Məhkəmə qərarları › İş №2(105)-1372/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1372/2024

21.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1372/2024 21.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-ya qarşı mülki iş üzrə (Açar sözlər: müqavilə öhdəliklərinin icra edilməsi və müqavilə predmeti olan mənzilin təhvil verilməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri - Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X3 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-ya qarşı müqavilə öhdəliklərinin icra edilməsi və müqavilə predmeti olan mənzilin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1192/2024 nömrəli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh "xxxx" MMC-ya qarşı müqavilə öhdəliklərinin icra edilməsi və müqavilə predmeti olan mənzilin təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu. Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF Park” yaşayış massivinin 19 saylı küçəsində inşa edilmiş, A saylı yaşayış binasında, mərtəbə 14, ümumi sahəsi 47.3 kv.metr ibarət 1 otaqlı 80 nömrəli mənzilin xx.xx.2016-cı il tarixli, TM-0090 saylı mənzilin alqı-satqı müqaviləsinin 2.2.4-cü bəndinin “e” yarımbəndinə əsasən qazla təchiz olunaraq və “g” yarımbəndinə əsasən ilkin təmir işləri (ağ suvaq, santexnika və elektrik işləri) görülərək qısa müddət ərzində mənə təhvil verilməsi vəzifəsi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulsun, məhkəmə üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh “AAAF-İNŞAAT" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra MMC) arasında bağlanmış xx.xx.2016-cı il tarixli, TM-0090 saylı Mənzilin alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu. Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında, "AAAF Park1” yaşayış massivinin 19 saylı küçəsində inşa edilən, A saylı yaşayış binasında, mərtəbə 14, ümumi sahəsi 47.3 kv.m. ibarət 1 otaqlı 80 nömrəli mənzili ilkin ödəniş qismində 4044 manat ödənilməklə, qalıq 40891.00 manat məbləğini 120 ay müddətinə hissə-hissə ödənilməsi şərti ilə ona satılmışdır. Onunla “AAAF-İNŞAAT" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli, TM- 0090 saylı Mənzilin alqı-satqı müqaviləsinin 2.2.4-cü bəndinə əsasən mənzil ona “e” yarımbəndinə əsasən qazla təchiz olunaraq və “g” yarımbəndinə əsasən ilkin təmir işləri {ağ suvaq, santexnika və elektrik işləri) görülərək təhvil verilməlidir. Və həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən onun da Cəmiyyətdən bu müqavilə ilə müəyyən edilmiş öhdəliklərin vaxtında icrasını tələb etmək hüququ vardır. Lakin Cəmiyyət onunla “AAAF- İNŞAAT" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli, TM-0090 saylı Mənzilin alqısatqı müqaviləsinin 2.2.4-cü bəndinin “e” yarımbəndinə və “g” yarımbəndində nəzərdə tutulmuş vəzifələrini bu günə qədər icra etməyibdir. Göstərilən səbəbdən də o, mənzili təhvil alaraq təmir işlərinə başlaya bilmir və nəticədə cavabdeh tərəfindən mənzilin təhvil verilməsinin gecikdirilməsi ona ziyan dəyməsi ilə o, “AAAF-İNŞAAT" MMC-nin Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış massivində yerləşən ofisinə dəfələrlə gedərək qeyd etdiyi problemin həll olunmasını şifahi şəkildə tələb etmiş, məhkəməyə müraciət edəcəyini bildirmişdir. Həmçinin rəsmi məktubla cavabdehə müraciət olunaraq, xx.xx.2016-cı il tarixli TM-0090 saylı Mənzilin alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF Park” yaşayış massivinin 19 saylı küçəsində inşa edilmiş, A saylı yaşayış binasında, mərtəbə 14, ümumi sahəsi 47.3 kv.m. ibarət 1 otaqlı 80 nömrəli mənzili həmin müqavilənin 2.2.4-cü bəndinin “e” yarımbəndinə və “g” yarımbəndində nəzərdə tutulmuş vəziyyətdə qısa müddət ərzində təhvil verilməsi tələb olunmuş, lakin müraciətinə ümumiyyətlə cavab verilməmişdir. Məsələnin məhkəmədən kənar həll olunmasına bir neçə dəfə cəhd etsə də sonda cavabdeh “AAAF-İNŞAAT" MMCnin qanunsuz hərəkətləri ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.

3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

4. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1192/2024 nömrəli qətnaməsi ilə (hakim Mirnəsir Mirhəsənli) iddia qismən təmin edilmiş, tərəflər arasında imzalanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən "xxxx" MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF Park” yaşayış massivinin 19 saylı küçəsində inşa edilmiş, A saylı yaşayış binasında, mərtəbə 14, ümumi sahəsi 47.3 kv.metr ibarət 1 otaqlı 80 nömrəli mənzilin qazla təchiz olunaraq və ilkin təmir işlərinin (ağ suvaq, santexnika və elektrik işləri) görülərək İddiaçı təhvil verilməsi, "xxxx" MMC-dən ödənilmiş dövlət rüsumuna görə 100 manat pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, sözügedən mübahisəli mənzil xx.xx.2015-ci il tarixdə bağlanmış müqavilədə nəzərdə tutulmuş qaydada İddiaçı təhvil verilməli, təhvil aldıqdan sonra İddiaçı müqavilə üzrə qalıq qalmış 40.891 manat pulu 120 ay müddətinə ödəməlidir. Lakin İddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də MMC mübahisə predmetini təşkil edən 47,3 kv.metrlik mənzili alıcıya təhvil verməmişdir. Bundan əlavə müqavildədə nəzərdə tutulmuş mənzilin qazla təchiz edilməsi və ilkin təmir işlərinin görülməsi öhdəliyi də MMC tərəfindən həyata keçirilməmişdir. İddiaçının alıcı olaraq həmin müqavilə üzrə aldığı mənzilin ona təhvil verilməsi barədə "xxxx" MMC-dən tələb etmək hüququ, MMC-nin isə ağlabatan müddətdə icra etmək öhdəliyi vardır. İş materialında olan cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanan xəbərdalıq məktubunun məzmunundan aydın olur ki, mübahisəli mənzilin inşası yekunlaşmış və təhvil verilmək üçün hazırdır.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 389.1, 390, 404.1, 404.2, 405.1, 425, 442, 448.1, 646.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh "xxxx" MMC tərəfindən apellyasiya şikayəti verilərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-1192/2024 nömrəli qətnaməsini ləğv edilməsi, İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı “müqavilə öhdəliklərinin icra edilməsi və müqavilə predmeti olan mənzilin təhvil verilməsi tələbinə dair” iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbinə birtərəfli hüquqi qiymət verməklə maddi hüquq normalarını yanlış tətbiq etmişdir. Əvvəla, İddiaçı iddia tələbində mübahisəli mənzili qısa müddətə təhvil verilməsini tələb edirdi. Məhkəmə iclaslarında "xxxx" anlayışının dəqiqləşdirilməsi üçün cavabdeh MMC-nin nümayəndəsi iddiaçıya sualında müəyyən müddət, təxmini 3-4 ay müddəti səsləndirmişdir. Belə ki, "xxxx" anlayışı hüquqi anlamına görə qeyri-müəyyən ifadədir. Məhkəmə isə qısa müddətə ağlabatan müddət anlayışı ilə əvəzləmişdir. Bununla da Mülki Məcəllənin 427.2ci maddəsinə istinad etməklə kifayətlənmişdir. Eyni zamanda hesab edir ki, məhkəmə aktında cavabdeh MMC-nin nümayəndəsinin izahatı bir az təhrif olunmuşdur. Belə ki mübahisəli mənzilin yerləşdiyi yaşayış binası inşa edilərək yekunlaşmışdır. Həmin binanın mənzilləri müqavilənin kateqoriyasından asılı olmayaraq təmirsiz vəziyyətdə sakinlərin istifadəsinə təhvil verilmişdir. Alıcı İddiaçı mənzili də təmirsiz vəziyyətdə hazırdır. Həmin mənzilin təmir olunmasına başlanmamasının səbəbi də məhkəmə iclasında bildirilməsinə baxmayaraq qeyd edilməmişdir. Mənzillər təmir edilməmişdən əvvəl alıcılara təmir xərcinin ödənilməsi təklif olunur və alıcı İddiaçı başqa bütün müqavilə kateqoriyası üzrə alıcılarla razılaşdırılmışdır. Alıcı İsmayılov isə MMC tərəfindən təklif edilmiş təmir xərci ilə razılaşmadığı üçün hazırki məhkəmə mübahisəsi yaranmışdır. Mənzilin təmiri üçün müəyyən müddət tələb olunmasına baxmayaraq məhkəmə tərəfindən müddət göstərilmədən təhvil verilməsini qət etmək ədalətsizlikdir. Burada tərəflərin bərabərliyindən söhbət gedə bilməz. Tərəflərin hüquq və öhdəlikləri onsuzda xx.xx.2016-cı il tarixli TM- 0090 saylı mənzilin alqı-satqı müqaviləsində əks olunmuşdur. Məhkəmə aktından “mənzilin qazla təchiz olunaraq” məsələsinə aydınlıq gətirilməlidir. Məhkəmə aktının tamlığına və aydınlığına şübhə olmamalıdır. Belə ki, mənzilin qazla təchiz edilməsi deyildikdə mənzil daxil nəzərdə tutulmur. Həmin yaşayış binasının təbii qazla təmin edilməsi müvafiq dövlət orqanlarında razılaşdırılır, qeydiyyata alınır və quraşdırma-istismar işləri həyata keçirilir. Təbii qazın verilməsi üçün boru xətti mənzilə kimi gətirilir və yaxud mənzilin eyvanında quraşdırılır. Mənzilin qazla təchiz edilməsi anlayışına da müqavilənin 2.1.4-cü bəndindən göründüyü kimi əlavə xərcləri müəyyənləşdirir. Hazırda mübahisəli mənzilin yerləşdiyi yaşayış binası ümumiyyətlə tam qazlaşdırılmamışdır. Yəni yaşayış binasının qaz xəttinin çəkilməsi üçün Texniki şərt və Eskiz-Layihə təsdiq edilmiş və dövlət qurumundan qeydiyyata alınmışdır. Həmin binanın qaz xətti quraşdırılmış və digər işlər texniki ardıcıllıqla həyata keçirilir. Binanın qazlaşdırılması ilə bağlı müəyyən işlər onun səlahiyyətlərindən kənardır. Belə olan halda məhkəmə aktının icrasını həmin hissədə qeyri-mümkün edir. Məhkəmə qətnamədə nəzərə almalı idi ki, yaxud zərurətlə əlaqədar aidiyyatı dövlət orqanlarına (FHN, X1 Görülməsi və X2 Agentliyi, “Azəriqaz” İB və sair) sorğu verərək dəqiqləşmə aparılmalı idi. Yuxarıda sadalalan xüsusatlar araşdırılmadan mübahisə predmetinə dair yekun qərarın qəbul edilməsi hüquq prinsiplərinə ziddir. Tərəflər arasında müqavilə münasibətlərinin, tərəflərin öhdəliklərinin icrasını gecikdirməsi kifayət deyildir. Hesab edir ki, iddia tələbində qeyd edildiyi kimi qısa müddətə hüquqi qiymət verərək, ağlabatan müddət müəyyən edilməlidir. “Ağlabatan müddət”in keçmişə nəzərən yox, məhkəmə aktının icrası zamanı sonra müddətdə icrası üçün nəzərdə də tutulması qanunsuz deyildir. xx.xx.2016-cı il tarixli TM-0090 nömrəli Mənzilin alqı-satqı müqaviləsinin 2.2.4-cü bəndində mənzildə görüləcək işlər sadalanmışdır. Odur ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-1192/2024 nömrəli qətnaməsini ləğv edəsiniz və İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı “müqavilə öhdəliklərinin icra edilməsi və müqavilə predmeti olan mənzilin təhvil verilməsi tələbinə dair” iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunur.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, cavabdeh qətnamədən şikayət vermək əvəzinə qeyd edilən təmir işlərini görərək evi təhvil verə bilərdi. Hətta məhkəmə razılıq əldə edilməsi üçün iclası təxirə salmışdır. 2016-cı ildən ev alınıb, 1 ilə təhvil veriləcəyi bildirilmişdir. Cavabdeh 2023-cü ildə ona məktub göndərərək evi təhvil götürülməsini bildirmiş, evə getdikdə öhdəliklərin tam icra edilməməsi səbəbi ilə evi təhvil almamışdır. Belə ki, evin içərisində heç bir iş götülmüyüb, kommunal, elektrik, suvaq işləri görülməmişdir. Mənzilin girişinə gədər bu işlər görülsə də mənzil daxilində görülməli işlər görülməyib. Qazın çəkilməsi təkcə onun mənzilinə deyil, bütün binaya qaz çəkilməlidir. Binaya qazın verilməsi tam olaraq cavabdehin səlahiyyətinə aid olmayan və cavabdehdən asılı olan məsələdir. Gələcəkdə qazın verilməsi məhz cavabdehin iradəsindən asılı olacağı təqdirdə və qaz verilməyəcəyi təqdirdə qeyd edilən əsasla iddia qaldıracaqdır. Bu səbəbdən mənzilin qazla təchiz edilməsi ilə təhvil verilməsi tələbinə dair hissəsində iddiasından imtina edir. Qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş edir.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş,iştirak etməməsinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

12. xx.xx.2016-cı il tarixli, TM-0090 saylı müqavilənin surətindən görünür ki, Cəmiyyət Abşeron rayonu Xırdalan şəhəri, H Əliyev prospekti 167 ünvanında "AAAF-Park" yaşayış massivinin 19 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina A, mərtəbə 14, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz yığınaq yeri balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 47.3 kv.metr ibarət, 1 otaqlı 80 №-li mənzili Alıcıya təhvil verməyi Alıcı isə bunun qarşılığında Cəmiyyətə 44935 manat pul vəsaitiri müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürür. Müqavilə üzrə mənzilin 1 (bir) kv. m.-lik sahəsinin qiyməti 950.00 manat olmaqla, müqavilənin qiyməti cəmi 44,935.00 manat müəyyən edilmişdir. Alıcı, müqavilə qiymətindən 4,044.00 manatı şəxsi vəsaiti hesabına ödəmiş, geri qalan 40.891.00 manatlıq məbləği 120.00 ay müddətinə mənzil təhvil verildikdən sonra ödəniş etməyi və kredit məbləğinin 1%-i məbləğində (409.00 manat) komisyon xərcini müqavilə bağlandığı gün ödəməyi qəbul etmişdir. Həmçinin müqavilənin 2.2.4-cü bəndinə əsasən “e” yarımbəndinə əsasən mənzil qazla təchiz olunur, “g” yarımbəndinə əsasən ilkin təmir işləri görülür (ağ suvaq, santexnika və elektrik işləri).

13. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı məktub ünvanlanaraq mənzilin təhvil alınmsı və mənzilin dəyərinin qalıq 40891 manat məbləğinin ödənilməsi tələb edilmişdir.

14. Xəbərdarlıq məktubuna cavab olaraq iddiaçı tərəfindən "xxxx" MMC-nə ünvanlanmış məktubdan görünür ki, mənzilin tərəflər arasıdna bağlanmış müqavilənin 2.2.4-cü bəndinin “e” və “g” yarımbəndində nəzərdə tutullmuş vəziyyətdə qısa müddət ərzində təhvil verilməsi tələb edilmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər.

773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.

16. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1 məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

17. Sumqayıt Apellyasiya Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 2(105)- 1372/2024 nömrəli qərardadı ilə İddiaçı iddiadan qismən imtinası qəbul edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1192/2024 nömrəli qətnaməsinin qismən, yəni Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF Park” yaşayış massivinin 19 saylı küçəsində inşa edilmiş, A saylı yaşayış binasında, mərtəbə 14, ümumi sahəsi 47.3 kv.metrdən ibarət 1 otaqlı 80 nömrəli mənzilin qazla təchiz olunaraq təhvil verilməsi hissəsində ləğv edilmiş və həmin hissəsdə iş üzrə icraata xitam verilməsi qət edilmişdir.

18. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1192/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisə edilən digər hissədə, yəni mənzilin ilkin təmir işlərinin (ağ suvaq, santexnika və elektrik işləri) görülərək İddiaçı təhvil verilməsi hissəsində yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

20. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı xx.xx.2023-cü il tarixli məktubla cavabdehə müraciət edərək, müqavilənin predmeti olan mənzilin təhvil alınmasını təklif etmiş, iddiaçı isə təklifə cavab olaraq mənzilin müqavilənin 2.2.4-cü bəndinin “e” və “g” yarımbəndində nəzərdə tutullmuş işlərin görülməklə təhvil verilməli olmasını bildirməklə, əlavə icra tələb etmişdir. 21.Tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli, TM-0090 saylı müqavilənin 2.2.4-cü bəndinin “g” yarımbəndinə əsasən cavabdeh olan podratçı müqavilənin predmeti olan mənzili ilkin təmir işləri (ağ suvaq, santexnika və elektrik işləri) aparılmaqla iddiaçıya təhvil verməyi öhdəsinə götürsə də müqavilənin qeyd olunan şərtini icra etmədən mənzilin təhvil alınmasını tələb etmişdir. Belə olan halda sifarişçi qismində iddiaçının müqavilə şərtinə müvafiq olaraq əlavə icra tələb etməsi hüququ yaranmışdır.

22. Cavabdehin şikayətinin dəlilindən göründüyü kimi cavabdeh dolayısı ilə müqavilə şərtini icra etmədiyini qəbul etsə də mənzilin ilkin təmir işləri (ağ suvaq, santexnika və elektrik işləri) ilə əlaqədar müəyyən müddət tələb olunmasını, buna görə də məhkəmə tərəfindən müddət müəyyən edilmədən mənzilin ilkin təmirli (ağ suvaq, santexnika və elektrik işləri) vəziyyətdə təhvil verilməsinin qət edilməsini mübahisələndirmişdir. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, ümumi sahəsi 47.3 kv.metrdən ibarət bir otaqlı mənzilin ilkin təmir işlərinin (ağ suvaq, santexnika və elektrik işləri) bir aydan qısa müddət ərzində də həyata keçirilməsi mümkündür ki, hazırkı qətnamənin qanuni qüvvəyə minməsi müddəti ərzində də cavabdeh müqavilə üzrə öhdəliyini tam şəkildə yerinə yetirmək imkanına malikdir. Digər tərəfdən “İcra haqqında” Azərbaycan Respublikası qanununda 8.2-ci maddəsinə əsasən icra sənədinin könüllü icrası ilə bağlı icra məmuru tərəfindən on gün müddət təyin edilməsi, o cümlədən 12.1-ci maddəsinə əsasən icra məmuru tərəfindən zəruri icra hərəkətlərini iki ay müddətində həyata keçirməsi nəzərdə tutulmuşdur ki, qeyd edilən müddətlərdə də cavabdeh müqavilə üzrə öhdəliyini tam şəkildə yerinə yetirmək imkanına malikdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qətnaməsi ilə cavabdeh tərəfindən öhdəliyin icra müddətinin müəyyən edilməsinə də zərurət olmamışdır.

23. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mənzilin ilkin təmir işləri (ağ suvaq, santexnika və elektrik işləri) görülərək təhvil verilməsi barədə gəldiyi nəticə əsaslı olmaqla, qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1192/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏTETDİ:

Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1192/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar