Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1396/2025 03.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Qaçqınların və X9 üzrə Dövlət Komitəsini cəlb edilməklə) cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən çıxarılma və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma, mülkiyyət hüququnun müdafiəsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X15 (sədrlik edən və məruzəçi), X16 və X1 ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1941/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı Aparatının mənzillərin qeydiyyatı, dəyişdirilməsi və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli, 118 saylı orderə əsasən ümumi sahəsi 39,60 kv.m olan 3 otaqlı Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 8A ünvanında yerləşən 39 saylı mənzil X10 verilmişdir.
2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əhalinin Sağlamlığının Milli monitorinq sistemi tərəfindən verilmiş ******* № AZS 106 saylı ölüm haqqında tibbi şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2007-ci il tarixdə ağciyər ödemindən vəfat etmişdir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı, № ******* saylı çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 8A, 39 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakı üzərində daşınmaz əmlakın dövlət reyestrində 149 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində, xx.xx.2011-ci il tarixdə ********** saylı nömrə ilə qeydiyyata alınmışdır.
4. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 10 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2024-cü il tarixli, 996 nömrəli ailə tərkibi haqqında arayışından görünür ki, Zəngilan rayonundan məcburi köçkün Cavabdeh4 Yəhya oğlu ünvan 1 ünvanında 1996-cı ildən ailə üzvləri – Cavabdeh1, X5 və Cavabdeh2 ilə yaşayırlar.
5. Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin məktubundan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin icraatında olan İddiaçı “mənzildən çıxarılma” tələbinə dair mülki işlə bağlı Zəngilan şəhərindən məcburi köçkünlər - Cavabdeh4 Yəhya oğlunun, Cavabdeh1, Cavabdeh2 və X2 məcburi köçkün kimi qeydiyyatdan keçib-keçməmələri, mənzillə təmin olub-olmaması, (mənzil ehtiyacı olan şəxslərin siyahısında adlarının olub-olmaması, onlara hər hansı yerdə inşa edilmiş evlərdə mənzil təklif edilib-edilməməsi, əgər varsa həmin şəxslərin gələcəkdə yaşayış sahəsi ilə təminatı ilə bağlı nəzərdə tutulmuş tədbirlər, hazırda müvəqqəti olaraq başqa bir yaşayış sahəsində yerləşdirilməsi imkanları və s.) barədə məlumatın verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə daxil olmuş sorğuya Komitənin müvafiq əmri ilə yaradılmış komissiyada baxılmışdır. Bildirilir ki, Zəngilan şəhərindən məcburi köçkün Cavabdeh4 Yəhya oğlu həyat yoldaşı Cavabdeh1 və Cavabdeh2 ilə birgə Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən 8A saylı evin İddiaçı məxsus 39 nömrəli 3 otaqlı mənzilində müvəqqəti qeydiyyatda olmaqla məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin edilməmiş və onlara mənzil təklif olunmamışdır. Qeyd edilir ki, ailə üzvlərindən X5 07 avqust 2024-cü ildə yerli sakinlə ailə həyatı qurubdur. Cavabdeh2 isə 16 sentyabr 2024-cü ildən Azərbaycan Respublikasının sərhədlərindən keçərək Türkiyə Respublikasına getdiyi aşkarlanmışdır. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı”na uyğun olaraq Zəngilan şəhərindən olan məcburi köçkün ailələrinin mərhələli şəkildə köçürülməsi başlanan zamanı sözügedən ailənin də doğma yurdlarına köçürülməsi həyata keçiriləcək. Köçürülmə zamanı mənzil boşaldılaraq mülkiyyətçiyə geri təhvil verilməsi üçün əvvəlcədən aidiyyəti üzrə (şəxslərə) xəbərdarlıq olunacaq.
6. Sumqayıt Şəhər Məhkəməsinin 2-139/2006 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, X3 ailə üzvləri ilə birlikdə ünvan 1dan çıxarılmaları, X6 ailə üzvləri ilə birlikdə həmin mənzilə köçürülmələri, qətnamənin bu hissəsinin icrası məcburi köçkünlər öz doğma yurdlarına qayıdama, həmçinin müvəqqəti yaşayış məqsədi ilə yeni qəsəbələrə və evlərə köçürülənədək dayandırılması, iddia tələbinin maddi və mənəvi ziyanın ödənilməsinə dair hissəsinin əsassız olduğundan rədd edilməsi qət edilmişdir.
7. xx.xx.2006-cı il tarixli qərardan görünür ki, Sumqayıt şəhər Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları şöbəsinin məhkəmə icraçısı X7 tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 2-139/2006 saylı, xx.xx.2006-cı il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma və mənzilə köçürülmə tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin, qeydiyyatı, dəyişdirilməsi və bölüşdürülməsi şöbəsi tərəfindən xx.xx.1996-ci il tarixli, 118 saylı orderlə iddiaçının mərhum əri X11 ayrılmışdır. Mərhum əri xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Əri vəfat etdikdən sonra hüquqi varisi olaraq həmin mənzil iddiaçıya qalmış və həmin mənzilin Azərbaycan Respublikası ƏMDKsi yanında DƏDRX-i tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli çıxarışa əsasən mülkiyyətçisidir. Lakin mənzil ayrıldığı vaxtdan bugünə kimi nə iddiaçı, nə də ki, mərhum əri həmin mənzilə köçüb yaşaya bilməmişlər. Belə ki, mənzil əvvəlcə Qubadlı rayonundan məcburi köçkün olan X8 və ailə üzviləri tərəfindən zəbt olunmuş, o, vəfat etdikdən sonra isə 1994-cü ildə Zəngilan rayonundan məcburi köçkün olan yeznəsi Cavabdeh4 və sonuncunun ailə üzvləri tərəfindən zəbt olunmuşdur. İşin tədqiq olunan faktiki hallarından da görünür ki, cavabdehlərin məcburi köçkün kimi iddiaçıya məxsus mənzildə məskunlaşmaları iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı hal-hazırda mülkiyyət hüququ ilə ona məxsus olan mənzilə köçüb yaşamaq istəsə də, cavabdehlər həmin mənzildən çıxmır və qəti şəkildə çıxmayacaqlarını bildirirlər. Bu isə onun hüquqlarını və qanuni maraqlarını pozur. Belə ki, iddiaçı özü ailə üzviləri ilə birlikdə hər ay kirayə haqqı ödəyib yataqxanada qalır. Bu səbəbdən də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh4 Yəhya oğlu, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iddiaçıya məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 8A ünvanında yerləşən 39 saylı mənzildən çıxarılmaları və İddiaçı həmin mənzilə köçürülməsi, habelə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə alınması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
10. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1941/2025 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1-dan çıxarılmaları, İddiaçı ünvan 1-a köçürülməsi qət edilmişdir (hakim Şəbnəm Həxiyeva).
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh1 apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(060)-1941/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
13. Cavabdeh1 qətnaməni qanunsuz və ədalətsiz hesab edir, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də qətnamənin ləğv edilməsi və ədalətli qərar qəbul edilməsi üçün apelyasiya şikayəti vermək qərarına gəlmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2-139/2006 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, X3 ailə üzvləri ilə birlikdə ünvan 1-dan çıxarılmaları, X6 ailə üzvləri ilə birlikdə həmin mənzilə köçürülmələri, qətnamənin bu hissəsinin icrası məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşayış məqsədi ilə yeni qəsəbələrə və evlərə köçürülənədək dayandırılması, iddia tələbinin maddi və mənəvi ziyanın ödənilməsinə dair hissəsinin əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Məhkəmə həmin halları müəyyən etsə də eyni tərəflər arasında eyni predmet üzrə iddia tələbinə baxmamış və bununlada qanunvericiliyin tələbini pozmuşdur. Belə ki, AR MPM-in 153-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etməlidir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
16. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməmməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
17. İş üzrə digər cavabdehlərə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişlər.
18. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
19. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
20. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:
21. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
22. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
23. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
24. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
33. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1941/2025 nömrəli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verib, ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
34. Ona görə də məhkəmə kollegiyası Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin Cavabdeh1 aid hissədə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Apellyasiya instansiyası məhkəməsi tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
36. İddia tələbinin mahiyyətindən görünür ki, tələb cavabdehlərin mübahisəli mənzildən çıxarılması barədədir. İşin faktiki hallarından görünür ki, mübahisəsi gedən Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 8a, 39 saylı mənzil İddiaçı məxsusdur. Cavabdehlər hazırda mübahisəli mənzildə yaşayırlar və mənzildən çıxmırlar. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
37. Kollegiya qeyd edir ki, mübahisələndirilən əmlak iddiaçının mülkiyyəti olduğundan cavabdehlərin həmin mənzildə məskunlaşması və sözügedən ünvandan çıxmamaları iddiaçının mülkiyyət hüquqlarını pozur. Yuxarıda şərh olunan hüquq normalarına əsasən İddiaçı ona məxsus əmlak üzərində mülkiyyət hüququ təmin edilməli və cavabdehlər həmin əmlakdan çıxarılmalıdır. Ona görə də birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə düzgün nəticəyə gəlmişdir.
38. Qeyd olunmalıdır ki, Cavabdeh1 mənzilə sahiblik hüququ yoxdur. Çünki onun həmin mənzildə qalması üçün hər hansı hüquqi əsas (əşya hüququ, yaxud hansısa müqavilədən irəli gələn tələb hüququ) aşkar edilməmiş, habelə Cavabdeh1 bu barədə hər hansı sübutu nə birinci instansiya məhkəməsinə nə də apellyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir.
39. Kollegiya həmçinin qeyd edir ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamına əsasən 2022- 2026-cı illər aralığında Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarında 34500 mənzilin və fərdi yaşayış evinin inşası nəzərdə tutulmuşdur.
40. «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsindən göründüyü kimi, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına yalnız bunun digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmadığı hallarda yol verilir və belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.
41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiyası məhkəməsinin qətnaməsinin Cavabdeh1 aid hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Cavabdeh apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2-139/2006 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, X3 ailə üzvləri ilə birlikdə sözügedən mənzildən çıxarılmaları, X6 ailə üzvləri ilə birlikdə həmin mənzilə köçürülmələri qət edilmişdir. Məhkəmə həmin halları müəyyən etsə də eyni tərəflər arasında eyni predmet üzrə iddia tələbinə baxmış və bununla da qanunvericiliyin tələbini pozmuşdur.
43. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apellyator tərəfindən qeyd etdiyi qətnamə üzrə mübahisə eyni mənzillə bağlı olsa da, Sumqayıt Şəhər Məhkəməsinin 2-139/2006 saylı mülki iş üzrə tərəflər iddiaçı X14 ilə cavabdeh X8 olduğundan, bununla da hazırkı mülki iş üzrə tərəflərlə eynilik təşkil etmədiyindən, qeyd olunan dəlillər hazırkı iş üzrə icraata xitam verilməsi üçün əsas ola bilməz.
44. Azərbaycan Respublikası Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Mülkiyyətçi olan iddiaçı özgəsinin yəni cavabdehin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edir.
45. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən.
46. Cavabdehin bu kimi müdaxiləsi qanuni sahib kimi iddiaçının qanunla qorunan hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Məhz bu səbəblərdən də apellyasiya instansiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır.
47. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli formal əsaslar kimi qiymətləndirilməli, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz.
48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1941/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.