Məhkəmə qərarları › İş №2(105)-1470/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1470/2022

31.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1470/2022 31.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı, onun nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul və maddi-mənəvi ziyan tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 2(059)-63/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Siyəzən Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim Bəylər Ələkbərov) iddia qismən təmin edilmiş, Cavabdeh1 İddiaçı xeyrinə 3300 (üç min üç yüz) manat və 320 (üç yüz iyirmi) ABŞ dollarının ödəniş vaxtına manatın məzənnəsi üzrə pulun tutulması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə sonuncunun təmirə çəkdiyi 4258 manat xərc, vəkilin göstərdiyi hüquqi yardıma görə ödədiyi 500 (beş yüz) manat məsrəf, məhkəmə-əmtəəşünaslıq (müstəqil qiymətləndirici) ekspertizası üçün ödədiyi 400 manatın 38%-i, yəni 152 (bir yüz əlli iki) manatı, iddia tələbi üzrə ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumunun 38%-i, yəni 11,40 (on bir manat 40 qəpik) manatıın tutularaq ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – L.Məmmədova (sədrlik edən və məruzəçi), T.Quliyev və G.Tağızadə, iş №2(105)- 2725/2021) cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın təmin edilməməsi, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 18 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər A.Hüseynov (sədrlik edən və məruzəçi), Ə.Nurməmmədov və Z.Əliyev) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2725/2021 nömrəli iş üzrə 19 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul və maddi-mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada onlara ödədiyi 320 ABŞ dolları və 3740 manat nağd pulun, təmirə xərclədiyi 4450 manatın, avadanlıqların alınmasına və quraşdırılmasına sərf edilmiş 3750 manat məbləğində vəsaitin, vəkilə ödədiyi 1000 manat məbləğində pulun, 30 manat dövlət rüsumunun, avtomobilini tələsik ucuz qiymətə satdığına görə ona dəymiş 2000 manat məbləğində ziyanın, bankdan kredit götürdüyünə görə ödəməli olduğu 1837,48 manat faizin, kredit alarkən bank xərclərinə çəkilmiş 60 manat xərcin, ümumilikdə 320 ABŞ dolları və 16807,48 manat məbləğində pulun, habelə əsəb-stress keçirdiyinə, eləcə də psixoloji gərginlik və narahatlıq yaşadığına görə ona vurulmuş mənəvi ziyana görə 5000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Siyəzən şəhəri ərazisində yerləşən 0,0044 ha torpaq sahəsi Siyəzən bələdiyyəsinin 30 yanvar 2003-cü il tarixli, 1-9 nömrəli qərarı və torpaq icarəsi müqaviləsi əsasında 99 il müddətinə cavabdehlərin mərhum atası X1 icarəyə verilmiş, icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu torpaq sahəsi üzərində məişət cihazlarının təmiri yeri kimi fəaliyyət göstərən 44 kv.m. ölçüdə qeyri-yaşayış sahəsi mövcud olsa da, həmin qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Həmin obyektdə məişət cihazlarının təmiri ilə məşğul olan Fuad adlı usta (iddiaçı onu əvvəldən tanımışdır) söhbət əsnasında iddiaçıya sahibinin həmin obyekti satmaq niyyətində olmasını bildirmiş, iddiaçı da həmin yerin sahibinin vəfat etməsini, hazırda isə övladları Raman və Kamilə məxsus olmasını öyrənmişdir. İddiaçı həmin yeri almaq qərarına gəlmiş və bu barədə dostu Şahinlə məsləhətləşərkən, sonuncu həmin torpağın sahibi Ramanın onun sinif yoldaşı olduğunu bildirmişdir. Beləliklə, iddiaçı dostu Şahin vasitəsilə Ramanı tapmış və 2020-ci ilin yanvar ayının sonlarında onlar birlikdə görüşüb söhbətləşmişlər. Söhbət əsnasında həmin obyektin sənədlərinin olmaması, lakin, torpağın Ramanın mərhum atasına məxsus olması müəyyənləşmişdir. Cavabdeh1 bu obyekti 20000 (iyirmi min) manat satmaq istədiyini bildirsə də, sonradan 18000 (on səkkiz min) manata razılaşmışlar. Bu zaman Cavabdeh1 torpağın sənədini vərəsəlik qaydasında öz adına keçirməsi üçün müəyyən qədər pul vəsaitinə ehtiyacı olduğunu bildirmiş, iddiaçı isə sənədləşmə üçün lazım olan pulları ödəməsi, sonradan isə ödədiyi pulların razılaşdırılmış 18000 (on səkkiz min) manat puldan çıxılacağı barədə cavabdehlə razılaşmışdır. Bundan əlavə, Cavabdeh1 obyektin arxasında 90 kv.m boş torpaq sahəsi olduğunu və həmin torpaq sahəsini öz adına rəsmiləşdirmək üçün bələdiyyəyə müraciət etdiyini deyərək, bu torpağı da almasını iddiaçıya təklif etmişdir. Əldə olunmuş razılığa əsasən, Cavabdeh1 boş torpaq sahəsini də sənədləşdirdikdən sonra, hər kvadrat metri 220 (iki yüz iyirmi) manatdan olmaqla, iddiaçıya satacaqdı. Beləliklə, 20 fevral 2020-ci il tarixdə Siyəzən şəhərinin girişində yerləşən “Bənövşə” kafesində İddiaçı Cavabdeh1 sənədləşmə işlərini aparmaq üçün 200 (iki yüz) ABŞ dolları məbləğində pulu vermişdir. Bundan 1-2 gün sonra isə iddiaçı 15 günlük iş növbəsində olarkən, 25 fevral 2020-ci il tarixdə Cavabdeh1 iddiaçıya zəng edərək, daha 200 (iki yüz) manat pul lazım olduğunu bildirmişdir. Həmin vaxt iddiaçı işdə olduğu üçün xalası oğlu Muxtardan 200 (iki yüz) manatın ekvivalenti olan 120 (yüz iyirmi) ABŞ dolları məbləğində pulu evindən götürüb Ramana çatdırmağı xahiş etmiş, Muxtar da 120 (yüz iyirmi) dollar məbləğində pulu "xxxx" ASC-nin Siyəzən filialında mühafizəçi işləyən qaynı Əjdərə vermiş, Raman da bu pulu Əjdərdən almışdır. Həmin ilin mart ayının əvvəlində Cavabdeh1 yenidən iddiaçıya zəng edərək, sənədləşmə üçün əlavə 120 (yüz iyirmi) manat da lazım olduğunu bildirmiş, sonuncu dostu Şahindən 120 (yüz iyirmi) manat pulu Ramana verməsini xahiş etmişdir. Beləliklə, iddiaçının dostu Şahin Ramana 120 (yüz iyirmi) manat pul vermiş, İddiaçı 07 mart 2020-ci il tarixdə işdən çıxdıqdan sonra, dərhal Şahinin 120 (yüz iyirmi) manat pulunu qaytarmışdır. Daha sonra, Cavabdeh1 yenidən iddiaçıya zəng edərək, bələdiyyəyə icarə haqqı və ya vergi borcunu ödəmək üçün əlavə 200 manat pul lazım olduğunu bildirmiş, sonuncu da mart ayının 7-si axşam saatlarında “Bənövşə” kafesində 200 (iki yüz) manat məbləğində pulu Ramana vermişdir. Cavabdeh1 telefonuna mesaj gəldiyini, sənədlərin mart ayının 10-u tam hazır olduqdan sonra alqısatqı etməyin mümkün olacağını bildirmişdir. İddiaçı əvvəlcədən Cavabdeh1 bu obyekti almaq üçün hazırda nəğd pulu olmadığını, “Mercedes Benz ” markalı, ** VC *** dövlət nömrə nişanlı avtomobilini satacağını, həmçinin bankdan kredit götürəcəyini bildirmişdir. Beləliklə, İddiaçı 08 mart 2020-ci il tarixdə özünə məxsus avtomobili real bazar qiymətindən 2000-2500 ucuz qiymətə, yəni 13300 (on üç min üç yüz) manata maşın alverçisinə satmış, 3-5 gün sonra alverçi həmin maşını 15800 (on beş min səkkiz yüz) manata internetdəki saytların birinə yerləşdirmişdir. Bundan sonra, 10 mart 2020-ci il tarixdə iddiaçı "xxxx" ASC-nin Siyəzən filialından 6000 (altı min) manat kredit götürmüş, bank xərcləri çıxıldıqdan sonra iddiaçıda 5940 (beş min doqquz yüz qırx) manat məbləğində pul qalmışdır. İddiaçı 24 ay müddətinə banka cəmi 7837,48 manat pul qaytarmalı idi. Beləliklə, avtomobili satdıqdan və kredit götürdükdən sonra 11 mart 2020-ci il tarixdə iddiaçı hər iki cavabdehlə birgə alqısatqı etmək üçün Siyəzən rayonunda olan Səyyar ASAN Xidmətin avtobusuna yaxınlaşmışdır. Tərəflər yalnız obyektin alqı-satqısı üçün notariusa yaxınlaşmış, obyektin arxasındakı torpağın sənədi isə hələ tam hazır olmadığından həmin yeri sonradan alqı-satqı edəcəkdilər. Lakin, Səyyar Asan Xidmətdə sənədlərin tam qaydasında olmadığı bildirildiyindən alqı-satqı baş tutmamışdır. Bu zaman Raman öz qayınatası Sabir Zeynalova zəng etmiş, sonuncu da Şabran şəhərində yerləşən notariat kontoruna getməyi məsləhət bilmiş, onlar bir yerdə Şabran rayon notariat kontoruna getmişlər. Burada tərəflərə torpaq bələdiyyə mülkiyyəti olduğundan bələdiyyədən razılıq almağın zəruri olması bildirildiyi üçün onlar yenidən Siyəzən şəhərinə qayıdaraq Siyəzən Bələdiyyəsinə getmişlər. Əvvəlcə Raman içəri keçmiş, sonra bayıra çıxaraq, bələdiyyə sədri Azər Babayevin iddiaçını çağırdığını qeyd etmişdir. Burada isə Azər Babayev ən yaxşı variant kimi notariusda etibarnamə verilməsini təklif etmiş, iddiaçı etiraz etdikdə isə bələdiyyə sədri həmin torpaq sahəsini hazırkı vəziyyətdə Ramanın adına sənədləşdirməyin daha məqsədəmüvafiq olduğunu, Siyəzən RİHB-nin başçısına həmin yeri Sabir Zeynalovun yeznəsi olan Ramanın adına sənədləşdirdiyini bildirəcəyini, başçının isə Sabiri tanıdığı üçün buna etiraz etməyəcəyini qeyd etmişdir. Beləliklə, onlar bələdiyyədən çıxmış, iddiaçı yenə də bu məbləğdə pulu verərək adi etibarnamə almağa etiraz etməklə, sənədlərin tam qaydasında olmasını tələb etmişdir. Bu zaman Ramanın qayınatası Sabir etibarnamə verilməsini və Vüqar təmirə başlayıb obyekti işlətməsini, bu müddət ərzində bütün sənədlər hazırlandıqdan sonra, birdəfəlik alqı-satqı edilməsini təklif etmişdir. Bu zaman cavabdehlər obyektin arxasındakı torpağı da sənədləşdirib, ona satmaq üçün heç olmasa 3000 (üç min) manat məbləğində də onlara pul verməsini iddiaçıya təklif etmişlər. Bununla da, tərəflər iddiaçının cavabdehlərə 3000 (üç min) manat pul ödəməsi müqabilində müvəqqəti olaraq etibarnamə verilməsi, daha sonra, obyektin arxasındakı boş torpaq sahəsi sənədləşdirildikdən sonra, hər kvadrat metrinin 220 manatdan iddiaçıya satılması ilə bağlı razılaşmışlar. Beləliklə, 11 mart 2020-ci il tarixdə cavabdehlər Siyəzən rayon dövlət notariat ofisində iddiaçıya 1 il müddətinə etibarnamə vermiş və onlar birlikdə “Bənövşə kafesinə getmişlər. Orada iddiaçı 3000 (üç min) manat məbləğində pulu Ramana vermiş, sonuncu da həmin puldan 1000 (min) manatını qardaşı Kamilə vermişdir. Bundan 3 gün sonra, martın 14-də məişət cihazları təmiri ilə məşğul olan Fuad obyekti boşaltmış və Raman obyekti iddiaçıya təhvil vermişdir. Bu zaman Cavabdeh1 yenidən iddiaçıdan 100 (yüz) manat pul alaraq, Fuada verəcəyini bildirmişdir. Beləliklə, 2020-ci ilin fevral - mart ayları ərzində İddiaçı Cavabdeh1 320 (üç yüz iyirmi) ABŞ dolları və 3420 (üç min dörd yüz iyirmi) manat məbləğində, habelə aprelin 3-də 200 (iki yüz) manat, aprelin 22-si 20 (iyirmi) manat, aprelin 25-i 50 (əlli) manat, mayın 12-si 50 (əlli) manat məbləğində Ramana pul vermişdir. Martın 15-dən etibarən iddiaçı obyektdə təmir işlərinə başlamış, aprelin sonunadək təmiri bitirmiş, obyektin təmirinə usta pulu da daxil 4450 (dörd min dörd yüz əlli) manat məbləğində pul xərcləmişdir. İddiaçı orada gözəllik salonu açaraq, avadanlıqların alınmasına da əlavə olaraq 3750 (üç min yeddi yüz əlli) manat pul xərcləmişdir. Pandemiya şərtlərinə görə 05 may 2020-ci il tarixdən gözəllik salonlarının fəaliyyətinə icazə verilmiş və həmin vaxtdan salon fəaliyyətə başlamışdır. 04 sentyabr 2020-ci il tarixdə Cavabdeh1 İddiaçı zəng edərək sonuncunu görüşə çağırmış, onlar yenidən “Bənövşə” kafesində görüşmüşlər. Bu zaman Cavabdeh1 İddiaçı ev almaq üçün ona əlavə olaraq 3000 (üç min) manat pul verməsini xahiş etmiş, sonuncu buna etiraz edərək, yalnız obyekt adına keçirildikdən sonra, bütün pulu verəcəyini bildirmişdir. Bu zaman Cavabdeh1 arxadakı torpağın qiymətini ucuz təklif etdiyini, oranın kvadratını 220 (iki yüz iyirmi) manata deyil, 500 (beş yüz) manata satdığını bildirmiş, iddiaçı isə bu qiymətlə razılaşmamışdır. Bundan 3 gün sonra, 07 sentyabr 2020-ci il tarixdə cavabdehlər etibarnaməni ləğv etdirərək, iddiaçıdan obyektdən çıxmağını tələb etmiş, habelə sonuncuya hədə-qorxu da gəlmişlər. Habelə, 2021-ci ilin yanvar ayında Cavabdeh1 obyektə verilən elektrik enerjisinin verilişini dayandırmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Siyəzən Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iş üzrə iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlərə ödədiyi 320 (üç yüz iyirmi) ABŞ dolları və 3740 manat məbləğində nağd pul, təmirə xərclədiyi 4450 (manat və avadanlıqların alınmasına və quraşdırılmasına çəkilmiş 3750 manat məbləğində pul, habelə, vəkilə ödədiyi 1000 manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu, avtomobilini tələsik ucuz qiymətə satdığına görə ona dəymiş 2000 manat məbləğində ziyanın və bankdan kredit götürdüyünə görə, ödəməli olduğu 1837,48 manat və kredit alarkən bank xərclərinə çəkilmiş 60 (altmış) manat, ümumilikdə, 320 (üç yüz iyirmi) ABŞ dolları və 16807,48 manat məbləğində pul və əsəb stres keçirdiyinə, psixoloji gərginlik və narahatlıq yaşadığına görə, ona vurulmuş mənəvi ziyana görə 5000 (beş min) manat cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmalıdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Siyəzən Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iş üzrə iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, iddia tələbində göstərilənlər həqiqətə uyğun deyildir. Bütövlükdə əsassızdır. Məhkəmə işi birtərəfli aparmış, qeyriobyektiv qətnamə qəbul etmişdir. İddiaçı məhkəməyə heç bir sübut təqdim etməmiş, yalnlz dost və qohumlarından ibarət şahidləri məhkəməyə gətirmiş, onlar da ziddiyyətli ifadələr vermişlər. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, cavabdehlərin apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, cavabdehlərin apellyasiya şikayətinin təmin edilməməsi məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edilməsini iddiaçının iddia tələbində göstərdiyi halları qismən sübut etməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəni iddiaçı və cavabdehlər ayrı-ayrılıqda mübahisələndirərək, apellyasiya şikayətləri vermiş, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul etmiş, bu nəticədən narazı qalan iddiaçının kassasiya şikayəti əsasında işə baxan kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən belə iş üzrə qəbul edilmiş məhkəmə aktında işin müəyyən edilmiş halları, məhkəmə nəticəyə gəlməsi barədə motivləri və rəhbər tutduğu qanunlar (iddia tələbinin qanuni əsası) göstərilməli, hansı dəlillərə əsasən qətnamənin ləğv edildiyi və iddianı rədd olunduğu əsaslandırılmalıdır. Lakin hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin araşdırılması və məhkəmə aktlarının tərtib olunmasına dair prosessual qanunvericiliyin sadalanan tələblərinə riayət olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin məzmununa cüzi dəyişiklik etməklə həmin aktı öz qətnaməsində təkrarlamış, iş materiallarını və tətbiq edilən hüququ eyni qaydada sadalamış, yalnız iddianın təmin edilən hissəsinə münasibətdə fərqli ifadələr istifadə etməklə qətnaməni ləğv etmişdir. Məhkəmə öz qətnaməsində həm qeyri-yaşayış sahəsinin üzərində yerləşdiyi torpaq sahəsinə cavabdehlərin icarə hüquqlarının dövlət qeydiyyatına alındığı barədə çıxarışa istinad etmiş, həm də belə nəticəyə gəlmişdir ki, həmin torpaq sahəsinə cavabdehlərin hüquqlarını təsdiq edən sənədlər mövcud deyil. Həmçinin apellyasiya instansiyası məhkəməsi iş materiallarına əlavə edilmiş CD diskə köçürülmüş səs yazılarına tərəflərin izahatlarına əsaslanaraq qeyd etmişdir ki, Siyəzən şəhərindəki 0,0044 ha torpaq sahəsi üzərindəki tikiliyə, habelə torpaq sahəsinin sənədləşdirilməsinə görə Cavabdeh1 İddiaçı müxtəlif vaxtlarda 3000 manat, 100 manat, 200 manat olmaqla, cəmi 3300 manat, eləcə də 200 ABŞ dolları pulu şəxsən almış, habelə bu hal onun tərəfindən etiraf edilmişdir. Lakin daha sonra bu hala tam zidd olaraq məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı qeyri-yaşayış sahəsinin alınması ilə əlaqədar cavabdehlərə qeyd edilən məbləğdə pul verməsini sübuta yetirə bilməmişdir. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsi ilə razılaşmış və həmin hissədə iddianın rədd olunması barədə birinci instansiya məhkəməsinin mövqeyini eynilə öz qətnaməsinə köçürmüşdür. Belə olan halda, qətnamənin iddianın təmin edilməyən hissəsində də ləğv olunmasının hüquqi əsası aydın deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İddiaçı qətnamədən verdiyi apellyasiya şikayətində qətnaməni iddianın təmin edilməyən, cavabdehlər isə qətnaməni iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmişlər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri və Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişləri nəzərə alınmaqla mübahisələndirilən hissədə hüquqi qiymət verilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. İşdən görünür ki, iddia tələbi pul və maddi-mənəvi ziyanın ödənilməsi barədədir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.6, 157.7., 599.3, 600-cü maddələri təşkil edir. Hazırki işin mübahisə olunmayan halı isə ondan ibarətdir ki, Siyəzən şəhərində yerləşən 0,0044 ha torpaq sahəsi Siyəzən bələdiyyəsinin 30 yanvar 2003-cü il tarixli, 1-9 nömrəli qərarı və torpaq icarəsi müqaviləsi əsasında 99 il müddətinə X1 icarəyə verilmiş, icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sonuncunun ölümündən sonra torpaq sahəsinə icarə hüquqları 02 mart 2020-ci il tarixdə vərəsəlik qaydasında ½ hissədə Cavabdeh1, ½ hissədə Cavabdeh2 xeyrinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin müvafiq ərazi idarəsində dövlət qeydiyyatına alınmışdır. Siyəzən rayonu dövlət notariat ofisinin dövlət notariusu X3 tərəfindən 11 mart 2020-ci il tarixdə reyestrdə 7E-37 nömrə ilə təsdiq edilmiş AR-İİ seriyalı, 033868 nömrəli etibarnamə əsasında Cavabdeh1 və Cavabdeh2 yuxarıda qeyd olunan torpaq sahəsi üzərindəki icarə hüququndan onlara məxsus olan hissələrə dair bütün hüquqları 1 il müddətinə, yəni 11 mart 2021-ci il tarixədək İddiaçı etibar etmişlər. Etibarnamə 07 sentyabr 2020-ci il tarixdə ləğv edilmişdir. Torpaq sahəsinin üzərində 44 kv.m. ölçüdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış qeyri-yaşayış sahəsi mövcuddur. İşdən görünür ki, tərəflər arasında 2020-ci ilin yanvar ayının sonlarında Siyəzən şəhəri ərazisində yerləşən 0,0044 ha torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi torpağın sənədləşmə xərcləri də daxil olmaqla, 18000 manata alqısatqı barədə razılaşma olmuş, bununla yanaşı cavabdeh qeyri-yaşayış sahəsinin arxasında boş torpaq sahəsini öz adına rəsmiləşdirmək üçün bələdiyyəyə müraciət etdiyini bildirərək, bu torpağı da almasını iddiaçıya təklif etmiş, bu məqsədlə İddiaçı Cavabdeh1 2020-ci ilin fevral-mart ayları ərzində şəxsən və bilavasitə cəmi 3300 manat, eləcə də 320 ABŞ dolları məbləğində pul vermişdir. Bundan sonra, 11 mart 2020-ci il tarixdə cavabdehlər Raman və Cavabdeh2lar Siyəzən şəhərində yerləşən 0,0044 ha torpaq sahəsi üzərindəki icarə hüququndan onlara məxsus olan hissələrə dair bütün hüquqları 1 il müddətinə, yəni 11 mart 2021-ci il tarixədək İddiaçı etibar etmişlər. Daha sonra, 2020-ci ilin mart-aprel ayları ərzində iddiaçı, etibarnaməli idarəçiliyinə keçmiş torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsində vicdanlı sahib kimi yenidənqurma və təmir işlərinə başlamış, habelə oraya mebellər və avadanlıqlar quraşdırmışdır. Lakin, sonradan tərəflər arasında münasibətlər pozulmuş, nəticədə alqı-satqı baş tutmamış və cavabdehlər iddiaçıya 11 mart 2020-ci il tarixdə verdikləri etibarnaməni 07 sentyabr 2020-ci il tarixdə notariat ofisinə gedərək ləğv etdirmişlər. Bu səbəbdən də, iddiaçı hazırda cavabdehlər tərəfindən hüquq və mənafeyinin pozulduğunu əsas gətirməklə, çəkmiş olduğu xərclərin, eləcə də ona dəymiş maddi və mənəvi zərərin əvəzini tələb edir. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər (Mülki Məcəllənin 157.6., 157.7. maddələri). Mülki Məcəllənin 599.3. maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir (Mülki Məcəllənin 600.1., 600.3-cü maddələri). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh1 Siyəzən şəhəri ərazisində yerləşən 0,0044 ha torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsinə görə torpağın sənədləşmə xərcləri də daxil olmaqla, 2020-ci ilin fevral-mart ayları ərzində şəxsən və bilavasitə verdiyi cəmi 3300 manat, eləcə də 320 ABŞ dolları məbləğində pulu, həmçinin cavabdehlərdən həmin qeyri-yaşayış sahəsində, onun etibarnaməli idarəçiliyində olduğu müddətdə vicdanlı sahib kimi görmüş olduğu yenidənqurma və təmir işlərinin dəyərinin əvəzini tələb etməkdə haqlı olmuş və bu hissədə də iddianı ekspertiza rəyi nəzərə alınmaqla təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İddia tələbinin avadanlıqların alınmasına və quraşdırılmasına sərf edilmiş məbləğin tutulması hissəsinə gəldikdə isə məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və Mülki Məcəllənin 157.7-ci maddəsinin tələbi baxımından hesab edir ki, iddiaçı həmin əmlakdan istifadə müddəti ərzində almış və quraşdırmış olduğu avadanlıqlar daşınar əmlak olmaqla əmlaka zərər yetirmədən onların mübahisəli tikilidən ayrılması mümkündür. Bununla məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini bu hissədə tədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilməyən avtomobilini tələsik ucuz qiymətə satdığına görə ona dəymiş 2000 manat məbləğində ziyanın, bankdan kredit götürdüyünə görə ödəməli olduğu 1837,48 manat faizin, kredit alarkən bank xərclərinə çəkilmiş 60 manat xərcin tutulması hissələrinə gəldikdə hesab edir ki, bu hissələrdə də birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq etməklə iddianın rədd olunması qənaətinə gəlmişdir. Cavabdehlərin apellyasiya şikayətində göstərdikləri dəlilinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, bu dəlillər formal mülahizədən ibarət olmaqla, qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə mübahisələndirilən hissədə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Apellyasiya şikayətləri təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar