Məhkəmə qərarları › İş №2(105)-1532/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1532/2023

18.10.2023 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1532/2023 18.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 cəlb olunmaqla) əqdin etibarlı sayılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: əqdin etibarlı sayılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X8 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1, Üçüncü şəxs X3 iştirakı ilə, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)-745/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. JN 524 F KOD 30304018 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair şəhadətnamədən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 24 fevral 2000-ci il tarixli 02 saylı qərarı ilə 0,07 hektar torpaq sahəsi Cavabdeh1 və ailə üzvləri Cavabdeh2, X7 və X4 mülkiyyətinə verilmişdir.

2. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli məlumatından görünür ki, xx.xx.1963-cü il təvəllüdlü Cavabdeh1 və Cavabdeh2 2004-2007-ci illər ərzində dövlət sərhədindən hərəkətləri barədə İAMAS bazasından Cavabdeh1 barəsində xx.xx.2005-ci il giriş, xx.xx.2005-ci il çıxış; xx.xx.2006-cı il giriş, çıxışı barədə qeyd yoxdur; xx.xx.2007-ci il giriş, xx.xx.2007-ci il çıxış; Cavabdeh2 barəsində xx.xx.2005-ci il giriş, xx.xx.2005-ci il çıxış; xx.xx.2006-cı il giriş, xx.xx.2006-cı il çıxış; xx.xx.2007-ci il giriş, xx.xx.2007-ci il çıxış ilə bağlı məlumat daxil olmuşdur.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon AİK-nın 24 fevral 2000-ci il tarixli 02 saylı qərarı ilə mülkiyyətə verilmiş və AR DT və XK-nin Quba rayon Şöbəsinin Torpağın mülkiyyətə verilməsinə dair 30 iyun 2004-cü il tarixli JN 524 F KOD 30304018 saylı Şəhadətnaməsinə əsasən Cavabdeh1 və ailə üzvləri Cavabdeh2, övladları X7, X4 adlarına qeydə alınmış Quba rayonu Alekseyevka İƏD-nin Nərimanabad kəndi ərazisində yerləşən 0,07 ha torpaq sahəsinin alqı-satqısına dair onunla cavabdehlər arasında bağlanmış əqdin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Quba rayon AİK-nın 24 fevral 2000-ci il tarixli 02 saylı qərarı ilə Quba rayonu Alekseyevka İƏD-nin Nərimanabad kəndi ərazisində 0,07 ha torpaq sahəsi Cavabdeh1 və ailə üzvləri Cavabdeh2, övladları X7 və X4 mülkiyyətinə verilmiş və onların həmin torpaq sahəsinə mülkiyyət hüquqları AR DT və XKnın Quba rayon Şöbəsi tərəfindən dövlət torpaq kadasdrında 30 iyun 2004-cü il tarixdə 524F №-ilə qeydə alınıb Torpağın mülkiyyətə verilməsinə dair JN-524F KOD 30304018 saylı Şəhadətnamə verilmişdir. 2005-ci ilin mart ayında Cavabdeh1 və həyat yoldaşı Cavabdeh2 AR DT və XK-nın Quba rayon Şöbəsi tərəfindən verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-524F KOD 30304018 saylı Şəhadətnaməyə əsasən onların və azyaşlı övladlarının birgə mülkiyyətinə verilmiş Quba rayonu Nərimanabad kəndi ərazisində 0,07 ha torpaq sahəsini 800 ABŞ dollarına ona satmağa razılaşmış və torpaq sahəsinə görə cavabdehlərə 800 ABŞ dolları verib torpaq sahəsini həmin vaxtdan alıb faktiki sahibliyinə qəbul etmişdir. Cavabdehlər torpağın mülkiyyətə verilməsinə dair JN-524F KOD 30304018 saylı Şəhadətnaməni də pulu aldıqları anda ona vermiş, həmin vaxtı onların şəxsiyyət vəsiqəsinin müddəti bitdiyinə görə alqı-satqının notarial qaydada rəsmiləşdirilə bilməmişdir. Cavabdeh1 və Cavabdeh2 alqı-satqının şəxsiyyətlərini təsdiq edən sənədlərin qaydasına salınmasından sonra sənədləşdirilməsinə söz versələr də, lakin sonradan qeyd olunan sənədlərin yenilənməsini yubatmış, daha sonra Cavabdeh1 müvəqqəti işləmək üçün Rusiya Federasiyasına getdiyindən alqı-satqını notariat qaydasında təsdiqlənməsi mümkün olmamışdır.

5. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)-745/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Aydın Babayev).

6. Məhkəmə qeyd etmişdir ki, mübahisəli torpaq sahəsilə bağlı tərəflər arasında, yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş qanuna zidd olmayan hər hansı əqd mövcud deyldir. Tərəflərin təsdiq etdikləri kimi, yazılı əqdin mövcud olmaması işin mübahisələndirilməyən halıdır. Qeyd edilən hal isə Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti üzrə 2006-cı il 31 may tarixli Qərarında Mülki Məcəllənin 335-ci maddəsi ilə əlaqədar formalaşdırdığı hüquqi mövqeyinə əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq şərtlər üzrə digər dəyərləndirmələrin aparılmasını mümkünsüz edir. Həmçinin bağlanması iddia edlən əqdin hər hansı formada icrası ilə bağlı da məhkəməyə sübut təqdim edilməmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 mart 2023-cü il tarixli, “S.Əliyevanın şikayəti üzrə” 31 may tarixli 2006-cı il və “B.Qasımovun şikayəti üzrə” 09 dekabr 2019-cu il tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayəti verib, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)-745/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi şahid ifadələrini təhrif etmiş, düzgün qiymətləndirməmişdir. Ona görə də hesab edir ki, şahidlər yenidən dindirilməlidir. Məhkəməsinin qətnaməsi əsassızdır və ləğv edilməlidir. Mülki iş düzgün araşdırılmadan, cavabdehin verdiyi məlumatlar əsaslarla qətnamə qəbul edilmişdir. Cavabdehlə aralarında olan razılaşma nəzərə alınmamışdır, alqı-satqını təsdiq edən hər hansı yazılı sənəd olmamasına əsaslanaraq iddia rədd olunmuşdur.

10. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 “Elektorn Məhkəmə” sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq orada göstərmişdir ki, mübahisələndirilən Quba rayonu, Alekseyevka kəndində yerləşən 0.07 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixdə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq RX seriyalı №1167258 Çıxarış verilmişdir. Həmin torpaq sahəsinin mülkiyyətçisi kimi o dövlət tərəfindən tanınaraq hüquqların qeydə alınaraq müvafiq rəsmi sənəd verilmişdir. Həmin sənəd əsasında da o torpaq sahəsini iki ilə yaxındr ki, X5 notarial qaydada alqı-satqı etməklə satmışdır və hazırda mübahisə edilən torpaq sahəsinin mülkiyyətçisi faktiki və rəsmi olaraq Elnur Bayramovdur. Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. Bu alqı-satqını notarius yoxlayıb və təsdiq edib, istər cavabdehin, istərsə də alıcı Elnur Bayramovun həmin alqı-satqıya dair hər hansı şübhəsi olmayıb, hansısa qanunsuzluq da mövcud olmayib, bundan əlavə həmin alqısatqı müqaviləsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüuqi Şəxsi tərəfindən də yoxlanılaraq hüquqların dövlət qeydiyyatına alınmışdır. İş materiallarından da açıq-aydın görünür ki, Cavabdeh1 da həmin torpaq sahəsinin faktiki onların qanuni sahibliklərində və mülkiyyətlərində olmasını bilərək 18 il ərzində həmin torpaq sahəsinə dair hər hansı mübahisə etməyib və iddia qaldırmayıb. Cavabdeh həm faktiki həm də rəsmi olaraq öz torpaq sahəsi kimi həmin 0.07 ha torpaq sahəsini alıcı X1, alqı-satqını notarius və DƏDRX diqqətlə yoxlayıb, bu sənədlərdə hər hansı bir çatışmamazlıqlar olmayıb və alqı-satqı baş tutub. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2ci maddəsinə görə, Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı). Mülki Məcəllənin 182ci maddəsinin tələbinə görə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı). Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, şikayətin təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014cü il 15 sentyabr tarixli Qərarı). Qeyd olunanlar onu göstərir ki, birinci instansiya məhkəməsi Konstitusiya məhkəməsinin vicdanlı alıcı ilə bağlı mövqeyini nəzərə almadan yekun məhkəmə aktı qəbul etmişdir bu isə formalaşmış məhkəmə təcrübəsinə və maddi hüquq normalarının tələblərinə ziddir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdilər.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş digər Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir.

16. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.

17. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

18. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

19. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

20. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

21. Maddə 331. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər. Əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir. Əgər fiziki şəxs bədən qüsuruna, xəstəliyinə və ya savadsızlığına görə əqdi özü imzalaya bilmirsə, əqdi onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Başqa fiziki şəxsin imzası əqdi bağlayanın özünün imza edə bilməməsinin səbəbləri göstərilməklə, notarius tərəfindən və ya bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxs tərəfindən təsdiqlənməlidir. Əqdlərin elektron formada bağlanması ilə bağlı məsələlər elektron ticarət haqqında və elektron sənəd dövriyyəsinə dair Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.

22. Maddə 334. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir.

23. Maddə 335 (24 iyun 2005-ci il 949-İİQD nömrəli Qanunla çıxarılanadək olan redaksiya). Əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Bu cür əqd əhəmiyyətsiz sayılır. Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir.

24. Maddə 646. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

34. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-745/2023 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirmişdir.

35. Ona görə də kollegiya Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. İşin hallarına görə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon AİK-nın 24 fevral 2000-ci il tarixli 02 saylı qərarı ilə mülkiyyətə verilmiş və AR DT və XK-nin Quba rayon Şöbəsinin Torpağın mülkiyyətə verilməsinə dair 30 iyun 2004-cü il tarixli JN 524 F KOD 30304018 saylı Şəhadətnaməsinə əsasən Cavabdeh1 və ailə üzvləri Cavabdeh2, övladları X7, X4 adlarına qeydə alınmış Quba rayonu Alekseyevka İƏD-nin Nərimanabad kəndi ərazisində yerləşən 0,07 ha torpaq sahəsinin alqı-satqısına onunla cavabdehlər arasında bağlanmış əqdin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

38. Birinci instansiya məhkəməsi hazırkı mülki işə baxarkən, əvvəla Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(027)-228/2016 nömrəli qiyabi qətnaməsi ilə iddianı təmin etmişdir. Qiyabi qətnamənin icrası nəticəsində İddiaçı mübahisəli torpağa dair çıxarış verilmişdir. Sonradan Quba rayonu Alekseyevka kəndində yerləşən 0,07 ha torpaq sahəsi İddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 adına özgəninkiləşdirilmişdir. Qiyabi qətnamə Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-745/2023 nömrəli qərardadla ləğv edilmiş, icraat təzələnərək işə mahiyyəti üzrə baxılmış, nəticədə iddianın rədd olunması barədə mübahisələndirilən Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi çıxarılmışdır.

39. Birinci instansiya məhkəməsi iddianı təmin etməyərək qüvvədə maddi hüquq normalarına istinad etmişdir.

40. İddiaçı apellyasiya şikayətini iddia tələbinin əsasları ilə əsaslandırmışdır, həmçinin şahid ifadələrinin təhrif olunduğunu, onların yenidən dinlənilməli olduğunu göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”

42. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur.

43. Bundan əlavə apellyasiya icraatı zamanı ortaya çıxan hallardan biri də ondan ibarətdir ki, iddiaçının məhkəmə qətnaməsi əsasında hüququnu qeydə aldırdığı torpaq sahəsi xx.xx.2022-ci ildə alqı-satqı müqaviləsi əsasında X2 və həmin torpaq sahəsi hazırda sonuncunun xüsusi mülkiyyədindədir. Başqa sözlə işdən görünür ki, X6 əmlakı vicdanlı əldə edən şəxsdir.

44. Əmlakı vicdanlı əldə edən şəxsin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsi ilə şübhə altına alınması, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin biri-birinə olan inamının azalmasına da gətirib çıxarır.

45. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Həmin qərarda eyni zamanda göstərilir ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Bu hüquq beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir.

46. Məhkəmə kollegiyası qeyd olunan xüsusatları, ən vacibi vicdanlı X3 hüquqlarını nəzərə alaraq belə qənaətə gəlir ki, hazırkı halda cavabdehlərin torpaq sahəsinə qanunla qorunan hər hansı hüquqları pozulmuş olsa da belə, onların pozulmuş hüquqları torpaq sahəsini sonradan vicdanlı əldə edən şəxsin hesabına kompensasiya edilə bilməz.

47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz.

48. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-745/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-745/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar