Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1443/2025 06.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neft Kəmərləri" İdarəsinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mühafizə zonası) X11 Süleymanovanın sədrliyi və məruzəsi, X8 Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neft Kəmərləri" İdarəsinin Cavabdeh qarşı "qanunsuz inşa edilmiş fərdi yaşayış evi, çəpər və tövlənin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması" tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 22 iyul 2025-ci il tarixli, e-2(012)-248/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı ARDNŞ-nin (SOCAR-ın) İddiaçı Cavabdeh qarşı qanunsuz inşa edilmiş fərdi yaşayış evi, çəpər və tövlənin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş 700 mm-lik yeraltı neft kəmərinin 25-ci km-də, kəmər xəttindən 30 metr aralı məsafədə neft kəmərinin mühafizə zonasında Quşçuluq massivi adlanan ünvanda cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, metal lövhələrdən ibarət çəpər və evə bitişik tövlə tikilisinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı SOCAR-ın İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş 700 mm-lik yeraltı neft kəmərinin 25-ci km-də, kəmər xəttindən 30 metr aralı məsafədə neft kəmərinin mühafizə zonasında Quşçuluq massivi adlanan ünvanda Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, metal lövhələrdən ibarət çəpər və evə bitişik tövlə tikilməsi faktı aşkar olunmuşdur. AR Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında hər hansı tikinti və quraşdırma işlərinin aparılması qadağandır. Həmçinin AR Prezidentinin xx.xx.2002-ci il tarixli, 685 saylı Fərmanında, eləcə də AR Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Odur ki, göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Qarovul rəisi X2, mühafizəçilər X5 və X9 tərəfindən imza edilməklə tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə 4 saylı qarovulun 1-ci iş növbəsində saat 13:00-da 14-15 saylı postların ərazisində, Böyükşor- Sumqayıt DŞ 700 mm-lik magistal yeraltı neft kəmərinin 25-ci km-də (Abşeron rayonu, Quşçuluq massivi yaxınlığında) kəmərə paralel təqribən 30 metr aralı məsafədə vətəndaş Cavabdeh məxsus iddia edilən, köhnədən metal lövhələrlə çəpərlənmiş həyətyanı sahədə 1.6 metr hündürlüyündə və 12 metr uzunluğunda tikinti işlərinin aparılması aşkar edilmiş, mühafizə zonasında aparılan tikinti işlərinin qanunazidd olduğu vətəndaş Cavabdeh izah edilərək görülən işlərin dayandırılması, həmçinin tikiliyə dair hüquqi sənədlərin təqdim olunması tələb edilmiş, lakin o, qanuni olaraq heç bir hüquqi sənəd təqdim edə bilməmiş, baş vermiş hadisə ilə bağlı sözügedən şəxsə bildiriş verilsə də, o, bildirişi qəbul etməkdən imtina etmişdir. Faktla bağlı fotoşəkillər çəkilərək XTŞ-nin növbə rəisinə, Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndəliyinə, DİN-nin 102 xidmətinə və NKİ-nin AİB-nə məlumat verilmişdir.
5. Qarovul rəisi X2, mühafizəçilər X5 və X9 tərəfindən imza edilməklə tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə 4 saylı qarovulun 2-ci iş növbəsində saat 23:50 radələrində 14-15 saylı postların ərazisində Böyükşor-Sumqayıt DŞ 700 mm-lik magistal yeraltı neft kəmərinin 25-ci km-də (Abşeron rayonu, Quşçuluq massivi yaxınlığında) kəmərə paralel təqribən 30 metr aralı məsafədə vətəndaş Cavabdeh məxsus iddia edilən, köhnədən metal lövhələrlə çəpərlənmiş həyətyanı sahədə 1.6 metr hündürlüyündə və 12 metr uzunluğunda tikilinin üzərində yenidən tikinti işinin davam etdirməsi və dam örtüyü vurmaq üçün taxta konstruksiyasının quraşdırılması tərəflərindən aşkar edilmiş, bir daha ev sahibinə mühafizə zonasında aparılan tikinti işlərinin qanunazidd olduğu bildirilsə də, buna məhəl qoymadan tabesizlik göstərərək işləri dayandırmamış, həmçinin onları həyətyanı sahəsinə buraxmadığına görə hüquqi prosesləri həyata keçirtmək mümkün olmamışdır. Həmçinin aktda qeyd olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə sözügedən ünvanda analoji işlər aparılan zaman aşkar edilərək müvafiq qurumlara, faktla bağlı fotoşəkillər çəkilərək XTŞ-nin növbə rəisinə məlumat verilmişdir.
6. Qarovul rəisi X6, mühafizəçilər X12 və X4 tərəfindən imza edilməklə tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə 3 saylı qarovulun 2-ci iş növbəsində saat 06:00-da 14-15 saylı postların ərazisində Böyükşor- Sumqayıt DŞ 700 mm-lik magistal yeraltı neft kəmərinin 25-ci km-də (Abşeron rayonu, Quşçuluq massivi yaxınlığında) kəmərə paralel, kəmərdən təqribən 30 metr aralı məsafədə, vətəndaş Cavabdeh məxsus olduğu iddia edilən, köhnədən inşa edilmiş evinə bitişik, 2.4 metr hündürlüyündə və 12 metr uzunluğunda olan tövlə tikilisinin dam örtüyünün vurularaq tamamlanması tərəflərindən aşkar edilmiş, ev sahibi onları həyətyanı sahəsinə buraxmadığına görə hüquqi prosesləri həyata keçirtmək mümkün olmamışdır. Həmçinin aktda qeyd olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə sözügedən ünvanda analoji işlər aparılan zaman aşkar edilərək müvafiq qurumlara, faktla bağlı fotoşəkillər çəkilərək XTŞ-nin növbə rəisinə məlumat verilmişdir.
7. Məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Böyükşor- Sumqayıt Dş 700 mm-lik yeraltı neft kəmərinin 25-ci km-də, kəmər xəttindən 30 metr aralı məsafədə neft kəmərinin mühafizə zonasında Quşçuluq massivi adlanan ünvana baxış keçirilərkən sözügedən ünvanda fərdi yaşayış evi, metal lövhələrdən ibarət çəpər və evə bitişik tövlə olduğu müəyyən edilmişdir.
8. Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti Başçısının Hökməli qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş və Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi tərəfindən təsdiqlənmiş xx.xx.2025-ci il tarixli, 1649 saylı arayışdan görünür ki, Cavabdeh Hökməli qəsəbəsi, Atyalı yaşayış massivi ünvanda 1996-cı ildən məskunlaşmışdır.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/1789 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) İddiaçı İstismarında olan Abşeron rayonu, Böyükşor Sumqayıt DŞ 700 mm-lik yeraltı neft kəməri olduğu səbəbindən həmin neft kəmərinin naturada təyin etmək mümkün olmamışdır. Lakin qeyd olunan mütəxəssis rəyinə əlavə edilmiş sxemə əsasən Neft Kəmərləri İdarəsinin mərz nişanı ilə cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi arasındakı məsafənin 35 metr olduğu müəyyən olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
10. Abşeron Rayon Məhkəməsinin 22 iyul 2025-ci il tarixli, e-2(012)-248/2025 nömrəli qətnaməsi ilə (hakim Mirnəsir Mirhəsənli) iddianın təmin edilməsi, iddiaçı SOCARın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş 700 mm-lik yeraltı neft kəmərinin 25-ci km-də, kəmər xəttindən 30 metr aralı məsafədə neft kəmərinin mühafizə zonasında Quşçuluq massivi adlanan ünvanda Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, metal lövhələrdən ibarət çəpər və evə bitişik tövlə tikilisinin onun hesabına sökülərək ərazidən çıxarılması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi və 95 manat mütəxəssis tədqiqatının dəyərinin Cavabdeh tutularaq iddiaçı SOCAR-ın İddiaçı bank hesabına ödənilməsi, aparılmış ekspertiza tədqiqatına görə 100 manat pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli, 844 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi”nin 2.1 və 2.4-cü bəndləri, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsi, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 695 nömrəli Fərmanının 4.10-cü bəndi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9 və 22.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.2, 180.3 və 180.4-cü maddələri, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarının 2.4-cu bəndi, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.1, 97.5, 101.3, 103.1, 106.1, 4, 107, 115.0.1, 119.1, 14.2, 77.1, 88, 217.3, 217.4, 218.3, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
12. Abşeron Rayon Məhkəməsinin 22 iyul 2025-ci il tarixli, e-2(012)-248/2025 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, həmin evdə 1996-cı ildən yaşayır və daimi qeydiyyatda olmuşdur. Həmin ərazidən neft kəmərinin keçirilməsi isə yalnız 2023-2024-cü illərdə aparılmışdır. Əvvəldən mövcud olan tikilinin sonradan çəkilən kəmərin mühafizə zonasında qalmasına görə vətəndaş məsuliyyət daşıya bilməz. Göründüyü kimi mülkiyyətçi kimi öz mülkiyyətində olan ərazidə inşa etdiyi, digər şəxslərin mənafelərinə toxunmayan tikiliyə görə heç bir məsuliyyəti yoxdur. Tərəfindən qonşu sahənin sərhədləri pozulmamışdır və hasar tamamilə ona aid torpaq sahəsində inşa edilmişdir. Ona məxsus torpaq sahəsinin səviyyəsi hasarın mövcud hündürlükdə tikilməsinə imakan verir. Torpaq sahəsinin uçub tökülməsi və hasarın digər mülkiyytçiyə məxsus əmlaka heç bir təhlükə törətmədiyi halda qanunun göstərilən normasının tətbiq edilməsi əsassızdır. Mübahisəli hasarla iddiaçıya məxsus əmlak arasında ara məsafəsi mövcuddur və həmin hissəyə ekspert tərəfindən baxış keçirilmədiyi halda necə ola bilər ki, düzgün qənaətə gəlinsin. Maddi hüquq norması bu hissədə araşdırma aparılmadan formal tətbiq edilmişdir. Belə ki, qarşı tərəfin hüququ heç bir halda əhəmiyyətsiz dərəcədə pozulmamış, onun sahəsindən qaz, buxar, qoxunun, tüstünün, səs-küyün və digər oxşar amillərin iddiaçıya təsiri sübuta yetirilməmiş, ümumiyyətlə ekspert tərəfindən həmin sahəyə baxış keçirilməmişdir. İddiaçı iddianın əsaslılığı barədə, eyni zamanda onun öz mülkiyyətində olan ərazidə inşa etdiyi tikilinin iddiaçıya hər hansı maneə yaratmasına dair heç bir sübut təqdim etməmişdir. Belə ki, onun öz mülkiyətində olan torpaq sahəsində inşa etdiyi tikilinin, yəni daş hasarın iddiaçıya məxsus sahə ilə arasındakı ara məsafəsinin olması aydınlaşdırılmamış, bununla bağlı heç bir tədbir görülməmiş, çəkilmiş hasarın iddiaçıya məxsus əmlaka hər hansı bir təhlükə yaratması müəyyən edilməmişdir. Bütün faktiki halların araşdırılması o halda mümkün olardı ki, ekspert tərəfindən əmlaka tam şəkildə baxış keçirililsin, tərəflər məhkəmə çəkişməsində iştirak etsinlər. Belə olan halda bütün faktiki halların aydınlaşdırılması qeyri-mümkündür. Azərbaycan Respublikası MPMin normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü də müəyyən edir. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın içtimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan, xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşə baxan məhkəmə iddiaçının iddiasını təmin etsə də, həmin tikintinin onun mülkiyyətində olması nəzərə almamışdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
15. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin bildirdi ki, mübahisə predmeti olan ərazidə məcburi köçkün kimi məskunlaşmışdır, heç bir hüquq müəyyənedici sənədi yoxdur.
16. İddiaçının nümayəndəsi X1 xx.xx.2026-cı il tarixində elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadam baxılmasını, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdorolmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh tərəf verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
19. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 9. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqların kateqoriyasında kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqlarının bölgüsü aparılmışdır. Maddə 22.2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Maddə 67.
1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 84.
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (...) 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (...)
Maddə 180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
21. Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları: Bənd 6.1.1. MNK-nin istismarı üçün şərait yaratmaq və onların çəkiliş üsulundan asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir: • MNK-nin marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; 6.2.1. “Mühafizə Zonası"nda Azərbaycan Respublikasının Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) razılığı olmadan aşağıdakılar üzrə işlərin edilməsi qadağandır: - bina və qurğuların tikintisi;
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
24. Məhkəmə kollegiyası tərəfindən işin araşdırılan halları ilə müəyyən edilir ki, iddiaçının əməkdaşları tərəfindən tərtib edilmiş məlum akta istinad edərək cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş fərdi yaşayış evi, metal lövhələrdən ibarət çəpər və evə bitişik tövlə tikilisinin SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş 700 mm-lik yeraltı neft kəmərinin 25-ci km-də, kəmər xəttindən 30 metr aralı məsafədə neft kəmərinin mühafizə zonasında yerləşdiyini iddia etmiş, cavabdeh isə iddia tələbini qəbul etməyərək, 2023-2024-cü illər ərzində neft kəməri çəkilən zaman orada artıq cavabdehin evinin mövcud olduğunu bildirmişdir.
25. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/1789 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) İddiaçı İstismarında olan Abşeron rayonu, Böyükşor Sumqayıt DŞ 700 mm-lik yeraltı neft kəməri olduğu səbəbindən həmin neft kəmərinin naturada təyin etmək mümkün olmamışdır. Lakin qeyd olunan mütəxəssis rəyinə əlavə edilmiş sxemə əsasən Neft Kəmərləri İdarəsinin mərz nişanı ilə cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi arasındakı məsafənin 35 metr olduğu müəyyən olunmuşdur.
26. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə iddia təmin edilmişdir.
27. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqların tərkibində formalaşan mühafizə zonalarının məqsədi məhz əhalinin təhlükəsizliyinin təmin olunması məqsədi daşıyır. Bu kateqoriya torpaqların təyinatı yaşayış və ya qeyri-yaşayış sahəsinin inşasını nəzərdə tutmur və müəyyən edilən mühafizə zonasında hər hansı obyektin tikintisi mühafizə zonasının əhəmiyyətini sıfra endirir. Bu isə məhz əhalinin təhlükəsizliyinin təmin edilməsi baxımından yolverilməzdir.
28. Məhkəmə qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə işi tam, hərtərəfli və obyektiv araşdırmış, müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellasiya şikayəti üzrə qiymətləndirmə aparan kollegiya aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir:
30. Kollegiya vurğulayır ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22ci maddəsinin 3-cü hissəsinə əsasən Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər.
31. Həmin Məcəllənin 62-ci maddəsinə əsasən Elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər.
32. Araşdırılan mübahisədən görünür ki, torpaq sahəsinə dair cavabdehin torpaqayırma sənədləri yoxdur, mübahisəli ərazini zəbt edərək heç bir razılıq olmadan həmin sahədə tikililər inşa etmişdir. Halbuki istismarçı təşkilatın razılığı olmadan mühafizə zonasına aid ərazilərdə bina və qurğuların tikintisi qadağandır.
33. Beləliklə, şərh olunanları ümumiləşdirərək kollegiya bu nəticəyə gəlir ki, hazırkı halda apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 22 iyul 2025-ci il tarixli, e-2(012)-248/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 22 iyul 2025-ci il tarixli, e-2(012)-248/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.