Məhkəmə qərarları › İş №2(105)-1496/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1496/2022

21.06.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1496/2022 21.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(012)-6034/2022 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Babayev Səyyar Babaş oğluna qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Babayev Səyyat Babaş oğlundan İddiaçı xeyrinə 85000 manat pul vəsaitinin günün məzənnəsinə uyğun olaraq ABŞ dolları ekvivalenti ilə 50000 ABŞ dolları borc pulun tutulması və tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanında olan 0.0838 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 279.3 kv.m olan 103 nömrəli fərdi yaşayış evinə yönəldilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2(012)-6034/2021 saylı qətnaməsinə əsasən, iddia ərizəsi təmin edilmiş, Cavabdeh xx.xx.2020-ci il tarixli, reyestrdə 3M-159 nömrə ilə qeydiyyata alınmış kredit müqaviləsi üzrə 50000 ABŞ dolları pul vəsaitinin Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə, yəni 85000 manat olmaqla pul vəsaitinin İddiaçı xeyrinə tutulması, tutmanın Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi R.Mirişli küçəsində yerləşən 0.0838 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 279.3 kv.m olan 103 saylı fərdi yaşayış evinə yönəldilməsi, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Masazır kəndi R.Mirişli küçəsindəyerləşən 0.0838 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 279.3 kv.m olan 103 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin fərdi yaşayış evinin satış qiymətinin 250000 manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitdən cəmi 50000 ABŞ dolları pul vəsaitinin Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə, yəni 85000 manatın İddiaçı xeyrinə tutulması qət edilmişdir (hakim Habil Əhmədov). Cavabdeh Babayev Səyyat Babaş oğlu Abşeron Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2(012)-6034/2021 saylı qətnaməsindən xx.xx.2022-ci il tarixdə apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(012)-6034/2021 saylı qərardadına əsasən cavabdeh Babayev Səyyat Babaş oğlunun Abşeron Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2(012)-6034/2021 saylı qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan xx.xx.2022-ci il tarixdə şikayət verilmiş, Abşeron Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 2(012)-6034/2021 saylı qərardadına əsasən cavabdeh Babayev Səyyat Babaş oğlunun şikayəti, şikayət elektron kabinet vasitəsi ilə verilmədiyindən və şikayət vermə müddəti keçdikdən sonra verildiyindən geri qaytarılmış, cavabdehə şikayətin geri qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən müddətin bərpasına dair ərizə əlavə edilməklə qərardaddan şikayət ilə müraciət etmək hüququ izah edilmiş, bundan sonra cavabdeh xx.xx.2022-ci il tarixdə qətnamədən apellyasiya şikayətini elektron kabinet vasitəsi ilə məhkəməyə göndərmiş, eyni zamanda qətnamədən apellyasiya şikayəti vermə müddətinin bərpasına dair ərizə ilə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(012)-6034/2021 saylı qərardadına əsasən Cavabdeh Abşeron Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2(012)-6034/2021 saylı qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti geri qaytarılmışdır. Hazırda, Cavabdeh Abşeron Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli 2(012)- 6034/2022 saylı qərardadından şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2(012)-6034/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti MPM-nin 10-1.3-cü maddəsinə əsasən elektron kabinet vasitəsi ilə verilmədiyindən geri qaytarılmışdır. Qərardadda göstərilən nöqsanlar aradan qaldırdıqdam sonra prosessual müddətin bərpasına dair vəsatət ilə müraciət edərək ümumi qaydada apellyasiya şikayəti vermişdir. Lakin məhkəmə müddətin bərpasına dair vəsatət təqdim etməməyini əsas götürərək apellyasiya şikayətini geri qaytarmışdır. Halbuki, elektron qaydada göndərdiyi şikayətə vəsatət əlavə etmişdir. Hesab edir ki, apellyasiya şikayətinin baxılması üçün apellyasiya məhkəməsinə göndərilməməsi tamamilə əsassızdır. Onun apellyasiya şikayəti vermək hüququnun məhdudlaşdırılması deməkdir. Odur ki, Abşeron Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(012)- 6034/2021 saylı qərardadının ləğv edilməsi, Abşeron Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2(012)-6034/2021 saylı qətnaməsindən vermiş olduğu apellyasiya şikayətinin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(012)-6034/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi Abşeron Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2(012)-6034/2021 saylı qətnaməsinin cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə imza edilərək rəsmi şəkildə təhvil alındığı halda, qətnamədən apellyasiya şikayətini xx.xx.2022-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Mərkəzinin elektron sisteminə elektron qaydada daxil edilməklə, qanunvericiliklə qətnamədən apelyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddət ötürməsini, həmin müddətin bərpa edilməsini üzrlü hesab edən hallara dair vəsatət isə məhkəməyə təqdim edilməməsini, Azərbaycan Respublikasında dövlət orqanlarında kargüzarlıq işləri dövlət dilində aparılmalı olduğu halda, cavabdeh tərəfindən elektron informasiya sisteminə əlavə edilmiş apellyasiya şikayətinin tərtibatı zamanı şikayətin məzmununda müəyyən hissələr dövlət dilində düşmədiyindən və bu hal onun oxunaqlı olmasını çətinləşdirdiyindən, cavabdeh bu halda da şikayətin forma və məzmununa riayət etməməsini müəyyən edərək apellyasiya şikayətinin geri qaytarmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsini gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmə apellyasiya şikayətinin geri qaytarılması barədə gəldiyi nəticədə haqlı olmuşdur. Belə ki, mülki iş materiallarından görünür ki, iş üzrə məhkəmə qətnaməsi cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə imza edilərək rəsmi şəkildə təhvil alınmışdır. Sözügedən qətnamədən şikayət vermə müddətinın axımı qətnamənin cavabdehə təqdim edildiyi günun səhəri gündən, xx.xx.2021-ci ildən başlamış və həmin müddət xx.xx.2022-ci ildə qurtarmışdır. Cavabdeh tərəfindən apellyasiya şikayəti poçt vasitəsi ilə göndərilmiş və xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardad cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə qəbzə imza edilməklə alınmış, qərardaddan şikayət elektron kabinet vasitəsi ilə xx.xx.2022-ci il tarixdə daxil olmuş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə geri qaytarılmış, bundan sonra cavabdeh xx.xx.2022-ci il tarixdə qətnamədən kassasiya şikayətini və müddətin bərpasına dair ərizəni təqdim etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayətin forma və məzmunun qanunvericiliyə uyğun olmadığından şikayət geri qaytarılmış, həmçinin nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən müraciət etmək hüququ cavabdehə izah edilmişdir. Daxil olmuş apellyasiya şikayətinin məzmunundan görünür ki, Azərbaycan Respublikasında dövlət orqanlarında kargüzarlıq işləri dövlət dilində aparılmalı olduğu halda, cavabdeh tərəfindən elektron informasiya sisteminə əlavə edilmiş apellyasiya şikayətinin tərtibatı zamanı şikayətin məzmununda müəyyən hissələr dövlət dilində düşmədiyindən və bu hal onun oxunaqlı olmasını çətinləşdirdiyindən, cavabdeh bu halda da şikayətin forma və məzmununa riayət etməmişdir. Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanununun 1.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında, dövlət qurumlarında, siyasi partiyalarda, qeyri-hökumət təşkilatlarında (ictimai birlik və fondlarda), həmkarlar təşkilatlarında, digər hüquqi şəxslərdə, onların nümayəndəliklərində və filiallarında, idarələrdə dövlət dilinin tətbiqi ilə bağlı fəaliyyət bu Qanuna uyğun olaraq həyata keçirilir, o cümlədən kargüzarlıq işləri dövlət dilində aparılır. Həmin Qanunun 11.6-ci maddəsinə əsasən, Azərbaycan Respublikası məhkəmələrində mülki işlər, kommersiya və inzibati mübahisələr üzrə məhkəmə icraatı dövlət dilində aparılır. Bununla da müəyyən edilir ki, cavabdeh apellyasiya şikayəti verərək şikayətin forma və məzmununa riayət etməmişdir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş apellyasiya şikayətini İş materiallarından görünür ki, məhkəmə qətnamədən verilmiş apellyasiya şikayətinin forma və məzmununun qanunvericiliyə uyğun olmaması əsası ilə geri qaytarmış, cavabdehə nöqsanların aradan qaldırılmaqla yenidən apellyasiya şikayəti vermək hüququ izah edilsə də, cavabdeh qətnamədən verdiyi apellyasiya şikayətinin forma və məzmunu düzəliş etməklə yenidən verməli olduğu halda, yenə nöqsanları aradan qaldırmaqla apellyasiya şikayətini elektron kabinetlə göndərməli olduğu halda, qərardaddan şikayət vermişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehə qətnamədən verdiyi apellyasiya şikayətinin forma və məzmununu düzəliş etməklə, eyni zamanda qətnamədən apellyasiya şikayəti vermə müddətinin bərpasına dair ərizə ilə müraciət etmək hüququ izah olunur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(012)-6034/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Abşeron Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(012)-6034/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar