən həmin ödənişi tam olaraq qəbul etdikdən sonra bu obyektdən çıxarılmağı ilə bağlı qətnamə qəbul olunmasının (mərhələli şəkildə) daha məqəsədəmüvafiq olacağı qənaətindədir. Belə ki, yalnız obyektin təmirinə minimum 18600 AZN xərc çəkmişdir, obyektin bütün sayğaclaşma işlərini həyata keçirmiş və sayğaclarını öz şəxsi vəsaiti hesabına almışdır. Həmçinin həmin ünvanın pəncərələrinin qapı ilə əvəz olunması sərəncamının yenilənməsi ilə bağlı etibarnamə əsasında o görülmüş bütün işlərə 5560 AZN xərc çəkmişdir. Bu xərclər onun maddi zərərini təşkil edir. Bundan əlavə bu obyekt onun yeganə iş yeridir və 7 ildən çoxdur ki, bütün işi bu obyektlə bağlıdır. Bütün müştərilər hər gün bu obyektə yaxınlaşır. İcarə müqaviləsinin qeyri müəyyən vaxta bağlanmasının səbəbi də bu idi ki, aralarındakı razılşamaya əsasən o daimi bu obyektdə işləyəcəkdir. Hazırkı şəraitdə onun mübahisəli qeyri-yaşayış sahəsindən çıxarılması, onun işində müəyyən çətinliklər yaradacaqdır. Gündəlik bu obyektdə qurduğu işlə orta hesabla 250-300 Azn gəlir əldə edir. Yeni yer tapana və həmin obyektlə yenidən müştəri toplayana qədər çox böyük məbləğlərdə zərər görəcəkdir. Əldən çıxmış fayda ilə bağlı məhkəmədə şifahi şəkildə tələb irəli sürülmüş, lakin məhkəmə bu məsələyə toxunmamışdır. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Tərəflərin qarşılıqlı şəkildə apellyasiya şikayətinə dair yazılı etirazları daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, qətnamənin ünvan 1 ünvanında yerləşən qeyri yaşayış sahəsinə çəkilən 17 000 (on yeddimin) manat məbləğində təmir-tikinti xərclərinin və iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 400 manat pulun 200 (iki yüz) manatının İddiaçı tutularaq Cavabdeh ödənilməsi hissəsində məhkəmənin mövqeyini qəbul etmir. Belə ki, qeyd edilən qeyri-yaşayış sahəsi 2010-cu ildən fəaliyyət göstərmiş, xx.xx.2010-cu il tarixli icarə müqaviləsi əsasında icarədar Nümayəndə tərəfindən icarəçi Azərbaycan Respublikası Ədliyyə Nazirliyininin Qeydiyyat və Notariat Baş İdarəsi ilə Azərbaycan Respublikası Qanunvericiliyinin tələbləri əsasında notariat kontorunun yerləşməsi məqsədilə icarəyə götürülmüşdür. Yəni obeyktin istismara yararsız olması barədə cavabdehin arqumentləri boş iddiadan başqa bir şey deyildir. Cavabdeh mübahisəli obyekti könüllü şəkildə tərk etmədiyindən məhkəməyə hazırkı iddia tələbi ilə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi heç bir sübuta əsaslanmır. Cavabdehin həmin obyektdə təmir işinin aparılmasına dair nə iddiaçı, nə də onun atası ilə heç bir razılaşması olmamışdır. Belə olan halda, həmin obyektin təmiri üçün çəkilən xərcin əvəzi kimi 17000 min manatın ondan tutulması barədə məhkəmənin mövqeyi qəbuledilməzdir. Göstərilənlərə əsasən şikayətinin təmin edilməsini, cavabdehin şikayətinin isə rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə oğlu apellyasiya şikayətini müdafiə edərək iddiaçının apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin şikayətinin isə rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, məhkəmənin təmir-tikinti işlərinin xərci olan məbləğin tutulması barədə mövqeyi əsaslı deyildir. Belə ki, məhkəməyə təqdim edilən icarə müqaviləsindən görünür ki, qeyri-yaşayış sahəsi daha əvvəl notaiat ofisinə icarəyə verilmişdir. Həmin notariat ofisi obyekti təmir etdirmiş, həmin vaxt qeyri-yaşayış sahəsinin tavanın təmirində su sızması olmuş və fəsad bugünədək qalmaqdadır. Bu da onu deməyə əsas verir ki, həmin qeyri-yaşayış sahəsində hər hansı təmir işi aparılmamışdır. Göstərilənlərə əsasən nümayəndə iddiaçının apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin şikayətinin isə rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətin müdafiə etdi, qarşı tərəfin şikayətinə etiraz edərək bildirdi ki, qeyri-yaşayış sahəsinə dair sərəncam əldə etmək üçün müxtəlif dövlət qurumlarına müraciət etmişdir. Öz vəsaiti hesabına qeyriyaşayış sahəsini tam təmir etmiş, külli miqdarda vəsait sərf etmişdir. İddiaçının atası ilə aralarındakı razılaşmaya əsasən həmin qeyri-yaşayış sahəsi daimi olaraq onun icarəsinə verilmişdir. Bu səbəbdən də müqavilə müddətsiz bağlanmışdır. Əgər oradan çıxacağını bilsə təmir üçün hər hansı zərc çəkməzdi. Məhkəmə qətnaməsində isə yalnız təmir xərci üçün məbləği təmin etmiş, obyektin bütün sayğaclaşma işlərini və pəncərələrinin qapı ilə əvəz olunması üçün çəkilən xərcləri nəzərə almamışdır. Göstərilənlərə əsasən onun şikayətinin təmin edilməsini, iddiaçının şikayətinin isə rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 cavabdehin apellyasiya şikayətin müdafiə etdi, iddiaçının şikayətinə etiraz edərək əlavə etdi ki, qeyri-yaşayış sahəsinin təmirindən başqa həmin qeyri-yaşayış sahəsinə dair çəkilən əlavə xərclərə dair cavabdehdə yeni sübutlar vardır. Cavabdeh obyektin pəncərələrinin qapı ilə əvəz edilməsi zamanı 5500 manat xərc çəkmişdir. Bunu iddiaçı tərəf özü məhkəmədə etiraf etmişdir. Bundan başqa məhkəmə obyektin bütün sayğaclaşma işləri üçün çəkilən xərcləri də nəzərə almamışdır. Göstərilənlərə əsasən onun şikayətinin təmin edilməsini, iddiaçının şikayətinin isə rədd edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 689.1-ci maddəsinə kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir. 689.2-ci maddəsinə əsasən Əgər kirayə müqaviləsində müddət müəyyənləşdirilməyibsə, kirayə hüquq münasibətlərinin istənilən iştirakçısı bu Məcəllənin 690-cı maddəsinin göstərişlərinə uyğun olaraq müqavilənin ləğvinə dair bildiriş verə bilər. 690.1-ci maddəyə əsasən Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir. 690.2-ci maddəyə görə Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir. 697.1-ci maddəsinə əsasən Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. 680.1.1-ci maddəyə əsasən kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Əvəzi ödənilən xərclərə aşağıdakılar aid deyildir: binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında - istismar, qulluq və təmizləmə xərcləri heyvanın kirayəyə verildiyi halda - qulluq və bəsləmə xərcləri (680.1.2.). 680.2-ci maddəyə görə Kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən - Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.3. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələri baxımından şərh edilməsinə dair 2011-ci il 20 may tarixli qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsində icraata dair MPM-in 41-ci fəslinin, o cümlədən 372-ci maddəsinin təhlili göstərir ki, apelyasiya şikayətinin obyekti birinci instansiya məhkəməsinin qətnaməsi və yaxud onun bir hissəsidir və obyekt apellyasiya tələbləri ilə məhdudlaşa bilər. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü büruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissənin əsassızlığı ilə bağlı olmalıdır. Məhz bu dəlillər şikayətin obyektini müəyyən edir. O da qeyd edilməlidir ki, çəkişmə və dispozitivlik kimi mülki prosesin fundamental prinsiplərinin təmin edilməsi baxımından apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalı, mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Apellyasiya kollegiyası qeyd edir ki, apellyasiya şikayətlərinin məzmunundan görünür ki, hər iki tərəf qətnaməni qarşılıqlı iddia tələbinə aid hissədə fərqli dəlillərlə mübahisələndirir. Ona görə də məhkəmə kollegiyası qətnaməni həmin hissədə yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, iş üzrə Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-132/2022 nömrəli, 25 aprel 2022-ci il tarixli qətnaməsi ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə çəkilən 17 000 (on yeddi min) manat məbləğində təmir-tikinti xərclərinin İddiaçı tutularaq Cavabdeh ödənilməsi hissəsində dəyişdirilərək, həmin qeyri-yaşayış sahəsinə çəkilən xərcin əvəzi kimi 8741 manat məbləğində pul İddiaçı tutularaq Cavabdeh ödənilməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən Nümayəndə ümumi sahəsi 59,9 kvadrat metr olan Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 1/22, 18 saylı mənzilin 30 kvadrat metr sahəsini cavabdehə icarəyə verilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir. "xxxx" MMC-nin Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 1/22,, 18 saylı mənzilin qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli hesabatında ümumi sahəsi 59,9 kvadrat metr olan qeyri-yaşayış sahəsinin təmir-tikinti xərcləri 17 000 manata qiymətləndirilmişdir. Hesabatda qiymətləndirmə haqqı olan 400 manatın cavabdeh tərəfindən ödənildiyi göstərilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı ifadə vermis şahid X3 öz ifadəsində bildirmişdir ki, cavabdeh onun iş yoldaşıdır. O, həmin obyektdə tərcüməçi kimi işləyir. İddiaçını isə obyekt sahibinin oğlu kimi tanıyır. Həmin obyektdə 2015-ci ildən cavabdehlə birlikdə fəaliyyət göstərirlər. İddiaçının atasının razılığı ilə cavabdeh həmin obyektdə təmir işləri aparmış, tavan və döşəmə vurdurub, qapını dəyişdirib, arxa və qabaq otaqlar arasında arakəsmələr düzəltdirib, sanitar qovşağı təmir etdirib. Həmin təmir xərclərinə cavabdehin təxminən 20 000 manat xərci çıxıb. Apellyasiya instansiya məhkəməsində icraat zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/6302 nömrəli, 16 yanvar 2023-cü il tarixli rəyində ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə çəkilən təmir-tikinti xərcinin ümumi məbləğinin 8741 manat təşkil etdiyi qeyd olunmuşdur. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, iddiaçı xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan və cavabdehin icarəsində olan qeyri-yaşayış sahəsindən sonuncunun çıxarılması tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdeh qarşılıqlı iddia irəli sürmüş, mübahisəli qeyri-yaşayış sahəsinə dair onun tərəfindən çəkilmiş təmir-tikinti xərclərinin əvəzinin iddiaçıdan alınıb-ona verilməsini xahiş etmişdir. Məhkəmə mübahisəni yuxarıda qeyd olunan formada həll etmiş, həır iki tərəf qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası yaranmış mübahisə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi barədə kollegiya mövqeyini bu cür əsaslandırır ki, cavabdeh mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin pəncərələrinin qapı ilə əvəz edilməsi və həmin ünvanın kommunal sayğacları ilə təchiz edilməsinin onun maddi vəsaiti hesabına təmin edilməsini bildirsə də, bu barədə məhkəməyə hər hansı ciddi sübut təqdim etməmişdir. Əksinə məhkəməyə iddiaçı tərəfindən təqdim edilən 01 sentyabr 2010-cu il tarixli icarə müqaviləsindən görünür ki, hazırkı iş üzrə mübahisə predmeti olan əmlak daha öncə də mülkiyyətçi tərəfindən başqa şəxslərə icarəyə verilmişdir. Belə olan halda həmin qeyri-yaşayış sahəsinin istismara tam yararsız vəziyyətdə olması, habelə məhz cavabdeh tərəfindən obyektin sayğaclarla təmin edilməsi barədə cavabdehin dəlilləri öz təstiqini tapmır. Eyni zamanda kollegiya onu da qeyd edir ki, işin tədqiq olunan faktiki hallarından o da müəyyən olunur ki, mübahisə tərəfləri arasında bağlanmış icarə müqaviləsindən müəyyən müddət keçmişdir, həmçinin hazırkı iş üzrə cavabdeh qeyri-yaşayış sahəsindən öz təyinatına uyğun, lakin şəxsi biznesi üçün əlverişli şəraitdə istifadə etmiş və davamlı şəkildə gəlir əldə etmişdir. İş materiallarına əlavə edilən fotoşəkillər də qeyri-yaşayış sahəsinin orta-təmirli olmasını sübut edir. Həmçinin tərəflər arasında müqavilə 2018-ci ildə bağlanmış, iddiaçı hazırkı tələblə isə məhkəməyə 3 il sonra 2021-ci ildə müraciət etmişdir. Bundan başqa cavabdeh izahatında müqavilə şərtinə istinad edərək bildirdi ki, müqavilənin qüvvədə olma müddəti bitdikdən sonra, tərəflərin hərəkətsizliyi müqavilənin müddətsiz etmişdir. Onlar arasındakı şifahi razılaşmada obyektin ona daimi icarəyə verilməsi nəzərdə tutulmuşdur. Məhz bu hal obyektin onun tərəfindən əsaslı təmir edilməsinə əsas olmuşdur. Bu hallar əsasında həmin obyektin təmir-tikintisinə müəyyən vəsaitin onun tərəfindən sərf edilməsi ağlabatandır. Bununla belə məhkəmə kollegiyası apellyasiya araşdırması zamanı hər iki apellyasiya şikayətinin ortaq dəlili kimi mübahisəli qeyri-yaşayış sahəsinin təmir-tikintisinə çəkilən xərcin dəqiq məbləğinin müəyyən edilməsi məqsədi ilə əlavə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş və əldə edilən ekspert rəyində sözügedən məbləğin 8741 manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, hazırkı iş üzrə yuxarıda qeyd edilən ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən ekspert rəyi sübut kimi qəbul edilməlidir. Sadalananların davamı kimi məhkəmə kollegiyası iş üzrə yuxarıda qeyd olunan ekspert rəyini mötəbər sübut kimi qəbul edir, hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi mübahisəyə mahiyyəti üzrə düzgün yanaşmış, məhkəmənin hər iki iddia üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, mübahisəyə tətbiq edilməli maddi və prosessual hüquq normalarında səhvə yol verilməmişdir. Bununla yanaşı məhkəmə mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə çəkilən təmir-tikinti xərcinin ümumi məbləğinin müəyyən edilməsində düzgün nəticəyə gəlmədiyindən, qətnamə həmin hissədə dəyişdirilməli və həmin qeyri-yaşayış sahəsinin təmir tikinti xərci kimi 8741 manat məbləğində pul İddiaçı tutularaq Cavabdeh ödənilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Beləliklə, yekun olaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-132/2022 nömrəli, 25 aprel 2022-ci il tarixli qətnaməsi ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə çəkilən 17 000 (on yeddi min) manat məbləğində təmir-tikinti xərclərinin İddiaçı tutularaq Cavabdeh ödənilməsi hissəsində dəyişdirilərək, həmin qeyri-yaşayış sahəsinə çəkilən xərcin əvəzi kimi 8741 manat məbləğində pul İddiaçı tutularaq Cavabdeh ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, ,392- 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ:

Cavabdeh apellyasiya şikayəti təmin.edilməsin. İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-132/2022 nömrəli, 25 aprel 2022-ci il tarixli qətnaməsi ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə çəkilən 17 000 (on yeddi min) manat məbləğində təmir-tikinti xərclərinin İddiaçı tutularaq Cavabdeh ödənilməsi hissəsində dəyişdirilsin. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə çəkilən 8741 (səkkiz min yeddi yüz qırx bir) manat məbləğində təmir-tikinti xərci İddiaçı tutularaq Cavabdeh verilsin. Qətnamə qalan hissələrdə yəni, Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59,9 kvadrat metr olan qeyri-yaşayış obyektinin 30 kvadrat metr sahəsindən çıxarılması, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 400 manat pulun 200 (iki yüz) manatının İddiaçı tutularaq Cavabdeh ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri olaraq 50 (əlli) manat pul İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq dövlət büdcəsinə aşağıdakı: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar