Məhkəmə qərarları › İş №2(105)-147/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-147/2022

19.05.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-147/2022 19.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə açıq məhkəmə iclasında Quba Rayon Məhkəməsinin 09.04.2021-ci il tarixli, 2(027)-696/2021 saylı qətnaməsindən Cavabdeh2 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin 09.04.2021-ci il tarixli, 2(027)-696/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Rahim Həsənov) İddiaçı cavabdehlər X5 və Cavabdeh2 qarşı həyətyanı torpaq sahəsinin özgənin qanunsuz sahibliyindən geri qaytarılması və tikintinin cavabdehlərin hesabına sökülməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX-dən verilmiş ********** qeydiyyat nömrəli, 07.01.2020-ci il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı məxsus Quba rayonu, Alekseyevka kəndində yerləşən 0,0150 ha torpaq sahəsinə cavabdehlər X6 və Cavabdeh2 tərəfindən yaradılan maneələrin aradan qaldırılması və İddiaçı Seyfulla oğluna məxsus torpaq sahəsində olan tikililərin cavabdehlər tərəfindən sökülməsi qət edilmiş, Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, 07.01.2020-ci il qeydiyyat tarixli çıxarışa əsasən ona məxsus Quba rayonu, Alekseyevka kəndində yerləşən 0,0150 ha torpaq sahəsinə cavabdehlər X6 və Cavabdeh2 tərəfindən yaradılan maneələrin aradan qaldırılması və ona məxsus torpaq sahəsində olan tikililərin cavabdeh tərəfindən sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, 07.01.2020-ci il qeydiyyat tarixli çıxarışa əsasən Quba rayonu, Alekseyevka kəndində yerləşən 0,0150 ha torpaq sahəsi mülkiyyət hüququ ilə ona məxsusdur. Lakin həmin torpaq sahəsində Cavabdeh1 qardaşı X1 tikililəri var. O, torpağı alan zaman cavabdehlər torpaq sahəsində olan tikililərin tezliklə söküləcəyini bildirmişdilər. Lakin cavabdehlər həmin tikililəri sökmək istəmirlər. Hazırda o, torpaq sahəsində mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Dəfələrlə cavabdehlərdən torpaq sahəsindəki tikililəri sökmələrini xahiş etsə də, cavabdehlər həmin tikililəri sökməkdən imtina etmişlər. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razı deyildir, qətnamə əsassızdır. Qətnamə qəbul edilən zaman məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar tam və obyektiv aydınlaşdırılmamışdır. İddiaçı məhkəmə iclasında verdiyi izahatında düzgün olmayaraq qeyd etmişdir ki, torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanarkən 4500 manat məbləğində torpaq sahəsinin pulunu və notarial sənədləşmə zamanı 100 manat pul ödəmişdir. Əslində həqiqət bunun tam əksinədir. Onun iddiaçıya borcu olmuşdur. Borcun qaytarılmasına əminlik üçün İddiaçı öz təşəbbüsü ilə borcu ödəyənədək torpaq sahəsinin iddiaçının mülkiyyətində qalmasına dair aralarında razılaşma olmuşdur. Razılaşılan müddət ərzində borcu gecikdirdiyi üçün İddiaçı təkidi ilə o, əlavə 500 manat təzminat ödəmək barədə öhdəlik götürmüşdür. Hazırda isə iddiaçı razılaşmalarına tam zidd olaraq onlara qarşı girov kimi təklif etdiyi 0,015 torpaq sahəsindəki çox vacib tikililərin sökülməsinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya şikayətində iş üzrə qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı, cavabdehlər X6 və Cavabdeh2 məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi qismən, tikililərin sökülməsinə aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 12 dekabr 2019-cu il tarixdə Quba regional “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiq edilərək 4Ə-2920 sayla reyestrdə qeyd edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X2 rayonu, Alekseyevka kəndində yerləşən 0,04 ha torpaq sahəsinin 0,0150 ha hissəsini 4500 manata İddiaçı satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Quba rayonu, Alekseyevka kəndində yerləşən 0,0150 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında 07.01.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində **********40 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Quba rayonu, Alekseyevka kəndində yerləşən 0,0150 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 07.01.2020-ci il tarixdə A seriyalı, 469046 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İş üzrə keçirilmiş ekspertizanın 30.03.2022-ci il tarixli, 10/6751 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 07.01.2020-ci il tarixdə tərtib edilmiş A seriyalı, 469046 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsində ölçüləri 7.10 m x 4.10 m olan tövlə tikilisinin və ölçüləri 7.10 m x 4.10 m olan sanitar qovşaq tikilisinin mövcud olduğu müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı məxsus Quba rayonu, Alekseyevka kəndində yerləşən 0,0150 ha torpaq sahəsinə cavabdehlər X6 və Cavabdeh2 tərəfindən yaradılan maneələrin aradan qaldırılması hissəsində qanuni və əsaslıdır. İş materiallarından görünür ki, İddiaçı ona məxsus torpaq sahəsində olan tikililərin cavabdehlər tərəfindən sökülməsini xahiş etmişdir. İddiaçı hansı tikililərin sökülməsini iddia ərizəsində konkret qeyd etməmiş, birinci instansiya məhkəməsi də İddiaçı mülkiyyətində olan Quba rayonu, Alekseyevka kəndində yerləşən 0,0150 ha torpaq sahəsində hansı tikililərin inşa edildiyini müəyyən etməmiş, cavabdehlər tərəfindən hansı tikililərin sökülməsini qətnamədə konkret göstərməmiş, bununla da prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 4 nömrəli qərarının 6.8-ci bəndinə görə qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. İş üzrə keçirilmiş ekspertizanın 30.03.2022-ci il tarixli, 10/6751 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 07.01.2020-ci il tarixdə tərtib edilmiş A seriyalı, 469046 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsində ölçüləri 7.10 m x 4.10 m olan tövlə tikilisinin və ölçüləri 7.10 m x 4.10 m olan sanitar qovşaq tikilisinin mövcud olduğu müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 07.01.2020-ci il tarixdə tərtib edilmiş A seriyalı, 469046 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsində ölçüləri 7.10 m x 4.10 m olan tövlə və ölçüləri 7.10 m x 4.10 m olan sanitar qovşaq tikililəri cavabdehlər X6 və Cavabdeh2 tərəfindən sökülməlidir. Cavabdeh2 apellyasiya şikayətində iddiaçıya borcu olduğunu, borcun qaytarılmasına əminlik üçün İddiaçı öz təşəbbüsü ilə borcu ödəyənədək torpaq sahəsinin iddiaçının mülkiyyətinə verməsinə dair aralarında razılaşma olduğunu göstərmişdir. Cavabdeh2 apellyasiya şikayətində göstərdiyi bu hallara dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi qismən, tikililərin sökülməsinə aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdehlər X6 və Cavabdeh2 tutularaq X4, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595 hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392-393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Quba Rayon Məhkəməsinin 09.04.2021-ci il tarixli, 2(027)-696/2021 saylı qətnaməsi qismən, tikililərin sökülməsinə aid hissədə ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin, iddia həmin hissədə təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 07.01.2020-ci il tarixdə tərtib edilmiş A seriyalı, 469046 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsində ölçüləri 7.10 m x 4.10 m olan tövlə və ölçüləri 7.10 m x 4.10 m olan sanitar qovşaq tikililəri cavabdehlər X6 və Cavabdeh2 tərəfindən sökülsün. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat cavabdehlər X6 və Cavabdeh2 tutularaq X4, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595 hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar