Məhkəmə qərarları › İş №2(105)-1311/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1311/2023

30.08.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1311/2023 30.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X8 və X1 ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz və əsassız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının tutulması, maddi ziyan tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(012)-896/2022 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Kazımov) iddianın qismən təmin edilməsi, cavabdehdən iddiaçının xeyrinə 2020-ci ilin oktyabr ayı daxil olmaqla işdən azad olunduğu 17 iyul 2021-ci il tarixinədək (2021-ci ilin fevral ayında 1.500 manat və 2021-ci ilin may ayında 980 manat karta köçürülmüş məbləğ çıxılmaqla) ödənilməmiş əmək haqqı, hər gecikdirilmiş gün üçün əmək haqqına 1 faiz ödəncin məbləği olaraq 3.205,80 manat məbləğdə pul və istifadə olunmamış əmək məzuniyyətinə görə 210 təqvim günü üçün pul əvəzinin tutularaq verilməsi, ilkin mediasiyaya görə ödənilmiş məbləğin 25 manat hissəsinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi, iddiaçıdan 50 manat və cavabdehdən 50 manat ekspertiza xərcinin tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İddiaçı və Cavabdeh ayrı-ayrılıqda qətnamədən apellyasiya şikayətləri vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1908/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev) apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17 aprel 2023-cü il tarixli qərarı ilə (hakimlər V.Məmmədov (sədrlik edən və məruzəçi), Z.Əliyev və A.Abbasov) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1908/2022 nömrəli iş üzrə 02 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, Cavabdeh kassasiya şikayətinin təmin edilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Cavabdehnə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz və əsassız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının tutulması, maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun barəsindəki əmək müqaviləsinə xitam verilməsinə dair əmrin qanunsuz və əsassız hesab edilərək işə bərpa edilməsi, məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi, 2020-ci il oktyabr ayından başlayaraq əmək haqqından qalan 17.020 manatın, əmək haqqının verilməsinin gecikdirilmiş müddəti ərzində iddianın məhkəməyə daxil olduğu günədək hesablanaraq günə iki faiz ödəncin (2 faiz=30 manat) olmaqla, hər həftənin şənbə və bazar günlərini çıxmaq şərtilə 338 günə görə 10.140 manatın, mediasiyaya ödənilmiş 50 manat rüsumun, cəmi 27.210 manat vəsaitin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 02 iyun 2014cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış və İddiaçı nəqliyyat şöbə müdirinin müavini vəzifəsinə təyin olunmuş, aylıq əmək haqqı 1.500 manat olmaqla razılaşdırılmışdır. İddiaçının şirkətdə işlədiyi illər ərzində işinə məsuliyyətli yanaşmış, üzərinə götürdüyü vəzifə öhdəliyini layiqincə icra etmişdir. Cari ilin avqust ayında şirkətdə işlərin azlığı, kadr və struktur dəyişikliyi ilə əlaqədar olaraq işçilər ofisə dəvət olunaraq onların əmək müqavilələrinə xitam verilməklə işdən çıxmaları tələb olunmuşdur. İddiaçının əmək müqaviləsi müddətsiz olduğu üçün ona öz xahişi ilə işdən çıxmağı barədə ərizə yazmaq təklif olunmuşdur. İddiaçı isə qanunsuz təkliflə razı olmamış, buna qəti şəkildə etiraz etmiş, həmçinin dövlət başçısının pandemiya dövründə işçilərin çıxarılmasının qanunsuz olduğunu onlara bildirmişdir. Həmçinin iddiaçı son aylara görə ödənilməmiş əmək haqqının verilməsini şirkətdən tələb etmişdir. Həmin dövrdə onlar iddiaçıya işlərin az olması əsası ilə şirkətə hələlik gəlməməyi, iş gördükləri sifarişçilərdən böyük məbləğlərdə vəsaitləri aldıqdan sonra özlərinin onunla əlaqə saxlayıb ödənilməyən dövrlərə görə əmək haqqını artıqlaması ilə ödəyəcəklərini deməklə onu aldatmışlar. Dəfələrlə şirkətə getməsinə və zənglərinə baxmayaraq, iddiaçıya cavab verilməmiş və heç bir ödəniş edilməmişdir. İddiaçı X7nə əmək hüquqlarının pozulması barədə (əmək haqqlarının ödənilməməsi barədə) şikayət etmiş, lakin müsbət nəticə əldə edə bilməmiş, heç bir ödəniş edilməmişdir. Yenidən şirkətə getmiş, orada mühafizəçi ofisdə heç kimin olmadığını və bütün işçilərin işdən çıxarıldığını bildirmişdir. Bundan sonra iddiaçı mediasiya prosesinin tətbiqi barədə şirkətə təklif göndərmiş, heç bir müsbət cavab ala bilməmişdir. 15 oktyabr 2021-ci il tarixli, MŞİH 04338 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışla bu fakt öz təsdiqini tapır. 23 noyabr 2021-ci il tarixdə Cavabdehnə ərizə ilə müraciət olunaraq İddiaçı işdən azad olunması barədə əmrin, müvafiq sənədlərin və son haqq-hesabın aparılması barədə müraciət olunmuş, lakin şirkət tərəfindən cavab verilməmişdir. İddiaçı Əmək Müfəttişliyinə etdiyi şikayət ərizəsinin cavabını 24 noyabr 2021-ci il tarixdə aldıqdan sonra məlum olmuşdur ki, şirkət nəinki iddiaçını işdən çıxarmış, onunla olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermişdir. X5 heç bir sənəd təqdim etmədiyi üçün 17 sentyabr 2021-ci il tarixli protokol və onun əsasında qəbul olunmuş qərarla İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi əsasında məsuliyyətə cəlb olunmuşdur. İddiaçının Elektron Hökümət Portalından əldə etdiyi xxxxxxx000105 saylı çıxarışdan görünür ki, onun əmək haqqı 822 manat olaraq sistemə daxil edilmiş, halbuki aylıq əmək haqqı 1.500 manat olmuşdur. Bunu təsdiq edən müxtəlif tarixlərdə olan əmək haqqı ödəniş cədvəllərinin bəziləri işə əlavə edilmişdir. Cədvələ baxmaqla məlum olur ki, iddiaçının aylıq əmək haqqı 1.500 manat olmuşdur. İddiaçı 2020-ci ilin oktyabr ayından hal-hazıradək şirkətdən cəmi 2.480 manat əmək haqqı almış, qalan məbləği isə ala bilməmişdir. Göründüyü kimi şirkət qanunsuzluq edərək əmək haqqı məbləğini elektron sistemə düzgün daxil etməyərək vergi və sosial sığorta haqlarını ödəməkdən yayınmışdır. Artıq 13 aydır ki, iddiaçı əmək haqqını ala bilmir. Şirkətin qanunsuz tələblərini yerinə yetirmədiyi üçün aralarında olan 02 iyun 2014-cü il tarixli müddətsiz əmək müqaviləsinə qanunsuz və əsassız formada xitam verilmiş, bu barədə iddiaçıya məlumat verilməmiş, işdən azad olunma əmri təqdim olunmamış, əmək kitabçası və son haqq-hesab aparılaraq ödənişlər edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək Məcəlləsinin maddi hüquq normalarının tələblərini pozmaqla əmək müqaviləsinə xitam vermişdir. Bu günə kimi, iddiaçıya işdən azad olunmağının hansı əsasla edilməsini təsdiq edən heç bir sübut təqdim olunmamışdır. İşəgötürən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə qanun ilə göstərilən əsaslar əsasında deyil, yalnız öz istəyinə əsasən xitam vermişdir. Bu barədə iddiaçıya məlumat verməyi isə özünə rəva bilməmişdir. İşəgötürən əmək müqaviləsinə xitam verilməsini elektron portalda əsaslandırmamış, işçiyə heç bir sənəd təqdim etməmiş, qeyd olunan hallarla bağlı rəsmi xəbərdarlıq etməmiş və qanunsuz hərəkətlərini davam etdirmişdir. Əmək qanunvericiliyinin tələbinə görə əgər işəgötürən əmək müqaviləsinə xitam vermək istəyirsə bunu əsaslandırmaqla işçini rəsmi xəbərdar etməlidir. Lakin Cavabdeh heç bir əsaslandırma olmadan, müvafiq əmr, digər sənədlər təqdim edilmədən, son haqq-hesab və ödənişlər edilmədən müqaviləyə xitam vermiş, bu azmış kimi iddiaçıya məlumat belə verməmişdir. İddiaçının vəzifəsinə görə aldığı aylıq əmək haqqı 1.500 manat olmuşdur. 2020-ci ilin oktyabr ayı daxil olmaqla iddiaçı hal-hazıradək 13 aya görə 19.500 manat əmək haqqı almalı idi. Lakin həmin məbləğdən cəmi 2.480 manat pul almış, həmin məbləğin 1.500 manatını 2021-ci ilin fevral ayında, qalan məbləği isə cari ilin may ayında kartına köçürülməklə almışdır. Şirkət 17.020 manat əmək haqqını iddiaçıya ödəməkdən yayınır. Mediasiya prosesinin tətbiqi üçün iddiaçı 15 oktyabr 2021-ci il tarixli qəbzə əsasən 50 manat rüsum ödəmişdir. Məhkəmə baxışı zamanı iddiaçı iddianın dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh İddiaçı barədə olan xx.xx.2021-ci il tarixli, 36 saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin qanunsuz və əsassız hesab edilərək onun işə bərpa edilməsi, məcburi iş buraxmaya görə 2020-ci il oktyabr ayından qətnamə qəbul edilən günə qədər məcburi iş buraxma müddəti nəzərə alınmaqla, aylıq əmək haqqı 1.500 (bir min beş yüz) manat olmaqla, gecikdirilmiş günə görə 2% ödəncin tutulub ödənilməsi, istifadə olunmamış 210 gün məzuniyyət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 30 avqust 2023-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş iddianın dəqiqləşdirilməsi barədə ərizənin geri qaytarılması qərara alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Abşeron Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ölkə ərazisində və bütün dünyada pandemiya şəraitini nəzərə alaraq şirkət tərəfindən işçilərə işə çıxmamağı, evdə oturmağı, əmək haqqlarını alacağını demişlər, daha sonra pandemiya şərtləri yavaş-yavaş yumşaldıqdan sonra ona heç bir məlumat verilmədən, Şirkətə dəvət olunmadan onunla olan əmək müqaviləsinə qanunsuz şəkildə xitam verilmiş və cavabdeh tərəf 17 iyul 2021-ci il tarixli işdən azad olunma əmrini rəsmi ərizə yazaraq tələb etməyinə baxmayaraq məhkəməyə təqdim etmiş və əsaslandırıcı hissəsində guya aktlara istinad edərək qəbul edildiyini bildirilmişdir. Məhkəməyə dörd akt təqdim olunmuşdur, həmin aktı imzalayanlar həmin dövrdə şirkətdə işləməsi yoxlanılmamışdır. Məhkəmə bütün təqdim olunan və sadalanan faktları nəinki tam, hərtərəfli araşdırmamış, hətta qətnamədə iddiaçının bildirdiklərinə münasibət belə bildirməmişdir. Məhkəmə tərəfindən iş üzrə iddia müddəti tətbiq edilmişdir. Cavabdeh Abşeron Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin iddianın qismən təmin edilməsi, Cavabdehndən İddiaçı xeyrinə 2020-ci ilin oktyabr ayı daxil olmaqla işdən azad olunduğu 17 iyul 2021-ci il tarixinədək (2021-ci ilin fevral ayında 1.500 manat və 2021-ci ilin may ayında 980 manat karta köçürülmüş məbləğ çıxılmaqla) ödənilməmiş əmək haqqı, hər gecikdirilmiş gün üçün əmək haqqına 1 faiz ödəncin məbləği olaraq 3.205 (üç min iki yüz beş) manat 80 (səksən) qəpik məbləğində pul və istifadə olunmamış əmək məzuniyyətinə görə 210 (iki yüz on) təqvim günü üçün pul əvəzi tutularaq verilməsi hissəsində ləğv edilməsi və iddianın həmin hissədə də rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı atası ölən günə kimi təxminən 20-25 il hazırki mülki iş üzrə təmsil etdiyi Cavabdeh direktoru olmuşdur. Təqdim etdikləri əmək müqavilələri də iddiaçı ilə atası arasında bağlanılmışdır. İddiaçının 1.500 manat əmək haqqı alması ilə bağlı təqdim etdiyi sənədlər isə kserosurətdir. Kserosurətlərin nə vaxtdan rəsmi sənəd olması barədə isə mənim məlumatım yoxdur. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən sübutetmək yükü tərəflərin üzərinə düşür. Bu səbəbdən də iddiaçı əmək haqqı ilə bağlı qeyd olunan halı sübut etməlidir. Hazırda təmsil etdiyim şirkət fəaliyyət göstərmir və böyük məbləğdə borc öhdəliyi vardır. İddiaçı 16 avqust 2021-ci il tarixdə X2ynar xəttinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi və bununla əlaqədar ona kömək edilməsinə dair elektron müraciət etmişdir. Lakin iddiaçının iddia ərizəsi 4 aya yaxın müddətdən sonra, yəni 14 dekabr 2021- ci il tarixdə Abşeron Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Göründüyü kimi məhkəməyə müraciət etmək üçün iddia müddəti ötürülmüşdür. Bu səbəbdən də hazırki mübahisəyə iddia müddətinin tətbiq olunaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmalıdır. İşdən azad olunma barədə bildiriş iddiaçıya çatdırılmışdır. İddiaçı işdən azad olunma barədə bildirişi almışdır ki, 16 avqust 2021-ci il tarixdə X2ynar xəttinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi və bununla əlaqədar ona kömək edilməsinə dair elektron müraciət etmişdir. İddiaçının X2ynar xəttinə şikayət etməsi onun əmək müqaviləsinə xitam verilməsi barədə bildirişi almasını təsdiq edir. Cavabdeh Respublikada “Akkord” şirkətindən sonra ikinci böyük şirkət olmuş, iddiaçı həmin şirkətin 40.000.000 manat məbləğində dəyəri olan qarajına rəhbərlik etmiş və şirkət tərəfindən işlədiyi dövrdə ona 2 bahalı texnika hədiyyə olaraq verilmişdir, həmin texnikaları hazırda icarəyə vermiş, həmin texnikalar müxtəlif ərazilərdə işləyir. 2016-cı il tarixdə yenidən nə üçün əmək müqaviləsinin bağlanılmasından xəbəri yoxdur. Eləcə də iddiaçı ilə cavabdeh şirkət arasında bağlanılmış əmək müqavilələri hazırki mübahisənin predmeti deyildir. Şirkətdə işləmiş bir neçə şəxsin şikayəti əsasında X7 tərəfindən Cavabdehndə yoxlamalar aparılmış, şirkətin sadəcə əmək haqlarını gecikdirməsi faktı aşkar edilmişdir. Lakin şirkətin ikili mühasibatlıq aparması faktı aşkar olunmamış və təsdiqini tapmamışdır. İşçi işə gəlmədiyi dövrdə ona əmək haqqı ilə bağlı ödəmələr olmuşdur. Həmin ödəmələr ödənilməyən əmək haqqı borcları ilə bağlı olmuşdur. İddiaçı ilə mütəmadi telefon vasitəsi ilə əlaqə saxlanılmış, qarşı tərəf işə gələcəyini demişdir. İddiaçının işə gəlməməsi ilə bağlı aktlar tərtib edilmişdir. Məhkəmə işə bərpa edilməsi hissəsində iddia müddətinin tətbiq edərək, o hissədə iddianı rədd etmişdir. Əgər məhkəmə iş üzrə iddia müddətini tətbiq edirsə, bu zaman tələbin bir hissəsini deyil, ümumilikdə tələbə iddia müddətini tətbiq etməklə iddianı rədd etməlidir. Məhkəmə tərəfindən ekspert qarşısında qoyulmuş sual düzgün verilməmişdir. Həmçinin, qətnamənin qət etdi hissəsində qeyri-müəyyənliyə yol verilmiş, istifadə olunmamış əmək məzuniyyətinə görə 210 təqvim günü üçün pul əvəzinin tutularaq verilməsini qət etmişdir. Məhkəmə işin obyektiv həlli baxımından iş üzrə tam araşdırma aparmamış. Yalnız iddiaçının iddiasında qeyd etdikləri əsasında iddianın əsaslı olması qənaətinə gəlmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, onun apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının apellyasiya şikayətini qəbul etməyərək, onun rədd edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, Abşeron Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməli, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən iddiaçının iddia tələbini qismən sübuta yetirməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan tərəflərin hər ikisi apellyasiya şikayətlərində qətnamənin ləğv edilməsini, iddiaçı tələbinin tam təmin edilməsini, cavabdeh isə iddia tələbinin rədd edilməsini xahiş etmişlər. İşdən göründüyü kimi iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə apellyasiya instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin nəticədən cavabdeh kassasiya şikayəti vermiş, işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi iddianın dəyişdirilməsi ərizəsi ilə bağlı birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət olunubolunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlamalı olan apellyasiya instansiyası məhkəməsinin bu vəzifəsini lazımi qaydada yerinə yetirmədiyini, nəticədə prosessual hüquq normalarının tələblərini pozaraq, birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş pozuntulara hüquqi qiymət verməmiş və onları aradan qaldırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Həmçinin o da nəzərə alınmalıdır ki, kassasiya instansiya məhkəməsi apellyasiya məhkəməsinin bütövlükdə ləğv edərək yeni baxışa göndərdiyindən hər iki apellyasiya şikayəti ilə bağlı hüquqi dəyərləndirmə aparılmalıdır. İddiaçı ilə Cavabdeh arasında 02 iyun 2014-cü il tarixdə müddətsiz əmək müqaviləsinin bağlanmaqla həmin şirkətdə nəqliyyat şöbə müdirinin müavini vəzifəsində işləməsi işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz və əsassız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının tutulması, maddi ziyanın ödənilməsi barədədir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi bir neçə tələbdən ibarət olduğundan və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz və əsassız hesab edilməsi tələbi digər tələbləri özündən asılı etdiyindən ilk öncə həmin tələbə hüquqi qiymət verilməlidir. İddia tələbinin qanuni əsasını Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və 300cü maddəsi təşkil edir. Əmək Məcəlləsinin 300-cü maddəsinin dispozisiya şərtlərinə əsasən əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri nəzərdə tutulmuşdur. Bura Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilmənin əsaslarının pozulması və ya Məcəllənin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl edilməməsi, habelə 79-cu maddədə nəzərdə tutulmuş hallara əhəmiyyət verilməməsi daxildir. Lakin hazırkı işdə işəgötürən tərəfindən qeyd olunan halların pozulması ilə müqaviləni ləğv etməsi müəyyən edilmir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 72-ci maddəsinin «a» bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 186.2-ci maddəsinin “ç” bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv etmək kimi intizam tənbeh tədbiri verə bilər. İşdən görünür ki, Cavabdehndə nəqliyyat sahəsinin müdir müavini işləmiş İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək heç bir üzürlü səbəb olmadan işə çıxmamış, bununla əlaqədar olaraq xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli işçinin üzrsüz səbəb göstərmədən işə gəlməməsi ilə bağlı aktlar tərtib olunmuş, daha sonra isə İddiaçı 16 iyul 2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş göndərilmiş, bundan sonra Cavabdeh 17 iyul 2021-ci il tarixli əmri ilə şirkətin nəqliyyat sahəsinin müdir müavini işləmiş İddiaçı heç bir üzrlü səbəb olmadan xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək işə gəlməyərək əmək vəzifələrinin funksiyasını kobud şəkildə pozduğu üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Göründüyü kimi, iddiaçı onun əmək funksiyalarına aid olan tapşırığı yerinə yetirməkdən imtina etmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməyərək əmək vəzifələrinin kobud şəkildə pozulmasına yol vermişdir. İddiaçı işə gəlməməyinin səbəbini şirkətin iddiaçıya işlərin az olması əsası ilə şirkətə hələlik gəlməməsi ilə əlaqələndirsə də, hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə iddianı rədd etməklə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hazırkı mübahisəyə iddia müddətinin tətbiqi barədə məsləyə gəldikdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, işin birinci cildinin 101-ci vərəqində olan Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 16 iyul 2021-ci il tarixli 58 №li bildirişdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi və işdən azad olunması barədə məlumat verilmiş, "xxxx" MMC-nin kuryer xidmətləri üçün mədaxil qəbzinin talonuna əsasən həmin bildiriş 16 iyul 2021-ci il tarixdə İddiaçı tərəfindən şəxsən qəbul edilmişdir. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış xx.xx.2021-ci il tarixli müraciətində Cavabdeh direktorunun onu haqsız olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edildiyini bildirilmişdir. Göründüyü kimi iddiaçının mövcud əmrin verilməsindən xəbərdar olması yuxarıda qeyd olunan halları ilə öz təsdiqini tapır. Lakin buna baxmayaraq iddiaçı məhkəməyə 4 aydan artıq müddət keçdikdən sonra müraciət etmiş və bununla da əmək qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq müddəti buraxmışdır. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.). Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. (Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarı). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Mülki Məcəllənin 375.2. maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən, əmrin qanunsuz hesab edilməklə işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair iddia tələbi müddətin ötürülməsi əsaslı ilə təmin edilə bilməz. Bununla yanaşı məhkəmə kollegiyası həmçinin iddia tələbinin 2020-ci il oktyabr ayından başlayaraq əmək haqqından qalan 17.020 manatın, əmək haqqının verilməsinin gecikdirilmiş müddəti ərzində iddianın məhkəməyə daxil olduğu günədək hesablanaraq günə iki faiz ödəncin (2 faiz=30 manat) olmaqla, hər həftənin şənbə və bazar günlərini çıxmaq şərtilə 338 günə görə 10.140 manatın tutulması hissəsinə gəldikdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Qanun mənasından göründüyü kimi əmək haqqı – müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş işçinin gördüyü işə (göstərdiyi xidmətə) görə işəgötürənin qabaqcadan müəyyən olunmuş normalar və qiymətlər üzrə minimum əmək haqqı məbləğindən aşağı olmamaqla pul və ya natura formasında müntəzəm surətdə ödəməyə borclu olduğu haqdır. Əmək haqqı işçiyə görülən işin müqabilində işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğdir. Nəzərdə tutulmuş əmək funksiyası ilə yanaşı müəyyən edilmiş iş vaxtı ərzində işçi tərəfindən digər müvafiq peşələr (vəzifələr) üzrə əmək funksiyasının tam və ya qismən icra olunduğu hallarda ödəmələr əmək haqqına aid ödəmələrə aid edilir. Əmək Məcəlləsinin 43-cü maddəsinin “c” və “e” bəndlərinə əsasən işçinin iş yeri dedikdə, işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi başa düşülür. İşçinin əmək funksiyası dedikdə isə əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu başa düşülür. Qanunvericiliyin tələbləri baxımdan əmək haqqı işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə ödənilməlidir, lakin hazırkı işə iddiaçı tələbdə göstərilən müddət ərzində əmək funksiyasını yerinə yetirmədiyindən, ona əmək haqqı ödənilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinə gəldikdə qeyd edir ki, bu yalnız formal mülahizələrə əsaslandığından əsaslı hesab edilə bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdehnə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz və əsassız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının tutulması və maddi ziyanın ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar