Məhkəmə qərarları › İş №2(105)-1551/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1551/2024

11.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1551/2024 11.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi şəxsin ölmüş elan edilməsi haqqında ərizəsi üzrə (Açar söz: şəxsin ölmüş elan edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X16 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Quliyev Pərvin Fəxrəddin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-734/2024 nömrəli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1986-cı il təvəllüdlü X4 xx.xx.2014-cü il tarixdə X9 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X10, X7 və X11 onun nəvələridir. Hazırda bu uşaqlar valideyn himayəsindən məhrum olunmuş vəziyyətdədirlər. Ataları Seymur ölmüş, anaları Elmira isə həbsdədir. Uşaqlara müavinət verilməlidir. Lakin, atalarının ölümü barədə şəhadətnamə olmadığından, bu müavinətin alınması mümkün deyildir. Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ona bildirilmişdir ki, hazırda qeydiyyat aparılması mümkün deyil, şəxsin ölmüş elan olunması barədə məhkəmə qərarı tələb olunur. X8 xx.xx.1986-cı il tarixdə Ermənistan SSR-də doğulmuşdur. X21 ilə 2010-cu ildə qeyri-rəsmi olaraq ailə qurmuş, rəsmi nikaha isə xx.xx.2013-cü il tarixdə daxil olmuşlar. İki uşaqları yaşadıqları Sumqayıt şəhərində doğulmuş, sonradan isə qızı ailəsi ilə birlikdə Suriyaya getmiş və üçüncü uşaqları olan Uqqaşa Suriyada doğulmuşdur. X14 döyüşlər zamanı xx.xx.2014-cü il tarixdə ölmüş və bundan sonra onun qızı Elmiranı İraqa aparmışdırlar. Hazırda orada həbsdədir. Bunları biləndən sonra dövlət orqanlarının, xüsusilə də İraqdakı səfirliyin yardımı ilə uşaqları Azərbaycana gətizdirmişdir. Hal-hazırda uşaqlar onun yanındadır və onun himayəsindədir. Valideyn himayəsindən məhrum olunmuş uşaqlar kimi müavinətin təyin olunması üçün uşaqların atası X4 ölmüş elan olunması barədə məhkəmə qərarının qəbul edilməsi zəruridir.

3. Ərizəyə qarşı etiraz daxil olmamışdır.

4. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-734/2024 nömrəli qətnaməsi ilə (hakim Fərid Yaqubov) ərizə təmin edilməmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Ərizəçi xx.xx.1986-cı il təvəllüdlü X4 Suriya Respublikasına getməsini, onun orada hərbi əməliyyatlarda iştirak etməsini təsdiq edən və hərbi əməliyyatlarda həlak olmasını güman edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1, 41.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Ərizəçi apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-734/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, ərizənin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qızı Elmira əri Seymurla birlikdə Sumqayıt şəhərində yaşamış, sonradan işləmək adı ilə Türkiyəyə, oradan isə Suriyaya getmişlər. Sonradan isə mobil telefon vasitəsi ilə qızı Elmira ilə danışarkən, o əri Seymurun Suriyada döyüşlər zamanı xx.xx.2014-cü il tarixdə həlak olmasını ona demişdir. Lakin kürəkəninin həqiqtən də Suriyada hərbi əməliyyatlarda iştirak etməsi zamanı ölməsi halını gözüilə görməmiş, yalnız bu xəbəri telefonla qızı Elmiradan eşitmişdir. Qızı Elmiranın özü də İraqda həbsdə olduğundan sözügedən ölüm faktını təsdiq edən halın sübutu mümkün deyil və belə sübutun ondan tələb edilməsi də absurddur. Kürəkəni 10 (on) ildir ki, daimi yaşadığı Azərbaycan Respublikasında yoxdur, itkin düşüb. Xarici ölkədə müharibədə həlak olub, yaxud avtoqəzada ölüb və sair bunu gözü ilə görməmişdir. Fakt odur ki, kürəkəni X8 10 ildir ki, itkin düşmüşdür. Ona görə də birinci instansiya məhkəməsi qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsini formal qaydada yazsa da onu tətbiq etməməsi maddi hüquq normalarının pozulması deməkdir. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında Ərizəçi apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, hazırda qızının 3 uşağı onun himayəsindədir. Qızı hazırda İraqda cəzaçəkmə müəissəsindədir. O, ərinin orada döyüşlərdə öldüyünü bildirir. Qızı ilə bəzən görüntülü danışır. Buradan Suriyaya hansı yolla getdiklərini bilmir, sadəcə olaraq işləməyə getdiklərini bildirmişdilər. Uzun müddətdən sonra kürəkəninin ölüm xəbəri gəlmişdir. Uşaqların Suriyadan gətirilmələrinə dair sənədlər var. Qızının qız övladları Azərbaycanda, oğul övladı isə Suriyada doğulmuşdur. Oğul övladı doğulmamış atası ölmüşdür. Oğul övladının adı Uqqaşadır. Uşaqlar Azərbaycana dövlət xətti ilə gətirilmişdir. Qızını isə buraxmayıblar. Qızı ailəsi ilə birlikdə Sumqayıtda yaşamışdır. Kürəkəninin ölməsi ilə bağlı fotoşəkli sübut kimi onlara telefon vasitəsi ilə göndərmişlər.

12. Maraqlı şəxs tərəfindən məhkəməyə ərizə ünvanlanaraq qeyd edilmişdir ki, iş yükünün çoxluğu ilə əlaqədar nümayəndənin iştirakı olmadan işə baxılması xahiş edilir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

13. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X10 xx.xx.2011-ci ildə, X7 xx.xx.2013-cü ildə Sumqayıt şəhərində, X11 isə xx.xx.2015-ci ildə Suriyada doğulmuş, ataları X8, anaları isə Qarayeva (Bayramova) Elmira Xanqulu qızıdır.

14. X2 doğum haqqında akt qeydindən görünür ki, 03 may 1985-ci ildə doğulmuş, atası X5, anası X3r.

15. Məhkəmənin sorğusu əsasında məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Dövlət Sərhədd Xidmətindən xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü X1 dəfə dövlət sərhəddindən xx.xx.2013-cü il tarixdə çıxış etmişdir.

16. Məhkəmənin sorğusu əsasında məhkəməyə daxil olmuş Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü X4 xx.xx.2013-cü il tarixdən ölkə hüdudlarını tərk etməsi müəyyən edilmiş, eyni zamanda ona verilmiş şəxsiyyət vəsiqəsi xx.xx.2018-ci il tarixdə dekativ edilmişdir. S.Qarayevin münaqişə bölgəsi hesab olunan Suriya Ərəb Respublikasında ölməsi ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır.

17. Azərbaycan Respublikasının İraqdakı səfirliyi tərəfindən verilmiş AA seriyalı, ******* nömrəli Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsinin surətindən görünür ki, həmin şəhadətnamə xx.xx.2015-ci il təvəllüdlü X11 barəsində verilmişdir.

18. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, X8 doğma oğludur. Oğlu və ailəsi ondan ayrı yaşamışlar. Suriyaya təxminən 2013-cü ildə getmişdir. Qızı qardaşının Allah yolunda Suriyaya getdiyini bildirmişdir. Ölməsini isə əvvəl ondan gizlədirdilər, sonradan oğlunun Suriyada öldüyünü eşitmişdir. Övladlarını nə vaxt apardığını bilmir, onlar hazırda digər nənələrinin yanındadırlar. Gəlini hazırda İraqda həbsdədir. Bəxtilə xanımın təqdim etdiyi fotoşəkili görməmişdir. Oğlu namaz qılırdı, Allaha ibadət edirdi, lakin əqidəsi düzgün deyildi, Allahdan qorxduğu üçün heç nə deyə bilmirdi. Suriyaya gedəndə xəbəri olmamışdır. Ərizəçi tərəfindən təqdim edilmiş fotoşəkil oğluna məxsusdur.

19. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, X8 onun qaynı olmuşdur. Onun Azərbaycandan hansı tarixdə getdiyini dəqiq bilmir, lakin ondan bir müddət sonra Seymurun dostları arvadına onun ölməsi faktını təsdiq edən fotoşəkil göndərmişlər. Məhkəməyə təqdim olunmuş fotoşəkil Seymura məxsusdur. Təxminən 10 il olar ki, ölüb. Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Məcəlləsi 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.2. Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər. 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. 41.4. Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

21. 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.2. şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında.

313. Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. 315.2. Şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

22. Məhkəmə kollegiyası tərəfindən Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-734/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası ərizəçinin izahatını, şahidləri ifadəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-734/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və ərizə təmin edilməlidir.

24. Belə ki, iş materialları və şahid ifadələri ilə müəyyən edilir ki, xx.xx.1986-cı il təvəllüdlü X8 xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikasını tərk etmiş, həmin tarixdən sonra geri qayıtmamış, ölkəni tərk etdikdən sonra ailəsi ilə birlikdə Suriya Ərəb Respublikasına getmiş, orada hərbi əməliyyatlarda iştirak etmişdir. Həmçinin, ərizəçi tərəfindən təqdim edilmiş fotoşəkildə öldüyü qeyd edilən şəxsin X8 olması şahid ifadələri ilə də təsdiqini tapmışdır. X4 10 ildən artıqdır ki, harada olması ilə bağlı hər hansı bir məlumat olmamaqla, onun 2014-cü il tarixdə X6 aparılan hərbi əməliyyatlarda həlak olmasını güman etmək üçün kifayət qədər əsaslar mövcuddur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı olmamışdır.

25. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-734/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ərizə təmin edilməli, xx.xx.1986-cı il təvəllüdlü X8 ölmüş elan edilməli, onun ölüm tarixi xx.xx.2014-cü il, ölüm yeri isə Suriya Ərəb Respublikası kimi müəyyən edilməlidir.

26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 393 və 405-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Apellyasiya şikayəti təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-734/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizə təmin edilsin. xx.xx.1986-cı il təvəllüdlü X8 ölmüş elan edilsin. xx.xx.1986-cı il təvəllüdlü X4 ölüm tarixi xx.xx.2014-cü il, ölüm yeri isə Suriya Ərəb Respublikası hesab olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar