Məhkəmə qərarları › İş №2(105)-1444/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1444/2023

27.07.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1444/2023 27.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh1 nümayəndəsi X1, eləcə də Birliyin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh1 və həmin Birliyin «Etilen-Polietilen» Zavoduna qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, e-2(060)- 2047/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh1nə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 “Etilen-Polietilen” zavodunun 1284 nömrəli, xx.xx.2022-ci il tarixli intizam tənbehi haqqında əmrinin ləğv edilməsi və onun işə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun zaman, yəni 2000-ci ildən 18 noyabr 2022-ci il tarixinə qədər Cavabdeh1 “Etilen-Polietilen” zavodunun 24 saylı buxar və elektrik enerjisi istehsalatının qazanxana və turbin maşinisti kimi çalışmışdır. Onun uzun illərdir ki, əmək fəaliyyəti var və burada çalışdığı dönəmdə o hər bir zaman öz əmək funksiyalarını dəqiq bir şəkildə yerinə yetirmişdir. Bu dönəmdə əmək fəaliyyətilə bağlı heç bir intizam və ya inzibati məsuliyyətə cəlb olunmamışdır. “Etilen-Polietilen” zavodunun mühafizə xidməti əməkdaşları xx.xx.2022-ci il tarixdə, saat 05:00 radələrində 18 saylı postun ərazisində iki ədəd, təxminən ümumi çəkisi 20 kq olan mis bağlamaların zavod ərazisindən çölə atıldığını aşkar etmişlər. Həmin saatlarda isə o, zavodun içərisində öz əmək fəaliyyətini yerinə yetirmişdir. Bu faktı da onunla çalışan bütün əməkdaşlar təsdiq edə bilərlər. Belə ki, o, xx.xx.2022-ci il tarixdə, saat 08:00-da sutkalıq işə başlamış və xx.xx.2022-ci il tarixdə, saat 07:00-da növbəni təhvil verib işdən çıxmışdır. Yəni həmin vaxt o, zavod daxilində öz əmək fəaliyyətini icra etdiyi yerdə olmuşdur. Bundan sonra isə o, iş vaxtı bitdikdən sonra, yəni saat 07:15 radələrində zavodun çölünə çıxmış və zavodun çölündə olan bankomatdan pul çıxarmaq üçün bankomata yaxınlaşmışdır. Bu zaman da burada olan 2 bağlama onun diqqətini cəlb etdiyi üçün onlara yaxınlaşmışdır. Bu zaman isə bir şəxs ona yaxınlaşaraq qollarından tutmuş və bu zaman aralarında mübahisə yaranmışdır. Həmin şəxs Cavabdeh1 “Etilen-Polietilen” zavodunun mühafizə xidmətinin növbə rəisi X5 idi. Həmin şəxsin mühafizə xidmətinin əməkdaşı olduğunu isə sonradan öyrənmişdir. Bundan sonra həmin şəxs ona əsassız ittihamlarla yaxınlaşaraq həmin bağlamaları onun oğurladığını iddia etmişdir. Lakin o həmin şəxsə səhərə kimi işdə olduğunu, bu bağlamalardan xəbərsiz olduğunu bildirsə də, həmin şəxs bunu nəzərə almamışdır. O, bağlamalara sadəcə olaraq şübhəli olduqları və qorxduğu üçün yaxınlaşmışdır. Bu zaman onun bu bağlamaların içərisində mis naqillərin olduğundan xəbəri olmamışdır. Sonradan o, həmin bağlamalarda mis naqillər olduğunu bilmiş və mühafizə xidmətinin əməkdaşına da bunları söyləyərək onu buraxmasını istəmişdir. Lakin həmin şəxs polis çağıracağı ilə onu təhdid etmiş və sonunda DİN-nin 102 xidməti zəng mərkəzinə müraciət etmişdir. Bundan sonra isə o, zavod rəhbərliyini bütün bu olanlardan xəbərdar edərək iddiaçını heç bir sübut olmadan əsassız şəkildə oğurluq edən kimi qələmə vermişdir. Zavod rəhbərliyi onun danışdığı faktiki hallara deyil, mühafizə əməkdaşının əsassız yalanlarına inanmışdır. Nəticədə zavod rəhbərliyi tərəfindən daxili intizam qaydalarının iddiaçı tərəfindən kobud pozuntusuna yol verildiyinə görə onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmağı üçün razılıq verilməsi üçün zavod Həmkarlar İttifaqı Komitəsinə müraciət edilmişdir. HİK-in RH-nin 102 nömrəli, xx.xx.2022-ci il tarixli iclas protokoluna əsasən onunla heç bir əsaslı sübut təqdim olunmadan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmağı üçün razılıq verilmişdir. Nəticədə isə Cavabdeh1 “Etilen-Polietilen” zavodunun 1284 nömrəli, xx.xx.2022-ci il tarixli intizam tənbehi haqqında əmrinə əsasən daxili intizam qaydalarını pozduğuna görə onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İşin məhkəmə baxışı zamanı “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” Zavodu iş üzrə cavabdeh kimi cəlb edilmişdir. Cavabdeh “Azərkimya” İstehsalat Birliyinin «Etilen-Polietilen» Zavodu iddia tələbinə yazılı etiraz təqdim edərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 05:00 radələrində "Azərikimya" İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun mühafizə xidmətini yerinə yetirən "xxxx" MMC-nin əməkdaşları 18 saylı postun ərazisində iki ədəd təxminən ümümi çəkisi 20 kq olan mis bağlamaların oğurluq məqsədilə zavod ərazisindən çöl hissəyə atıldığını aşkar etmişlər. Saat 07:15 radələrində zavodun 24 saylı buxar və elektrik enerjisi istehsalatının qazanxana və turbin maşinisti iddiaçı həmin bağlamaları atıldığı yerdən götürmək istəyərkən mühafizə xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. İddiaçının hadisə yerində saxlanılması anları mühafizə xidmətinin əməkdaşları tərəfindən video görüntülərlə qeydə alınmışdır. Faktla bağlı 102 zəng mərkəzinə məlumat verilmiş və saxlanılan şəxs hadisə yerinə gəlmiş Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşlarına maddi sübutlarla birlikdə təhvil verilmişdir. Zavod rəhbərliyi tərəfindən daxili intizam qaydalarının kobud pozuntusuna yol verdiyinə görə iddiaçının Azərbaycan Respublikasının Əmək Məlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına razılıq verilməsi üçün 3104/ON-06-1725 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla zavod Həmkarlar İttifaqı Komitəsinə müraciət edilmişdir. HİK-in RH-nin 102 №-li, xx.xx.2022-ci tarixli iclas protokoluna əsasən iddiaçının Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına razılıq verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək bildirmişdir ki, o, mühafizə şirkəti olan "xxxx" MMC-nin növbə rəisidir. O, şirkətin digər əməkdaşları ilə birlikdə «Etilen-Polietilen» Zavodunda mühafizə xidmətini aparırlar. Belə ki, xx.xx.2022-ci ildə zavod ərizəsində gecə saatlarında xidmətdə olarkən mühafizəçi ilə birlikdə ərazini yoxlayarkən hasar istiqamətində qaraltı görmüşlər. Fanarı işlək vəziyyətə gətirərkən qaraltı yox olmuşdur. Sanki kiminsə onları görərək zavodun içərisinə qaçdığını hiss etmişlər. Lakin, həmin şəxsin üzünü görə bilməmişlər. Bundan sonra zavodun hasarının çöl tərəfində iki bağlama görmüşlər. Bu barədə komanda rəsinə məlumat vermişdir. Rəis də onlara bağlamaları gizli nəzarətdə saxlamağı tapşırmışdır. Bağlamalara baxış keçirdikdə, bağlamalarda təxminən 20 kq mis naqil olduğunu görmüşlər. Bundan sonra mühafizəçi zavodun işinə, öz xidmət yerinə qayıtmışdır. Səhər təxminən 07:00 radələrində iddiaçı zavoddan çıxaraq həmin bağlamalara yaxınlaşmış və bağlamaları götürmək istəyərkən o, iddiaçının qollarından tutaraq onu saxlamışdır. İddiaçı onu vuracağı ilə hədələdiyi üçün iddiaçını buraxmışdır. Sonradan iddiaçı ona gizli sövdələşmə təklif edərək bağlamaları aparmasına şərait yaratmasını xahiş etmiş, bunun müqabilində ona pul təklif etmiş, o bununla razılaşmayaraq iddiaçı ilə danışıqlarını telefonunun kamerasına çəkmişdir. Videogörüntülərdə iddiaçı həmin təkliflərlə ona müraciət edir. Bundan sonra isə o, zavod rəhbərliyinə və 102 xidmətinə hadisə ilə bağlı məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək bildirmişdir ki, zavodda mühafizə xidmətini aparır. xx.xx.2022-ci ildə saat 05:00 radələrində növbə rəisi X5 ilə birlikdə ərazini yoxlayarkən hasar istiqamətində qaraltı görmüşlər. Fanarı işlək vəziyyətə gətirərkən qaraltı yox olmuş, sanki kiminsə onları görərək zavodun içərisinə qaçdığını hiss etmişlər. Lakin, həmin şəxsin üzünü görə bilməmişlər. Bundan sonra zavodun hasarının çöl tərəfində iki bağlama görmüşlər. Şənlik Ağayev bu barədə komanda rəsinə məlumat vermişdir. Rəis də onlara bağlamaları gizli nəzarətdə saxlamağı tapşırmışdır. Bağlamalara baxış keçirdikdə, bağlamalarda təxminən 20 kq mis naqil olduğunu görmüşlər. Bundan sonra o, zavodun işinə, öz xidmət yerinə qayıtmışdır. Növbə rəisi iddiaçını tutan zaman o, həmin ərazidə olmamışdır. Sonradan həmin əraziyə gəldikdə belə bir hadisənin baş verdiyini və polis əməkdaşlarının gəldiyini görmüşdür. Sumqayıt Şəhər Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, e-2(060)-2047/2023 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh1nə və Cavabdeh1n “Etilen-Polietilen” Zavoduna qarşı Cavabdeh1 “Etilen- Polietilen” zavodunun 1284 nömrəli, xx.xx.2022-ci il tarixli intizam tənbehi haqqında əmrinin ləğv edilməsi və onun işə bərpa edilməsi barədə iddiası təmin edilməmişdir (hakim Emin Abdullayev). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, e-2(060)-2047/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh1 “Etilen- Polietilen” zavodunun mühafizə xidməti əməkdaşları xx.xx.2022-ci il tarixdə, saat 05:00 radələrində 18 saylı postun ərazisində iki ədəd təxminən ümumi çəkisi 20 kq olan mis bağlamaların zavod ərazisindən çölə atıldığını aşkar etmişlər. Həmin saatlarda isə o, zavodun içərisində öz əmək fəaliyyətimi yerinə yetirmişdir. Bu faktı da onunla çalışan bütün əməkdaşlar təsdiq edə bilərlər. Belə ki, o, xx.xx.2022-ci il tarixdə saat 08:00-da sutkalıq işə başlamış və xx.xx.2022-ci il tarixdə saat 07:00-da növbəni təhvil verib işdən çıxmış, yəni həmin zamanda o, zavod daxilində öz əmək fəaliyyətini icra etdiyi yerdə olmuşdur. Bundan sonra isə o, iş vaxtı bitdikdən sonra, yəni saat 07:15 radələrində zavodun çölünə çıxmış və zavodun çölündə olan bankomatdan pul çıxarmaq üçün bankomata yaxınlaşmışdır. Bu zaman da burada olan 2 bağlama onun diqqətini cəlb etdiyi üçün onlara yaxınlaşmışdır. Bu zaman isə bir şəxs ona yaxınlaşaraq qollarından tutmuş və bu zaman onlar arasında mübahisə yaranmışdır. Həmin şəxs Cavabdeh1 “Etilen- Polietilen” zavodunun mühafizə xidmətinin növbə rəisi X5 idi. Həmin şəxsin mühafizə xidmətinin əməkdaşı olduğunu isə o sonradan öyrənmişdir. Bundan sonra həmin şəxs ona əsassız ittihamlarla yaxınlaşaraq həmin bağlamaları onun oğurladığını iddia etmişdir. Lakin o, həmin şəxsə səhərə kimi işdə olduğunu, bu bağlamalardan xəbərsiz olduğunu bildirsə də, o bunu nəzərə almamışdır. O, bağlamalara sadəcə olaraq şübhəli olduqları və qorxduğu üçün yaxınlaşmışdır. Bu zaman onun bu bağlamaların içərisində mis naqillərin olduğundan xəbəri yox idi. Sonradan o, həmin bağlamalarda mis naqillər olduğunu bilmiş və mühafizə xidmətinin əməkdaşına da bunları söyləyərək onu buraxmasını istəmişdir. Lakin həmin şəxs polis çağıracağı ilə onu təhdid etmiş və sonunda DİN-nin 102 xidməti zəng mərkəzinə müraciət etmişdir. Bundan sonra isə həmin şəxs zavod rəhbərliyini bütün bu olanlardan xəbərdar edərək onu heç bir sübutu olmadan əsassız şəkildə oğurluq edən kimi qələmə vermişdir. Zavod rəhbərliyi isə onun danışdığı faktiki hallara deyil, mühafizə əməkdaşının əsassız yalanlarına inanmışdır. Nəticədə zavod rəhbərliyi tərəfindən tamamilə əsassız olaraq heç bir əsaslı sübut təqdim etmədən daxili intizam qaydalarının guya onun tərəfindən kobud pozuntuya yol verildiyinə görə onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına razılıq verilməsi üçün 3104/ON-06-1725 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla zavodun Həmkarlar İttifaqı Komitəsinə müraciət edilmişdir. HİK-in RH-nin 102 nömrəli, xx.xx.2022-ci il tarixli iclas protokoluna əsasən onun heç bir əsaslı sübut təqdim olunmadan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmağı üçün razılıq verilmişdir. Nəticədə isə o, Cavabdeh2stehsalat Birliyinin “Etilen- Polietilen” zavodunun 1284 nömrəli, xx.xx.2022-ci il tarixli intizam tənbehi haqqında əmrinə əsasən daxili intizam qaydalarını pozduğuna görə onunla bağlanmış əmək müqaviləsi xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Lakin o, bu əmrin tamamilə qanunsuz və əsassız olduğunu düşünür. Bunu təsdiq edəcək bir çox tutarlı dəlili vardır. Lakin cavabdehin onu işdən çıxarmasına dair heç bir tutarlı sübutu yoxdur. Bundan əlavə, bildirir ki, xx.xx.2022-ci il tarixdə mühafizə xidmətinin növbə rəisi X5 Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə müraciət edərək onu saxlaması barədə məlumat vermişdir. Bundan sonra iş üzrə müvafiq araşdırmalar aparılmış, Şənlik Ağayev və ondan iş üzrə izahatlar alınmışdır. Bu iş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin təhqiqatçısı, polis kapitanı X3 icraatında olmuşdur. İş üzrə araşdırmanın nəticəsi olaraq X7 12 noyabr 2022-ci il tarixli HK-1/1249 nömrəli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. İş üzrə araşdırma zamanı müəyyən olunmuşdur ki, onun üzərinə atılan cinayət əməlini onun törətməsi ilə bağlı heç bir sübut yoxdur. Bu qəbul edilən 12 noyabr 2022-ci il tarixli HK-1/1249 nömrəli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda da qeyd edilmişdir. Bütün bunlara və Polis Bölməsində verilən izahatlara əsasən onun “Etilen- Polietilen” zavodu ərazisindən oğurluq etməsi faktı tapılmamış və öz əksini tapmamışdır. Ona görə də 12 noyabr 2022-ci il tarixli HK-1/1249 nömrəli cinayət işinin başlanmasının rədd edilmişdir. Buna görə də tam olaraq demək olar ki, polis araşdırmasından sonra da onun oğurluq etdiyinə dair hər hansısa tutarlı sübut tapılmamışdır. Buna görə də hesab edir ki, onun işdən çıxarılması tamamilə əsassız sürətdə baş vermişdir və Cavabdeh1 “Etilen-Polietilen” zavodunun 1284 nömrəli, xx.xx.2022-ci il tarixli intizam tənbehi haqqında əmri tamamilə qanunsuzdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh1 nümayəndəsi X2, eləcə də Birliyin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyasına ərizə ünvanlayaraq hazırda səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin bununla əlaqədar məhkəmə kollegiyasına hər hansı rəsmi sənəd təqdim etməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, aparılmış yoxlamanın nəticələri üzrə İddiaçı barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan «Etilen-Polietilen» X9 Komitəsi Rəyasət Heyətinin iclasının xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, Cavabdeh1 “Etilen-Polietilen” zavodunun 24 saylı Buxar və elektrik enerjisi istehsalatının qazanxana və turbin maşinisti olan İddiaçı işdən azad olunması haqqında rəhbərliyin müraciəti, işçinin daxili intizam qaydalarını və onunla bağlanılmış əmək müqaviləsi şərtlərini kobud qaydada pozduğu üçün işdən azad olunmasına razılıq verilməsi qərara alınmışdır. İş materiallarında olan “Azərkimya” İstehsalat Birliyi «Etilen-Polietilen» Zavodunun xx.xx.2022-ci il tarixli, 1284 nömrəli intizam tənbehi haqqında əmrindən görünür ki, daxili intizam qaydalarını pozduğuna görə 24 saylı Buxar və elektrik enerjisi istehsalatının qazanxana və turbin maşinisti olan İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Məhkəmə kollegiyasının iclasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı 2000-ci ildən 18 noyabr 2022-ci il tarixinə qədər Cavabdeh1 “Etilen-Polietilen” zavodunun 24 saylı buxar və elektrik enerjisi istehsalatının qazanxana və turbin maşinisti kimi çalışmış, xx.xx.2022-ci il tarixdə, saat 05:00 radələrində "Azərikimya" İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun mühafizə xidmətini yerinə yetirən "xxxx" MMC-nin əməkdaşları 18 saylı postun ərazisində iki ədəd təxminən ümümi çəkisi 20 kq olan mis bağlamaların zavod ərazisindən çöl hissəyə atıldığını aşkar etmişlər. Saat 07:15 radələrində zavodun 24 saylı buxar və elektrik enerjisi istehsalatının qazanxana və turbin maşinisti İddiaçı həmin bağlamaları atıldığı yerdən götürmək istəyərkən mühafizə xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. İddiaçının hadisə yerində saxlanılması anları mühafizə xidmətinin əməkdaşları tərəfindən video görüntülərlə qeydə alınmış, faktla bağlı 102 zəng mərkəzinə məlumat verilmiş və saxlanılan şəxs hadisə yerinə gəlmiş Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşlarına maddi sübutlarla birlikdə təhvil verilmişdir. Bundan sonra zavod rəhbərliyi tərəfindən daxili intizam qaydalarının kobud pozuntusuna yol verdiyinə görə İddiaçı Azərbaycan Respublikasının Əmək Məlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına razılıq verilməsi üçün 3104/ON-06-1725 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla zavod Həmkarlar İttifaqı Komitəsinə müraciət edilmiş və HİK-in RH-nin 102 №-li, xx.xx.2022-ci tarixli iclas protokoluna əsasən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına razılıq verilmiş və “Azərkimya” İstehsalat Birliyi «Etilen-Polietilen» Zavodunun xx.xx.2022-ci il tarixli, 1284 nömrəli intizam tənbehi haqqında əmrinə əsasən daxili intizam qaydalarını pozduğuna görə 24 saylı Buxar və elektrik enerjisi istehsalatının qazanxana və turbin maşinisti işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Məhkəmə kollegiyasının iclasında aparılmış araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə “Azərkimya” İstehsalat Birliyi «Etilen- Polietilen» Zavodunda işləyən bir nəfər şəxsin həmin Zavoddan mis oğurlaması ilə bağlı məlumat daxil olmuş və aparılmış araşdırma zamanı “Azərkimya” İstehsalat Birliyi «Etilen- Polietilen» Zavodunun 24 saylı Buxar və elektrik enerjisi istehsalatının qazanxana və turbin maşinisti işləyən İddiaçı «Etilen-Polietilen» Zavodunun ərazisində oğurluq etməsi faktı öz təsdiqini tapmadığından xx.xx.2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının barəsində cinayət işinin başlanması rədd edilsə də, aparılmış yoxlamalarla onun tərəfindən əmək qanunvericiliyinin ciddi pozuntusuna yol verilməsi aşkar olunmuş və işdən azad olunmasına səbəb də məhz həmin nöqsanlar olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsi 10-cu maddəsinin “a” bəndinə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, “ç” bəndinə əsasən, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq işçinin əsas vəzifələrindəndir. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71.2-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. İddiaçı apellyasiya şikayətinin əsas dəlili kimi heç bir oğurluq hadisəsini törətməməsini, xx.xx.2022-ci il tarixində işdən çıxaraq bankomatdan pul çıxarmaq istəyərkən zavodun çölündə, hasarın dibində bağlamaları gördüyünü və onların nə olduğunu bilmək üçün həmin bağlamalara baxmaq istəyərkən zavodun mühafizə xidməti əməkdaşı tərəfindən saxlanılması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, həmin hal zavodun mühafizə xidməti əməkdaşlarının ifadələri və videogörüntülərlə təkzib edilir. Belə ki, məhkəmə iclasında ifadə vermiş şahid X5 ifadəsində iddiaçını saxladıqdan sonra iddiaçı bağlamaları aparmasına şərait yaratmasını, bu barədə heç kimə bir söz deməməsini xahiş etmiş və bunun müqabilində ona pul təklif etdiyini bildirmiş, qeyd edilən xüsusatlar birinci instansiya məhkəməsinə təqdim edilmiş videodiskdə olan videogörüntülər də təsdiq edilmişdir. Bundan əlavə, iddiaçı həmçinin apellyasiya şikayətinin dəlili kimi Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarla oğurluq etməsi faktının öz təsdiqini tapmadığını və cinayət işinin başlanmasının rədd edilməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis bölməsinin təhqiqatçısının xx.xx.2022-ci qərarı ilə iddiaçının cinayət törətməsinin sübuta yetirilmədiyi üçün cinayət işinin başlanması rədd edilmişdir. Bu hal iddiaçının cinayət törətmədiyini təsdiq edir. Lakin, iddiaçının hadisədən sonrakı davranışı zamanı mühafizə xidməti əməkdaşına işbirliyi təklif etməsi, bağlamaları götürməsi üçün şərait yaradılması barədə həmin əməkdaşdan xahiş etməsi iddiaçının təqsirli hərəkətlərlə işə götürənə maddi ziyan vurmağa çalışması (Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndi), əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi (həmin maddənin “e” bəndi) kimi əməllərə yol verməsi qənaətinə gəlməyə imkan verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh1nə və Cavabdeh1n “Etilen-Polietilen” Zavoduna qarşı Cavabdeh1 “Etilen-Polietilen” zavodunun 1284 nömrəli, xx.xx.2022-ci il tarixli intizam tənbehi haqqında əmrinin ləğv edilməsi və onun işə bərpa edilməsi barədə iddiasını təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, e-2(060)-2047/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar