Məhkəmə qərarları › İş №2(105)-1277/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1277/2024

17.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1277/2024 17.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: X3 (sədrlik edən və məruzəçi), Əsgərova Ruhiyyə Orucəli qızı və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə məhkəmə iclas katibi Nəsirov Natiq Elçin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölmüş elan edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(060)-3060/2023 nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları Ərizəçinin əri Maraqlı şəxs2 xx.xx.2014-cü il tarixdə ölkə sərhəddindən keçərək, ölkəni tərk etmiş və bundan sonra geri qayıtmamışdır. Onun Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Azərbaycan Respublikasının vətəndaşlığı itilmiş hesab edilmişdir. Həmin qətnamədə Maraqlı şəxs2 qabaqcadan əlbir olmuş bir qrup şəxs halında dini düşmənçilik zəminində qəsdən dini ekstremist birliyin tərkibinə daxil olmaqla cinayətkar fəaliyyətlə məşğul olması müəyyən edilmişdir. Şəxs xəbərsiz itkin düşmüş elan edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək (Maraqlı şəxs1), xx.xx.1979-cu ildə Ermənistan Amasya rayonunda anadan olmuş, ünvan 1 ünvanda qeydiyyatda olan həyat yoldaşı - Maraqlı şəxs2 xx.xx.2019-cu ildə Suriya Respublikasında ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3060/2023 nömrəli iş üzrə 14 avqust 2023- cü il tarixli qətnaməsi ilə ərizə rədd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsində ilkin icraat Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan ərizəçi ondan apellyasiya şikayəti vermişdir.. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər F.Məmmədov (sədrlik edun və məruzəçi), L.Rəhimli və İ.Dəmirov) 2(105)-2022/2023 nömrəli iş üzrə 7 noyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan ərizəçi ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 may 2024-cü il tarixli, 2(102)-1077/2024 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2022/2023 nömrəli iş üzrə 7 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır (sədrlik edən və məruzəçi hakim Vidadi Məmmədov, hakimlər Zaur Əliyev və Aqil Abbasov). Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi şəxsin ölmüş elan edilə bilməsi üçün yalnız həmin şəxsin axtarışı üzrə bütün mümkün vasitələrin tükənməli yaxud xəbərsiz itkin düşmüş elan edilməli olmasının qanuni əsaslarını göstərməmişdir. Mülki Məcəllənin 41.1-ci maddəsi şəxsin məhkəmə qaydasında ölmüş elan edilə bilməsi üçün sonuncunun yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumatın olmamasını yetərli saymışdır. Bu mənada, aşağı instansiya məhkəmələrinin qətnamələrindən aydın olmur ki, həmin məhkəmələr sözügedən normanı hansı qaydada təfsir və tətbiq etmişlər. Ərizəçi öz tələbinin əsası kimi hansı sübutlara istinad etsəydi, apellyasiya instansiyası məhkəməsi tərəfindən ərizənin təmin edilməsi üçün mötəbər və yetərli sayılacaqdı, bu hallar qətnamədə müzakirə edilməmişdir. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 41. Fiziki şəxsin ölmüş elan edilməsi 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər; 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır; 41.4. Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər; Maddə 42. Ölmüş elan edilmiş şəxsin gəlməsinin nəticələri 42.1. Ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir; Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.2. şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında; Maddə 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır; Maddə 306.2. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır; Maddə 312. Ərizənin verilməsi Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir; Maddə 313. Ərizənin məzmunu Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Maddə 316. Xəbərsiz itkin düşmüş hesab edilən şəxsin gəlməsinin və ya olduğu yerin aşkar edilməsinin nəticələri Xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin ləğvi üçün və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydin ləğv edilməsi üçün əsasdır; Maddə 386. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 iyun 2008-ci il tarixli Qərar: “... konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.”

14. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarı: Bənd 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir; Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun; Bənd 7. Apellyasiya instansiyası məhkəməsi şikayəti təmin etmədikdə və ya birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirdikdə hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur;

Apellyasiya instansiyası məhkəməsində hazırki icraat Apellyasiya icraatı iştirakçılarının izahatları

Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və onun ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

Hüquqi Məsələlər

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmaqla ərizə üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, xx.xx.1979-cu il təvəllüdlü Maraqlı şəxs2 Ermənistan, Amasya rayonunda doğulmuşdur. - Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs2 birgə nikahından xx.xx.2007-ci il, xx.xx.2009-cu il və xx.xx.2016-cı il təvəllüdlü Əbuzər, Mustafa və Abdullah adlı övladları doğulmuşdur. - Xəzər rayon qeydiyyat şöbəsinin verdiyi nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs2 ilə Ərizəçi arasında xx.xx.2010-cu il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 1269 nömrəsi ilə qeydiyyat aparılmışdır. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3381/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Ərizəçi oğlu - X1 xx.xx.2016-cı il tarixdə Suriya Respublikasında doğulması faktı müəyyən edilmişdir. - Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Ərizəçi yoldaşı Maraqlı şəxs2 ölümünün qeydiyyata alınması barədə ərizəsinin təmin edilməsinin mümkün olmadığı bildirilmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2047/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Maraqlı şəxs2 (doğulduğu tarix xx.xx.1979-cu il, doğulduğu yer Ermənistan Respublikası, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, seriya və nömrəsi AZE ********) Azərbaycan Respublikasının vətəndaşlığının itirilmiş hesab edilməsi qət edilmişdir. - Sumqayıt şəhər Pİ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1979cu il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda anadan olmuş, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 9, mənzil 45-də qeydiyyatda olan Maraqlı şəxs2 təqsirləndirilən şəxs və yaxud itkin düşməsi barədə axtarış işi qeydiyyata alınmamış, həmçinin ölüm faktı ilə bağlı araşdırma aparılmamışdır. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında Maraqlı şəxs2 sonuncu dəfə xx.xx.2014-cü il tarixdə çıxışı qeydə alınmışdır. - İş materiallarına əlavə edilmiş dörd nəfərin iştirakı ilə tərtib edilmiş və imzalanmış xx.xx.2022-ci il tarixli aktdan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan Maraqlı şəxs2 2014-cü ildən bu mənzildə yaşamır. Birinci instansiya məhkəməsində şahid X2 ifadə verərək bildirmişdir ki, o, Maraqlı şəxs2 anasıdır. Ərizəçi onun gəlinidir. Övladı Maraqlı şəxs2 Suriya Respublikasına getmiş, ondan əvvəl bir müddət Türkiyədə olmuşdur. Namiq ona tez-tez zəng edərək əlaqə saxlayırdı. Sonra bir müddət Namiq ona zəng etmədi. O özü zəng edərək əlaqə saxlamaq istəyəndə telefonu tanımadığı bir adam götürmüş və oğlunun dostu olduğunu bildirərək Namiqin şəhid olduğunu demişdir. O əvvəl bu xəbərə inanmamışdır. Sonradan Namiqin yoldaşı - Afət uşaqları ilə birlikdə ölkəyə qayıtmışdır. Hazırda ərizəçi və uşaqları onunla birlikdə yaşayırlar. Onun özünü Namiqin dostu deyə tanıtdığı adam ilə dəqiq hansı tarixdə danışdığı yadında qalmamışdır. Təxmini 3 il olar əlaqə saxlamışdır. Həmin adam telefonla video görüntü vasitəsilə dağıntı və insan meyitləri göstərmiş, lakin Namiqin meyitini videoda görməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin mövqeyini, işin hallarını və Mülki Məcəllənin 41.1-ci maddəsinə əsasən hesab edir ki, Maraqlı şəxs2 5 il ərzində (10 ildən çox) harada olması barədə məlumat olmadığından o, ölmüş elan edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(060)-3060/2023 nömrəli qətnaməsi ləğv edilməli, ərizəçinin tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1, 385.1.2., 385.1.3, 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ

Ərizəçi apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(060)-3060/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi şəxsin ölmüş elan edilməsinə dair ərizəsi təmin olunsun. xx.xx.1979-cu il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda anadan olmuş Maraqlı şəxs2 ölmüş elan edilsin. Hazıki məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün Maraqlı şəxs2 ölüm günü sayılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar