Məhkəmə qərarları › İş №2(105)-1504/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1504/2022

04.08.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1504/2022 04.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi X2, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında Zəngilan Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, e-2(034)-11/2022 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏNETDİ: Zəngilan Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, e-2(034)-11/2022 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Gülsarə İmanova) İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası təmin olunmuş, Cavabdeh 2190 manat əsas borc, 110.38 manat cərimə borcu olmaqla, cəmi 2300.38 manat məbləğində borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmiş, Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh cəmiyyətin xeyrinə 2190 manat əsas, 110.38 manat cərimə borcu olmaqla, cəmi 2300.38 manat borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə bağlanmış xx.xx.2021-ci il tarixli, ONK00951 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən borcluya 2190 manat (borclu tərəfindən edilmiş ilkin ödəniş məbləği daxil olmaqla) dəyərində məişət məhsulu nisyə satılmış və məhsul borcluya təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinin şərtlərinə borclu tərəfindən əməl edilməmiş, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, borclu öhdəliyini yerinə yetirməmişdir. Müqavilənin tələbinə əsasən borclu müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyi təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Borclunun kreditor qarşısında müqavilə üzrə qalıq borcu 2190 manat təşkil edir. Müqavilənin tələbinə əsasən borcun ödənişi gecikdirildikdə, borclu hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3%-i həcmində cərimə (dəbbə) pulu ödəməyi öhdəsinə götürmüşdür. Borclunun kreditor qarşısında müqavilə üzrə cərimə borcu 1103.76 manat təşkil edir. Hazırda borclulara qarşı güzəşt siyasəti tətbiq etdikləri üçün hesablanmış cərimə məbləğinin yalnız 10%-ni ödəməyi borcludan tələb edirlər. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(034)-612/2021 saylı məhkəmə əmri ilə Cavabdeh İddiaçı xeyrinə 2300.38 manat borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmuşdur. Borclu Cavabdeh etirazına əsasən Zəngilan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(034)-612/2021 saylı qərardadı ilə Zəngilan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(034)-612/2021 saylı məhkəmə əmri ləğv edilmiş, materiallara iddia icraatı qaydasında baxılmağa keçilmişdir. Zəngilan Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, e-2(034)-11/2022 saylı qətnaməsi ilə İddiaçı» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair iddiası təmin olunmuş, Cavabdeh 2190 manat əsas borc, 110.38 manat cərimə borcu olmaqla, cəmi 2300.38 manat məbləğində borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onunla İddiaçı arasında xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən ona 2190 manat dəyərində məişət məhsulu olan piano nisyə olaraq satılmış və məhsul ona təhvil verilmişdir. Müqavilənin şərtində birbaşa olaraq malın 14 gün ərzində geri qaytarılması nəzərdə tutulmuşdur. Pianonu aldıqdan bir həftə sonra o, İddiaçınə zəng vuraraq məhsulu geri qaytarmaq istədiyini bildirmişdir. İddiaçı əməkdaşları da gəlib məhsulu təhvil götürəcəkləri barədə onlara məlumat vermişlər. Dəfələrlə zəng vurub məlumat vermələrinə baxmayaraq piano ancaq 2021-ci ilin iyun ayında təhvil götürmə barədə heç bir qəbz vermədən İddiaçı əməkdaşları tərəfindən geri götürülmüşdür. Bu hadisədən sonra İddiaçı tərəfindən onlara heç bir zəng olmamış, artıq məhsulu təhvil verdiyi üçün bununla maraqlanmamışdır. Noyabr ayında isə ona Abşeron Rayon Məhkəməsindən zəng vurub məhkəməyə gəlməli olduğu bildirilmişdir. Abşeron Rayon Məhkəməsinə getdikdə məlum olmuşdur ki, işi Zəngilan Rayon Məhkəməsinə göndərilmiş və iddia təmin olunaraq cəmi 2300.38 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilmişdir. Məişət məhsulu olan pianonun qaytarılması barədə müqavilədə nəzərdə tutulmuş müddətdə İddiaçınə məlumat vermiş, lakin təhvil götürmə barədə heç bir qəbz vermədən İddiaçı əməkdaşları tərəfindən piano geri götürülmüşdür. Məhkəmə iş üçün əhəmiyyətli olan bütün halları düzgün müəyyən etmədən iddianı təmin etmişdir. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, pianonu oğlu üçün almışdır, sonradan pianonun qüsuru olmasını, göstəricilərinin işləməməsini görmüş, lakin pianonu 14 gün ərzində işlətməmişlər. Pianonu alarkən yoxlanılmış, heç bir qüsuru olmamış, buna görə də təhvil-təslim aktına imza etmişdir. Cavabdeh nümayəndəsi Vəkil da məhkəmə iclasında eyni məzmunlu izahat vermişdir. İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətlərinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, Cavabdeh aldığı malı xx.xx.2021-ci il tarixdə servisə təhvil verərək krediti ödəyə bilməməsi səbəbindən malı geri qaytarmaq istədiyini bildirmiş, həmin vaxt piano tozlu, işlənmiş vəziyyətdə, ayağında, ekranda, klavişalarda cızıqlar olmuş, baxış zamanı cihazda heç bir qüsur aşkar edilməmiş və cihazın bütün parametrlərə uyğun işlədiyi müəyyən edilmişdir. Bundan sonra Cavabdeh dəfələrlə zəng edilərək pianonu götürməsi xahiş edilmiş, lakin cavabdeh krediti ödəyə bilməyəcəyini bildirərək bundan imtina etmişdir. Cavabdeh istədiyi vaxt pianonu servisdən götürə bilər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ONK00951 saylı nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı təhvil-təslim aktında (əlavə 2) göstərilən malları Cavabdeh satmağı, Cavabdeh isə həmin malları qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini ödəməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan nisyə alqı-satqı müqaviləsinə 2 saylı əlavə olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, xx.xx.2021-ci il tarixli, ONK00951 saylı nisyə alqı-satqı müqaviləsində nəzərdə tutulmuş dəyəri 2190 manat olan “Yamaha DGX Y” və “Yamaha PA-150B” markalı mallar Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ONK00951 saylı nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh aldığı malın dəyəri olan 2190 manatı hər ay 146 manat olmaqla 15 ay ərzində ödəməlidir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, xx.xx.2021-ci il tarixli, ONK00951 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 3293,76 manat məbləğində borcunu 3 gün müddətində ödəməsi tələb olunmuşdur. İş materiallarında olan İddiaçı 09 avqust 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, ONK00951 saylı nisyə alqı-satqı müqaviləsi üzrə qalıq borcunun məbləği 2190 manat, hesablanmış cərimə məbləği 1103,76 manat, cəmi borcu 3293,76 manat təşkil edir. İş materiallarına əlavə edilmiş “X5”nin 04 avqust 2021-ci il tarixli texniki rəyindən görünür ki, Cavabdeh aldığı “Yamaha DGX-660BY” markalı piano xx.xx.2021-ci il tarixdə servisə təhvil verilmiş, cihaz tozlu, işlənmiş vəziyyətdə, ayağında, ekranda, klavişalarda cızıqlar olmuş, baxış zamanı cihazda heç bir qüsur aşkar edilməmişdir, cihaz bütün parametrlərə uyğun işləyir, lakin müştəri məhsulu krediti ödəyə bilməməsi səbəbindən qaytarmaq istəyir. Azərbaycan Respublikasının MM-nin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının MM-nin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının MM-nin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh İddiaçındən dəyəri 2190 manat olan “Yamaha DGX Y” və “Yamaha PA-150B” markalı mallar almışdır. Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşdən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ONK00951 saylı nisyə alqı-satqı müqaviləsinə 2 saylı əlavə olan ödəniş cədvəlinə əsasən Cavabdeh aldığı malın dəyəri olan 2190 manatı hər ay 146 manat olmaqla 15 ay ərzində ödəməlidir. Lakin Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, nisyə alqı-satqı müqaviləsi üzrə heç bir ödəniş etməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib, hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Cavabdeh apellyasiya şikayətində pianonu aldıqdan bir həftə sonra geri qaytarmaq istədiyini bildirmiş və məhkəmə kollegiyasının iclasında bunu pianonun qüsuru olması, yəni göstəricilərinin işləməməsi ilə əsaslandırmışdır. Cavabdehin bu dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, nisyə alqı-satqı müqaviləsinə 2 saylı əlavə olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktında satılmış malın texniki göstəricilərinə və yararlığına dair Cavabdeh heç bir irad bildiməmiş və bunu öz imzası ilə təsdiq etmişdir. Alınmış mal 14 gün ərzində istifadə olunmadığı halda, onda qüsurların aşkarlanması da ağlabatan deyildir. Digər tərəfdən, iş materiallarında olan “X5”nin 04 avqust 2021-ci il tarixli texniki rəyindən görünür ki, Cavabdeh aldığı “Yamaha DGX-660BY” markalı piano xx.xx.2021-ci il tarixdə servisə təhvil verilmiş, cihaz tozlu, işlənmiş vəziyyətdə, ayağında, ekranda, klavişalarda cızıqlar olmuş, baxış zamanı cihazda heç bir qüsur aşkar edilməmişdir, cihaz bütün parametrlərə uyğun işləyir, lakin müştəri məhsulu krediti ödəyə bilməməsi səbəbindən qaytarmaq istəyir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə iddianın qiyməti 2300.38 manat manatdır, yəni beş min manatdan azdır. Ona görə də Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinin tələbinə əsasən hazırki iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zəngilan Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, e-2(034)-11/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar