Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1360/2025 09.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5264/2025 nömrəli, 07 avqust 2025-ci il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 07 avqust 2025-ci il tarixli qətnaməsi ilə (hakim P.İmamverdiyeva) Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024-02523 nömrəli barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi qət edilmişdir. Ərizəçi qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ Ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediator X2 iştirakı ilə xx.xx.2024-cü il tarixdə bağlanmış Barışıq Sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mediasiya reyestrində M-00526 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X2 iştirakı ilə xx.xx.2024-cü il tarixli barışıq sazişi imzalamışlar. Qarşı tərəf bağlanmış sazişi icra etmir. Bununla əlaqədar olaraq qarşı tərəfə sazişin icra olunması ilə əlaqədar pretenziya məktubu göndərib. Pretenziya məktubunda qeyd edib ki, “barışıq sazişi üzrə üzərinizə götürdüyünüz öhdəliyi pretenziya məktubu aldığmız gündən 3 gün müddətində icra edəsiniz”. Lakin maraqlı şəxs barışıq sazişi üzrə öhdəlikləri icra etməmişdir. Ona görə də barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətindədir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Ərizəçi Sumqayıt Şəhər Məhkəməsinin 07 avqust 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, Ərizəçi Həzən qızı ilə Maraqlı şəxs arasında mediator X2 iştirakı ilə xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024-02523 nömrəli bağlanmış Barışıq Sazişinin təsdiq edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericiliyin tələbinə görə barışıq sazişi tərəflər arasındakı mübahisənin və ya fikir ayrılığına səbəb olma potensialı daşıyan qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlir. Lakin hazırkı məhkəmə iclasında barışıq sazişinin hər bir tərəfə aid bəndlərində ciddi fikir ayrılıqları olduğu, sazişin bütövlükdə və ya hər hansı hissəsinin təsdiq edilməsinin mümkün olmadığı müəyyən edilmişdir. Belə ki, maraqlı şəxs barışıq sazişinin ya 3-cü, ya da 5-ci bəndinin təsdiq edilməsini xahiş etmişdir ki, bu tələbə ərizəçi etiraz etmişdir. Bu hal isə xüsusi icraat qaydasında baxılan “barışığ”ın mahiyyətini itirdiyini və məsələnin mübahisəli hüquq münasibətinə çevrildiyini göstərir ki, bu da barışıq sazişinin təsdiq edilməsi prosedurunun məqsədinə uyğun deyildir. Halbuki, “Mediasiya haqqında” Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf barışıq sazişini məcburi qaydada icra üçün məhkəməyə müraciət edə bilər. Qeyd olunan hüquq normasının məzmunundan göründüyü kimi, barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmək üçün iki şərtdən biri mövcud olmalıdır. Barışıq sazişi könüllü qaydada icra edilməməlidir. Barışıq sazişinin könüllü icrasından imtina Barışıq sazişinin könüllü icrasından imtina olunmalıdır. Hər iki normanın mahiyyəti ondan ibarətdir ki, mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məhkəmə tərəfindən xüsusi icraat qaydasında təsdiqlənməsi yalnız razılaşmanın məcburi icrasını təmin etmək məqsədi daşıyır. Lakin işə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan normaları kobud şəkildə pozaraq əsassız olaraq ərizənin təmin olunmasından imtina etmişdir. Nəticədə məhkəmə tədqiq olunmamış sübutlara əsaslanaraq qərar qəbul edib. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Ərizəçi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Maraqlı şəxs apellyasiya şikayətini qəbul etməyərək şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, şikayətin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 07 avqust 2025-ci il tarixli qətnaməsi ləğv edilməli və ərizənin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsini maraqlı şəxs barışıq sazişinin ya 3-cü, ya da 5-ci bəndinin təsdiq edilməsini xahiş etməsi, bu tələbə ərizəçinin etiraz etməsi, bu halın isə xüsusi icraat qaydasında baxılan “barışığ”ın mahiyyətini itirdiyini və məsələnin mübahisəli hüquq münasibətinə çevrildiyini göstərməsi, bu da barışıq sazişinin təsdiq edilməsi prosedurunun məqsədinə uyğun olmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ərizəçi tərəfindən apellyasiya şikayəti əsasında mübahisələndirilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Baxılan iş üzrə ərizəçinin tələbi onunla Maraqlı şəxs arasında mediator X2 iştirakı ilə xx.xx.2024-cü il tarixdə bağlanmış Barışıq Sazişinin təsdiq edilməsi barədədir. İddiaçı Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2017-ci il tarixli rəsmi nikah qeydinin Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə pozulması işin mübahisəsiz halıdır. Qeyd olunmalıdır ki, bir qayda olaraq nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Ər-arvadın birgə mülkiyyətin qanuni rejimini dəyişib birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq etmək hüququ vardır. Belə bir vasitə ər-arvadın arasında bağlanan nikah müqaviləsidir. Ailə Məcəlləsinin 38.1-ci maddəsində nikah müqaviləsinin anlayışı müəyyən edilərək göstərilir ki, nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Ailə Məcəlləsində bəhs olunan “ər-arvadın hər birinin əmlakı” dedikdə, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak başa düşülür (Ailə Məcəlləsinin 34.1-ci maddəsi). Göründüyü kimi ər-arvad nikah müqaviləsi ilə ümumi əmlakın rejimi ilə bağlı qanuna zidd olmayan istənilən razılığa gələ bilər, o cümlədən mövcud və gələcəkdə əldə edəcəkləri birgə əmlakın qanunla müəyyən olunmuş rejimini dəyişə bilər. Həmçinin ərarvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər. Yəni ər-arvad onların nikahdan əvvəl əldə etdikləri əmlakı da öz iradələrinə uyğun olaraq bölə bilərlər. Bunun səbəbi bölgüdə balanslaşdırmanı təmin etmək, güzəştə getmək, digər tərəfi zənginləşdirmək və ya istənilən başqa motiv ola bilər. Odur ki, ər-arvadın nikahdan əvvəl əldə edilmiş əmlakın bölünməsi barədə qarşılıqlı razılığa gəlməsi qanunda nəinki qadağan edilməmiş, əksinə bu cür razılığa gəlməsi imkanı təsbit edilmişdir. Mediasiya prosesində tərəflərin arasında bağlanan barışıq sazişi də, tərəflərin mübahisəli əmlak münasibətlərinə dair yeni bir hüquqi nəticə - hüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağladıqları qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilədir. Həmin saziş tərəflər arasında əmlakın bölünməsi ilə bağlı mübahisəli vəziyyətin aradan qaldırılması, onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədilə könüllülük, tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı sayəsində meydana gəlmişdir. Nəzərə alınmalıdır ki, müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Başqa sözlə, şəxslər ifadə etdikləri iradələri ilə özlərinin mülki hüquq və vəzifələrini əmələ gətirir, dəyişdirir və ya xitam edirlər. İradə bəyanı şifahi, sadə yazılı və ya rəsmi (notarial) formada, birtərəfli və ya müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər, məsələn, vəsiyyətnamə, etibarnamə, müqavilə və s. (Mülki Məcəllə, maddə 324.1, 324.2, 389.1, 406). Bu baxımdan məhkəmə kollegiyası mediasiyada bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiqlənməsinin xüsusiyyətləri ilə bağlı qeyd edir ki, mediasiya prosesinin nəticəsində bağlanmış barışıq sazişi əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır (“Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsi). Başqa sözlə, bu əqdin əmələ gəlməsi, sazişin məhkəmə tərəfindən təsdiq edilməsindən asılı deyildir. Barışıq sazişi ilə tərəflərin hüquq və öhdəlikləri barışıq sazişinin qüvvəyə minməsi ilə əmələ gəlmişdir. Mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məhkəmə tərəfindən xüsusi icraatda təsdiqlənməsi isə yalnız razılaşmanın məcburi icrasını təmin etmək məqsədi daşıyır (“Mediasiya haqqında” Qanunun 34.4-cü maddəsi, MPM-nin 355- 23.1-ci maddəsi). Belə ki, “Mediasiya haqqında” Qanunun 34.5-ci maddəsinə görə barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 33.3-cü maddəsində barışıq sazişinin qanuna və bu Qanunun 3.3cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamasından bəhs edilir. Həmin Qanunun 3.3-cü maddəsində deyilir ki, bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Həmçinin MPM-nin 355-26.1-ci maddəsinə görə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda barışıq sazişinin təsdiq edilməsindən imtina edilir. Qeyd olunmalıdır ki, bu normalarda göstərilən qanunazidlik və ya başqa şəxslərin mənafeyi barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Çünki əsas təyinatı tərəflərin və məhkəmənin prosessual hərəkətlərini tənzimləmək olan MPM-in həmin normalarının məqsədi təsdiqetmənin prosedurunu (üsulunu) müəyyən etməkdir. Belə ki, məhkəmə önündə barışıq, prosessual icraat olduğundan onun təsdiqlənməsi də prosessual hüquqa tabedir. Bu səbəbdən məhkəmə barışığı təsdiqlədiyi anda onun görünən qanuni tələblərə uyğun olub-olmadığını (subyekt tərkibinə aid şərtləri – fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin bir tərəfinə zərər vurubvurmadığını və s.) yoxlayır. Əgər məhkəmə barışığın bu şərtlərə uyğun olduğu qənaətinə gələrsə, onu təsdiqləyir, əks halda təsdiqdən imtina edir. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinə məhkəmənin məhz xüsusi icraatda və on gün müddətində baxması (MPM, fəsil 40-7) proseduru onu göstərir ki, belə təsdiqləmə (yaxud imtina) prosessual mahiyyət daşımaqla, mübahisəli maddi hüquqi məsələlərin araşdırılmasını ehtiva etmir (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 23 fevral 2024-cü il tarixli, 01/2024 saylı qərarının 47-ci bəndi). Göründüyü kimi birinci instansiyası məhkəməsinin xüsusi icraat qaydasında baxılan “barışığ”ın mahiyyətini itirdiyini və məsələnin mübahisəli hüquq münasibətinə çevrildiyini göstərməsi, bu da barışıq sazişinin təsdiq edilməsi prosedurunun məqsədinə uyğun olmaması barədə gəldiyi nəticə qanunsuz və əsassızdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 07 avqust 2025-ci il tarixli qətnaməsi ləğv edilməli və barışıq sazişinin təsdiq edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2., 385.1.1., 392, 393, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ Ərizəçi apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 07 avqust 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024-02523 nömrəli barışıq sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1360/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1360/2025
09.12.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver