Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1270/2023 11.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı hasarın bir hissəsinin bərpa olunması və bir hissəsinin tikilməsinə maneçilik törədən hərəkətlərin qadağan olunması tələbinə dair ilk, Cavabdeh1 İddiaçı qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair qarşılıqlı iddia ərizələri barədə mülki iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı hasarın bir hissəsinin bərpa olunması və bir hissəsinin tikilməsinə maneçilik törədən hərəkətlərin qadağan olunması tələbinə dair ilk, Cavabdeh1 İddiaçı qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair qarşılıqlı iddia ərizələri barədə mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(074)- 256/2021 saylı qətnaməsindən ilk iddia üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. 01 aprel 1994-cü il tarixdə verilmiş 04/1372 nömrəli Qeydiyyat vəsiqəsinə və 1994cü ilin aprel ayında işlənmiş Texniki pasporta əsasən ünvan 1 ünvanda yerləşən yaşayış evi İddiaçı mülkiyyətindədir, evin həyətyanı torpaq sahəsi 477 kv metrdir.
2. 31 mart 1994-cü il tarixdə verilmiş 04/1370 nömrəli Qeydiyyat vəsiqəsinə və 1994cü ilin mart ayında işlənmiş texniki pasporta əsasən Şamaxı şəhəri, Qədirli küçəsi 61 ünvanda yerləşən yaşayış evi Cavabdeh1 mülkiyyətindədir, evin sənəd üzrə faktiki həyətyanı torpaq sahəsi 600 kvadrat metrdir. Bundan başqa Şamaxı rayon İcra hakimiyyəti başçısının 28 mart 1997-ci il tarixli sərəncamı ilə Cavabdeh1 istifadəsinə yol kimi istifadə üçün daha 35 kvadrat metr torpaq sahəsi verilmişdir.
3. İddiaçı X2 ilə Cavabdeh1 qonşudurlar. Cavabdeh1 evinin divarı əvvəllər İddiaçı həyəti ilə onun həyətin bir-birindən ayırmış, hasar rolunu oynamışdır. Zəlzələdən sonra Cavabdeh1 evi yenidən inşa olunmuş, yeni ev əvvəlki yerləşdiyi yerdən öz həyətinə tərəf çəkilməklə tikilmişdir. Tərəflərin evləri arasında əvvəllər hasar mövcud olmuş, lakin cavabdehin evi zəlzələ nəticəsində zədələndiyinə görə yenidən tikilən zaman texnikanın rahat hərəkəti üçün hasar sökülmüş və hazırda cavabdeh həmin hasarın bərpasına etiraz edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi, sonradan “iddianın dəqiqləşməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, əvvəllər evləri arasında mövcud olmuş hasarın yerində 8 metr uzunluğunda, təxminən 1,8-2 metr hündürlükdə yeni hasarın bərpa edilməsi və hasarın öz vəsaiti hesabına inşa olunmasına cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının evi Mərkəzi Rayon Xəstəxananın həyətində yerləşir. 1984-cü ildən həmin evdə yaşayır. Onun həyəti cavabdehin evinin arxasında yerləşir, evin arxa divarı cavabdehlə onun həyətini birbirindən ayırır. Cavabdehlərin həyətyanı torpağı evinin aşağı hissədədir. Cavabdehin evi sökülənə kimi onun evi ilə cavabdehin evinin arasında 2,30 metr məsafə var idi. Həmin yer onun həyətinə aid olduğundan oranın hasarını vaxtilə o, öz vəsaiti hesabına tikmişdir. 2020-ci ilin yayında cavabdehlərin evi zəlzələdən ziyan çəkmiş, ev kimi sökülmüş, traktor rahat işləmədiyinə görə FHN-nin işçiləri ondan 2,30 metrlik hasarı sökməyi xahiş etmişlər. Traktor rahat işlədikdən sonra iş qurtaran kimi hasarı bərpa edəcəklərini bildirmişlər. O, buna razı olmuşdur. Hasar sökülmüş, cavabdehin evi əvvəlki yerindən 1,5 metr həyətə tərəf çəkilməklə inşa edilmşidir. Evin tikintisi qurtardıqdan sonra cavabdehlər hasarın bərpası zamanı ustalara maneə yaratmışdır. Bu səbəbdən də o, hasarını bərpa etdirə bilməmişdir. Nəticədə xəstəxananın həyətində olan küçə itləri gecə-gündüz onun həyətində gəzirlər. Evin 1,50 metr geri çəkilməsi nəticəsində cavabdehlərlə onun evinin arası açıq qalmış, bu da qonşular arasında mübahisə və münaşişəyə səbəb olmuşdur.
6. Cavabdeh1 qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək iddiaçının evinin arxa tərəfində ona aid olmayan onun divarının yaxınlığındakı zəbt etdiyi sahədə qanunsuz və əsassız olaraq inşa etdiyi tikilinin (hinin) onun öz hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında onun xüsusi mülkiyyətində olan ev və torpaq sahəsi vardır. Onun evi Şamaxı Mərkəzi Rayon Xəstəxanasının yaxınlığında yerləşir. İddiaçı isə illər öncədən xəstəxananın həyətinin bir hissəsində özünə ev tikmişdir. Xeyli müddət əvvəl ondan icazə alaraq evinə yaxın yerdən kiçik hasar hörmüşdür. Şamaxıda baş verən məlum zəlzələdən sonra evi qəzalı vəziyyətdə olduğundan müvafiq orqanlar tərəfindən sökülərək yerində yeni ev tikilmişdir və bu zaman da həmin hasar qanunsuz olduğundan sökülmüşdür. İddiaçının həmin hasarı hörmək üçün hər hansı qanuni əsası olmamışdır. Hazırda ilkin iddiaçının məqsədi onun evinə işıq düşən pəncərəni də bağlayaraq köhnə kiçik hasarın bərpası adı ilə orada hündür hasar hörmək və heyvanlarını saxlamaqdır. İlkin iddiaçı neçə illərdir evinin arxa tərəfində ona aid olmayan divarının yaxınlığındakı sahəni zəbt edərək, orada toyuq hini inşa etmiş və çoxlu sayda toyuq-cücə saxlamaqdadır ki, bunun da nəticəsində uzun müddətdir dincliyi pozulmuşdur.
8. Şamaxı Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(074)-256/2021 saylı qətnaməsi ilə (hakim N.Hüseynov) ilk iddia qismən təmin edilmiş, cavabdehlərin torpaq sahəsinə daxil olmadan iddiaçının hesabına onun evi ilə cavabdehin evi arasında 8 metr uzunluğunda 1,8 metr hündürlüyündə yeni hasarın tikilməsinə və əvvəl mövcud olmuş 2,3 metr uzunluğunda 2 metr hündürlüyündə hasarın bərpa edilməsinə maneçilik törədən hərəkətlərin cavabdehlərə qadağan edilməsi, qarşılıqlı iddia tələbinin rədd olunması qət edilmişdir.
9. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5,157.4, 157.8, 158.1.2, 170.1, 171.1, 176.1, 176.2, 176.3, 180.1 və 180.3-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması, qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-170/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – L.Məmmədova (sədrlik edən və məruzəçi), T.Quliyev və G.Tağızadə) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsiin qətnaməsi qismən, ilkin iddia tələbinin təmin edilməsinə dair hissədə ləğv edilmiş, iddia tələbi rədd olunmuşdur.
12. Apellyasiya instansiya məhkəməsi qətnaməsini Mülki Məcəllənin 170.1 və 171.1ci, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1, 69.4 və 69.5-ci, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli, 72 saylı qərarı ilə təsdiq edilmiş "Ara məsafəsi ilə bağlı müfəssəl Qaydaların" 5-ci bəndinə istinadla əsaslandırmışdır.
c) kassasiya instansiyası məhkəməsində icraat
13. İddiaçı (vəkil X3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 1122/2023 nömrəli, 03 aprel 2023-cü il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)- 170/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 370. İddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur.
Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. (...)
Maddə 261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: (...) 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə; (...)
Maddə 262. İcraata xitam verilmə qaydası və nəticələri 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. (...)
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...) 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir (...)
Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardadının qanuni qüvvəsi Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: (...) 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə;
Apellyasiya baxışının hədləri
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 1122/2023 nömrəli, 03 aprel 2023-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-170/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsi tamamilə ləğv edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı bütövlükdə yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. İşə apellyasiya qaydasında təkrar baxılarkən İddiaçı və Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda barışıq sazişinin təsdiq edilməsi barədə ərizəni məhkəməyə təqdim edərək, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdirlər.
19. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında barışıq əldə edildiyindən, ərizələr təmin edilməli, barışıq sazişi təsdiq edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və barışıq sazişi təsdiq edilməklə iş üzrə icraata xitam verilməlidir.
20. Azərbaycan Respublikası MPM-in 370.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır.
21. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən, ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur.
22. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsəsən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.
23. Məhkəmə kollegiyası qeyd edir ki, barışıq sazişi tərəflərin iradə ifadəsi ilə verildiyindən təsdiq edilməlidir.
24. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-269, 384, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
İlk iddia üzrə İddiaçı, ilk iddia üzrə Cavabdeh1 və ilk iddia üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş ərizələr qəbul edilsin. Şamaxı Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(074)-256/2021 saylı qətnaməsi ləğv edilsin. Tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış 04 sentyabr 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin:
1) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Maşallah qızına qarşı hasarın bir hissəsinin bərpa olunmasına və bir hissəsinin tikilməsinə maneçilik törədən hərəkətlərin qadağan olunması tələbinə dair iddiasından imtina edir. 2) İddiaçı öhdəlik götürür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızma məxsus torpaq sahəsinə daxil olmadan özünün (İddiaçı) şəxsi vəsaiti hesabına onun evi ilə cavabdehlərin evi arasında hal hazırda mövcud olan köhnə hasarın sərhədindən başlayaraq eyni hündürlükdə 1.75 metrdən artıq olmayan yeni hasar inşa edir. Yeni inşa edilən hasarın təməli torpağın səthindən 40 (qırx) sm-dən hündür olmadan mişar daşından ibarət olur. Hasarın çəkilmiş mişar daşının üstünü arakəsmələri metal profillərdən olan müasir və estetik görünüşlü dəmir barmaqlıqlar təşkil edir. 3) Cavabdeh1 hazırkı Sazişin 1.2-ci bəndindəki şərtlərlə razılaşaraq Alcanov Səhrab Əmircan oğluna qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair qarşılıqlı iddiasından imtina edir. 4) Tərəflər qarşılıqlı razılığa gələrək öhdəlik götürürlər ki, öz sərhədləri daxilində istərsə xırda, istərsə iri buynuzlu heyvan, habelə toyuq və s. quş saxlamayacaqlar. Həmçinin həmin ərazidə ağac və gül bitkiləri əkməyəcəklər.
İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı hasarın bir hissəsinin bərpa olunması və bir hissəsinin tikilməsinə maneçilik törədən hərəkətlərin qadağan olunması tələbinə dair ilk, Cavabdeh1 İddiaçı qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair qarşılıqlı iddia ərizələri barədə 2(105)-1270/2023 nömrəli mülki iş üzrə icraata xitam verilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatlarının dəyəri – 250 (iki yüz əlli) manatın 125 (bir yüz iyirmi beş) manatı İddiaçı, 125 (bir yüz iyirmi beş) manatı Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə)verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.