Məhkəmə qərarları › İş №2(105)-1426/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1426/2023

19.09.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1426/2023 19.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X7 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(012)-3830/2021 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh2 mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsi və 226.1 kv.m olan fərdi yaşayış evini xx.xx.2015-ci il tarixdə X6 ilə bağladığı alğı-satqı müqaviləsinə əsasən 36000 manata Camal Səfərova satıb. Sonuncunun əmlak üzərində mülkiyyət hüquqları xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb.

2. Abşeron Rayon Məhkəməsinin 2(012)-5638/2017 saylı, 24 avqust 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh X5 qarşı “fərdi yaşayış evindən çıxarılma, evin boşaldılması və istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilmiş, Cavabdeh2 ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsi və 226.1 kv.m olan fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi, cavabdehin ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsi və 226.1 kv.m olan fərdi yaşayış evindən çıxarılması, evin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilib. Həmin iş üzrə apellyasiya və kassaiya şikayətləri təmin olunmayıb və Abşeron Rayon Məhkəməsinin 24 avqust 2017-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minib.

3. Abşeron Rayon Məhkəməsinin 2(012)-2615/2018 saylı 20 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 Cavabdeh1 və Sumqayıt “ASAN xidmət” mərkəzində notariat kontoruna qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməyib. Həmin iş üzrə verilmiş apellyasiya və kassasiya şikayətlərin təmin olunmayıb.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı hazırki iddia ərizəsi və sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə X6 arasında Sumqayıt “Asan Xidmət” Mərkəzində bağlanan 27 dekabr 2015-ci il tarixli AN-İ ******* nömrəli alğı-satqı müqaviləsinin və Cavabdeh1 adına verilmiş 18 noyabr 2016-cı il tarixli, RX seriyalı, 09599977 saylı çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş ediblər.

5. İddia tələbi belə əsaslandırılıb ki, iddiaçılara yalnız icra mərhələsində məlum olmuşdur ki, anaları Cavabdeh2 sələm faizinin əvəzində 200000 manat dəyərində qiymətləndirilən evlərini 27 dekabr 2015-ci il tarixdə 36000 manat məbləğində X3 formal olaraq alğı-satqı etmişdir. Camalın ölümündən sonra oğlu Cəfərov X4 Zöhrə Əli qızını məhkəməyə verərək evin boşaldılmasını tələb etmiş və iddia təmin edilmişdir. Evin alğısatqı müqaviləsi əsasında satılması mübahisəsiz haldır. Mübahisəli hal isə həmin mənzilin satılmasına iddiaçıların razı olub-olmamasından ibarətdir. Belə ki, onlar əgər razı olsaydılar, bu barədə notariat orqanında ərizə ilə yazılı razılıqlarını bildirərdilər. Əlavə olaraq, mübahisəli mənzilin mövcud bazar dəyərindən yeddi dəfə ucuz qiymətə satıldığını göstərməsi də müqavilənin etibarlı olmasını istisna edən haldır. İddiaçılar hazırda həmin evdə yaşayırlar. Bütün bunlar onların hüquqlarını pozur. Eləcə də, onların həmin müqavilənin bağlanmasından xəbərləri belə olmamışdır.

6. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-3830/2021 saylı, 17 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddia tələbi rədd edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçılar alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etsələr də, müqavilənin etibarsız hesab edilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilməmişlər və məhkəmə araşdırması zamanı da belə bir əsas müəyyən edilməmişdir. Cavabdeh2 və X6 arasında xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə əməl olunmuşdur. Müqavilə hər iki tərəfin iradə ifadəsinə uyğun, notariat qaydada təsdiq olunmaqla bağlanmışdır.

b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

8. Qətnamədən İddiaçı1 apellyasiya şikayəti verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəf onun pula ehtiyacı olduğundan düşdüyü vəziyyətdən istifadə edib onu aldatmış, bağlanan əqdin həqiqətdə uydurma olmasına, başqa əqdi pərdələməsinə baxmayaraq, məhkəmə qanunsuz qətnamə çıxarmışdır. Məhkəmə bu hadisənin əsas şahidlərini dindirməmiş, bunun üçün iddiaçılara şərait yaratmamışdır. Məhkəmə prosessual hüquq normalarının tələblərini kobud surətdə pozaraq, işə onun və digər iddiaçıların iştirakı olmadan baxaraq, qətnamə qəbul etmişdir.

10. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(105)-386/2023 nömrəli, 20 fevral 2023-cü il tarixli qərardadı ilə (hakimlər Gülnar Cabbarova (sədrlik edən və məruzəçi), Almaz Süleymanova və Səyyad Qafari) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir.

11. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh2 iddiaçı qismində Cavabdeh1 (hazırki mülki iş üzrə cavabdeh) qarşı indiki halda mübahisə predmeti olan müvafiq eyni alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia tələbi irəli sürmüş, müvafiq məhkəmə qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, habelə müvafiq apellyasiya və kassasiya instansiya məhkəmələrinin qərarları əsasında həmin məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmış, həmin məhkəmə qətnaməsi qanuni qüvvəyə minmişdir.

c) kassasiya instansiyası məhkəməsindəki icraat

12. Qərardaddan iddiaçı (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1882/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 fevral 2023-cü il tarixli, 2(105)-386/2023 saylı qərardadının ləğv edilməsi, işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

14. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, iş üzrə icraata xitam verilməsi şəxsin Konstitusiya ilə təminat verilmiş məhkəmə müdafiəsi hüququ ilə bilavasitə bağlı olduğuna görə, verilmiş iddia üzrə icraata MPM-in 261.0.2-ci maddəsi əsasında xitam verilməsi zamanı bunun üçün müəyyən edilmiş qanuni əsasların olub-olmaması dəqiq araşdırılmalı, normanın məzmunu genişləndirici təfsir olunmamalı, işin halları bu əsaslara tam uyğun olmadığı halda iddia üzrə icraat davam etdirilməlidir.

15. MPM-in 261.0.2-ci maddəsinin baxılan işə tətbiqi onu ehtiva edir ki, hazırki iddia tələbi ilə, yuxarıda qeyd olunan Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli qətnamələri üzrə işdə iştirak etmiş tərəflər, iddianın predmeti, habelə iddianın əsasları eyni olsun.

16. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur.

17. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar.

18. İşdən göründüyü kimi hazırda baxılan iddia üzrə tərəflər və iddianın əsasları Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli qətnamələri üzrə işdə iştirak etmiş tərəflər, iddianın predmeti, habelə iddianın əsaslarından fərqlidir.

19. Nəzərə alınmalıdır ki, irəli sürülmüş tələblər, bu hüququn yaranmasına əsas olan hüquqi fakt(lar) mövcud olduğu halda təmin oluna bilər. Başqa sözlə, hər bir tələbin fərqli əsasları var və əvvəlki iddiada irəli sürülmüş eyni hüquqi faktlara istinadən yeni (fərqli) tələbin irəli sürülməsi, özlüyündə icraata xitam verilməsinə səbəb olmur. Doğrudur ki, indiki tələbin həlli (iddianın təmin olunması) üçün zəruri olan faktiki hallar, əvvəlki iddianın təmin olunması üçün əsas təşkil etmiş faktiki hallarla oxşardır. Lakin bu hal fərqli əsaslar üzrə icraata xitam verilməsinə əsas vermir. Məhkəmə bu halda iddiaya mahiyyəti üzrə baxmaqla, tərəflərin əvvəlki iş üzrə müəyyən olunmuş halları MPM-in 82-ci maddəsinə əsasən preyudisial hal kimi qəbul edib əlavə araşdırma aparmadan nəticəyə gələ bilər. Yəni baxılan iş üzrə tərəflərin arasında olmuş mübahisədən irəli gələn prosessual qənaətin nəticəsi, hazırki iş üzrə icraata xitam verilməsində deyil, MPM-in 82-ci maddəsinə əsasən əvvəlki işdə müəyyən olunan halların əlavə araşdırma aparmadan qəbul olunmasında ifadə olunur.

20. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsi ilə icraata xitam verilməsi üçün əsaslar yoxdur. İşə baxmış apellyasiya instansiyası məhkəməsi işin yuxarıda qeyd olunan hallarını nəzərə almamış, iş üzrə icraata xitam verilməsi barədə səhv nəticəyə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

23. Məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.

Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

Maddə 340. Uydurma və yalan əqdlərin etibarsızlığı 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya baxışının hədləri

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 1882/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 fevral 2023-cü il tarixli, 2(105)-386/2023 saylı qərardadı tamamilə ləğv edildiyindən hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. İş materiallarında olan xx.xx.2015-ci il tarixli ******* №-li Daşınmaz Əmlakın alqısatqı müqaviləsindən müəyyən edilir ki, Cavabdeh2 ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsi və 226.1 kv.m olan fərdi yaşayış evini 36000 manat müqabilində X2 mülkiyyətinə vermişdir.

29. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışdan müəyyən edilir ki, ünvan 1ində 0.03 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ********** qeydiyyat nömrəsi ilə Cavabdeh1 adına xx.xx.2016-cı il tarixdə qeydə alınmışdır.

30. İş materiallarından və işin araşdırılmış hallarından müəyyən edilir ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsi və sahəsi 226,1 kv.m olan fərdi yaşayış evinin mülkiyyətçisi əvvəlcə Cavabdeh2 olmuş, daha sonra həmin evi və yerləşdiyi torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında X1. Camal Cəfərov vəfat edəndən sonra onun oğlu Cavabdeh1 miras əmlakı qəbul etmiş, dövlət reyestrindən verilmiş çıxarışla həmin evin mülkiyyətçisi olmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-5638/2017 saylı, 24 avqust 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 həmin evindən istifadə hüququnun itirilmiş hesab edilməsi, onun həmin fərdi yaşayış evindən çıxarılması və evin boşaldılaraq Cavabdeh1 təhvil verilməsi qət edilmişdir. Həmin iş üzrə verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 Cavabdeh1 atası ilə bağladığı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin 2(012)-2615/2018 saylı 20 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilməmişdir. Həmin iş üzrə verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

31. Hazırda iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 məhkəməyə “alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbi ilə müraciət etmişlər. İddiaçılar 200000 manat dəyərində qiymətləndirilən evin 36000 manat müqabilində X3 formal olaraq satıldığını və bu alqı-satqıya onların razılığının olmadığını bildirmişlər.

32. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən alğı-satqı müqaviləsi Mülki Məcəllənin müddəalarına və tərəflərin iradə ifadələrinə uyğun olaraq həyata keçirilmişdir və müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur.

33. Belə ki, mülki qanunvericiliyin məzmununa görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş formaya riayət edilməsi zəruridir.

34. Hazırkı mübahisə üzrə isə bağlanmış müqavilənin etibarlılığını şübhə altına alan hal müəyyən edilməmişdir.

35. Bundan əlavə, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

36. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisə predmeti olan müqavilə bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur.

37. Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünun etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. (Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarı)

38. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. (Mülki Məcəllənin6.2-ci maddəsi)

39. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən alğı-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə əməl edilmişdir. Buna görə də, qeyd edilən müqavilə etibarsız hesab edilə bilməz.

40. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin əsasları sübuta yetirilmədiyindən, müqavilənin etibarsızlığı üçün qanunvericilikdə göstərilən əsaslar müəyyən edilmədiyindən, iddiaçı tərəf irəli sürdüyü dəlillərlə bağlı mötəbər sübutlar təqdim edə bilmədiyindən, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir.

41. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.

43. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(012)-3830/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar