Məhkəmə qərarları › İş №2(105)-1437/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1437/2025

16.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1437/2025 16.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və "xxxx" MMC-nə qarşı mülki iş üzrə (Açar sözlər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və "xxxx" MMC-nə qarşı "Barışıq Sazişinin icrasının təmin edilməsi" tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 29 avqust 2025-ci il tarixli, e-2(027)-2553/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətin mümkünlük məsələsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegyiası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən qüvvədə olan məhkəmə qərardadlarının, o cümlədən Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)-2592/2019 saylı qərardadının, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-299/2019 saylı qərardadının, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-299/2019 saylı qərardadının icrasının təmin edilməsi barədə, Cavabdeh3 tərəfindən qüvvədə olan öhdəlik müqaviləsinin (barışıq sazişinin) yerinə yetirməsi barədə, Cavabdeh4 saxlancına verilmiş əmlakların, balıq və balıq məhsullarının İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Quba Rayon Məhkəməsinin 29 avqust 2025-ci il tarixli, e-2(027)-2553/2025 nömrəli qərardadı ilə (hakim Nigar Xəlilova) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 MMC-yə qarşı Barışıq Sazişinin icrasının təmin edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılmışdır.

3. İddiaçı Quba Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Quba Rayon Məhkəməsinin 29 avqust 2025-ci il tarixli, e-2(027)-2553/2025 saylı qərardadının ləğv edilməsini və iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

4. Quba Rayon Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli, e-2(027)-2553/2025 nömrəli qərardadı ilə (hakim Nigar Xəlilova) İddiaçı şikayətinin təmin edilməməsi, İddiaçı Quba Rayon Məhkəməsinin 29 avqust 2025-ci il tarixli, e-2(027)-2553/2025 saylı qərardadından verdiyi şikayətin baxılması üçün, işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya icraatı iştirakçılarının izahatları

5. İddiaçı apellyasiya şikayətinin mümkün hesab edilərək, işin məhkəmə baxışına təyin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

6. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 361.1. Apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir; Maddə 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər; Maddə 396.1. Şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Madə 399. Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 402.2.1. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə aktlarından verilən apellyasiya şikayətinin formasını müəyyən edən “Apellyasiya şikayətinin forması” adlı “Əlavə 2” (2 saylı Əlavə) “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və MPM-ə daxil edilmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

8. İş materiallarından müəyyən olunur ki, Quba Rayon Məhkəməsinin 29 avqust 2025-ci il tarixli, e-2(027)-2553/2025 nömrəli qərardadından İddiaçı tərəfindən şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə deyil, kağız daşıyıcıda verilmişdir.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.

10. Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsindən görünür ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

11. Mülki Prosessual Məcəlləsinin 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır.

12. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən normaların tələbini nəzərə almamış və verilmiş şikayəti geri qaytarmalı olduğu halda səhvə yol verərək onu baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir.

13. Məhkəmə kollegiyası hesab edir ki, Quba Rayon Məhkəməsinin 29 avqust 2025-ci il tarixli, e-2(027)-2553/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyü üçün əsaslar olmadığına görə apellyasiya qeyrimümkün hesab edilməlidir.

14. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 366, 400, 402-403 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:

Quba Rayon Məhkəməsinin 29 avqust 2025-ci il tarixli, e-2(027)-2553/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Şikayət Azərbaycan Respublikası MPM-nin 361-364-cü maddələrinin tələblərinin yoxlanılması üçün Quba Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar