Məhkəmə qərarları › İş №2(105)-1415/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1415/2021

30.03.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1415/2021 30.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, Cavabdeh vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı-nin Cavabdeh qarşı torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması, zəbt edilmiş torpaq sahəsindən çıxarılma və torpaq sahəsi üzərində olan tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-668/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX ******* saylı çıxarışa əsasən İddiaçı-yə məxsus Quba şəhəri, Heydər Əliyev prospekti, 196 ünvanında yerləşən 0,8502 ha torpaq sahəsinin Quba şəhəri, Heydər Əliyev prospektinə olan çıxışı tərəfində tikilmiş və Cavabdeh tərəfindən istifadə edilən, ona məxsus tikilinin cavabdehin hesabına sökülməsi və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX ******* saylı çıxarışa əsasən Quba şəhəri, Heydər Əliyev prospekti, 196 ünvanında yerləşən 0,8502 ha torpaq sahəsinin üzərində Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı habelə iddianın təmin edilməsi barədə ərizə ilə də müraciət edərək, işə mahiyyəti üzrə baxılana kimi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX ******* saylı çıxarışa əsasən İddiaçı-yə məxsus olan Quba şəhəri, H.Əliyev prospekti, 196 ünvanındakı 0,8502 ha torpaq sahəsində yerləşən Cavabdeh tərəfindən istifadə edilən avtomobillərin yağdəyişmə və diaqnostika məntəqəsinin fəaliyyətinin dayandırılması, həmin məntəqənin istifadə edilməsinin qadağan edilməsi barədə qəradad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-668/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə qeyd olunan ərizə təmin edilmişdir (hakim İ.Məmmədov). Bu qərardadla razı olmayan Cavabdeh ondan şikayət verərək, Quba Rayon Məhkəməsinin 2(027)-668/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadının ləğv edilməsini, iddianın təmini tədbiri barədə ərizənin rədd olunmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-668/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, qeyd olunan qərardad mübahisələndirilən məntəqənin mülkiyyətçisi kimi onun Azərbaycan Respublikası Konstitusiyası, Avropa İnsan Hüquqlarına dair Konvensiyası və Mülki Məcəllənin tələbləri üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqlarını məhdudlaşdırmağa yönəldiyindən ləğv edilməli və iddianın təmini tədbiri barədə ərizə rədd olunmalıdır. Belə ki, onun fəaliyyət göstərdiyi avtomobillərin yağdəyişmə və diaqnostika məntəqəsi Quba rayon DTİ və MHQİ-nin xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən xüsusi mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmışdır. Həmin məntəqənin tikilişinə və torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarış (yeni elektron nümunədə olan sənəd) verilməsindən imtina olunması ilə bağlı onun ərizəsi məhkəmə tərəfindən inzibati qaydada təmin olunmuşdur. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx xxx 2020-ci il tarixli qərarı mövcuddur. Bundan başqa, məntəqənin fəaliyyətinin dayandırılması və ondan istifadənin qadağan olunması onun həm mülkiyyət hüququna qanunsuz müdaxilədir, həm də onun və himayəsində olan ailə üzvlərinin qazancından məhrum olmaları deməkdir. Lakin işə baxan məhkəmə bu halları nəzərə almamış və qanunsuz nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən qərardad ləğv edilməli, iddianın təmini tədbiri barədə ərizə isə rədd olunmalıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili və nümayəndəsi X3 şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişdir. Məhkəməyə daxil olan xx.xx.2021-ci il tarixli teleqramla İddiaçı-nin direktoru K.A.Məmmədov işə onun iştirakı olmadan baxılmasını, mübahisələndirilən qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarına əlavə edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı çıxarışdan görünür ki, Quba şəhəri, Heydər Əliyev prospekti, 196 ünvanında yerləşən 1450,9 kv.metr əmlak kompleksi kimi müəssisə xx.xx.2018-ci il tarixdən İddiaçı-nin mülkiyyətindədir. Əmlkaka dair MMC-nin adına xx.xx.2018-ci il tarixdə texniki pasport tərtib edilmişdir. İşə əlavə edilmiş kommersiya hüquqi şəxslərin dövlət reyestrindən xx.xx.2012-ci il tarixli çıxarışından görünür ki, İddiaçı-nin təsisçisi və qanuni təmsilşisi K.A.Məmmədovdur. İşdə olan xx.xx.2004-cü il tarixli şəhadətnamənin surətindən görünür ki, İddiaçı ********** VÖEN-li vergi ödəyicisidir. İşə əlavə edilmiş xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Quba şəhəri, 29-cu məhəllədə yerləşən 45 kv.metrlik elektrik çilingəri sexi-qeyri yaşayış binası Cavabdeh Hacıağa oğlunun adına qeydə alınmışdır. Yenə işə əlavə olunmuş AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-1260/2020 saylı qərarından görünür ki, cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin kasasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx xxxxxx 2020-cu il tarixli, 2-1(105)-125/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan görünür ki, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)-1086/2019 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən xx xxxx 2006-cı il tarixdə verilmiş JN-10xx xxx 30301004 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına və Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Quba rayon Şöbəsinin xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən Quba şəhəri ərazisində yerləşən 0,01 ha torpaq sahəsinə və orada yerləşən çilingər sexinə Cavabdeh Hacıağa oğlunun mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(105)-125/2020 nömrəli qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Quba Rayon Məhkəməsinin 2(027)-668/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ləğv olunmalı, iddianın təmini tədbiri barədə İddiaçı-nin ərizəsi təmin edilməməlidir. İşdən görünür ki, İddiaçı-nin iddianın təmin etmə tədbiri barəsində ərizəsi onun mülkiyyətində olan torpaq sahəsinin kənar təsirdən qorunması məqsədi daşıyır. Birinci instansiya məhkəməsi iddianın təmini tədbiri barədə ərizəni təmin edərkən heç bir əsaslandırma aparmamış, Mülki Prosessual Məcəllənin 157.1, 157.2 və 158.1.2-ci maddələrinin tələblərini sadalamaqla qərardad qəbul etmişdir. Məhkəmə kollegiyası mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AR MPM-nin 157-ci maddəsinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Qeyd olunan hüquq normasının mənasına görə iddianın təmin tədbiri qəbul ediləcək qətnamənin icrasını çətinləşdirəcək və ya mümkünsüz edəcək halların aradan qaldırılmasıdaha dəqiq desək-qətnamənin icrasını təmin etmək məqsədilə tətbiq edilir. Qanunverici məhkəməyə, hələ yekun qərar qəbul etmədən çıxarılacaq məhkəmə qərarının icrasının mümkünlüyünü realizə etmək üçün belə bir hüquq vermişdir və belə bir hüququnun həyata keçirilməsi işdə iştirak edən şəxslərin ərizəsi əsasında prosesin istənilən mərhələsində yol verilir. İstənilən mərhələ dedikdə, iddia ərizəsinin icraata qəbul olunmasından iş üzrə qəbul ediləcək yekun qərar çıxarılanadək dövr başa düşülməlidir. AR MPM-nin 158.1-158.1.3-cü maddələrinə görə iddianı təmin etmək üçün aşağıdakı tədbirlər görülə bilər: cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək. Bu normaların tələblərinə görə işdə iştirak edən maraqlı şəxsin ərizəsi əsasında daşınmaz və daşınar əmlakla bağlı cavabdeh va digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyulması, onların özgəninkiləşdirilməsi və əmlakla bağlı digər hərəkətlərin görülməsinin cavabdehə və başqa şəxslərə qadağan edilməsi kimi iddianı təmin etmək barədə tədbirlər görülə bilər. Hazırki halda iddianın predmetini iddiaçının mülkiyyətində olan 0,8502 ha torpaq sahəsinin Quba şəhəri, H.Əliyev prospektinə olan çıxışında cavabdeh tərəfindən tikilmiş və istifadə edilən tikilinin sökülməsi, torpaq sahəsi üzərində cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması təşkil edir. İş materiallarındakı mötəbər sənədlərdən isə görünür ki, cavabdeh tərəfindən istifadə edilən elektrik çilingəri sexi-qeyri yaşayış binası və onun yerləşdiyi 0,01 ha torpaq sahəsi 2003-cü ildən Cavabdeh Hacıağa oğlunun mülkiyyətindədir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mülkiyyətində olan torpaq sahəsində və qeyri-yaşayış sahəsində göstərdiyi fəlaiyyətin dayandırılması, bu əmlakdan istifadə edilməsinin cavabdehə qadağan edilməsi mülkiyyətçi və sahibkar kimi Cavabdeh Hacıağa oğlunun hüquqlarının pozulması mənasına gəlir, bu isə qanunla qadağandır. AR Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Digər tərəfdən həmin qadağaların tətbiq edilməməsi hazırkı mübahisə üzrə çıxarılacaq qətnamənin gələcəkdə icra edilməsinə heç bir maneçilik törətməsinə səbəb deyildir. Halbuki, daha öncə istinad olunan normanın tələbinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Məhkəmə kollegiyası işin faktiki hallarına və işdəki mötəbər sübutlara əsaslanaraq hesab edir ki, hazırki iddianı təmin tədbiri barədə ərizə əsaslandırılmamışdır və ərizədə göstərilən bu cür tədbirə heç bir zərurət yoxdur. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.3-cü maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddianın təmini tədbiri barədə ərizəsini təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Şikayət təmin edilsin. Quba Rayon Məhkəməsinin 2(027)-668/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı-nin iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Elman Rəhimov Elman Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar